Bədii tərcümə
tarixində seçilən imza - Vilayət Cəfərov
Qədim tarixə, zəngin ənənələrə
malik Azərbaycan ədəbiyyatında bədii tərcümə
hərəkatı da uzun inkişaf mərhələləri
keçib. Dünya ədəbi irsinin Azərbaycan dilində
yaradılması kimi mühüm, həm də ağır və
məsuliyyətli proses müxtəlif dövrlərdə
ictimai-siyasi, mədəni və bir çox digər amillər
nəzərə alınmaqla uğurla aparılıb. Xüsusən
ötən əsrin ikinci yarısından geniş və
peşəkar şəkildə vüsət alan bu missiya
müxtəlif dillərdə olan qiymətli ədəbi
nümunələri əhatə etməklə, Azərbaycanın
ədəbiyyat xəzinəsini zənginləşdirib.
Ərəb Şərqi ədəbi irsinin Azərbaycan
dilinə tərcüməsi kimi mühüm və məsuliyyətli
işdə də həmin dönəmdə canlanma
müşahidə edilib, bu sahədə A.İmanquliyeva,
V.M?mm?d?liyev, M.Ma?mudovun, V.C?f?rov, M.Qarayev v?
başqalarının ?v?zsiz xidm?tl?ri olub. Tərcümə
edilən əsərlər isə müxtəlif dövrlərə
aid olmaqla yanaşı, həm də ideya-məzmun və janr
baxımından geniş müstəvini əhatə edib.
İstər elmi, istər bədii ədəbiyyatın
ərəb dilindən Azərbaycan dilinə tərcümə
tarixi uzun və zəngin bir keçmişi ehtiva edir. XX əsrin
ikinci yarısından isə bu prosesin fərqli mərhələyə
qədəm qoyduğunu deyə bilərik. Məhz bu dönəmdə
çoxsaylı qiymətli tərcümələr ərsəyə
gəlir və şərqşünas alim, professor Vilayət Cəfərovun
(1940-2021) tərcümə etdiyi, tanınmış ərəb
publisist, yazar Circi Zeydanın "Fərqanə gəlini"
adlı tarixi romanı da bu sıradadır (Bakı, 1996). Daha
öncə İraq ədəbiyyatından maraqlı hekayələr
toplusunu ("Ağ günlərin sorağında". Ərəb
ədəbiyyatından tərcümələr. Bakı, 1983),
müxtəlif ərəb ölkələri ədəbiyyatının
nəzm və nəsr nümunələrindən tərcümələri
mətbuat səhifələrində Azərbaycan oxucusuna təqdim
edən alim-təcüməçinin bu romanı tərcümə
üçün seçməsi əbəs deyildi. Belə ki,
əsər Azərbaycan tarixinin şanlı səhifələrini,
Azərbaycan xalqının ərəb
hökmranlığına qarşı milli-azadlıq hərəkatını
bədii çalarlarda özündə təcəssüm
etdirir. Belə bir tarixi romanın tərcüməsi isə tərcüməçidən
həm tarixlə bağlı dərin biliklərə sahib
olmağı, həm ərəb dili ilə bağlı
spesifik tərcüməçilik bacarığı tələb
edir ki, ərəb ədəbiyyatı və dilinin gözəl
bilicisi olan Vilayət Cəfərov bu keyfiyyətlərə
yüksək səviyyədə malik idi. Bundan başqa,
oxunaqlı, şirin tərcümə təhkiyəsi ilə də
əsərin Azərbaycan dilindəki həyatına bir
özünəməxsusluq qatıb.
"Fərqanə gəlini" tərcümə-əsərində
Vilayət Cəfərovun romanı yazan müəllif qədər
zəhməti olub desək, yanılmarıq. Əsərə
Azərbaycan dilində həyat verən tərcüməçi
romanın orijinallığını qorumaqla yanaşı, tərcümə
prosesində yüksək peşəkarlıq, heyrətamiz
uyğun ifadə və tərz nümayiş etdirib. Bu tərcümə
əsəri daha sonra Azərbaycan şərqşünaslığında
neçə-neçə tədqiqatlar zamanı dəyərli
mənbə rolunu oynayıb.
Ümumiyyətlə, şərqşünas professorun
zəngin elmi yaradıcılığında da ərəb ədəbiyyatının
öyrənilməsi, araşdırılması və təbliği
daim xüsusi yer tutub. Alimin "Cəmil Sidqi əz-Zəhavi"
(1983), "İraqda neoklassik poeziya" (1998),
"Əliqılınclı zülfüqar" (2000),
"Qürbətdə yaranan dostluq"
(2005),"İraq-Turkiyə poetik əlaqələri"
(2018) və bir-birindən maraqlı, dəyərli başqa
kitabları da çap olunub.
Bədii tərcümə sahəsində mühüm
xidmətləri olan mərhum alimimiz Vilayət Cəfərovu
hər zaman dərin ehtiramla yad edilmək haqqını
özünün böyük zəhməti və dəyərli
fəaliyyəti hesabına qazanıb. Ruhu şad olsun!
Xumar ƏLƏKBƏROVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent