İstiqlala inamın
bədii-publisistik təcəssümü
MÜHACİR ƏZİZ ALPOUDUN "HƏYATIMIN
HEKAYƏTLƏRİ" MEMUAR-ROMANINDAKI "AZƏRBAYCAN
DAVASI"
(Əvvəli ötən sayımızda)
Əziz Alpoudun bəzi silahdaşlarına, fərqli
partiyaya mənsub bir sıra istiqlal mücahidlərinə
münasibətində ifrat qınağa, yersiz tənqidlərə
rast gəlinirsə, onun Vətən satqınlarına, xəfiyyə
və xainlərə qarşı barışmaz və
amansız olduğu da diqqətdən yayınmır. O,
"sapı özümüzdən olan baltaları"
"sinəmizdə bəslədiyimiz yerli xainlər, yəni
içimizdəki şeytanlar" adlandırır və 28
Aprel 1920-ci hadisələrinə işarə ilə
yazırdı: "Vətən xainlərin əlinə
keçmişdi. Beləliklə, rusların planı baş
tutmuşdu. Şayiə yayılmışdı ki, millət
kommunistləri hakimiyyətə gətirmiş, o da rus ordusunu
"özlərini qorumaq" üçün dəvət
etmişdir... Rus imperiyasının hər yerdə tətbiq
etdiyi taktika... Sözdə, Azərbaycan Müstəqil bir
dövlət olaraq qalacaqdı, yalnız rejim dəyişəcəkdi...
Bəli! Rus çəkməsi yenidən Vətənimizi
çığnayır və rus istilası yurdumuzu qana
boyayacaqdı".
Memuar müəllifi göstərir ki, Vətənə
xəyanət edərək bolşeviklərə quyruq
bulayanların, onlara xidmət göstərənlərin aqibəti
sonda faciə ilə bitir: "Kommunizm, bolşevizm
qardaşlığına, cənnətinə inanaraq, rus
canavarlarına yardım edəndən sonra, aradan
götürüldülər. Bəziləri "milli təmayülündən",
bəziləri sözdə "proletar mübarizəsinə
etdikləri xəyanətdən" dolayı, bəziləri
də... Heç!.. Soruşan varmı?.. Kim cəsarət edər?..
Millət heç vaxt bu vətən xainlərini
unutmayacaqdır". Azərbaycan legionerlərinin lideri mayor
Əbdürrəhman Fətəlibəylinin məktubu və
onun qətlə yetirilməsi hadisəsi satqın və xainlərin
nə qədər mənəviyyatsız, eyni zamanda təhlükəli
olduğundan xəbər verir: "1 dekabr 1954-cü il, çərşənbə,
saat 21.30: Bu gün "Cümhuriyyət" qəzetində,
Münhendən gələn dəhşətli bir xəbər
oxudum. "Noyabr ayının 20-də zavallı
yoldaşım və Milli Birliyimizin üzvü, mayor
Əbdürrəhman Fətəlibəylini vurublar. Vuran da
Mikayıl İsmayılov adlı bir şəxsdi... Yazıq
Əbdürrəhman bəy, 12.10.1953-cü il tarixli məktubunda
belə yazırdı: "Olduqca böyük bir dərdimiz
var. Buraya gəldikdən sonra, bu iki il ərzində, əleyhimə
bir çox provakasiyalar apardılar. Sovet İttifaqından
şübhələnməyə başlamışdım...
Haqlıyammış! Son vaxtlar məsələ
büsbütün aydınlaşdı. Belə ki, bu işin
içində bizimkilərdən də var... Onlara
tapşırılan işlərdən biri də, məni
öldürməkdir! Məni narahat edən də, elə
budur: İçlərində, aralarında bizimkilərin də
olmasıdır!.. Çox yaza bilmirəm... İzləyirlər!"
