NÖVBƏ
GÖZLƏYƏN 21 MİLYON ROMAN
Onda hələ bu sözlərin özləri yox idi. Nə
"internet" vardı, nə "google" işləyirdi,
nə "Wikipedia" açıq idi. Başqa dünyada
yaşayırdıq və hər kəsin nəinki indiki sayaq
cibində, heç çoxlarının mənzilində
telefon yox idi. Dünya hələ indikindən xeyli
böyük idi və bizim günlərdəki kimi Kürreyi-ərz
sənin otağına, bilgisayarına, ovcundakı smartfonuna
sığacaq qədər yığcam deyildi.
Ancaq o vaxtlar da - mən görəni, artıq 1970-ci
illərdə Əkrəm ustad özü bir internet, ayrıca
bir "google", mükəmməl bir "Wikipedia" idi.
10 minə yaxın şəxsiyyəti - son 1300 ildən
artıq müddətdə yaşayıb-yaratmış fars, ərəb,
ümumtürk və Azərbaycan şairini əhatə edən
"Əkrəm ensiklopediyası"nda o qələm sahibləri
ilə bağlı ən zəruri bilgilər və mənbələr
əksini tapmışdı. Elə şair vardı ki, ona bir-iki
vərəqçə həsr edilmişdi, eləsi də
vardı ki, vərəqlərin sayı onlarla idi. Çətinə
düşən kimi zəng vururdum, dərhal masasının
üstündəki qutulardan lazımi adı tapırdı,
bir-bir mənbələri sadalayırdı, şeirlərindən
köçürdüyü seçmə parçaları
oxuyurdu. İllər boyunca gecə-gündüz
çalışmağın hesabına yaranmış həmin
"Əkrəm Ensiklopediyası" özünə də
dayaq idi, ondan kömək umanlarçün də göydəndüşmə
bir sərvətdi.
Əkrəm ustadın həmin kartotekasında şair
dostu Əlirzaya həsr edilmiş vərəqlər də var.
Digər şairlərlə olan sayaq, burada da keçmiş təzkirələrə
uyğun biçimdə əvvəlcə tərcümeyi-hal
bilgiləri gəlir, ardınca Əlirza haqqında
yazılardan kəsiklər və sonra da Əkrəmə qədərki
təzkirələrdə olmayan vacib hissə - bütün
mühüm və mümkün mənbələr haqda qeydlər.
Bütövlükdə sovet siyasi irticalarına
İTTİHAMNAMƏ kimi qəbul ediləsi "Bolşeviknamə"sində,
"Leninnamə"sində, "Cəlladnamə"sində
stalinizmə və birbaşa Stalinin özünə minlərlə
qəzəbli misralar ünvanlamış Əkrəm Cəfər
şair Əlirzaya ayırdığı vərəqlərə
onun vaxtilə Stalinə həsr etmiş olduğu poemadan da
parçaları köçürüb. Əlirzanın
"Stalin" poeması 1939-cu ildə "Revolyusiya və
kultura"nın birləşmiş 1-2-ci - yanvar-fevral
saylarında çıxmışdı. Poema Əlirzanın
Müşfiqvari deyiş tərzinə uyğun zərif
misralarla başlayır və mətləb üstünə gələnəcən
xeyli belə davam edir:
İncə könül, incə davran, inci düz,
Şair qəlbi sapdan incə gərəkdir.
Qiymət almaz eldən küsən inci söz,
Söz ellərin ürəyincə gərəkdir.
Sən ki ellər bağçasının barısan,
Məqam çatmış, el işinə yarı sən!
Neyləmək! O vaxt hamı yazırdı və bir
çoxları yalnız Stalini mədh etmək naminə deyil,
elə ümumittifaq miqyaslı hipnozun təsiri altında
inanaraq ürəkdən yazırdı. Bəlkə elə
Əlirza da müəyyən vaxtacan həmin
inananlardanmış?!
Dinlə, əziz ata, ulu Stalin!
Xoşbaxt bir dövranın yolu, Stalin!
Eşqinlə əlinə qələm
götürmüş
Dünənin qəm yüklü oğlu, Stalin!
Sayəndə açılan bir qonçayam ki,
Dəyməz yarpağıma dolu, Stalin!
Haqqı itirməyən səndən yazanda
Titrəməz qələmi, qolu, Stalin!
İndi hər söz dolu könül sənindir,
Hər bağça sənindir, hər gül sənindir!
Və düz bircə il sonra bu yeni
açılmış qönçənin yarpaqlarını
ilk sərt yağmurun necə döyməsi haqda
"Kommunist" qəzetində çıxmış bir xəbər
də qalır. Yox, bu, hələ dolu deyil, şiddətli yağmurdur,
məhvedici dolu sonra səpəcək. Hələ bu, taleyin
üstündən çalın-çarpaz qara xətt çəkən
siyasi dustaqlıq da deyil - bir dost məclisində yeyib-içərkən
heç nədən zibilə düşmələri, adicə
söz çəpləşməsindən törəyən
dalaşmada adama 1 il iş aldıqları, haqqında Faruqun da
gündəliklərində bəhs etdiyi həmin məlum
hadisə barədə rəsmi məlumatdır.
"Xuliqanlıq" sərlövhəli məqalədə
deyilir: "Sentyabrın 27-də "İnturist"
restoranında yemək yeyərkən şuluqluq salmış
və dalaşmış iki "şair" - Əfəndiyev
Abdulla Faruq Musa oğlu və Abdullayev Əlirza Cəfər
oğlu, habelə 7-ci məktəbin müəllimi, AMİ-nin
son kurs studenti Ağamalıyev Qulu Ağabala oğlu bu günlərdə
xalq məhkəməsinin növbətçi kamerasında
mühakimə edilmişdir. Müttəhimlərin dindirilməsi
nəticəsində müəyyən edilmişdir ki, Əfəndiyev
və Abdullayev "İnturist" restoranında bir neçə
tanış ilə oturub içki içərkən müəllim
Ağamalıyev restorana daxil olur və tanışları onu
da stola çağırırlar. Stolda oturanlardan Ağayev
adlı birisi Ağamalıyevin sağlığına tost
söylədikdə Abdullayev etiraz edir və bundan mübahisə
başlanır, sonra qızışıb dalaşmağa
çevrilir. Nəticədə onların hamısı milis
şöbəsinə aparılır. Abdullayev və Əfəndiyev
yolda da Ağamalıyevi hədələməkdə davam edirlər".
