İstiqlala inamın bədii-publisistik
təcəssümü
MÜHACİR ƏZİZ ALPOUDUN "HƏYATIMIN
HEKAYƏTLƏRİ" MEMUAR-ROMANINDAKI "AZƏRBAYCAN
DAVASI"
(Əvvəli ötən sayımızda)
Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədi
öz memuarında Əziz Alpoud "çox millətçi
və yaxşı ürəyi olan bir əsgər" kimi təqdim
edir və onunla birgə Xalq Cümhuriyyətinin Lənkərandakı
ilk qoşun hissələrinin tərkibində hərbi xidmətdə
olduğunu, Məhəmmədin faciəli
ölümünü göz yaşı, ürək
ağrısı ilə qələmə alır. Doğrudur,
bu barədə yazıçı Manaf Süleymanovun və
milyonçunun qızı Sara xanımın xatirələrində
bəhs edilir, lakin Məhəmmədlə dostluq edən
Əziz Alpoudun yazdıqları da maraq doğurur. Lənkərandan
silah gətirmək üçün Bakıya yollanan
Ə.Alpoud Bakıya yenicə çatıbmış ki,
arxasınca ağır xəbər gəlir: "Martın
15-i ərəfələriydi, Lənkərandan ağır bir
xəbər gəldi, Məhəmməd Tağıyev intihar
etmişdi. Tabutu Bakıda gözləməliydim. Qətiyyən
inanmırdım, sevimli, təmiz, vətənpərvər
dostumun ölümünə. Məhəmmədin tabutunu gətirən
dostlarımız hadisəni danışdılar, bir axşam
dostlar oturub, bəxt-tale haqqında söhbət edirlərmiş
və bir rus ədibinin anlatdığı bir hadisəni təqlid
edirmişlər. İlkin təcrübəyə Məhəmməd
başlayır. Tapançanın topundan bütün güllələr
çıxarılmış və yalnız biri
saxlanılmışdır. Sonra bəxtə-bəxt təcrübəsinə
başlamazdan əvvəl, əli ilə tapancanın topunu
sürətlə fırlatmış və tapançanın
lüləsini gicgahına diriyərək tətiyi çəkmişdir.
Beləcə, yazıq Məhəmməd də oyuna aludə
olaraq tətiyi çəkmiş və əcəl onu məhz
həmin gülləyə tuş gətirmişdir. Təbii
ki, yazıq uşağı bu oyuna qatan dostlar
günahkardır. Nooldusa, məmləkətimizə oldu, dəyərli,
milliyyətçi bir gəncimizi itirdik. Hansı milyoner bir
uşaq isti yuvasını atıb, Lənkəran
obalarında, əsgərlərlə bir yerdə yumşaq
yastıq yerinə başının altına yük
torbası qoyardı... Məhəmmədin tabutu evlərinin
geniş, böyük və bəzədilmiş salonuna
qoyulmuşdu. Hər tərəf matəm içindəydi. Nəhayət,
dəstəmiz tabutu qəbiristanlığa apardı. Bir
yaylım atəşi... və Məhəmmədi məzarda dəfn
etdik.
Memuarda Topçubaşılar haqqında yazılanlar
da diqqətçəkicdir. Ə.Alpoud "uşaqlıq
yoldaşım Ələkbər Topçubaşı" ilə
görüşlərindən söz açır, daha sonra
yazır: "Şillerin "Çin Şahzadəsi
Turanqız" adlı əsərini dilimizə çevirdim.
Ayrıca "Zəfər" qəzetinə
"Qızıl Asminok" başlıqlı, 22 səhifəlik
yazımı təqdim etdim. Soruşanda, "bu gün",
"sabah" deyə yubadıldıqca, yazımı geri
aldım və dostum Hüseyn Camal Yanara göndərdim. O da
Sara Topçubaşının əri Əli Əşrəf
Kurdəmir vasitəsilə "Vətən" qəzetinə
göndərərək orada nəşr etdirmişdir. Rusiya
imperializminə qarşı bir yazıydı: qoy bu
qızıl canavarı hamı tanısın, eyni zamanda
alnımın təri ilə qazandığım puldu".
Göründüyü kimi, bu qeydlər, həm də Əziz
Alpoudun yaradıcılıq sahəsindəki fəaliyyətini
dəyərləndirmək baxımından da yaxşı tutarqadır.
Bu qəbildən olan misalların sayını
artırmaq olar. Məqsədimiz memuara təkcə mütaliə
niyyəti ilə oxunan maraqlı bədii-sənədli əsər
kimi yox, həm də tədqiqat mənbəyi kimi
yanaşmağın vacibliyini diqqətə
çatdırmaqdır. Bu mülahizə Azərbaycan Xalq
Cümhuriyyətinin qorunub saxlanılması üçün
həyata keçirdiyi islahatlarla, o cümlədən, ordu
quruculuğu sahəsində, erməni iddialarına
qarşı həyata keçirilən tədbirlərlə, əsərdə
adları çəkilən digər tarixi şəxsiyyətlərin
həyat və fəaliyyəti ilə bağlı fikirlər,
həmçinin Azərbaycanda, Rusiyada, Türkiyədə
baş verən mühüm ictimai-siyasi hadisələrlə əlaqədar
müəllifin irəli sürdüyü mühakimələr
üçün də keçərlidir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından,
istiqlal qurbanlarından olan Nəsib bəy Yusifbəylinin
işıqlı siması Əziz Alpoudun xatirələrində
ustalıqla canlandırılır. Əziz tələbə ikən,
hərbi xidmət zamanı, daha sonra toy məclisində Nəsib
bəy Yusifbəyli ilə görüşlərini xoş və
unudulmaz xatirə kimi yada salır. Latın əlifbasına
keçidlə bağlı problemin həllinə Nəsib bəyin
diqqət və qayğı ilə
yanaşdığını qeyd edir: "Nəsib bəy bizə
bu məsələni Vəkillər Heyətində müzakirə
edəcəyinə söz verdi. Həqiqətən də,
sözünün üstündə durdu. Bir ara da bununla
bağlı Maarif Nazirliyində komissiya
yaradıldığını və toplantı günü
üçün təkliflərin hazırlanmasını
xahiş etdi. Çox sevindim".
Ə.Alpoud müəyyən məsələlər
barədə N.Yusifbəyli ilə razılaşmasa da, onu
"çox təmiz bir vətənpərvər, millətçi
və türkçü" kimi dəyərləndirir.
Müəllif Azərbaycanın görkəmli ədibi,
ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı
publisist Ömər Faiq Nemanzadəni türkçü
ziyalı olan atasının qonağı kimi öz evlərində
gördüyünü xatırlayır: "Neçə
yaşımda olduğumu indi dəqiq xatırlamıram, bəlkə
dörd, bəlkə də beş... Amma ildə bir neçə
dəfə bizə gələn "əmi"mi yaxşı
xatırlayıram. Atam yaşda, atam kimi uca boylu... Amma atam
qarayanız, o isə kürəndi. Gözlərinin rəngi,
bəlkə yaşıl, bəlkə də mavi idi... Amma
üzünün seyrək çopurları yadımda
yaxşı qalıb. Bizə gələn başqa əmilərdən
çəkinirdim. Fəqət onun səsini eşidər-eşitməz,
içəri qaçıb onu salamlayırdım. Hələ
məni götürüb, havaya qaldırmasından ləzzət
alırdım, sanki yelləncəkdə ən uca nöqtəyə
qalxmış kimi olurdum, həyəcandan nəfəsim
tıxanırdı. Aşağı enəndə hər ikimiz
qəhqəhə çəkib gülürdük".
Heç şübhəsiz ki, Əzizin gələcək
taleyində, əqidəsinin formalaşmasında bu cür
görüşlərin böyük təsiri olmuşdur.