Əsərdə ermənilərin "Daşnak"
partiyasının xalqımıza qarşı düşmənçilik
hərəkətlərinə, bədnam və məkrli
qonşularımızın havadarlarının maddi, mənəvi
dəstəyi ilə törətdiyi saysız-hesabsız cinayətlərə,
qətliamlara və vəhşiliklərə dair ciddi,
tutarlı faktlar var. Əziz Alpoud "Daşnak"
partiyasının adamları, zavallı erməni millətini fəlakətə
sürükləyirdilər" - yazır və 1918-ci Mart
qırğınına işarə edərək bu partiya
üzvlərinin simasılığını,
riyakarlığını ifşa edir: "Daşnak"
partiyasına mənsub olduqları halda, kommunist donu geyinirlər".
Əziz Alpoud şahidlik etdiyi, iştirakçısı
olduğu, gözü il gördüyü hadisələrə,
tarixi faktlara və sənədlərə istinadən erməni
vandalizmindən bəhs edir. Əziz hələ körpə ikən
ermənilərin silalandığını görür, onlara
bu silah-sursatın nəyə lazım ola biləcəyi haqda
düşünürdü. İllər keçir, sonralar
baş verənləri Ə.Alpoud belə xatırlayır:
"Ermənilər qəflətən türklərə
hücum etmişdilər. Yarım saat keçməmişdi
ki, bizim məhəllə ermənilər toplaşan iki
qarşı təpədən gülləboran edildi. Heç
kim bunun səbəbini anlamadı: Bu düşmənçilik
haradan? Daim türklər və ermənilər çox
yaxın iki dost kimi dolanırdılar. Hərəkətləri,
ənənələri bir, eyni havaları söylər, eyni
musiqi onları coşdurardı. Azərbaycanın bir çox
yerlərinə tək-tük erməni kəndləri səpələnmişdi.
Onlara pislik etmək heç kimin ağlından belə
keçmirdi. Bir çox ermənilər qonşu türk kəndlərindəki
tanışlarının uşaqlarına kirvə olurdular.
Onlar artıq evin ən yaxın dostu sayılardı. Toy və
bayramlarda bir-birini ziyarət edər, dərd-sərlərini
bölüşərdilər. İndi nə olmuşdu? Bu
düşmənçilik haradandı? Səbəbi nə idi?
Heç kim o zaman bu suallara cavab verə bilməmişdi. Ancaq
ortada bir həqiqət var idi: Təpədən-dırnağa
silahlanmış ermənilər türklərə vəhşicəsinə
hücum etmişdilər". Müəllifin təbirincə
desək, "rus uşağı" ermənilər
"dayanmadan, ara vermədən məhəlləyə
güllə yağdırırdılar". Müəllif ermənilərin
ruslar tərəfindən silah-sursatla yaxşı təmin
edildiyini, "cəhbəxanalarının bol olduğunu",
azərbaycanlıların isə güc-bəla ilə
ordan-burdan isə yalnız "köhnə tüfənglər,
tapançalar, xəncərlər, qəmələr"
toplaya bildiyini qeyd edir və yazırdı ki, hər tərəfdən
bəd xəbərlər gəlirdi, bizimkilərin itkisi
çox idi, çoxlu evlər yandırılıb külə
dönmüşdü, eyvanımız, qaçıb
canlarını qurtaran arvad-uşaqlarla dolurdu. Ə.Alpoud bu
qırğında rusların
araqızışdırıcı rolunu, ermənilərin də
bu siyasətdə oyuncaq, alət olduğunu, bunu
anlamadıqlarını təəssüflə diqqətə
çatdırır.