Xəbərdə bu da göstərilir ki,
araşdırmadan sonra Abdulla Faruqa 1 il azadlıqdan məhrum
etməklə yanaşı, cəzasını çəkdikdən
sonra 5 il SSRİ-nin böyük şəhərlərində
yaşamaq da qadağan edilir. Əlirzayasa hələlik
yalnız 1 il həbs cəzası müəyyən etməklə
kifayətlənirlər.
İndi üstündən bir belə vaxt ötərkən
həm 1940-cı ilin sentyabrında cərəyan etmiş hadisələri,
həm Faruqun həbsdən sonra gündəliklərində
yazdıqlarını təhlil etdikcə anlayıram ki,
bütün bu dava-şava təsadüfən baş verməyibmiş,
irəlicədən planlaşdırılan tələ
imiş. Kənardan gələnlər münaqişəni
yaradır, tutulmalı olan iki nəfər tutulur və dava edənlərdən
olan Ağamalıyev isə məhkəmədə suçsuz
sayılaraq evinə buraxılır. Klassik nümunədir -
hay-küylü kütləvi həbslərdə digərlərinə
ağır maddələr müəyyənləşdirilsə
də, kimin, ya kimlərinsə sərbəst
buraxılması, ya xalaxətrin qalmasın yüngülvari cəza
ilə can qurtarması, az sonra da amnistiyaya-filana düşərək
azadlığa çıxmasına o qədər rast gəlinib
ki!
1940-cı ilin 9 oktyabrında "Kommunist"idə
belə yazı çıxmışdısa, deməli, bunun
yazıçı dairələrində də nəsə
müzakirələri olmalı idi.
Axtarınca tapılır da və sentyabrın 29-da
Yazıçılar İttifaqında aparılmış
müzakirələrlə bağlı hətta qısaca
yazıda belə hiss olunur ki, bu məsələdə kənardan
əl varmış və tələm-tələsik mötəbər
tərkibdə toplaşaraq belə bir
yığıncağı keçirmək də yuxarıdan
tapşırıqmış.
Hadisə zahirən sırf məişət zəminində
baş vermişdi - cavanlar yeyib-içiblər,
dalaşıblar. Dünyanın hər yerində bütün
dövrlərdə gənclər arasında belə sərgüzəştlər
olub və olur, kimsənin də ağlına gəlməz ki,
buna zorla siyasi don geydirsin. Tutalım, lap qatı
xuliqanlıqdır, 1 il də həbs verildi, bəs onda nəyə
görə Abdulla Faruqa cəzasını çəkəndən
sonra da 5 il müddətinə SSRİ-nin böyük şəhərlərində
yaşamaq yasaq edilməli idi ki? Nədən "Ədəbiyyat
qəzeti"nin redaksiya məqaləsi də bu sırf məişət
hadisəsi iştirakçılarının əməlini məhkəmənin
çıxardığı qərardan da irəli gedərək
yalnız adi xuliqanlıq deyil, antisovetizm kimi qiymətləndirməli
idi?
Bu niyələrin doğru cavabının izinə bizi
elə "Ədəbiyyat qəzeti"nin 1940-cı il 4
oktyabr sayındakı "Yazıçıların kommunist əxlaqı"
adlı baş məqalə yönəldir. Həmin
yazının əvvəlində "antisovet ideyaların təsiri
altına düşmüş" Avdeyenko, "Metel" kimi
"zərərli və böhtançı pyesin" müəllifi
Leonov, "Evciyəz" kimi "ideoloji cəhətdən zərərli
olan əsərin" müəllifi Katayev, yenə elə həmin
cür "zərərli" hesab edilən "Qorxulu əlaqələr"
pyesinin yazarı Zoşşenko və "Mən tək
olduğum zaman" əsərinin müəllifi Kazakovun
haqlı olaraq son günlərdə Moskva mətbuatında tənqid
hədəfinə götürülməsindən, bu
yazıçıların ziyanlı əsərləri ilə
"gənc nəslin kommunizm ruhunda tərbiyəsinə mane
olmasından" söz açılır. "Literaturnaya
qazeta"dan gətirilən bir sitatsa küləklərin
hansı səmtə əsdiyini lap dəqiq nişan verir:
"Sovet sənətkarı ona görə sovet sənətkarıdır
ki, o, kommunizmə rəğbət bəsləyir, o, kommunizm
adamlarının və onların gördüyü işin tərəfində
durur".
Söz yox, bu düstur "Literaturnaya qazeta"ya
Kremlin ideoloji sahəyə baxan məmurlarından gəlirdi və
"Ədəbiyyat qəzeti" də buna öz əlavəsini
etmişdi - "Sovet yazıçısı bir də ona
görə xoşbəxtdir ki, böyük Stalinlə bir vətəndə,
bir əsrdə yaşayır". Məntiq aydındır -
yolundan sapmış sayılan ədiblər sovet
yazıçısı adlana bilməz, çünki onlar
kommunizmin tərəfində deyillər və bunun da
"qanunauyğun" nəticəsi odur ki, onlar ellər
atası Stalinlə bir Vətəndə, bir əsrdə
yaşamağa layiq deyillər.
Əkrəm müəllim söyləyirdi ki,
1937-1938-ci illərdə coşan repressiyalar sanki 1939-1940-da
artıq soyumuşdu, daha həbslər də yox idi və o məşum
2 ildəkinə nisbətən, elə bil ki, dillər də
bir az açılmış, sərbəstlik
artmışdı, amma sonralar biz sürgündə olanda təcrübəli
məhbuslar söyləyirdilər ki, Kremldə belə fikir
varmış ki, 37-38-dəkindən də betərini 1941-1942-də
törətsinlər. Ancaq müharibə başlanır və
bu qara niyyət təxirə düşür. Həmin məkrli
niyyətin tamam aradan getməyib sadəcə bir qədər
sonraya saxlanılmasının sübutu 1947-1948-ci illərdə
Azərbaycanda da, Sovet İttifaqının müxtəlif
guşələrində də ard-arda siyasi tuthatutların cərəyan
etməsidir.
Stalindən sonrakı dönəmin
çılğın sovet lideri, yaddaşlarda daha çox
şəxsiyyətə pərəstiş əleyhinə
mübarizəsi və qarğıdalıpərəstliyi ilə
qalmış Nikita Xruşşov devrildikdən sonra
yazdığı və 1968-ci ildə ilk dəfə xaricdə
nəşr edilmiş "Xatirələr"ində təsdiqləyirdi
(əslində həmin xatirələri Xruşşov
yazmamış, maqnitofona söyləmişdi. Oğlu Sergey bu
lentləri tanış bir makinaçıya verirmiş ki, dinləyib
yazıya köçürsün. Ardınca da həmin
yazıları tanışı, Moskvada İngiltərənin
az tanınmış "İvninq nyus" qəzetinin
müxbiri olan Viktor Luiyə ötürür, o da səfirliyin
xətti ilə diplomatik poçtla əlyazmanı Londona
çatdırır, həmin il də kitab nəşr edilir.
Sovet rəhbərliyi nəşrdən xəbər tutunca
Xruşşovu Kremlə gətizdirərək mətbuatda təkzib
verməsini, bu kitabın onun adından uydurulmuş
saxtakarlıq olduğunu elan etməsini təkidlə istəsələr
də, o, razılaşmamış, nəticədə də
bir-birinin ardınca iki infarkt qazanmışdı) ki, Sovet
İttifaqında sərbəst düşüncəyə birdəfəlik
nöqtə qoyacaq daha dəhşətli və amansız, həm
də indiyədək olanlardan daha əhatəli bir
repressiyanı Kreml 1953-54-cü illərdə törətməyi
qət edibmiş. Lakin Stalinin ölümü, ardınca
Beriyanın aradan götürülməsi ilə bu dəfə
də vəziyyət dəyişir, iqtidarın əvəzlənməsi
ilə büsbütün fərqli idarəçilik kursu
götürülür.
Bütün bu mülahizələrin gerçək əsaslara
söykəndiyini artıq 1940-cı ilin ikinci, 1941-ci ilin
birinci yarısında müşahidə edilənlər əyani
olaraq göstərməkdədir və örnəklərindən
biri kimi elə indi yaxın məsafədən izlədiyimiz
başvermişlər də pıçıldayır ki, total
siyasi repressiyaların yeni dalğalarının
planlaşdırılması haqda söylənənlər sadəcə
fərziyyələr deyil, elə həqiqətmiş.
Azərbaycan ziyalılığına qarşı
yetişdirilməkdə olan fəlakətin, yaxınlaşan səmumun
bəd nəfəsi "Ədəbiyyat qəzeti"nin həmin
redaksiya məqaləsində də açıqca sezilməkdədir.
Azacıq sonra həmin yazıda Faruqla Əlirzanın
üstünə gəlinəcək, hələliksə
nişangaha alınmış daha geniş panorama işarə
vurulur. Tənqidçilər tənqid edilir ki, niyə inadla
susurlar, nə üçün onlar özlərini
ayıq-sayıq çekistlər kimi aparmır,
yazıçıları, şairləri ifşa etmirlər. Məmməd
Arif, Mikayıl Rəfili, Hidayət Əfəndiyev, Əkbər
Ağazadə, Məmməd Cəfər Cəfərov,
Mübariz Əlizadə, Həmid Araslının adları
çəkilir, onların elmi fəaliyyətinə kölgə
salınaraq təkəbbürlə nəticə
çıxarılır ki, onların "bu son zamanlara qədər
nə ilə, hansı akademik böyük işlərlə məşğul
olduqlarını bilmirik". Və nəyi bildiklərini də
yazırlar - bu isə sadəcə qınaq yox, siyasi fəaliyyətsizlikdə
günahlandırmadır:
"Biabırçılıqların, zərərli əsərlərin
tapılıb ədəbiyyatımızdan bayıra
atılması işində onların bizə heç bir
köməklikləri yoxdur". Həmin adları sadalanan
cavan tənqidçi və ədəbiyyatşünaslarınsa
xəfiyyə nəzərləri ilə baxan xəbis gözlərə
görünməyən (ya qəsdən göz yumduqları)
çoxlu və son dərəcə mühüm milli əhəmiyyətli
işləri vardı, ən azı onların hər birinin
Nizami Gəncəvinin yaxınlaşan 800 illiyi ilə əlaqədar
bu gün belə dəyərini hifz edən qəzet və
jurnallarda dərc edilmiş, ayrıca kitablar kimi
buraxılmış araşdırmaları və tərcümələri
ortada idi. Əlbəttə, görmək istəməyəndə
göydə günəşi də danmaq olur,
qırmızı-qırmızı ağa "qara" demək
də. Zəmanə o cür idi!
Nəhayət, "Ədəbiyyat qəzeti"ndəki
baş və boş məqalə yetişirdi əsas mətləbə
- bu anda hədəfdə dayanan Faruq və Əlirzanın
üstünə gəlirdi. Onlar haqqında burada yazılanlar,
əgər vaxt başqa cür cərəyan etsəydi,
müharibə aranı qatmasaydı, yəqin, çox
keçmədən elə 37-dəki kimi qəzetin hər
sayında və hər səhifəsində görünəcəkdi,
dəli sel kimi ağına-bozuna baxmadan hər
qarşısına çıxan ziyalını cənginə
alan bulanıq axına çevriləcəkdi: "Sosializm
quruculuğu uğrundakı mübarizədən çəkinib
uzaqda durduqlarından, yaramaz adamlarla, qumarbazlarla, əyyaşlarla
oturub-durduqlarından, həyatlarında, məişətlərində
pozğunluğa, əyyaşlığa, hətta
xuliqanlığa qədər alçalmış Əfəndiyev
Abdulla Faruğun və Abdullayev Əlirzanın
"yaradıcılıqları" quru sxematizm, formalizm,
eşq, məhəbbət, sevgi motivləri altında erotik
hisslər, çox zaman ikimənalı və zərərli
fikirlər ifadə etmək cəhətdən çox
xarakterikdir. Belə yaramaz və zərərli əsərlərin
ifşa edilməsində əcəba tənqidçilərimiz
nə iş görmüşlər?"
Tənqidçilərə yol göstərilir -
baxın görün onların sözlərinin altında
hansı örtülü mənalar gizlədilib, eşələyin,
tapın, düşmənləri üzə
çıxarın! Bu yanaşma tərzi də "Ədəbiyyat
qəzeti"lik deyil, yuxarıdan gəlmədir - Mərkəzi
Komitədən, NKVD-dən, onlara da lap Mərkəzdən -
Moskvadan.
İndi sözüm Əlirzayla bağlı
olduğundan Faruqun yazdıqlarını bircə-bircə
sadalayıb təhlil etmirəm. Zavallı Əlirza, görən,
daha nələrdən yazmalı idi ki, onun sovet gerçəkliyinə,
sosialist həyatının uğurlarına qəlbən şərik
olduğu hiss ediləydi və yazıq tənqidçilər
də Əlirzanın əsərlərini oxuduqca onu nə təhər
sosializm quruculuğundan kənara dayanmış sayaydılar
ki, yazdıqlarının əksəri elə məhz şura
hökumətinin bir qələm adamından umduqları idi.
Stalin deyirsən, onun haqqında poema yazıb ("Revolyusiya və
kultura", 1939, № 1-2),d ha əvvəl
çıxmış "Günəş" adlı
başqa bir şeirindəsə ("Revolyusiya və
kultura", 1938, № 4-5) Rəhbəri lap günəşdən
də əzəmətli təsvir edib:
Dünyanın gözüsən, bu, yalan deyil,
Fəqət Stalinin qarşısında, bil,
Qüvvətin əskikdir, ziyan sönükdür!
"Həqiqət aynası" adlı ayrıca poema
yazmışdı, bir hissəsini "Revolyusiya və
kultura"da da çap etdirmişdi (1939, №5), sovetlər yurdunu
öyürdü:
Aləm xar gəlməsin gözünə, dünya,
SSRİ - buradır gözün, a dünya, -
dünya proletariatının nicat yerinin məhz bura
olduğunu car çəkirdi:
Sinəm ki boş qalan qəfəs deyildir,
Könül, səndən gələn boş səs
deyildir.
Dillərdə səslənən
"İnternasional",
Nərədir, bu, quru nəfəs deyildir.
...Dünya işçisinin ana məskəni,
Sovetlər ölkəsi tək bəs deyildir!
Hansı insafla iddia etmək olar ki, əli (və qələmi)
daim ictimai-siyasi həyatın nəbzində olan bu cavan
şair guya mühitə laqeydmiş, işi-peşəsi elə
sevdalı şeirlər qoşmaqdan ibarətmiş?!
Beynəlxalq gənclər günü
yaxınlaşırdı, bu münasibətlə Əlirza
1939-cu ilin may-iyun aylarında "Çin qızı"
adlı poema yazmışdı və evində,
masasının gözündə də saxlamamışdı
ki, deyələr xəbərimiz yoxdur, əsəri bitirincə
o çağın aparıcı ədəbi dərgisi
"Revolyusiya və kultura"ya təqdim etmişdi, jurnal da əsəri
ləngitmədən 7-ci - iyul sayındaca
buraxmışdı.
"Taxıl biçini" deyirsən, yazıb
(aprel, 1937), "Xalçaçılar nəğməsi"
istəyirsən, buyur (may, 1940), dünya inqilabı ilə həmrəylikdən
bəhs edən əsər istəyirsiniz, o da var - "Qərb
yanır" adlı uzun şeir, "Alovlar içində"
adlı mənzum pyes yazıb. "Bəxtəvərlik təranəsi"
yazıb, sovet həyatını tərənnüm edib və
bu misraların altında hansısa ikibaşlı eyhamı, əks
mənanı ən qüvvətli mikroskopla baxası olsa belə
tənqidçi haradan tapsın?
Üzü tutqun aynadı, silindi baxtım,
Qəlbi ağır dövranı dalda buraxdım.
Mən bəxtəvər günlərin barıyam
indi,
Toyların, düyünlərin yarıyam indi.
Qolum bağlı deyildir, azadam indi,
Qalmamış nə möhnətim, nə qadam indi.
O ki qaldı sevgi şeirlərinə, necə
yazmayaydı axı! İyirmi yaşlarında könlü hərarətli,
qanı qaynayan bir gənc sevməyə, məhəbbətini
misralara döndərməyə bilərdimi? Özünüz
düşünün - məhəbbətdən
yazdığı şeirlərə qara eynəklərlə
baxılaraq şəhvət damğası vurulan, ikrahla qaba
fizioloji ehtiyacların ifadəsi adlandırılan Əlirza
misralarındakı səmimiyyətə, duruluğa, nazikliyə
ağlı başında olan şübhəmi edər?
Sevgi! Bu, ilk açan qönçə bir gülün
Nazlı yarpağıyla öpüşən külək.
Həyatı anlayan sevdalı könlün,
Ruhunu oxşayan əziz bir dilək.
Könül dedikləri qanadlı bir quş,
Qonduğu yerləri qanandan öyrən.
Zərin qiymətini zərgərdən soruş,
Eşqi eşq oduna yanandan öyrən.
Əlirza gününə elə sıx bağlı
idi, ictimai həyatla elə həmahəng nəfəs
alırdı ki, hətta saf duyğularını əks
etdirdiyi bu balaca şeirə də içərisinin diktəsi
ilə ictimai çalar gətirir:
Könlümün duyduğu ilk məhəbbəti,
Dinləyin, dostlarım, söyləsindilim:
"Sevdiyim Vətəndir, anam, sevgilim!"
Bu, gənc şairin qabiliyyəti və təmiz ürəyi,
o da xəfiyyəçi sovet məfkurəsinin hətta belə
məsum misralarda da ehtiras, erotika görən irinli qəlbi, ən
pakı da ləkələmək ləyaqətsizliyi!
"Ədəbiyyat qəzeti"nin ilk səhifəsindəcə
"Literaturnaya qazeta"dan tərcümə edilərək
yerləşdirilmiş və Sovet Yazıçıları
İttifaqının plenumunda nasir Aleksandr Avdeyenkonun (1908-1996) əsərlərində
antisovet ideyalar yürütdüyünə görə
İttifaqdan çıxarılmasına həsr edilmiş (bu
istedadlı insan ədəbiyyata Donbasın kömür
şaxtalarından gəlmişdi, tezliklə ədəbi aləmdə
şöhrətlənmişdi, deputat seçilmişdi, bir
nömrəli sovet qəzeti "Pravda"nın xüsusi
müxbiri olmuşdu və 1940-cı ildə onun ssenarisi əsasında
çəkilmiş "Həyatın qanunu" filmi ekranlara
çıxanda nəhs günləri başlanmış, onu
Stalin özü kəskin tənqidə məruz qoyandan az sonra
partiyadan da, Yazıçılar İttifaqından da, işdən
də qovularaq yenidən daş kömür mədənlərində
işləməyə qayıtmış, müharibə
başlanınca da cəbhəyə getmişdi,
döyüşlərdə qəhrəmanlıqlar göstərmiş,
elə dava illərində də təzədən
böyük ədəbiyyata dönmüş, bəraət
almışdı) "Yazıçılar
İttifaqının ən mühüm vəzifələri"
adlı məqalə əslində bütün qələm
adamlarına xəbərdarlıq kimi idi. O illərin mətbuatı
qaldırılsa, şəksiz, bu da üzə çıxacaq
ki, həmin məqalə elə 1940-cı ilin oktyabr günlərindəcə
həm özbək, həm erməni, həm qazax, həm
gürcü və digər milli dillərdə başqa
müttəfiq respublikalarda da çap edilib.
"Ədəbiyyat qəzeti"nin həmin
sayındakı altına şəstlə "Oxucu"
imzası qoyulmuş "İdeoloji çürüklük və
xaltura əleyhinə" məqalə şair Əlirzanı
belə lənətləyirdi: "O, osmanlı ədəbiyyatının
epiqonçuluğunun çürük
tör-töküntülərini, burjua əxlaqını və
sevgisini, salon, bulvar məhəbbətini tərənnüm etməyə
qapılmışdır.
Əlirzanın şeirləri pessimist və bu gün
mübariz gəncliyin tərbiyəsi üçün zərərli
olan misralarla doludur. Onun yaradıcılığına xəstə
romantika, Don-Juanlıq xasdır, o, uxajorluğa və əyyaşlığa
qədər alçalır. Beləliklə də,
böyük sosializm quruluşu cəbhəsindən uzaqda,
varlı həyat keçirən şən və xoşbəxt
xalqımızdan, gənclərimizdən kənarda, darbir
çərçivədə qalır". Diqqət edilsin -
1937-38-ci illərə, siyasi repressiyaların tüğyanı
çağlarına aid belə söyüşcül,
alçaldıcı, latayır deyiş tərzi mətbuata təzədən
qayıdır.
Məqalə baltanı dibdən vurur, Faruğun,
Əlirzanın haçansa islah oluna biləcəklərinə
ümid də bəsləmir, daha artıq - yazı digər bu
qəbil "yaramazların" da şikarına
çıxılmasına dəvət edir, loyal tənqidçilərə
fəal olmağı buyurur: "Sovet
yazıçıları ailəsinə zərər vuran
Əlirza və Faruq kimi ideyaca iflas etmiş, pozğun əxlaqlı,
əyyaş və tərbiyəsi çətin başa gələn
düzəlməz adamlar lazım deyildir. Belə
"yazıçılar" sıralarımızda, yəqin
ki, yenə də vardır. Tənqidçilərimiz
böyük "akademik" işlərlə məşğul
olub, xalturaya və ideyaca pozğun əsərlərin
ortalığa çıxmasına göz yumurlar".
Bu məqalələrin dərcindən daha əvvəlsə,
elə hadisə baş verəndən ikicə gün sonra -
sentyabrın 29-da Yazıçılar İttifaqının təcili
iclası çağırılmışdı,
"Yazıçıların siyasi tərbiyə işləri"
ilə bağlı müzakirələr keçirilmişdi,
Süleyman Rəhimov, Məmməd Səid Ordubadi, Səməd
Vurğun, Mirzə İbrahimov, Məmməd Arif, Zeynal Xəlil,
Mixail Kamski, Osman Sarıvəlli, Mehdi Hüseyn
çıxış etmişdilər və hamısı da
yazıçılar arasında siyasi tərbiyə işlərinin
qənaətbəxş olmadığnı, bir sıra
İttifaq üzvlərinin heç bir yerdə işləmədiyini,
illərlə ortaya çıxarılası əsər
yazmadıqları halda günlərini eyş-işrət məclislərində
keçirmələrini vurğulamışdılar, Faruqla,
Əlirzanı da həmin iclasdaca Yazıçılar
İttifaqı üzvlüyündən kənarlaşdırmışdılar.
...Ancaq Əlirzanın qələmi türmədə
də işləyirmiş, məhbəsdən bir
yığın təzə şeiri ilə
qayıdıbmış, elə 1940-cı il dekabrın 22-də
yazdığı bu "Nəğmə" də o
sıradandır:
Dustaq olmasaydım, bu səhər yenə
Doyunca oxşardım ipək telini.
Min sevgi dastanı oxuyub sənə
Qarşılardım sabahı,
Ey gözəllik İlahı!
Amma Allahın möcüzəsiylə o biri
dustaqlığından - gedər-gəlməzdən də bir
şeirinin quş kimi uçaraq Vətənə
çatması, salamat qalması bir yazıymış...
...Həbsdən qayıdandan bir müddət sonra
Əkrəm Cəfər Əlirzanın bacısı ilə
görüşüb başına gələnlərdən,
Əlirza ilə sürgün yolunda görüşündən
danışıbmış. Əkrəmlə qürbətdəki
son görüşündə Əlirza ona təzyiq göstərməkçün
bacısının da istintaqa
çağırıldığını, çox
incidildiyini söyləyibmiş. Əkrəmin gənclik illərindəki
ən yaxın dostu Müşfiq olmuşdu, eyni əzabı, həm
də daha ağırını onun həyat yoldaşı Dilbərə
qarşı da etmişdilər - zindanda havalanmışdı,
meşin gödəkçəlilər Müşfiqin
bacısı Böyükxanımın ardınca gələndə
isə bu mərd qadın kəsə yolu seçmişdi -
üstünə nöyüt tökərək
özünü yandırmışdı. Şair dostum, bu nəsillə
yaxın qohumluq əlaqələri olan Ağasəfanın deməsincə,
çətin həyat sınaqlarının bərkdən-boşdan
keçirərək mətinləşdirdiyi Fatma xanım
müdrik qadınmış, el-oba arasında hörməti
böyükmüş və yaşadığı
Dağlı məhəlləsində əksəriyyət
heç onu öz adı ilə
çağırmazmış, hamılıqla ona
sayğıyla "Ana" deyə müraciət edərmişlər.
Bunu isə Ağasəfaya Fatma xanım özü
danışıbmış ki, NKVD-yə dindirilməyə
çağırılanda qardaşının səsini
eşidir (Məhbuslara əzazil təzyiqlərin, lazım olan
ifadəni imzalatdırmağın qansız üsullarından
biri də onları namusla imtahana çəkməkmiş.
Kiminin anasını, kiminin həyat yoldaşını, kiminin
də qızını dindirmələrə gətirirlərmiş
və başqa yüz cür işgəncəyə
tablaşaraq dediyini deyən, ləyaqətliliyinə
inandıqları insanlar əleyhinə qondarma protokollarda
yazılanları təsdiqləməyən, müstəntiqlərə
gərək olan özünə böhtanlara qol çəkməkdən
qəti imtina edən bir çoxlarını bu yolla ram edib
sındırırmışlar. Ona görə də o əzazil
illərin hansısa sənədlərində kimlərisə
kimlərinsə haqqında hansısa iftiralı
yazıları imzaladıqlarına görə bugünkü
ağılla ittiham etmək istəyəndə bir qədər
səbirli olun, həmin idbar əyyamların belə qandonduran
səhnələrini də göz önünə gətirin,
iraq-iraq, özünü bir anlıq o vəziyyətdə təsəvvür
edin - lap polad olsanız belə, bu cür qəddar imtahan
qarşısında hər qarşınıza qoyulan sənədi
imzalamazdınızmı? İmzalardınız, elə mən
də imzalardım).
Fatma xanımla dindirməni başlayırmış,
elə də ediblərmiş qonşu otaqdakı Əlirza bunu
gözucu da olsa görürmüş, verilən sualları
da, bacısının cavablarını da aydınca
eşidirmiş.
Və ömrünün axırınadək
qardaşının yoxluğuna inanmayan, onun qayıdıb gələcəyinə
ümid bəsləyən (necə inanaydı ki, 26
yaşlı buz baltası kimi qardaşı bir anın
içində həlak da edilə bilər?!) Fatma xanım
sarsıntısını son nəfəsinədək
yaşamaqda davam etdiyi o anlar barədə Ağasəfaya
danışıbmış. Deyir, arxadan Əlirzanın səsini
eşitdim, dağlı dilində "Nə soruşsalar, təsdiq
elə" deyirdi. Artıq Əlirza özü NKVD zirzəmisində
gördüyünü görmüşdü və
anlayırmış ki, bu insan qəssablarını təmin
eləməyən cavablarına görə bacısına
işgəncə də verə bilərlər, ona görə
də artıq o mərhələlərin hamısını
keçmiş adam kimi məsləhət bilirmiş ki,
müqavimət göstərmə, hansı cavabı istəyirlərsə,
ver. Ağasəfa bunu da xəbər verir ki, qohum-əqrəba
o vaxt Fatmaya NKVD-nin təzyiqlərini görüncə,
ardıcıl aparıb-gətirmələrin, dindirmələrin
onu necə üzdüyünə şahid olunca
düşünürlər ki, eyni aqibət digər
qızı - simaca da göyçək olan, amma Fatmaya nisbətən
təbiətcə daha zərif Gülbacını da gözləyir.
Ona görə Gülbacını qaçırdırlar,
gözdən-nəzərdən uzaq olsun deyə Bakıdan,
yaşadığı Papereçnaya - İkinci Köndələn
küçəsindən (indiki Gəray Əsədov
küçəsi. Oçağlar elə bura da Bakının
ucqarı sayılırmış) Xızıya - Ağasəfagilin
Qarabulaqdakı evinə aparırlar.
Fatma xanımdan qalan bir xatirə də var. Deyir, guya
Əlirzanın qaçıb aradan çıxmaq imkanı da
varmış. Arada bir gecəliyə evə də
buraxılıbmış. Ona bu imtiyazı yaradan NKVD
işçisi, Fatma xanımın söyləməsinə
görə, keçmiş Sovetski məhəlləsində,
hamamın yanında yaşayırmış. Təbii ki, bu
yaxşılığı da boşuna etməyibmiş. Evdə
nə qır-qızıl var - Fatma xanım dəqiqləşdirirmiş
də - bir dəm çaydanı dolusu -hamısını
aparıb veriblərmiş. Ancaq ürəyi
sızıldaya-sızıldaya, hər dəfə kövrələrək
zavallı Fatma xanım bunu da söyləyirmiş ki, yazıq
qardaşımın vurub biləngini
sındırıblarmış; orada, NKVD zirzəmisində necə
qısma-boğmaya salındığını, nə təhər
döyülməsini danışmaq istəmirmiş, bu barədə
xəbər alanda susurmuş, ya mövzunu dəyişirmiş,
ancaq sınan biləngi göz qabağında olduğundan daha
bunu gizlətmək mümkün deyildi, elə bu da işgəncələrin
hansı şiddətlə getdiyinin əyani göstəricisi
idi. Rüşvət verdiyi həmin adam anladıbmış
ki, qadın paltarında aradan çıxarılmasına, elə
evə buraxıldığı şərtlərlə
qaçıb respublikadan çıxmasına da şərait
yaradılmasını boyun olur, üstəlik, sərhədi
aşması, İrana keçməsi də
mümkünmüş, amma bacıları Fatmanı,
Gülbacını fikirləşir, qohumları göz
önündə tutur, baxır ki, sonra onlara olmazın zülm
edəcəklər, ona görə də "nə
olur-olsun" deyib taleyi ilə barışır.
(Ağasəfa mənə Gülbacının
onların evinə sığınması əhvalatını
söyləyəndə, açığı, o qədər
də ağlıma batmamışdı ki, çox da başqa
kəndə, lap ayrı şəhərə apar, lap
tayanın içində gizlət, nə mənası - nə
illah eləsən də, dovşanı araba ilə tutan
şura hökumətinin əlində
axtardığını tapmaq nə idi ki! Ancaq görəndə
ki Əlirzanın indi Dövlət Təhlükəsizlik Xidmətinin
arxivində saxlanan cinayət işində ailə üzvləri
sırasında artıq vəfat etmiş ata-anasından
başqa bircə Fatmanın adı göstərilib,
Gülbacınınsa izi-sorağı yoxdur,
barmağımı dişlədim ki, görünür,
Əlirzanın o vaxt o idarədə həqiqətən dil
tapdığı bir nəfər varmış ki, elə onun
vasitəsilə şəxsi işində bu korrektəyə də
nail olubmuş).
...Əlirzagilin ailəsi inanclı adamlarmış.
Babaları Molla Məhəmməd Şərif məşhur
din xadimiymiş, elə Fatma da dindarmış, ailə ənənəsinə
uyğun olaraq "Quran"ı oxuyub başa vurubmuş,
şəriətin əsaslarını yaxşı
bilirmiş, elə ailə, nəsil tərbiyəsinin təsiri
ilə Əlirza da uşaqlığından farscanı, ərəbcəni
öyrənmişdi, din məsələlərindən
yaxşı baş çıxarırdı. Ancaq onun səmti
ədəbiyyat sarı idi və aldığı həmin
bilgilər Əlirzaya əski ədəbiyyatımıza daha dərindən
nüfuz edə bilməkdə yardımçıya çevrildi.
Fatmadan fərqli olaraq, Gülbacı da təhsilini davam etdirdi,
Tibb İnstitutunu bitirdi, yaxşı həkim oldu. Beləcə,
nəslin dindarlığa olan yönü dəyişməyə
başladı. Əlirza yaşasaydı, söz yox, onun örnəyi
nəslin neçə gəncini maarif, mədəniyyət
sarı yönəldəcəkdi...
1950-ci illərdə
"Cəlladnamə" poemasında Əlirza ilə
bağlı hissəni işləyərkən Əkrəm
müəllim Fatma xanımgilə xəbər yollayır, həmin
məktubu təzədən istəyir və
"Ana"nın oğlu Məmmədmehdi o şeirli
kağızı gətirib verir. Beləcə, şair
Əlirzanın son şeirlərindən biri Əkrəm Cəfərin
indiyədək işıq üzünə
çıxmamış, onillərcə arxivində yatıb
qalan poema-epopeyasında yerini tutur. İlk dəfə həmin
poemadan parçaları Əkrəm müəllim mənə
hələ 1970-ci illərdə, tələbəlik
dövrümdə, sadə mənzilindəki öz balaca, amma
gözümdə dünyanın ən zəngin kitabxanası,
arxivi, muzeyi kimi olan iş otağında oxumuşdu. İndi isə
sovet keçmişinin cəngəlliklərindən
adlamış insanlarımızın, ən qabarıq şəkildəsə
ziyalılarımızın keşməkeşli qismətindən
bəhs edən "Bolşeviknamə" də, "Cəlladnamə"
də, "Leninnamə" də qarşımdadır və
Əlirzayla bağlı parçanı əvvəldən-sona
oxumaq imkanındayam.
Əlirzanın şeir və tərcümələri
o dövrdə "Gənc işçi"də, "Ədəbiyyat
qəzeti"ndə, "Revolyusiya və kultura"da,
"Kommunist"də dərc edilib və mətbuatda gedən
yazılarını o, müxtəlif şəkildə
imzalayıb: gah sadəcə "Əlirza", gah
"A.Əlirza", gah "Əlirza Xızılı",
ya da elə açıq ad-soyadıyla "Əlirza
Abdullayev" kimi. 1930-cu illərdə - Əlirzanın Sibirdən
yolladığı şeir-məktubunun başında isə
onun son təxəllüsü dayanır: "Atam
oğlu". Əlirzanın atası Cəfərin iki
qızı vardı, bir oğlu. "Atam oğlu" deyəndə
Əlirza elə özünü nəzərdə tutur. Bu
şeir onun tərcümeyi-halının sürgün
parçası haqqındadır. Poçtla göndərməmişdi,
əlbəəl yollamışdı və məktub da
ünvanına uzun aylardan sonra gəlib yetişə bilmişdi.
İmzasını bu cür pərdələməklə
ayıq Əlirza həm də onu
düşünürmüş ki, bu yazı yollar adlayaraq mənzilbaşına
tərəf gələrkən istənilən mərhələdə
qəfilcə ələ də keçə bilər, hökumət
məzmunundan xəbər tutsa, yazanın da,
çatdıranın da, alanın da başına müsibətlər
gətirər. Ancaq Allah bu son məktubu qorumuşdu, gəlib
ünvanına yetişmişdi, illərcə Fatma xanımdan
başqa da onu görən olmamışdı.
Sanki tale o məktubu - o şeiri Əlirzanın Əkrəm
Cəfərlə növbəti görüşü
üçün saxlayırmış. Bu şeir onun 2022-ci ildə
Bakıda Ağasəfanın və Əzizə xanım
yadigarı Turan İbrahimovun tərtibində
buraxılmış "Yadigar yarpaqlar" adlı toplusunda -
indiyədək nəşr edilmiş tək kitabında yoxdur
(Amma bu bəxtsiz cavanın elə sağlığında da
ilk kitabı çıxmaq astanasındaymış. Şeirlərini
bir yerə yığdığı "Bəzək"
kitabının buraxılacağı ilə bağlı
"Azərnəşr"lə bağladığı
müqavilə də qalırmış).
Əkrəm Cəfərin bir xeyirxahlığı da
bu olsun ki, onun vasitəsilə şair dostunun bir sürgündəki
əzablı günlərinə ayna tutan yadigar şeirindən
parçalar təzə həyat qazansın, nakam müəllifinin
ömrünü bir az da uzatsın.
Bahar ruhuna qəmdir, yay qızdırır dərdini,
Payız ona sitəmdir, qış ən böyük
düşməni.
Başındakı iç-içə - tikilmiş
üç papaqdır.
Tək çöldə yox, yatdığı - barakda
da sazaqdır.
Bu qış dar bir kürkü var -
əski qotur bir dəri,
Geyərkən bu andırı - çılpaq
qalır dizləri.
Nimtənəsi, şalvarı - yamaq-yamaq,
rəngbərəng,
Bunlar həm paltarları -
həm ona yorğan-döşək.
