"Nəriman Nərimanov. 20-ci illər"  

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas, Nəriman Nərimanov Xatirə Muzeyinin kiçik elmi işçisi Firuzə Ağayevadır. Onunla Xalq rəssamı Oqtay Sadıqzadənin "Nəriman Nərimanov. 20-ci illər" əsərindən danışmışıq.

Oqtay Sadıqzadə 1921-ci il fevral ayının 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935-1939-cu illərdə - Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı dövrdə ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.

- Oqtay Sadıqzadənin yaradıcılıq üslubunun başlıca xüsusiyyətləri sırasında rəssamın portret janrında olan əsərləri diqqəti cəlb edir. Gəlin söhbətə Nərimanovun portretinin timsalında elə bu mövzudan başlayaq.

- Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.

O, qrup portretlərində ifadəli, dolğun və poetik kompozisiya həlli ilə əsərlərində rəng və işığın ahəngdar vəhdətini yaradıb. Qrup portretlərində həyatı motivlərə, səhnələrə yer verən rəssam əsərlərində adətən, şəhər sakinlərini təsvir edib. Rəssam "Nəriman Nərimanov. 20-ci illər" əsərində N.Nərimanovun 1920-ci illərdəki dövrünü kətan üzərinə əks etdirib. Oqtay Sadıqzadənin yaradıcılığında Nəriman Nərimanov obrazı xüsusi yer tutur.

- Əsərin rəng həlli necədir?

- Parlaq, aydın rəng çalarları ilə işlənən bu kompozisiyada dekorativlik əsərin bədii və estetik gücünü artırır. Tünd və parlaq qırmızı çalarlar əsərdə qabarıq şəkildə vurğulanıb. Oqtay Sadıqzadənin əsərlərində rus rəngkarlıq ənənələrini görmək mümkündür. Biz bunu Nərimanovun portretində də açıq-aşkar görürük.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Əsərdə Nərimanovun inqilabda sakinlərlə birgə mübarizəsini görürük. Burada rəssam obrazların geyim detalları ilə yanaşı, plakatlara kimi təsvir edib. Ön planda əsərin mərkəzində Nərimanov, ondan arxada kişi, qadın və sol tərəfdə hərbçi gənc oğlan təsvir edilib. Azərbaycanın geyim tarixinə nəzər yetirsək, rəssam buradakı obrazların - xanımın baş örtüyü, kişinin qaragül papağı və hərbçinin geyimində beşguşəli ulduzun təsvirinə kimi aydın şəkildə verib. Bu, bir çoxlarına təəccüblü görünə bilər, çünki aypara İslamın simvoludur və ayparalı ulduzu Avrasiya ərazisində yayılmış türkçülüyün rəmzi kimi başa düşmək olar. Amma reallıqda Sovet İttifaqı nə İslam, nə də türkçülük kimi dəyərləri dəstəkləyirdi. Bununla belə, Sovet Azərbaycanının gerbində bu iki simvolun olmasının öz tarixi və siyasi izahı var. Ayparalı və ulduzlu gerb 1920-30-cu illərin siyasi dəyər və prioritetlərini simvolizə edirdi.

- Tablo hazırda harada saxlanılır?

- Əsər hazırda Nəriman Nərimanovun Xatirə Muzeyində saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- "Nəriman Nərimanov 20-ci illər" əsəri qrup portret janrında, pedaqoji dövrünə aid əsəri isə portret janrındadır. İlk baxışda realistliyi ilə diqqəti cəlb edən tabloda Nəriman Nərimanov tamaşaçılara gənc, ideal obrazda təqdim olunur və xoş təəssürat yaradır. N.Nərimanov 1890-ci illərdə pedaqoji fəaliyyətə Borçalı qəzasının Qızılhacılı kəndində başlayıb. Daha sonra Pobedonostsev pro gimnaziyasında və Bakı kişi gimnzasiyasında pedaqoji fəaliyyətini davam etdirib. Əsərdəki obraz Nərimanovun 1890-1902-ci illərdəki dövrünü əks etdirir. Oqtay Sadıqzadə obrazın simasında gələcəyə ümidlə baxan, yeniliklər etmək istəyən, inqilabi ruhlu və özünə inamlı gənc obrazını ideal şəkildə bizlərə çatdırıb.

 

Aytac SAHƏD

525-ci qəzet.-  2024.- 15 may,№84.- S.10.