Onun fikrincə, tarixən mehriban qonşuluq şəraitində
yaşayan iki xalqın düşmən kəsilməsinə səbəb
bir tərəfdən rusların Qafqazdakı imperialist siyasəti
idisə, digər tərəfdən də ermənilərin
torpaq əldə etmək, qan içmək hərisliyi, xəbisliyi
və kiminsə himayəsində kölə kimi yaşamaq vərdişi
idi: "Hər zaman qardaş kimi yaşayan bu iki millətin
lazımsız yerə qanı tökülürdü. Buna səbəb
isə rusların iblis siyasəti, digər tərəfdən
də ermənilərin axmaqlıqları - Türkiyədən,
İrandan, Azərbaycandan qoparacaqları torpaqlarda
"Böyük Ermənistan" qurmaq niyyətləri idi. Elə
bu səbəbdən də ermənilər türklərə əsl
düşmən kəsilmişdilər. Deyirlər ki, ayı
meşədən küsüb, meşənin xəbəri
yoxdu! Eləcə də türklərin erməni düşmənçiliyindən
xəbəri yox idi. Amma gec də olsa, öyrəndik". Azərbaycanlıların
mərhəmətli, insanpərvər, yardımsevər,
kin-kudurətsiz millət olduğunu Ə.Alpoud Tiflisdə
liseydə təhsil aldığı vaxtlarda sətəlcəm
olub xəstəxanada yatdığı zaman başına gələn
bir əhvalatı danışmaqla anladır. Arabir balaca xəstələrə
də baş çəkən Ə. Alpoud danışır
ki, bir dəfə bir erməni qadınını 2-3
yaşındakı körpəsini ölümcül vəziyyətdə
xəstəxanaya çatdırdılar. Digər
uşaqların onun bu halını görməsini istəmədiyindən
onu mənim otağıma gətirmək istəyirdi: "Məmnuniyyətlə!"
- dedim. Balacanın kiçik beşiyini mənim otağıma
gətirdilər. Yazıq uşaq canı ilə əlləşirdi.
Əziz Alpoud yazır ki, mən erməni qadınını
sakitləşdirir, ona ürək-dirək verir, lazım olan
kimi tibb bacısını, həkimi palataya
çağırır, bir sözlə, uşağın
xilası üçün nə lazımdırsa edirdim. Erməni
qadının isə nigaranlığı keçmir, sakitləşmirdi:
"Erməni qadın uşağın yanında oturub, dil qəfəsə
qoymadan türkcə məndən soruşurdu: - Necə,
uşaqda bir şey varmı? Aman balam! - deyə dizlərinə
döyürdü.
Mən qadını yaxınlaşan fəlakətə
hazırlamaq istəyirdim:
- Neçə uşağınız var? - deyə
soruşdum.
O, sevinclə:
- Beş! - dedi.
- Allah saxlasın! - dedim.
Qadın çox şad oldu. Sanki mənim belə deməyimlə
balası da qurtulmuşdu".
Ə.Alpoud bacardıqca qadına təsəlli, təskinlik
verir, ümidini sönməyə qoymur. Erməni qadın da
bunu dəyərləndirir: "Allah səndən razı
olsun, oğlum! Sən olmasaydın, mən burada tək-tənha
dəli olardım.
Hə, özünü bu qədər rusun arasında
tənha hiss edirdi, bir türk ona yaxın və dost idi. Bunu
cahil qadın hiss edir, erməni milləti bilir, ancaq bir ovuc
avantürist erməni millətini rusların fitnəsinə
uyaraq, türk dostları ilə düşmən etmək istəyirdilər.
Belə düşünə-düşünə 1905-ci il fəlakətini
xatırlayıb, təəssüflənirdim. Halbuki
qarşıda daha faciəli bir qarşıdurmanın
olacağını təsəvvür belə etmirdim".
