Yaz notları

esse

 

 

Bahar hər yerə eyni cür gəlmir, sanki kəndə daha erkən gəlir, bir də görürsən ağacların budaqları "çitarıb", yer-yurd yaşıllaşıb. Çöllərdə "sarıçiçəklər" bürüyüb əkin yerlərini, yolların kənarı qanqallarla "bərəkətlənib". Hələ qaranquşlar.., bütün günü uçur, uçur, yuva qurmaq üçün yer bəlirləyir. Təbiət insanla qarşılıqlı münasibətlərini normaya salmaqdan ötrü "danışıqlar aparır".

Kür çayı boyunda yerləşən kəndimizin böyük meşə ərazisi var. Meşələr yaradıcı təbiətin əl işi olsa da, vaxtilə burada ən müxtəlif meyvə və dekorativ ağaclar da əkilib. Açıq sahələrdə isə rayonumuzun atributuna çevrilmiş qarpız becərilib. Torpaq minerallarla zəngin olduğundan burda yetişən qarpızlar daha iri, rəngi də, şirinliyi də bir alayı olurdu... Meşə həm də vəhşi heyvanaların məskəniydi, canavar, tülkü, çaqqal bu yerlərin sakininə çevrilmişdi. Hava qaralanda çaqqalların uzaqdan eşidilən ulartısı vahimə yaratsa da, maraqlı idi. Təbiət insanla ot, ağac, gül-çiçək dilindən başqa, həm də quşların və heyvanların dilində ünsiyyət qururdu. Axşam düşən kimi adamların ilk işi heyvan-qaranın, toyuq-cücənin "ağzını" bağlamaq olurdu, əks halda tülküdən, çaqqaldan kimsənin sığortası yox idi...

Meşə kəndə təbii qaz çəkilmədiyi vaxtlarda həm də insanlar üçün istilik mənbəyi sayılırdı. Ailələr yay girəndən qış üçün odun tədarükünə başlayır, meşəbəyinin icazəsiylə qurumuş ağaclar kəsilib doğranır və evlərə daşınırdı...

Meşə həm də heyvanların otlaq sahəsiydi, yazda dizə kimi yamyaşıl ot, payızda ağacların sapsarı yarpaqlarını yeyib doyurdular. Axşamçağı arxasınca toz dumanı qaldıran naxır, qoyun sürüsü mələşə-mələşə kəndə girəndə həyətlərdə bir canlanma başlayırdı. Sağılan heyvanların səsi kəndi başına götürürdü, quzular özünü analarının altına atıb ağızları köpüklənə-köpüklənə əmirdilər...

Demək olar ki, hər həyətdə təndir vardı, qadınlar yay-qış çörəyi təndirə yapırdılar. Ətri dörd bir yana yayılan qıpqırmızı "pencəkəş"lər xəstəni də iştaha gətirirdi. Bağlarda rəngbərəng çiçək açmış meyvə ağacları əyninə tül paltar geyinmiş bəzəkli gəlinə bənzəyirdi. Kənd adamlarının qayğılarının da çoxaldığı vaxtdır yaz fəsli, "əkin-tikin" deyib özlərini verirdilər bağ-bostan işlərinə...

Kənddə olanda axşam tərəfi çıxıb Kür sahili boyunca gəzirəm, səliqəli, müxtəlif əkin aparılmış sahələri görəndə sevinirəm. Heyif ki, meşədə yazın nəfəsi dəyib yaşıllaşan ağacların sevinci qədər də arzusu ürəyində qalıb yaza çıxmayan ağaclar da var. Bir vaxt qonaq qaralı olan, uzaqdan-yaxından dincəlməyə gələnlərin qarşısına gülər üzlə çıxan bu təbiət gözəlinin indi əlləri qoynunda qalıb. Elə sakinləri də çoxdan tərk edib gedib onu, daha kənd camaatının nə çaqqal, tülkü qorxusu var, nə də canavar...

Yazın gəlişini havada quşlar qədər suda qurbağalar da bayram edir. Qurultuları ilə böyük bir orkestri xatırladan bu suda-quruda yaşayan heyvanların səsləri arasında bir yad ahəng tapmaq mümkün deyil...

Yazın gəlişilə çöllərdə qıpqırmızı Lalə, Nehrə partladanla yanaşı, min dərdin dərmanı, dovğaya xüsusi dad verən cincilim, gəlinbarmağı, əvəlik də çıxıb üzə. Bir az keçsin, sirkan tərəsi də yetirəcək özünü...

Bir də selləmə yaz yağışları... Elə ki, başladı, kəsməz, bu yağışa göylərin bərəkət payı deyərlər. Bir də görərsən dünənki xırdaca otlar yağışdan sonra bir qarış uzanıb!.. Yaz həm də başı "panamalı" qönçə göbələyinin fəslidir, faydalı maddələrlə dolu, vitamin bazası sayılan göbələk yağışdan sonra sanki torpağın bağrını yarıb çıxır. Torpağın üstündə balaca hündürlük və çatlama gördünsə, demək, altında göbələk var...

Amma yaz hər ağacın ömrünə eyni vaxtda gəlmir, məsələn iydə, innab ağacları hələ Tanrıdan işarə gözləyir. Çiçəklərinin xüsusi ətri və görünüşü olan bu ağaclar da tezliklə qış yuxusundan oyanıb həyata gülümsəyəcək...

...Yaz bir gül ilə başlayar, mini ilə bitər deyiblər. Təbiətin qız fəslidir yaz, utancaq təbəssümü dodağından, həyası yanağından bəlli olar. Upuzun, yamyaşıl saçları tökülər çiyinlərindən, yerişi naz, duruşu naz, ətrinin cazibəsindən də ki, çıxa bilməzsən. Günəş də istisini təbərrik kimi yayar yer üzünə, günlər gah yaya, gah da payıza bənzəyər...

Başımı qaldırıb səmaya baxıram, azadlığa çıxmış doğma yurdumuzu - Qarabağı düşünürəm. Zəngin təbiəti, hündür, yaşıl örtüklü, əlləri Allaha çatan dağları, qalın, sıx meşələri, sərin sulu bulaqları ilə yazla qolboyundu indi. Çiçəklərin gözləri gülür sevincdən, dağları qürurla dayanıb ətrafı seyr edir, əlini qaşının üstə basıb günəşə boylanır Torpaq!..

 

Şahnaz ŞAHİN

525-ci qəzet.-  2024.- 16 may,№85.- S.14.