Aktrisanın şirin-acı həyat
hekayəti
(Əvvəli ötən çərşənbə
sayımızda)
Allah insanlara şah damarından yaxındır. Axı
onları öz obrazında, özünə bənzər kimi
yaratmışdır. Ona görə də hamımız bu
qayğıya və mərhəmətə görə ona minnətdarıq.
Biz sadə öləri insanlarıq. Lakin mən İzoldaya
vurulan günə qədər özümü kor,
dünyanı lazımınca dərk edə bilməyən
adam hesab edirdim. Bu gözəl qız mənim gözlərimi
açdı və mən artıq xeyir və şəri
yaxşı anlayan bir insan kimi ona vuruldum və dünyanın ən
xoşbəxt insanına çevrildim. Həvva Allahın sərt
göstərişini pozaraq, Adəmi də öz işlətdiyi
günaha cəlb etmişdi. Ona görə də onlar cənnətdən
qovuldular və ömür boyu cəzaya məhkum edildilər,
axı bizim əcdadlarımız ilk böyük günah
işlətmişdilər. İzolda isə heç bir
riyakarlığa yol vermədən, Allahın da iradəsinə
zidd getmədən, mənim saf hisslərimi qəbul etdi, biz
eşq macərasını yaşadığımıza
görə, ailə qurduq. Ona görə də öz cənnətimizdə,
həqiqi məhəbbət materialından tikilmiş "qəsrimizdə"
yaşayırıq, bizim buradan qovulmaq qorxumuz da yoxdur. Axı
biz Allaha da xoş gələn bir iş
görmüşük, el adətinə tam uyğun olaraq evlənmişik,
gözəl övladlara sahib olmuşuq.
İzoldanı mənə qədər sevən
olmuşdur, lakin onun böyük dünyasına, zəngin mənəvi
aləminə nüfuz edə bilmədiyindən həmin adam sədaqətinə
xilaf çıxmış və qeybə çəkilmişdi.
Sonra o, səfil həyatı yaşamış, belə nakam vəziyyətdə
də dünyadan köçmüşdü. Mən isə
arvadımla fəxr edirəm, o da məni lazımınca qiymətləndirə
bilmiş, özünün gur məhəbbətilə mənim
qızğın sevgimi anlamış və məni qəbul
etmişdir. Mən arvadım, xanımım kəlmələri
əvəzinə, dəfələrlə İzolda
sözünü işlətdiyimə görə qoy heç
kəs məni qınamasın, axı o, mənim həyat
yoldaşım olsa da, bütün xalqın sərvətidir.
Rafiqi mən dayandırmasam, hər cür detallarla
söhbəti uzadacaqdı.
Axşam mənim ad günümə
yığışacaqdıq. Məclisdən əvvəl biz
gəzintiyə çıxdıq və onun dolu sinəsi
boşalmaq üçün yenə də bütünlüklə açıldı.
Rafiq qeyd etdi ki, söz xəzinəsindən istifadə
etməkdə mən aktrisa ilə özümü müqayisə
edə bilmərəm. Lakin yaxşı bilirsən ki, mən
mütaliə həvəskarıyam. 10-15 il bundan əvvəl
ingiliscə çar Solomonun (bizimkilər onu Süleyman
peyğəmbər adlandırırlar), Bibliyadakı
"Şərqilər şərqisi" kitabını
oxumuşdum. Şərqilər poeziya şəklindədir.
Çar Solomon üzüm bağında gəzdiyi vaxt
bağda qarovul çəkən bir kəndli qızını
görür və ona vurulur. Solomon bu məsələlərdə
təcrübəsiz adam deyildi, yüzlərlə arvadı və
kənizləri var idi. Lakin məhəbbət oxa bənzəyir,
vurduğu yara sağalmır. Kəndli qızı da
çarın sevgi çağırışını
cavabsız qoymur. Onlar bir-birinə tərifli sözlər
söyləyirlər. Solomonun Sulamit adlı yeni sevgilisinə
dediyi sözlərin bəziləri bütünlüklə sənə
aid olduğundan, onların bəzisini mən əvvəllər
demişəm, lakin indi uyğun gələnlərin əksəriyyətini
bütünlüklə sənə
həsr etmək istəyirəm.
- Mənim əziz Byenvenyum, sənin məhəbbətin
məni şadlandırır.
Sənin dodaqların bal dadı verir.
Sən məndən gözlərini çəkəndə,
onlar məni əsir edir.
Mən təkcə səni sevirəm, çünki sən
göyərçin kimi sevimlisən.
O qız ananın bircə, özü də ən sevimli qızıdır.
Qadınların hamısı sənə tərif
deyirlər, səni sevir və səni tərif edirlər,
Çünki sən nar ağacı kimi çiçək
açırsan.
Sənin döşlərin əkiz cüyürə bənzəyir,
elə bil ki, iki ceyrandır.
Döşlərin xurma salxımını yada
salır.
Sənin hörülmüş saçların ən
gözəl atlasa bənzəyir.
Sənin döşlərin kiçik üzüm
salxımına bənzəyir.
Sən elə qəribə bir qızsan ki, zanbaqla əhatə
olunmuş buğda sünbülü topası kimisən.
Sənin döşlərin alma ətri verir və sənin
ağzın ən yaxşı şəraba bənzəyir.
Mənim məhəbbətim, qoy mən sənin səsini
bağdan eşidim, mənim dostlarım da sənin
danışığını eşitmək istəyirlər.
Bu Solomonun kəndli qızı Sulamitə həsr
etdiyi təriflərdir, əslində həqiqi sözlərdir.
Mən qədim və böyük müəllifin xətrinə
dəysəm də, hüquqlarına toxunsam da, bu təriflərin
hamısını sənə aid edirəm, çünki sənə
aid olanların hər birinin canlı şahidiyəm,
addımbaşı onlardan həzz almışam. Səni ilk dəfə
görəndə səhrada qəflətən qarşıma
çıxan çiçəyə bənzətmişdim.
Ona görə də o ülvi sözləri sənə tam
ünvanlamaq hüququm vardır, heç kəs məni
hansısa bir yalanda günahlandıra bilməz, axı mən
səni özümdən də yaxşı tanıyıram. Mən
şair olsaydım, səni daha yüksək sözlərlə
vəsf edər, hamının eşitməsi üçün
nəğmələrdə tərənnüm edərdim. Mən
əgər sözlərdən payızda bol olan xəzan
yarpaları kimi istifadə edə bilsəydim, mənim
şeirlərim necə də tonqal alovu yandırardı. Buna
elə bir ehtiyac yoxdur, ölkəmizdə hamı səni
yaxşı tanıyır. Səni sevənlərin
sayı-hesabı yoxdur, lakin xoşbəxtlikdən sən mənim
payıma düşmüsən, təbiətin bu qiymətli ərmağanını
mən ölənəcən qoruyacaq və son nəfəsimə
qədər sevəcəyəm.
Mənə məlum olan, tam inandığım bir
sirri də sənə açmaq istəyirəm. Sən iti
ağıla və fitri istedada malik olmaqla yanaşı, təəccüblü
görünsə də, uşaq ürəyinə maliksən.
Yaşa dolsan da, qocalsan da, uşaqlara məxsus olan könül
səni tərk etməyəcəkdir. Ona görə də sən
belə xeyirxahsan, heç kəsə pislik etmirsən,
çirkli könüllərin sahibləri kimi sənə
pislik edənləri də, ayağının altını
qazıyanları da vaxt itirmədən
bağışlayırsan. Nifrət hissi də sənə
bütünlüklə yaddır. Belə ürəyin sahibini
necə sevməmək olar. Gizlətmirəm, mənə də
olduqca böyük təsir göstərmisən, bunun nəticəsində
təbiətimdə xeyli müsbət dəyişikliklər
meydana gəlmişdir. Axı xeyirxahlıq simvolundan yalnız
müsbət şeylər götürmək olar.