Müəllifin "qarşıda daha faciəli bir
qarşıdurma" kimi xatırladığı faciə isə
xalqımızın tarixinə milli matəm kimi
düşmüş Mart soyqırımıdır. Bakıda və
Şamaxıda 1918-ci ilin mart ayının 30-da ermənilər
tərəfindən törədilən qırğın bu
qanlı faciənin başlanğıcı olmuşdu. Bir
neçə gün ərzində bu şəhərlərin və
ətraf kəndlərinin dinc azərbaycanlı əhalisi
amansızlıqla bolşevik-daşnak hərbi qüvvələri
tərəfindən görünməmiş dəhşətli
cəza aksiyalarına - talan və qırğınlara, qarətə,
şəhər və kəndlər isə yanğın və
dağıntılara məruz qalmışdı. Bakı və
Şamaxıdan sonra müsəlman qırğınları və
talanları Göyçay, Ərəş, Cavad, Nuxa, Quba qəzaları
kəndlərini və Quba şəhərini, Gəncə
şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur
qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar
yaşayan bütün yaşayış məntəqələrini
əhatə etmişdi. Mart qırğınları zamanı
bir çox tarixi binalar, qəzet, jurnal redaksiyaları, teatrlar,
kinoteatrlar, məktəblər, yandırılmış, evlər
qarət edilmişdi. Bütün bu faciəni
yaşamış Əziz Alpoud memuarında gördüklərindən,
faciəni doğuran səbəblərdən, əli
silahlı ermənilərin vəhşiliyindən, silahsız
azərbaycanlıların məruz qaldığı məşəqqətli
günlərdən geniş bəhs edib. Bakıdakı erməni
qətliamını öz gözləri ilə
görmüş Ə.Alpoud yazır: "Nəticə kədərliydi:
ermənilərin mülki və əsgəri birlikləri bizdən
on minə qədər uşaq, qadın və kişi qətlə
yetirmişdilər. Bu vəhşiliyi mən ermənilərdən
gözləməzdim. Uşaq və qadınları məsciddə;
hamamda qaynar suya salmaqla, süngülərə keçirməklə
qətliam törətmişdilər. Bəzilərini də
başıaşağı asmışdılar. Belə ki,
göyərmiş meyitləri tanımaq çox çətin
idi" .
Tarixi "İslamiyyə" binasının ermənilər
tərəfindən təcavüzə məruz qalması və
yandırılması səhnələrini "Əziz Alpoud göz
yaşları ilə yazmışdır" - desək,
yanılmarıq.
Əsərdə ermənilərin təkcə
xalqımıza qarşı yox, bütün Qafqaza xəyanət
etdiklərini, mühacirətdə Qafqaz birliyi ideyasına
qoşulmadıqlarını, bununla da ümumi mübarizəyə
zərbə vurduqlarını təəssüflə qeyd
edilir: "Kaukasısche Vertrauunqsstelle"də
vaxtaşırı toplantılar olurdu. Azərbaycanlılar,
Şimali qafqazlılar, İdil, urallılar, krımlılar,
türkistanlılar, gürcülər... (ermənilər bizə
qatılmırdılar...) Burada toplaşanların
hamısının da ürəyində eyni arzunun atəşi
yanırdı: Rusiyadan xilas olmaq arzusu... Azad yaşamaq istəyi!..
Üç əsrə yaxın Türk millətinin
Qızıl Orda köləsi olan, kiçik Moskva
knyazlığı, fitnə-fəsadla, qədim Roma
imperatorlarının: "Separeetimpera" ("Parçala və
hökm et!") atalar sözlərinə uyğun bizi
parçalamağı və tikə-tikə udmağı
bacardı".