Əsərdə Azərbaycan istiqlal mücadiləsi
tarixində özünəməxsus və şərəfli
yeri olan Nağı Şeyxzamanlı obrazı kifayət qədər
əhatəli və dolğun təqdim edilib. Müəllif
yazır ki, Nağı Şeyxzamanlı ortatəhsilli
olmasına baxmayaraq, ağıllı və cəld bir gəncdi.
Gəncəli və Nəsib bəyin ailəsiylə köhnədən
yaxın olması onu Azərbaycanın Milli Əmniyyət
Nazirliyinə gətirmişdi. N.Şeyxzamanlı Milli Təhlükəsizlik
təşkilatının rəhbəri olduğundan onu
xüsusi xidmət orqanları axtarır. Bundan xəbər
tutan və Nağı bəyin güllələnəcəyini
bilən Əziz Alpoud vaxt itirmədən onlara gedir, məsələni
danışır və N.Şeyxzamanlını Mərdəkandakı
bağ evinə qaçırır. Memuaristin həyəcan və
təlaşla yazdıqları oxucuda əsərə
marağı artırır və o, hadisələrin
axarını diqqətlə izləməyə davam edir:
"O gecəni Nağı bəy orada keçirtdi. Nə
yaxşı ki, mənə qulaq asmışdılar. Sən
demə, elə mənim düşündüyüm kimi də
olmuşdu. Gecə rusların gizli təşkilat adamları
Nağı bəyi evində axtarmışdılar. Orada kimisə
tapa bilməyib, Əli bəygilə dəymişdilər. Səlimə
ilə Əli bəy gələnlərlə
danışmışdılar və demişdilər ki,
Nağı bəyin haraya getdiyini bilmirlər, üç
gündən bəri evə gəlməyib. Başında bir qəza
olduğundan çox narahatdırlar. Və beləcə gələnləri
aldatmışdılar". Bu hadisənin üstündən
xeyli keçəndən sonra Əziz Alpoud qohumu Nağı bəylə
təsadüfən Trabzonda görüşür. Bir müddət
sonra N.Şeyxzamanlı İstanbula köçməli olur.
Bədii-publisistik əsərdə Azərbaycan
Cümhuriyyətinin qurucularından olan, onun ilk Baş naziri,
görkəmli dövlət xadimi Fətəli Xan Xoyski
haqqında məhəbbətlə söz açılır,
onun böyük diplomat, mahir təşkilatçı, cəsarətli
siyasətçi, vətənpərvər ziyalı olduğu
ibrətamiz və inandırıcı faktlarla göstərilir.
Ə.Alpoud F.Xoylunu "dünya səviyyəli bir dövlət
adamı" deyə xarakterizə edir və onun general Tomsonla
bir görüşünü qələmə alır:
"Türkiyəli qardaşlarımızın yerinə
ingilislər məmləkətimizə girdilər. Amma bu arada
komandirləri olan general Tomsona şikayətlər göndərilməyə
başladı. İngilis əsgərləri sakit (dinc)
durmurlar, sərxoş olub xalqa sataşır, silah
satırdılar. Baş nazirimiz Fətəli Xan Xoylu Tomsona
müraciətlə burada nə axtardıqlarını
soruşmuşdu. Əgər qonaq gəlmişlərsə,
dinc otursunlar. Özlərini işğalçı qüvvələr
hesab edirlərsə, Azərbaycan İngiltərə ilə
müharibə etməmişdir. Dolayısı ilə qanuni bir
haqları yoxdur, geri çəkilib getməlidirlər. Tomson
özünü haqlı göstərməyə
çalışanda da Baş nazirimiz: "Müsafirləri
biz sevirik və qonaqpərvərliyimizi də bu günə qədər
göstərdik. Ancaq artıq əsgərlərinizin pis hərəkətləri
hövsələmizi (səbrimizi) tükəndirdi. Zəhmət
olmasa, buradan çəkilin. Əks təqdirdə mən
kişilərimizə əmr edərəm, evlərinə
çəkilsinlər və sizləri buradan
qadınlarımız bayıra atarlar".