İzolda, mən anlayıram ki, sən yer üzündə
doğulmusan, lakin yeniyetməliyindən mələk
xüsusiyyətlərinə yiyələnmisən. Bəlkə
də çətinliklərlə dolu həyatın, problemlərlə
üzləşməyin, hər cür sınaqlara məruz
qalmağın səni bu yola gətirib
çıxarmışdır. İnsanlardan fərqli olaraq mələklər
dəyişmirlər, sən də ömrünün
axırına qədər dəyişilməyəcəksən,
Allahın bəxş etdiklərindən uzaqlaşmayacaqsan. Sənin
bədbəxt insanlara yazığın gəlir, imkanında
olan hər şeydən istifadə edirsən ki, onlara kömək
edəsən. Əgər Xristian dininin banisi
"Yaxınınızı sevin" məsləhətini
verirdisə, sən köməklik göstərmək məsələsində
uzaqları, yadları yaxınından heç vaxt fərqləndirmirsən.
Sən hər cür söz-söhbət
yayılacağından, özünün qınaq obyektinə
çevriləcəyindən qorxmayıb, Fərhada kömək
əli uzatdın. Sənin onun özünə deyil, onun iztirablarına
yazığın gəldi, sənə qarşı sədaqətsizliyinə
öz alicənablığınla cavab verdin. O, başa
düşməliydi ki, həm də sənin gələcəyinin
məsuliyyətini daşıyır. Lakin səni
anlayanların hamısı səni layiqincə qiymətləndirirlər,
mən isə sənə az qala sitayiş edirəm, pərəstişimin
haqlı olduğuna da heç bir şübhəm yoxdur.
Yüksək insani xüsusiyyətlərinə görə
sən daim anılacaqsan, heykəllərdə deyil, xatirələrdə
yaşayacaqsan, ləyaqətli adamların könül
qapısı açıldıqca, onların gözləri
qarşısında sənin parlaq obrazın canlanacaqdır. Hələ
cavan yaşında sən xeyirxahlıq, insanpərvərlik
simvoluna çevrilmisən. Ona görə də kollektivinizin
üzvləri səni çox sevirlər, jurnalistlər səninlə
görüşməkdən, söhbət etməkdən həzz
alırlar. Özümə gəldikdə, mən səni kəşf
etməyimlə öyünürəm, səni qucaqlayanda da mələyi
incidəcəyimdən qorxuram. Kiçik bədənə
malik olsan da, mən səni öz təsəvvürümdə
əzəmətli dağ hesab edirəm, bu dağın ətəyindəki
aşramın rahibi olmağımla da fəxr edirəm.
Sənin dəbdəbədən, bahalı paltar və
əşyalardan, qiymətli bər-bəzəkdən xoşun
gəlmir. Çünki sən özün çox qiymətli
üzük qaşını xatırladırsan. Ad-sanına,
şöhrətinə baxmayaraq, hamı səni sadə insan
kimi tanıyır. Lakin nəcibliyin hər cür yad və
süni şeyləri əvəz edir. Hətta səhnədəki
mənfi pesonajları oynayanda da, bu zəriflik, nəciblik
özünü, bədəninin incə cizgiləri kimi
büruzə verir.
Mən məəttəl qalmışdım, ondan hər
cür hədiyyələri gözləyə bilərdim, lakin
məhəbbət xəzinəsi barədəki sözlərini
və vədlərini, mənə hərtərəfli bələd
olmasını ən bahalı ərmağanından da daha qiymətli
hesab edirəm. Mən hiss etdim ki, o, mənim bütün
toxumalarımı, bütün hüceyrələrimi
tanıyır və mənə ağlıma qətiyyən gətirmədiyim,
lakin bütünlüklə öz ürəyinə
bütünlüklə yatan təriflər deyir. O, məni
dünya gözəli kimi qələmə verir, bu, əlbəttə
ki, şişirtmədir, lakin onun özünün ürək
sözləridir. İlk gündən mən həm də onun
səmimiyyətinə vurulmuşam, qeyri-səmimi bir
sözünü də eşitməmişəm. Ona görə
çox danışmaq istəmədim, bir neçə kəlmə
əlavə etdim:
- Mənim sənə olan qızğın hisslərimə,
sevgimizdən həyat rişəsi, ilham aldığıma sən
bələdsən, onlar mənə məxsusdur və sənin
şəxsində yeganə bir sevimli insana
ünvanlanmışdır. Onlar da məni yalnız son nəfəsimdə
tərk edə bilər, son nəfəsim isə həmin
ülvi münasibətimin sarsılmazlığının əlavə
əlaməti və axırıncı təsdiqi kimi yalnız
sənə məxsus olacaqdır. Nə qədər ki, sən
varsan, səninlə olacağam. Ölüm də bizi ayıra
bilməyəcəkdir, biz hisslərimizin bir-birinə
çuğlaşması hesabına vahid qranit qayaya
çevrilmişik, dünya dəyişsə də, qaya əsasən
öz varlığını qoruyub saxlayır. Məni qiymətli
üzük qaşı adlandırdın, mənim xoşbəxtliyim
ondadır ki, belə nadir üzüyün cazibədarlığını
azacıq da olsa artırmağa nail olmuşam.
Səni müqəddəs
hesab etmirəm, çünki bu, sadəcə istisnadır, ədalətinə,
xeyirxahlığına isə bir an da olsun şübhə etməmişəm.
Bir sirri də sənə açmalıyam. Səni sevəndən
sonra ətrafdakı kişiləri, onlara baxsam da, demək olar
ki, görmürəm. Onlardan heç birini lap yaxın məsafədən
də hiss etmirəm. Elə təsəvvür edirəm ki,
dünyada təkcə sən varsan, sən də yalnız mənə
məxsussan. Hiss orqanlarım da təkcə bir nöqtədə
cəmlənmişdir, dünyanı mənim üçün
ancaq sən təmsil edirsən. Bu, nə qədər qəribə
görünsə də, mənim dünyama hakim kəsildiyinə
görə, vurğunluqdan bəlkə də bütünlüklə
dəyişilən şüuruma, məni sakit buraxmayan
düşüncələrimə görə belədir.
Sevgimin şiddəti ilə mənə elə gəlir ki, biz
səninlə Sakit okeandakı tənha bir adada
yaşasaydıq da, məhəbbət dənizində nə qədər
üzsək də, doymazdıq, aldığımız həzlər
bizi ömrümüz boyu sevindirərdi. Çünki biz
bir-birimiz üçün dünyaya gəlmişik, ətrafa
da həqiqi məhəbbətin necə böyük zirvə
olduğunu göstərməklə yanaşı, öz
Yerüstü cənnətimizdə yaşamaqdan ilham
alırıq. Hətta sən hansı bir yanlış səbəbdənsə
məni tərk etmək istəsəydin, Jozefina öz xəyanətinə
görə Napoleona yalvardığı tək, mən
özümü onun kimi aparmazdım, çünki sənə
xəyanət etmək heç bir vaxt ağlıma da gəlməzdi.
Başqa yol seçərdim, taqətdən
saldığıma görə
qışqırığın kainatı bürüsə də,
asimana dayansa da, fasilə vermədən, dayanmadan səni
öpərdim, yenə də doymazdım, sakitləşməzdim.
Bu qızğın öpüşlər səni laqeyd qoya bilməzdi,
sən öz səhv qərarından geri çəkilərdin,
məni tənha qoymazdın. Bircə xahişim ondan ibarətdir
ki, məni bir daha Yelena və Salamitlə müqayisə etməyəsən,
çoxları bunu başa düşmədiklərindən
bizi əla salar, istehza mənbəyinə çevirərlər.
Rafiq:
- İzolda, biz ilk dəfədir ki, bir-birimizə belə
əhatəli sədaqət andı içirik. Başqa bir
tutarlı sübutu da mən əlavə etmək istərdim.
Sənə də yaxşı tanışdır, qədim
yunan mifologiyasında Piqmalion və Qaleteya hekayəti
vardır. Heykəltaraş Piqmalion ağ mərmərdən gənc
bir qız heykəli yonur. Heykəl olduqca gözəl
alınır, heykəltaraşın özünün də təəccübünə
səbəb olur. Ağ süd rəngində olduğuna
görə öz yaratdığını Qalateya
adlandırır, qədim yunanlar süd kimi ağ olan rəngi
"qala" adlandırırdılar. Piqmalion
özünün yaratdığı cansız qıza vurulur və
allahlara yalvarır ki, ona nəfəs versinlər, başqa
sözlə, canlandırsınlar. Allahlar onun xahişini nəzərə
alıb, Qalateyanı dirildirlər. Piqmalion yaratdığı
və artıq canlıya çevrilmiş qızla evlənir.
Məhəbbət yenə də zəfər çalır.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2024.- 15
may,№84.- S.14.