Memuarın diqqətçəkən məziyyətlərindən
biri dilinin zənginliyi, koloriti, canlı, oynaq və obrazlı
olmasıdır. Mövzu baxımından maraqlı və
aktual olması ilə yanaşı, əsərdə bədii
təsvir və ifadə vasitələrinin zənginliyi də
memuarın oxunaqlığını şərtləndirən
amillərdəndir. Yazılanlardan məlum olur ki, Ə.Alpoud mətbuatla
sıx əlaqə saxlayır, əməkdaşlıq edir,
müxtəlif səpkili elmi-publisistik əsərlər
yazır, tərcüməçilik fəaliyyəti ilə məşğul
olurdu. O, xalqının adət-ənənəsinə sadiq,
tarixi köklərə vurğun, milli-mənəvi dəyərlərə
sahib olması ilə yanaşı, həm də zəngin
yaradıcılıq təcrübəsinə malik
ziyalıdır. Bakı ilə ayrılıq zamanı o,
kövrək düşüncələrini təsirli dillə
paylaşır: "Elə bu ərəfədə, dərslərin
üç gün sonra başlayacağına dair rəsmi
kağız gəldi. Artıq sevgili Bakımızdan
ayrılmaq lazım gəlirdi. Bəlkə də elə ilk
baxışdan qəribə gəlir, necə olur ki, Bakı
yaşıl, gözəl mənzərəli Tiflisdən
üstün tutulur. Ancaq bir az dərindən
düşünülərsə, zənn edirəm ki, mənə
haqq verilər. Bakıda hər şey mənimdir. Türk olan
xalqı da, Qız qalası da, səhərlər hələ
günəş doğmadan ayna kimi dümdüz; İrana,
Türküstana yayılan Xəzəri də, ətrafını
dövrələyən sarı bərəkətli qumlu
çölləri də, möhtəşəm bir meşəyə
bənzəyən neft buruqları da mənimdir!"
Ə.Alpoud obraz yaratmağın ustasıdır. Onun təsviri
oxucunun gözü qarşısında bir səhnə, mənzərə
canlandırır: "Beli qurşaqlı, uzun çuxalı
faytonçu çemodanlarımızı arabada yerləşdirdikdən
sonra, atları sürdü". Memuaristin hər sözündən,
hər sətrindən ana Vətənə, doğma yurda, onun
sakinlərinə sonsuz məhəbbət hiss olunur:
"Beşinci sinifdən altıncı sinfə keçdiyim
yay anam Tiflisə getdi və məni qohumlarının
olduğu Salahlı kəndinə apardı. Salahlı
stansiyasında qatardan düşdük. Bizi bir cüt kəl
qoşulmuş iki təkərli kənd arabası gözləyirdi.
İçinə həsir, üzərinə də döşək
və xalı sərilmiş arabanı da Lətif dayı
sürürdü. Qasım dayı da qır bir ata minmişdi,
başında uzunsov tüklü papaq, əynində milli
geyimimiz; arxalıq və üzərində çuxa, belindəki
qayışda xəncər və çiynindən sallanan bir
"Berdanka" və sinəsində yekə, yumru,
gümüş kimi parlayan bir meşəbəyi gerbi
vardı". Müəllif təbiət mənzərələrini
o qədər inandırıcı, güclü təsvir edir
ki, oxucu sanki kitabla, quru kağızla yox, təbiətlə təmasdadır,
hadisələrin içərisindədir: "Bir ağaclıq
qədər məsafə qət etmiş və Beşim kəndini
elə yenicə ötmüşdüm ki, narın
yağış çiləməyə başladı. Xəzər
tərəfdən gələn qara buludlar göy
üzünü bürüdü. Az sonra fırtına qopdu...
Fırtına - nə fırtına! Zəncirini qırıb,
adama cuman quduz bir köpək kimi... Dəhşətli bir
külək göydən enən yağış
sularını şiddətlə üzümə
çırpırdı. Belimdəki yol çantası ilə
birlikdə məni göyə qaldırmaq istəyirdi sanki...
Çox çətinliklə irəliləyirdim. Qum təpələrinin
arxasından coşmaqda olan Xəzər dənizinin gurultusu
eşidilirdi". Təsvirlərdəki bənzərsizlik, təkrarsızlıq,
rəngarənglik gözə işıq, ruha rahatlıq gətirir:
"Sentyabr ayı gəlmişdi. Artıq yağmur
mövsümü başlayırdı. Adətən, Gilanda
payızyağışları aylarla durmadan
yağırdı... İncə, narın yağışlar...