Müəllif memuarda Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Bakının hərbi general-qubernatoru
olmuş general mayor Murad Gəraybəy oğlu Tlexas
haqqında ürək yanğısı və qədirbilənliklə
söz açır: "Zavallı General Tlexas! Allah qəni-qəni
rəhmət eləsin bu Böyük Şəhidə, Quzey
qafqazlı qardaşımıza! Çaşqınlıq
göstərən hökumətə Milli Məclisdə
"Mənə səlahiyyət verin; bircə həmləyə
bu oğru, quldur sürüsünü darmadağın
edim!" -demişdi. Bu sözləri də onun
başını yedi. İşğaldan bir müddət sonra
rus çapoulçuları Bakı Opera Teatrı binasında
məhkəmə qurdular. Və general Tlexası edama - güllələnməyə
məhkum etdilər".
General Tlexasın "Rus kölələri,
satılmışlar, rus "hakimləri" ilə birlikdə"
hazırlanan edam qərarının elan edilməsi səhnəsi
memuarın ən təsirli epizodlarından biri kimi
yaddaşlara hopur: "Sən, fəhlə-kəndli
düşməni, burjuasan! - deyə ittiham irəli sürəndə,
general Tlexas qamətini dikəltdi. Uca boylu, başında qəhvəyi
rəngli qaragül papaq, əlini "hakim"lərə
doğru uzatdı və qürurla hayqırdı: "Mən
nə fəhlə, nə də kəndli düşməniyəm!
Burjua da deyiləm. Bütün var-dövlətim, namusum bu
şərəfli Azərbaycan əsgərinin hərbi
paltarıdır!.."
Əvvəlcədən hazırlanmış edam qərarı
oxundu. Bu mərd əsgərin heç tükü də tərpənmədi.
Bu alçaqlara qartal kimi yuxarıdan aşağı
baxırdı. O anda, bizimlə bərabər, iki qız
uşağının da göz yaşı axdı. Onlar general
Tlexasın qızları idi... Atalarının məmləkətinə
gəlmişdi balaları... Rus əsgərini görəndə,
nifrətim də artırdı. Onlara əsgər, ordu deməyə
şahid lazım idi. General Tlexas haqlıymış. Bu çəyirtkə
sürüsünün qarşısı zorla alınıb,
süpürülərək çölə tökülə
bilərdi. Amma nə etməli? Olan olmuşdu..."
Bu səhnələr Mirzə Bala Məhəmmədzadənin
məşhur "Vətən qaldı" sənədli hekayəsini
xatırladır. Şimaldan gələn qara buludların - rus
istilasının təqibi müəllifi ölkəni tərk
etməyə məcbur edir və çətinliklə də
olsa, İran sərhəddini keçir. Rəşddəki
çayxanaların birində məktəb yoldaşı Rəşidlə
rastlaşır. Rəşid uşaqlıq dostundan Vətəndə
baş verən hadisələri soruşur. "Şimdi
söylə bakalım, vətəndə nə var? Kimlər
sağdır, kimlər ölmüş?
- Ölən ölmüş, qalan
qalmışdır, - dedim.
- General Səlimov sağmıdır?
- Öldürdülər...
- Ah... qatillər!.. Pəki, general İbrahim ağa?
- Onu da... - Qaydabaşı?
- Onu da öldürdülər...
- General Haşım bəy nerədə?
- Onu da qətl etdilər...
- General Tlexas?
- Onu da...
- Süleyman paşa?
- Onu da... Onu da...
Bir
az susdu... Dərin-dərin
nəfəs alıyordu... Sonra yenə müraciət etdi:
- Nəsib bəy nerədə?
