Yaşıl dünya
naminə həmrəyliyin Azərbaycan nümunəsi
COP29-un ən yüksək səviyyədə təşkili
Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq
Son illərdə iqlim dəyişikliklərilə
bağlı dünyamızda ortaya çıxan ciddi problemlər
və ağır nəticəli hadisələr
düşüncəli insanları, mütərəqqi
dövlətləri dərindən həyəcanlandırır,
onları bu sahədə birgə mübarizə aparmağa
sövq edir. İqlim dəyişiklikləri ilə
bağlı məsələlərin həll olunması ona
görə vacibdir ki, günümüzün olduqca təhlükəli
iqlim anormallıqlarından təkcə müasir insanlar deyil,
həm də gələcək nəsil zərər çəkə
bilər. Dünya yaranan vaxtdan indiyədək heç vaxt belə
narahat, münaqişəli, təhlükəli vəziyyətdə
olmayıb. İndi dünya ölkələri öz daxili
problemləri ilə yanaşı, müxtəlif siyasi-iqtisadi
və hərbi münaqişələrlə üzləşib.
Bir yandan da qlobal istiləşməyə, ən əsası
iqlim dəyişiliklərinin yaratdığı fəsadlara
qarşı mübarizə aparmağa məcbur olub. Azərbaycan
dünyanın ən cənnətməkan bir guşəsidir. Ərazisi
iri ölkələrə nisbətdə kiçik olmasına
baxmayaraq, regionda üstün mövqe qazanmış, beynəlxalq
aləmdə böyük nüfuza yiyələnmiş ölkəmiz
bu gün yenə də bütün dünyanın, xüsusilə
enerji təhlükəsizliyinə görə ABŞ-nin və
Avropanın diqqət mərkəzindədir. Çünki son
dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfələr olduqca əhəmiyyətlidir.
Dövlət başçısının apardığı
müdrik siyasət və gedən proseslər göstərir
ki, bu əhəmiyyətli mövqe "yaşıl enerji"
imkanları hesabına gələcəkdə də qorunub
saxlanacaq.
Azərbaycanda son 30 ildən bəri geniş
yaşıllıqların salınması, çirklənmiş
ərazilərin təmizlənməsi və bərpası,
bitki və heyvanat aləminin qorunması, meşələrin
mühafizəsi, yeni meşə zolaqlarının
yaradılması yönündə ardıcıl işlər
aparılır. Eləcə də Xəzər dənizi sahillərinin
və digər istirahət zonalarına yaxın ərazilərin
zibil və tullantılardan təmizlənməsi istiqamətində
əhəmiyyətli işlər həyata keçirilir.
Bütün bu işlərlə yanaşı, qlobal iqlim dəyişikliklərilə
əlaqədar beynəlxalq əməkdaşlıq məsələlərində
də Azərbaycanın rolu ildən-ilə artmaqdadır.
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlməsilə müstəqillik
dövründə Azərbaycanın və regionun ekoloji
problemlərinin həll edilməsi yolunda yaşıl
işıq yandı. Ulu öndərin hakimiyyətə
qayıtdığı ilk vaxtlardan başlayaraq
respublikamızda ətraf mühitin qorunması və təbii
sərvətlərdən düzgün istifadə olunması
sahəsində mühüm işlər həyata keçirilməyə
başladı. Məhz Heydər Əliyevin rəhbərliyi ilə
ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf
mühitin mühafizəsi ilə bağlı mühüm
qanunlar, qərarlar və proqramlar qəbul edildi. Bütün
bu sənədlərin həyata keçirilməsi
üçün bütün qüvvələr səfərbər
olundu. Faydalı qazıntıların, təbii ehtiyatların
istifadəsi ciddi nəzarət altına alındı.
Xüsusilə meşələrin qanunsuz qırılması,
heyvanların qeyri-qanuni ovlanmasına qarşı sərt tədbirlər
görüldü.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun ən
layiqli və uğurlu davamçısı Prezident İlham Əliyevin
respublikaya rəhbərliyi dövründə Azərbaycan təbiətinin,
onun təbii ehtiyatlarının qorunması daha da güclü
diqqət və qayğı ilə əhatə olundu.
25 dekabr 2023-cü ildə Prezident İlham Əliyev Azərbaycan
Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə
həmrəylik ili" elan edilməsi haqqında Sərəncam
imzaladı. Sərəncamda bildirilir ki, Azərbaycan
Respublikası beynəlxalq aləmdə iqlim dəyişmələrinin
fəsadlarına qarşı aparılan mübarizədə
uzun müddətdir ki, öz töhfəsini verməkdədir.