Gecənin qaranlığında göydə qəribə səslər
eşidilirdi, hamısı da bir-birindən fərqli... Amma
hamısı da kövrək və həzin... Bunlar, soyuq
ölkələrdən gələn, Mördab gölünə
enməyə hazırlaşan müxtəlif çöl
quşlarıydı"
Sadaladığımız bütün müsbət cəhətləri
ilə yanaşı, memuara xələl gətirən bəzi
məqamların olduğunu da qeyd etməliyik. Bəzən
hadisələrin tarixi-xronoloji ardıcıllığı
pozulur ki, bu müəyyən çaşqınlıq
yaradır. Müəllif 1918-ci il Mart qırğınından
bəs edir, yardım üçün Türkiyədən
göndərilən əsgəri birliklərə
"çatmaq üçün İrana getməyə"
(?- T.A.) qərar verdiklərini yazır və dərhal əlavə
edir: "Bizə yardım üçün Türkiyədən
qoşun göndərildiyini bildik. Onlara çatmaq
üçün İrana getməyə qərar verdik. Bir
çox həmyerlilərimizlə birgə, gəmi ilə
Ənzəli limanına getdik və Rəşt şəhərinə
keçdik. Qaçmazdan əvvəl,
Müsavatçıların başqanı Məhəmməd
Əmin Rəsulzadənin bizləri tərk edib, xəbərsiz
olaraq Lahıc kəndinə qaçıb gizləndiyini
öyrəndik. O adamdan və partiyasından
büsbütün soyudum. Bu kənddə olarkən
"Əsrimizin Səyavuşu"nu yazmışdı.
Halbuki o, daha əvvəl solçuların yaxın dostuydu.
Görəsən, qaçmağın səbəbi nəydi?
Bu şəxsin daha sonrakı fəaliyyətində də eyni
hal müşahidə edilirdi". Burada bir tərəfdən
tarixin təhrif edilməsi (söhbət 1918-ci ildən gedir,
M.Ə.Rəsulzadə isə Lahıca bolşeviklərin Azərbaycanı
işğalından sonra, yəni 1920-ci ilin may ayında gedib),
digər tərəfdən isə, yuxarıda qeyd etdiyimiz kimi,
yeri gəldi-gəlmədi, M.Ə.Rəsulzadəyə
qarşı əsassız hücum cəhdi var. Əsərdə
bəzən fikirlər bir-biri ilə ziddiyyət təşkil
edir. Oxuyuruq: "Yəhudilər fürsət tapdıqca
Berlindən qaçırdılar. Bir gün Kurfürstendamm
rayonunda geniş küçələrdəki yəhudi
mağazalarının divarlarına sulu kirəcə
batırılmış fırçalarla "Yəhudi"
yazırdılar. Yalnız o gün yəhudi tacirlərinin
Berlin şəhərinin ticarətini necə əllərinə
keçirdiklərini görə bildim... Lakin çar
Rusiyasında olduğu kimi, almanlar tərəfindən burada
yağmalanma yox idi". Üç-dörd səhifə sonra
bu fikir inkar edilir: "Berlindəki yəhudilər
böyük qorxu içindədirlər. Deyilənlərə
görə, Parisdəki alman səfirliyinin katiblərindən
V.Rathin bir yəhudi uşağı tərəfindən
öldürülmüşdür... Eşitdiyimə görə,
Berlin və Almaniyanın digər şəhərlərində
xalq bir çox yəhudi mağazalarını
dağıtmışdır".
Ümumiyyətlə, memuarın ciddi naqis cəhətlərindən
başlıcası müəllifin şəxsi münasibətdən
ictimai rəyin formalaşmasına təsir gücü kimi
istifadə etməsinə meyilliliyidir. Memuarda hadisə və
ya faktlar bu və ya digər formada təkrarlanır ki, bu da mətnə
ağırlıq, oxucuya yorğunluq gətirir:
"Rusların ermənilər üçün güddükləri
siyasətin nədən ibarət olduğunu illər keçəndən
sonra, vaxtilə Rusiya Dumasının deputatı olmuş,
qatı bir rus imperialisti (Çernosotenets) Milyukovun
ağzından eşitdik: I Dünya müharibəsində rus
ordusu Ərzincana qədər irəlilədiyi zaman ermənilər
ona, "Böyük Ermənistan"ı qurmaq
vaxtının gəldiyini dedikləri anda, Milyukov
gülmüş və cavab olaraq: "Biz ermənisiz
Böyük Ermənistan qurmaq niyyətindəyik!" -
söyləmiş və gələnləri qovmuşdu".
Bir qədər sonra eyni hadisə təxminən olduğu kimi
nəql edilir: "Ruslar "Böyük Ermənistan"
nağılını Türkiyədəki ermənilərə
də çatdırmışdılar. Onları da Türkiyəyə
qarşı baş qaldırmağa, daxili ixtişaşlara
sövq edirdilər. Erməni milləti və
başçıları daha sonralar rusların oyununu
anladılar, lakin bu da xeyli gec oldu. Bir dəfə dost olan hər
iki millətin arasına kin və nifrət toxumu səpmiş;
ikincisi də ermənilərə yaxşı bir gələcək
qurmayan və qurmaq fikri də olmayan ruslar xeyli sonralar Duma
üzvü Milyukovun ağzı ilə
açıqlanmışdı: "Biz ermənisiz,
"Böyük Ermənistan" qurmaq niyyətindəyik"
- demişdi".
Bəzən müəllifin real "mən"i onun
"ideal "mən"inə kölgə salır, başqa
sözlə desək, dediyimiz "mən"lər bir-birini
uyğun gəlmir, bir-birini tamamlamır. O, dostu Həsənə
"Hamımızı bu yola sövq edən Vətən və
Millət eşqidir! Bütün yurdumuzdakılar da eyni hissləri
daşıyır", yaxud "Bizi şəxsi mənfəətini
düşünmədən təhlükəli oyuna atan,
ölümün gözünə dimdik baxdıran bu müqəddəs
Vətən və Millət eşqi təkcə bizə məxsus
deyil", "Mənim anladığıma görə,
partiyalar nə qədər fərqli də olsa, Vətən və
Millət savaşında əlbir olarlar" yazsa da, bəzən
təfriqəçiliyə, ayrı-seçkiliyə əsas
verən mülahizələr irəli sürür, istiqlal
mücahidlərinin fəaliyyətinə şübhə ilə
yanaşır. Memuarda bəzən macəraçılıq
baş alıb gedir, bu xüsusi ilə müəllifin
velosipedlə ağır təbii, hərbi-siyasi, maddi şərtlər
daxilində İrana, oradan Türkiyəyə keçməsi
prosesini uzun-uzadı, yorucu təsviri zamanı özünü
göstərir. Memuarda müəllif özünün və
üzv olduğu "Əhrar" partiyasının xidmətlərini
şişirtməyə meyl göstərir. Nəsib bəy,
Əziz tələbə ikən onu öz partiyasına üzv
olmağa, Baş nazir olanda isə "Əhrarı"
koalisiyaya cəlb etmək üçün maarif naziri vəzifəsinə
dəvət edir. Yuxarıda qeyd etdiyimiz kimi, Əziz Alpoudun
fikrincə, "hökumətdə iştirak etməyən
"Əhrar" partiyasının Yurdumuzu təmsil etməyə
daha çox haqqı vardı".
Bu kimi xırda-para nöqsanlar memuarın sanbalına, əhəmiyyətinə
ciddi xələl gətirmir. Əziz Alpoudun "Həyatımın
hekayətləri" memuarı haqqında dediklərimizi
ümumiləşdirsək, aşağıdakı qənaətə
gəlmək olar. Mühacirət ədəbiyyatının
nadir və maraqlı nümunələrindən olan memuar:
- Təkcə Əziz Alpoudun
yaradıcılığında, mühacirət irsində
deyil, ümumən Azərbaycan ədəbiyyatında
xüsusi yeri olan bədii-sənədli nümunədir;
- Ədəbi-mədəni, tarixi, elmi, ictimai-siyasi əhəmiyyət
kəsb edir və göstərilən sahələrin tədqiqi
üçün dəyərli mənbədir;
- İdeya-məzmun cəhətdən dolğun və
sanballıdır, müasir tələblərə cavab verir;
- "Azərbaycan davası"nın bədii-publisistik
təzahürü, bu ideyanın dəyərli
daşıyıcısıdır;
- Azərbaycan milli hərəkatının, istiqlal
mücadiləsinin müxtəlif mərhələləri
haqqında özünəməxsus bədii tədqiqatdır;
- Gənclərin, indiki nəslin Vətənə sədaqət,
Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə
məhəbbət, milli-mənəvi dəyərlərə,
adət-ənənələrə hörmət və sevgi
ruhunda tərbiyəsinə, formalaşmasına təsirli vasitədir;
- Mühacirət ədəbiyyatının, xüsusi
ilə onun memuar janrındakı nümunələrin öyrənilməsi,
dəyərləndirilməsi nöqteyi-nəzərindən
faydalıdır;
- Mühacirət ədəbiyyatşünaslığının
zənginləşdirilməsi üçün mühüm tədqiqat
materialıdır;
- Mühacirət ədəbiyyatının, onun
mühüm qolu olan memuar janrının, o cümlədən
Əziz Alpoud yaradıcılığının dil, üslub,
sənətkarlıq problemlərinin
araşdırılması üçün çox
mühüm vasitədir.
- Sovet həyat və düşüncə tərzinin
naqisliklərini, bolşevik rejiminin və kommunist
ideologiyasının antibəşəri təbiətini
göstərən və ifşa edən əvəssiz
nümunələrdəndir;
- İstiqlal qəhrəmanlarının və
qurbanlarının əziz xatirəsinə işıq salan,
onların parlaq ideya və əməllərini yaşadan bədii-sənədli
salnamədir;
- Mühacirlərin işğala, onun fəsadlarına
qarşı mübarizəsinin nə qədər ağır,
lakin şərəfli olduğunu əks etdirir, azadlıq qəhrəmanlarının
həyat yoluna işıq salır, sələfləri mətin,
cəsur, dözümlü olmağa səsləyir,
düşmənə, köləliyə, mütiliyənifrət
hissi aşılayır;
- Erməni vandalizmini konkret faktlarla ifşa edir,
xalqımızın ədalətli, humanist mövqeyini bəyan
edir, haqq işimizə bəraət qazandırır;
- Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin
əbədi, sarsılmaz və təmənnasız olduğunu
təsdiqləyir, bu münasibətlərin daha da möhkəmləndirilməsinə
xidmət edir;
- 20-30-cu və 50-ci illərdə Azərbaycan
mühacirlərinin sovet rejimi və kommunist ideologiyasına
qarşı fərqli mücadilə formasından yaranan fikir
ayrılıqlarının mahiyyətini, mühacirlərin bu
və digər problemlərlə bağlı
qarşılıqlı ittihamlarının səbəblərini
öyrənmək və dəyərləndirmək baxımından
da maraqlıdır;
- Əziz Alpoudun digər ciddi yaradıcılıq
nümunələrinin, o cümlədən, elmi və bədii
tərcümələrinin olduğuna dəlalət edir və
yeni axtarışlar üçün əsaslar verir;
- Mühacir yazıçının timsalında
soydaşlarımızın ikinci Vətəni Türkiyədəki
həyat tərzinə, qardaş ölkədə gedən
ictimai-siyasi proseslərə, Mustafa Kamal Atatürkün milli
dövlət quruculuğu sahəsindəki fəaliyyətinə
bir baxışdır.
Abid TAHİRLİ