- Bəlli deyil...
- Həsən bəy, Fətəli xan?..
- Öldürmüşlər.
O qızdı:
- Həp öldürmüşlər... Nə var
öldürmüşlər... O halda kim qaldı! Üzünə
baxdım. Sıtmadan solmuş yanaqlarında göz
yaşı vardı.
- Sağ qalan, dedim. Çoxdur...
- Bütün rəisləri məhv etmişlər,
bir kimsə ki qalmamış!..
- Xeyr, qalmışdır...
- Kim?..
- Onları yetişdirən Millət... Milləti
yaşadan Vətən!"
Əziz Alpoudun istiqlal qurbanlarının və qəhrəmanlarının
taleyi ilə yazdıqları nə qədər kədərli,
ağır olsa da, bu sətirlərdən də Mirzə Balada
olduğu kimi, Vətənin istiqlalı sabahına bir ümid
boylanır.
Təəssüflə qeyd etməliyik ki, mühacirət
tarixində və irsində ara-sıra nəzərə
çarpan, şəxsi mənafedən, əsassız
iddialardan, yerliçilik, tayfabazlıq kimi naqis cəhətlədən
qaynaqlanan, yaxud partiya mənsubiyyətindən asılı
olaraq ortaya çıxan münaqişələrə,
ayrı-seçkilik təzahürlərinə, böhtan və
qarayaxmalara da təsadüf edilir. Şəfi bəy Rüstəmbəylinin,
Xəlil Xasməmmədovun, Mustafa bəy Vəkilovun, Fuad
Əmircannın, Saffet Zərdabinin bu istiqamətdə pis
nümunəsi, təəssüf ki, Əziz Alpouddan da yan
keçməmişdir. Ə.Alpoud əsərində daha
çox "Müsavat" partiyasını, onun lideri Məhəmməd
Əmin Rəsulzadəni tənqid edir. Bu cəhd real tarixi vəziyyəti,
ictimai-siyasi şəraiti nəzərə almadan, qüvvələr
nisbətini dəyərləndirmədən Azərbaycan Xalq
Cümhuriyyətinin süqutunda kimləri isə
günahlandırmaq, eyni zamanda Azərbaycan tarixində siyasi
çəkisi ilə yox, yalnız bir neçə
tanınmış nümayəndəsi ilə yadda qalan,
Əziz Alpoudun da üzvü olduğu "Əhrar"
partiyasının və özünün xidmətlərini
şişirtmək naminə atılan addım təəssüratı
yaradır. Bu qısqanclıq, ifrat partiya təəssübkeşliyi
aşağıdakı cümlələrdən
açıq-aydın hiss olunur: "Əslində, son Azərbaycan
Hökuməti də təkcə "Müsavat" deyil,
"Ədəmi-Mərkəziyyət" və
"Müsavat" partiyalarının qurduqları
müştərək bir hökumət idi: Ədəmi-Mərkəziyyət
və Müsavat. Lakin müsavatçılar diribaşlıq
edir və hər yerdə Müsavat hökumətindən bəhs
edirdilər. Bunu özləri üçün faydalı
bilmişdilər... Halbuki Yurdumuzu qırmızı ruslara təslim
edən də onlardı. Rəhmətlik Tlexas Paşa
müsavatın qorxaqlığının qurbanıydı.
Allah qəni-qəni rəhmət eləsin general Tlexasa... Beləliklə,
hökumətdə iştirak etməyən "Əhrar"
partiyasının Yurdumuzu təmsil etməyə daha çox
haqqı vardı".
Halbuki Aprel işğalı ərəfəsində
bir neçə partiya - "İttihad", sosialistlər və
"Əhrar" birləşərək Hökumətə
etimadsızlıq göstərmiş və bununla da, 11-ci
Qırmızı Ordunun müdaxiləsi günlərində
hakimiyyət böhranını gücləndirmişdilər.
XX əsrin 20-ci illərində Azərbausanda sovet hakimiuuətinə
qarşı mübarizə həm silahlı üsyanlarla, həm
də siyasi-ideoloji mübarizə yolu ilə həyata
keçirilirdi. Bu mücadilənin
iştirakçıları əsasən milli
düşüncəli ziyalılar, xüsusi ilə də
sovet hakimiyyəti tərəfindən fəaliuuəti
qadağan edilmiş partiya və qurumların üzləri idi.
Onların arasında "Müsavat" və
"İttihad" partiyaları və yaratdıqları gizli
təşkilatlar, liderləri daha çox fəallıq
göstərirdilər. Ə.Alpoudun
müsavatçılarılara münasibəti bəzi
hallarda, kin-küdurət, nifrət həddinə
çatırdı. O, eyni həbsxanada yatdığı M.Rəsulzadə
və Abbasqulu Kazımzadəyə xüsusi diqqət, hətta
qayğı göstərildiyini belə yazmaqdan çəkinmir.
Kamera yoldaşı ona xəbər verir ki,
müsavatçılar zirzəmiyə salmayıblar, həm də
yaxşı yemək verirlər. Əziz Alpoud sovetlərin
işinə təəccüb qaldığını
yazır: "Bu işə çaşdım, doğrusu... Bir
tərəfdən Azərbaycan kommunist partiyası köhnə
iqtidar partiyası olan "Müsavat"a küfr edir,
"xanlar, ağalar partiyası" deyir, o tərəfdən
də Müsavatın liderinə və onun yaxınlarına
hörmət edir... "Müsavat" hökümətində
iştirak etməyi qəbul etməyən bizim
"Əhrar" partiyasının ikinci başqanı olaraq,
mən və bir çox yoldaşlarım, əllərində
heç bir dəlil olmadan soyuq zirzəmidə, yerin altında
ac-susuz saxlanılır... Bunun da mütləq bir səbəbi
olur... Bir mərdiməzar barmağı var! - deyə
düşündüm. Yoldaşım da eyni cür
düşünürdü". Ə.Alpoudun M.Ə.Rəsulzadəyə
qərəzli münasibəti XX əsrin 20-ci və 50-ci illərindəki
müxalif qüvvələrdən heç də geri
qalmır, onun Azərbaycan Xalq Cümhuriyyəti tarixindəki
rolu, yeri təftiş, təhrif, tənqid edilir:
"Müsavatçıların başqanı Məhəmməd
Əmin Rəsulzadənin bizləri tərk edib, xəbərsiz
olaraq Lahıc kəndinə qaçıb gizləndiyini
öyrəndik. O adamdan və partiyasından
büsbütün soyudum. Bu kənddə olarkən
"Əsrimizin Səyavuşu"nu yazmışdı.
Halbuki o, daha əvvəl solçuların yaxın dostuydu.
Görəsən, qaçmağın səbəbi nəydi?