Qeyd olunur ki, Azərbaycanın erməni
işğalından azad edilmiş Qarabağ və Zəngəzur
iqtisadi rayonu, həmçinin Naxçıvan Muxtar
Respublikası ərazisi "yaşıl enerji" zonası
elan edilir. Respublikamızda "yaşıl enerji"yə aid
yeni növlərin yaradılması və "yaşıl
enerji" istehsalı, eləcə də, onun dünya
bazarına nəql edilməsi Azərbaycanın enerji siyasətinin
ana xəttidir. Ölkənin elektrik enerjisinin ümumi istehsal
gücündə bərpa edilən enerji mənbələrinin
payını 2030-cu ilə qədər 30 faizə
çatdırmaq qarşıya qoyulan mühüm məqsəddir.
2015-ci ilin dekabr ayının 21-də BMT-nin İqlim Dəyişilikləri
üzrə Çərçivə Konvensiyasına üzv
ölkələr Paris Razılaşmasını qəbul etdilər.
Sənədi 171 ölkənin dövlət və hökumət
başçıları, xarici işlər və ətraf
mühit nazirləri imzaladılar. Paris
Razılaşmasının tələbi karbon qazını ilk
mərhələdə 1,5 dərəcə məhdudlaşdırmaq
olmuşdu. Lakin dünya ölkələrinin güclü dəstəyi
olmadan bu vəzifənin yerinə yetirilməsi
qeyri-mümkün idi. Beynəlxalq təşkilatlar, o cümlədən,
BMT-nin İqlim Dəyişilikləri Konfransı (COP) məsələnin
ciddiliyini nəzərə alaraq dünyada iqlim fəaliyyətlərini
dəyişdirmək üçün Paris
Razılaşmasının məqsədlərinə
çatmaq naminə nəzərdə tutulan COP formatında
tarixi görüşləri hər il keçirməyi qərara
aldı. Azərbaycan Respublikası da beynəlxalq ictimaiyyətin
etibarlı tərəfdaşı kimi iqlim dəyişmələri
ilə bağlı qlobal problemlərin həlli istiqamətində
həmişə mühüm rol oynayıb, xüsusilə son
illərdə baş verən qlobal iqlim dəyişmələrinin
qarşısının alınması üzrə
aparılmış beynəlxalq mübarizədə müsbət
mənada xeyli fərqlənib.
Tarixi bir hadisədir ki, Azərbaycan Prezidentinin ali rəhbər
kimi dünya siyasətində nümayiş etdirdiyi çevik
və güclü siyasi iradə, respublikamızın ildən-ilə
dünyada artan siyasi nüfuzu və iqtisadi qüdrəti
möhtəşəm bir nəticəyə - BMT-nin iqlim dəyişiklikləri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) məhz Azərbaycanda
təşkil olunmasına yol açdı. Bu hadisə təkcə
respublikamızın mənafeyinə, bizim milli
maraqlarımıza xidmət etmir. Belə bir vacib beynəlxalq
tədbirin uğurla keçirilməsi həm də dünyəvi
maraqlar naminə, regional və qlobal səviyyədə iqlim dəyişikliklərinə
qarşı birgə mübarizədə rol oynayacaq və bu
istiqamətdə həmrəyliyə öz dəyərli
töhfələrini verəcəkdir.
Bundan əvvəlki illərdə COP-un hər ildə
bir dəfə olmaqla, cəmi 28 sessiyası
keçirilmişdi. BMT-nin bu mötəbər məclisinin -
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP29) 11-24 noyabr 2024-cü ildə Azərbaycanın
paytaxtı Bakı şəhərində keçirilməsi
beynəlxalq ictimaiyyətin Azərbaycana, xüsusən
dövlətimizin başçısına göstərdiyi
böyük hörmət və etimadın növbəti təzahürüdür.
Bu tədbir həm də Azərbaycanın milli, regional və
qlobal səviyyədə ətraf mühitin qorunması və
iqlim dəyişmələrinin qarşısının
alınması sahəsində dünyaya yeni fürsətlər
yaratması deməkdir.
Əsas məqsədlərindən biri iqlim sisteminə
insanlar tərəfindən edilmiş təhlükəli
müdaxilələrin qarşısını almaq olan COP-un
son 3 konfransı - 2021-ci ildə Böyük Britaniyada, 2022-ci
ildə Misirdə, 2023-cü ildə sə BƏƏ-də -
Dubayda keçirilib. Keçən il COP28 üzrə
Dubaydakı sessiyada, 70 min nəfər xarici qonaq olmaqla,
ümumilikdə 100 min nəfərə yaxın nümayəndə
iştirak etmişdi.