Rezindən papuşları - bir tay qara, bir tay ağ,
Nə nömrəsi bilinər, nə taylarında
sol-sağ.
Yarım kilo yaş qalac - həyatının dəstəyi,
Kələmli su yavanlıq - tərpənə bilsin təki.
Mumtək saralmış bəniz,
gordan çıxmışa bənzər,
Deyərsən müqəvvadır -külək əssə
devrilər.
Qol-qıç birər ələngə, daştək
quru taxtadır,
Nəbzini tapmaq çətin, sanki qanı laxtadır.
Barmaqları çöp kimi, əlindəki
külüngdür,
Dost görərsə ağlayar, düşmənlərə
gülüncdür.
Guya onun sənəti: - Torpaq qazı, daş
daşı,
İt canı varmış onda - dözür hər
cövrə qarşı.
Qarnı yapışmış belə - içi dolmaz
bir çuxur,
Düşsə bir kartof ələ - çeynəyib
çiy-çiy udur.
Loma yetməzkən gücü -
kürək düşməz əlindən,
Şeir gəlməzkən yada -
çörək düşməz dilindən.
Buradakılar ümidlə onun sağ-salamat
olmasını, elə birinci həbsindən sonrakı kimi
tezliklə evə qayıdacağını diləyirdilərsə,
o da orada, tikanlı məftillərin ardında, həyatın
öldüyü yerdə ümidini kəsmirdi. Atamoğluna -
Əlirzaya həbs düşərgəsində keçirdiyi
hərəsi ilə bərabər günlər agah etmişdi
ki, sağ qalmağın tək yolunun ümid bəsləmək
və dözmək olduğu bu cəhənnəmdə mətləblərə
çatmağın da yeganə çarəsi səbirdir:
Atam oğlu bilir ki, səbrin canı ümiddir,
Bu dünyada hər insan ümid ilə ömr edir.
O da ümid edir ki,Bakısından bir qutu
Gələr bir gün, dirildərbu yarımcan tabutu...
O gecənin səhəri it hürüşləriylə
açılır. Yorğun, üzgün dustaqları sübh
ertədən oyadıb vaqonlara doluşdurmağa
başlayırlar. Heç kim hara gedəcəyini bilmir,
heç kimin bu yolla bir də geri dönə biləcəyinəümidi
belə yoxdur:
Gecəni keçirdik Əlirzayla,
Gözəl şair idi, istedadlı gənc.
Sovet şeirimizdə ikinci Müşfiq,
Beləsi indi də bizdə çox seyrək.
Gecə yuxusuzluq sərxoşluğuyla
Yatmışıq xəbərsiz bir-birimizdən.
Yenə də xəbərsiz nadzorlar, itlər,
Bizi qaldırdılar səhərçox erkən...
Ayırdılar bizi silah gücüylə,
Ayırdılar bizi vidalaşmadan.
Qəlbimizdə qaldı son sözlərimiz,
Ayırdılar bizi qucaqlaşmadan.
Müxtəlif səmtəydi yatablarımız,
Dustaq bilməz onu hara sürürlər.
Stalin yatabı deyərlər buna,
Nadzorlar söyürlər, itlər hürürlər.
Get, günahsız dustaq, get qaranlığa!
Qaranlıqda gedir onun işləri.
Sağında, solunda görünsün yalnız
Nadzorun süngüsü, itin dişləri.
...Getdi şair dostum, getdi Əlirza,
Bir daha görmədim heç yerdə onu.
Sonralar bacısı göstərdi mənə
Onun ürək yaxan bu məktubunu.
Şair Əlirza yolu yalnız o başa gedənlərdən
oldu. Ağasəfa xatırlayır ki, qardaşına bacıdan
çox ana olmuş Fatma xanım ömrünün
axırınadək Əlirzanın yoxluğuna inanmadı və
gözlədi.
Nə qədər ki o ümid diri idi, əslində
Əlirza da sağ idi. Əlirzanın sənədlərində
doğum tarixi göstərilib. Yaxşı axtarsan, həbs
düşərgəsindəki vəfat tarixini də tapmaq mümkündür.
O arxivlər indiyədək səliqəli qapalılıqla
saxlanmaqdadır. Ancaq Əlirzanın ölüm tarixi o
tapıla bilən arayışdakı il, ay, gün deyil,
1992-ci il oktyabrın 22-dir - Ananın - istəkli bacısı
Fatmanın nəfəsinin son dəfə gedib-gəldiyi an...
...Sabiq Sovet İttifaqının dörd
bucağında ömür sürmüş yüz minlərlə
ailənin taleyində yaralar qoyaraq ötmüş 1941-1945-ci
illər davasının amansız ət maşınından
20 milyondan artıq insanın həyatı keçib, bunun
üstünə itkin düşənləri, bir daha Vətənə
dönməyənləri də əlavə edəndə 37
milyondan çox edir. İtkilərin miqyasının bu
göstəricisi nə qədər dəhşətli olsa da,
sovet siyasi repressiyalarında canı alınmışların
21 milyona çatan say göstəricisi bundan qat-qat
müdhişdir. Çünki müharibə həyatlara fərq
qoymadan qıyıb. Repressiyalardasa qurbanları bircə-bircə,
ən yaxşıları seçərək məhv ediblər.
Demək, əslində bu milyonlar obiri milyonlardan ikimi,
üçmü dəfə çoxdur.
İyirmi bir milyon dustaq həyatı
İyirmi bir milyon roman deməkdir.
İyirmi bir milyon ölü canları
Yazmağa minlərcə Qoqol gərəkdir.
İyirmi bir milyon dustaq dedikdə
İyirmi bir milyon ailədir bu.
İyirmi bir milyon bədbəxt ailə -
İyirmi bir milyon hailədir (faciə -R.H.) bu.
Əkrəm Cəfərin "Cəlladnamə"sində
həmin 21 milyon cəfakeş qafiləsindən olan, onun
öz ömründən keçmiş, özü kimi siyasi
dustaqlıq və məşəqqətli sürgün həyatı
yaşamış neçə sirdaşının kədərli
taleyi haqqında yazılmaq növbəsini gözləyən
romanların müqəddimələri var.
Şair Əlirza onlardan bircəsidir...
11 may 2024
Rafael HÜSEYNOV
Akademik