Bu şəxsin daha sonrakı fəaliyyətində də eyni
hal müşahidə edilirdi". Ə.Alpoud hər yerdə və
hər fürsətdə, o cümlədən, qəzetlərdə
latın əlfbasını təbliğ etdiyini, ona keçməyin
zəruriliyini izah edir, başa salır, özünə həmfikir
yoldaşlar axtarırdı. Amma bu dəfə də... guya
M.Ə.Rəsulzadə bu işə əngəl olur: "Lakin
qarşımıza köhnə sosialist "Hümmət"
partiyası qurucularından, sonradan isə "Müsavat"
partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə
çıxdı. Bu adam "islahatçı" idi. Yəni
ərəb hərflərinin qorunub-saxlanılması və nəhayət,
öyrənilməsini asanlaşdıracaq bəzi dəyişikliklərin
edilməsini təklif edirdi. Bir neçə din adamı da onu
dəstəkləyirdi. Bu adamın din ilə əlaqəsi yox
idi. Keçmişdən bu yana sosialist partiyalarında
çalışmış və bu yolda sonralar məşhur
kommunist diktatoru olan Stalin (Cuqaşvili) ilə uzun illər dostluq
etmişdi". Memuarist, M.Ə.Rəsulzadədən xoşu gəlmədiyini
gizlətmir, bunu açıq-aşkar etraf edir. O yazır ki, Məhəmməd
Əmin Rəsulzadə özünü təbliğ eləmək
məqsədilə, Qarsda çıxan
"Əkinçi" qəzetinin 10 dekabr tarixli nüsxəsində
Ceyhun Hacıbəyli ilə yoldaşlarını - yəni Azərbaycan
Milli Komitəsinin fəaliyyətini protest edən bir yazı dərc
etdirib. Bundan çox əsəbiləşən Ə.Alpoud
"Mücahid" imzası ilə "İnsan haqları və
Amerika" adlı bir məqalə yazır və Ceyhun bəy
ilə yoldaşlarının milliyyətçi ruslara
hansı şəkildə qarşı
çıxdıqlarını və necə
davrandıqlarını açıqlayır. Sonra da əlavə
edir ki, "Hər halda "müsavatçıların"
heç də xoşuna gəlməyəcəkdir! Özləri
bilərlər!.. Bezmişik artıq!"
Diqqətə çatdıraq ki, memuar müəllifinin
Rəsulzadənin əleyhinə yazdığı yersiz, hətta
təhqiramiz ittihamların bir qismi kitab redaktə olunarkən
ixtisar edilib.
Ə.Alpoud eyni və daha kəskin mövqeyini Mirzə
Bala Məhəmmədzadəyə münasibətdə də
görürük. Müəllif Rəşdə onlara qonaq gələn
Mirzə Bala və silahdaşlarını qayğı ilə
qarşıladığını, ailəliklə onların
Bakıdan qayıqla necə qaçdıqları, bu zaman dəhşətli
fırtınaya düşdükləri, güclə xilas
olduqları barədə Mirzə Balanın söylədiyi
hekayəti dinlədiyini yazır. Ertəsi gün Mirzə Bala
yenə - bu dəfə kiçik bir çamadan və iplə
sarınmış yorğan-döşəklə Ə.Alpoudgilə
gəlir. Ə.Alpoud bu dəfə kinayə ilə yazır:
"Mirzə Bala gətirdiyi yorğan-döşəyə
işarə edərək: "Bunları anam mənim
üçün öz əlləriylə tikmişdi" -
deyəndə, uşaqlar gülümsəyərək
üzümə baxdılar: - Dayı, bu qalın döşəyi
Mirzə Bala bəy dənizdən sahilə necə
çıxara bilib? - deyəndə güldüm: -
Özündən soruşun! - dedim". Mirzə Bala ilə
bağlı Ə.Alpoudun digər qeydləri də qərəzli
və qeyri-obyektiv səslənir. Müəllif onu içkiyə
meyilli və satqın adlandırmaqdan belə çəkinmir:
"Çox vaxt Mirzə Bala Ənzəlidən dönəndə
içkili olurdu... Bir gün Həsən məni görməyə
gəlmişdi. Qayıdıb mənə birdən: - Yahu, bu
adamı (Mirzə Balanı demək istəyirdi) niyə evinizdə
saxlayırsınız?
- Nə olub?! - deyə soruşdum.
- Ənzəlidə Zeynallı qardaşları var.
Onlar rus ajanlarıdır. Mirzə Bala onlarla tez-tez
görüşür. Bir dəfə onu içirdib və
cibindən Bakıdakı müsavatçıların
siyahısını oğurlamışdılar...
Eşitdiyimizə görə, bununla da on bir nəfər adam
güllələndi". Əlbəttə, deyilənlər
inandırıcı deyil və Mirzə Balaya münasibətin
qeyri-səmimiliyindən qaynaqlanır.
"...anladığıma görə, partiyalar nə qədər
fərqli də olsa, Vətən və Millət
savaşında əlbir olarlar" - yazan Ə.Alpoudun
silahdaşlarına yönəlik qeydləri təəssüf
doğurur. Şübhəsiz ki, məramı, məqsədi
eyni olan, lakin mücadilə üsulu, partiya mənsubiyyəti
və məsləki ilə fərqlənən
istiqlalçının başqa bir istiqlalçıya belə
münasibəti yolverilməz və qəbuledilməzdir. Tək
liderlərinə yox, ümumiyyətlə "Müsavat"
Partiyasına münasibət memuarda az qala düşmənçilik
səviyyəsinə enir. Mirzə Bala "Əhrar"
Partiyasını tənqid edəndə Ə.Alpoud
bacısı uşaqlarına deyir: "Vecinizə almayın,
bu, müsavatçıların xasiyyətidir, eynilə
kommunistlər kimi... Hər ikisi də "Bizimlə olmayan
bizim düşmənimizdir!" - prinsipinə söykənirlər...
Əslində, bilənlər bilir: Müsavatın
keçmişdən qırmızılarla
yaxınlığı vardı... Çünki bunu hadisələr
də təsdiq etmişdi... Belə ki, Sibirə sürgün
olunan da bizlərdik. Stalinin xüsusi qatarında qonaq olan da
Müsavat başçılarıydı... Finlandiyaya əşyalarıyla,
kitablarıyla "qaçan" da onlardı... Burada bir oyun
sezirdim, mübarizəmizə mane olmaq!.. Sonralar buna da şahid
olduq. Səbəbini də başa düşdük".
Ə.Alpoud müsavatçılardan o dərəcədə
şübhələnir ki, "Münhenə - Əbdürrəhman
Fətəlibəyliyə yazdığım məktublar ona
çatmır. Deyəsən, yenə də
"müsavatçılar"ın oyunudur!" - yazır.
Hər fürsətdə "Müsavat" Partiyasını
tənqid atəşinə tutan Ə.Alpoud onu yeri
düşdü-düşmədi ittiham da edir. 1918-ci il Mart
qırğını haqqında bəhs edəndə
yazır: "İsmailiyə" binasına baş çəkib,
vəziyyəti öyrənməyə
çalışırdıq. Atışmadan əvvəl
"müsavatçılar" əllərindəki bol cəbbəxanadan
və silahlardan danışdıqları halda, indi susurdular. Hər
tərəfdən bəd xəbərlər gəlirdi,
xalqımız hazırlıqsız, əsgərlik görməmiş
və silahsızdı. Yaxud Azərbaycan Xalq Cümhuriyyəti
dövrünün bütün problemlərini
"Müsavat" Partiyası ilə bağlayır:
"...Rüşvət, haqsızlıqlar ölkəni
bürümüşdü. Xüsusilə,
"Müsavat" partiyasına mənsub dəyərsiz əməkdaşların
yüksək mövqelərə - xüsusi xidmət və
sair vəzifələrə gətirilməsi, xalq arasında
narazılıq yaratdığı kimi, işlərin də əksəriyyəti
uğursuzluqla nəticələnirdi. Üstündən 40 ilə
yaxın vaxt keçir, Ə.Alpoud 1958-ci ildə yazır:
"Bir neçə gün əvvəl, Parisdən
uşaqlıq yoldaşım Ələkbər
Topçubaşı gəldi. Bir toplantı keçirtdi,
hamını birliyə dəvət etdi...
Müsavatçılar yenə də gerizəkalılıqlarını
göstərdilər: "İllah da idarəçilik
müsavatda olacaq..." Təbii, heç kəs bunu yaxına
buraxmadı. Əslində, Vətənimizi ruslara təslim edən
də onlardı!!!"
(Ardı var)
Abid TAHİRLİ
525-ci qəzet.- 2024.- 15
may,№84.- S.12-13.