Bu il Bakı şəhərində keçiriləcək
COP29-da199 ölkənin nümayəndə heyətinin
iştirakı gözlənilir. Azərbaycanın siyasi,
iqtisadi gücünə diqqətlə yanaşan əksər
ölkələr COP29-un respublikamızda keçirilməsini
dəstəkləyir. COP29-a sədrlik çərçivəsində
Azərbaycanın üzərinə düşən məsul vəzifələrdən
biridə iqlim dəyişikliyi ilə mübarizə sahəsində
nüvə texnologiyasından dinc məqsədlər
üçün istifadə edilməsi sahəsində
resursların cəlbini təşviq etmək və nüvə
təhlükəsizliyi məsələlərini ön planda
saxlamaqdır.
Hazırda COP29-un ölkəmizdə keçirilməsi
ilə əlaqədar olaraq BMT-nin bu sahə üzrə
ixtisaslaşmış orqanları da respublikamızla səmərəli
iş aparırlar. Onlar sıx əməkdaşlıq
formasında konfransın mütəşəkkil və təhlükəsiz
şəraitdə keçirilməsi üçün
mühüm hazırlıq işləri görürlər.
BMT-nin İqlim Dəyişilikləri Konfransının (COP29)
mütəşəkkil qaydada keçirilməsi
üçün indi respublikamızda bütün aidiyyəti
nazirliklər və təşkilatlar ciddi hazırlıq
işləri görürlər. Mütəxəssislər
COP29-u "Gözəl düşüncə
platforması" da adlandırırlar. Onlar ümid edirlər
ki, Azərbaycanda keçiriləcək COP29 bütün
dünya üzrə "yaşıl enerji"yə
keçiddə həlledici rol oynayacaq. COP29-un uğurlu fəaliyyəti
və nəzərdə tutulan məqsədlərə
çatmaq planının tam icrası Azərbaycanı
dünyaya daha da yaxından tanıdacaq, siyasi-iqtisadi cəhətdən
inkişaf etmiş bir dövlət kimi onun nüfuzunu daha da
yüksəldəcək.
Xatırladaq ki, "Yaşıl dünya naminə həmrəylik
ili" çərçivəsində görüləcək
işlərə aid tərtib edilmiş tədbirlər
planı Şərqi-Zəngəzur və Qarabağ iqtisadi
rayonu da daxil olmaqla bütün respublika ərazisini əhatə
edəcək.
"Yaşıl enerji zonası" elan edilmiş ərazilərimizi
2050-ci ilədək "Netto sıfır emissiya"
zonasına çevirmək nəzərdə tutulur.
Hal-hazırda respublikamızın bütün nazirlikləri,
komitələri və digər baş idarələri, eləcə
də ölkəmizdəki yerli idarə, müəssisə və
təşkilatlar "Yaşıl dünya naminə həmrəylik
ili" çərçivəsində təsdiq olunmuş tədbirlər
planını əsasında mühüm işlər həyata
keçirməkdədir.
İşğal zamanı qırılmış və
ciddi zərər görmüş Azərbaycan meşələri
artıq bir neçə ildir ki, davamlı şəkildə bərpa
olunur. "2022-2026-cı illər üzrə Meşə
Fondunun Bərpası Proqramı" çərçivəsində
il ərzində Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında 30 min hektar meşəbərpa işləri
həyata keçiriləcək. Ölkəmizdə
"Yaşıl dünya naminə həmrəylik ili"
çərçivəsində ümumrespublika ağacəkmə
aksiyasıda davam edir. Həmin aksiya xüsusilə mart
ayında daha böyük vüsət aldı.
Naxçıvanda təşkil edilmiş ağacəkmə
aksiyasında təkcə bir gündə ümumilikdə 100
min ədəd müxtəlif meşə və meyvə tingləri
əkildiyi bildirildi. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin nümayəndələri isə cari ilin mart
ayında su çərşənbəsində 18 min, torpaq
çərşənbəsində 32 min, 21 mart Beynəlxalq
Meşə Günündə isə 42 min ağac əkiblər.
İşğaldan azad olunmuş Laçın rayonunun Zabux kəndində
7 min meyvə və digər ağac tingləri əkildiyi məlumdur.
Arzu edirik ki, çox mötəbər tədbir olan
COP29 Azərbaycanda ən yüksək səviyyədə,
milli və qlobal birlik şəraitində keçirilsin,
dövlətimiz və xalqımız bu dəfə də
öz uğurları ilə dünyaya parlaq nümunə olsun!
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet.- 2024.- 16 may,№85.- S.15.