Çaparaq notlar
Landau - dahi fizik və qadın "ovçusu"...
Lev Landau... Dau...
Onun təkcə təltiflərinin hamısını
qeyd etmək üçün bir neçə səhifə tələb
olunur. SSRİ EA-nın akademiki, Nobel mükafatı
laureatı, Sosialist Əməyi Qəhrəmanı, Maks Plank
adına medalı laureatı, Frits London
mükafatçısı, Lenin mükafatı və
üç dəfə SSRİ Dövlət mükafatı
laureatı, London Kral cəmiyyətinin üzvü, ABŞ
Milli Akademiyasının üzvü, Danimarka Kral
Akademiyasının üzvü, Amerika İncəsənət
və elm akademiyasının üzvü, Fransa Fizika cəmiyyətinin
və London Fizika cəmiyyətinin üzvü... Və Nobel
mükafatı laureatı.
Lev Davidoviç Landau 22 yanvar 1908-ci il yanvar
ayının 22-də Bakı şəhərində
neftçi-mühəndis David Lvoviç Landaunun ailəsində
doğulub. Levin anası Lyubov Veniaminovna Qarkavi-Landau ixtisasca həkim
idi və bu xanım uzun illər Balaxanıda akuşerka, orta məktəbdə
və qadın gimnaziyasında həkim işləmişdi,
eksperimental farmakologiyaya aid əsərlər
yazmışdı.Landau 1916-cı ildən Bakı yəhudi
gimnaziyasında təhsil almış, 14 yaşında ikən
Bakı Dövlət Universitetinə iki ixtisas üzrə -
fizika və kimya üzrə daxil olmuşdur. O, sonralar
fizikanı seçmişdir. 1924-cü ildən Landau təhsilini
Leninqrad Universitetində davam etdirmişdir.
1927-ci ildə təhsilini başa vuran Lev Landau Leninqrad
fiziki-texniki institutunda elmi fəaliyyətə başlayır.
Tezliklə 19 yaşlı Landau Kvant nəzəriyyəsinə
öz elmi töhfəsini verir, ilk fundamental tədqiqatları ilə
elm aləmində parlayır.
Sonrakı dövrdə Lev Landau Almaniya, Danimarka,
İngiltərə, İsveçrədə elmi ezamiyyələrdə
olur. O, Berlində A.Eynşteyn ilə tanış olur,
Kopenhagendə Nils Borun laboratoriyasında
çalışır.
Yaxın ətrafı adətən ona "Dau" deyə
müraciət edirdilər.
1932-37-ci illərdə Ukraynada çalışan
alimin elmi fəaliyyəti artıq ölkədən kənarda
da məşhur idi.
Landau Stalin despotizminin qəti əleyhdarı idi. O,
Lenini faşist və avantürist hesab edirdi. Elə bu və
digər səbəblərə görə daim xüsusi xidmət
orqanlarının nəzarətində idi.
Dau Sovet rejimi ilə heç cür barışa
bilmirdi. 1937-ci ildə Pyotr Kapitsanın təklifi ilə Fizika
problemləri institutunda nəzəri şöbənin
müdiri təyin olunur. Stalin diktaturası əleyhinə
yazdığı və tələbələrin
paylaşdığı vərəqələrə görə
həbs olunur. Bir il həbsdə qalan Landau nəhayət
Kapitsanın (və eləcə də Borun) çoxsaylı
xahişindən sonra azad edilir.
1943-47-ci illərdə Landau MDU-nin professoru kimi fəaliyyət
göstərir.
1945-1953-cü illərdə Landau SSRİ-nin Atom layihəsinin
hazırlanmasında iştirak edir.
Görkəmli alim 1956-68-ci illərdə MDU-nin kvant nəzəriyyəsi
kafedrasında çalışır, mühazirələr
oxuyur.
7 yanvar 1962-ci il tarixdə böyük fizik Moskvada
Dmitrovs şossesində avtomobil qəzasına
düşür, 59 gün komada qalır. Dünyanın
bütün fizikləri və eləcə də həkimləri
Landaunun həyatının xilası üçün əllərindən
gələni əsirgəmədilər. Landau altı il
ölümlə çarpışdı. O, 1962-ci il noyabr
ayının 1-də Nobel mükafatına layiq
görüldü. Nobel mükafatının təltifi tarixində
ilk dəfə olaraq laureata mükafat xəstəxanada təqdim
edildi.
Zarafatı çox sevən Landau "zarafat
günündə" 1 aprel 1968-ci il tarixdə 60
yaşında ikən vəfat etdi.
P.S. Bir qədər də dahi fizikin ailəsi və
şəxsi keyfiyyətləri barədə.
Landau hələ gəncliyində üç
"prinsipdən" imtina etmək qərarına gəlmişdi.
Bu cəhətlərə daxil idi: evlənməmək, siqaret
çəkməmək, spirtli içki içməmək.
Ümumiyyətlə, Dau ilk gəncliyində qadınlardan
qorxurdu. O, həm də çox utancaq idi.
Amma Lev Davidoviç birinci prinsipi artıq məşhur
fizik olarkən pozdu. O, gözəl bir xanımla -Konkordiya
Terentyevna Drobantseva-Landau ilə ailə qurdu. Onlar bir
"müqavilə" əsasında evlənmişdilər.
Yəni nə ər arvadın şəxsi işinə, nə
də arvad ərinin şəxsi işinə qarışa bilərdi.
Hərə öz həyatını yaşamalı idi. Onlar
bütün həyatları boyu bu cür də
yaşadılar.
Kora (Dau arvadını belə
çağırırdı) ərinə sədaqətli idi.
Hətta Dau öləndən sonra bu xanım "Mənim ərim
dahidir" adlı üçcildlik memuar da yazdı.
Amma ilk gəncliyində
qadınlardan utanan, qorxan Dau evlənəndən bir müddət
sonra bütün SSRİ-nin elm aləmində təkcə dahi
fizik kimi deyil, həm də dahi "qadın ovçusu"
kimi məşhurlaşdı.
Qadınlar da onu, bu zarafatcıl, deyib-gülən və
ən əsası da əliaçıq kişini çox
sevirdilər. Kora daim ərinə qısaqansa da, hirsini və
hikkəsini boğmağa çalışırdı. O
bilirdi və daim təkrar edirdi ki, dahi ilə ailə qurub. Amma
qadın öz dahi ərini itirəndən sonra onunla
bütün müşahidələrini olduğu kimi, vicdanla,
real faktlar əsasında qələmə
aldı. Adını qeyd etdiyimiz kitabda Landaunun zərif cinsə
münasibəti barədə də ətraflı söhbət
açılır. Burada heç bir bəzək-düzək
yox idi.
Yeri gəlmişkən, dahi fizikin oğlu İqor
Lvoviç Landau da (1946-2011) tanınmış fizik idi.
P.P.S. Bakının məşhur "Tarqovıy"
küçəsindən keçərkən Nəsimi heykəlinin
qarşısındakı yeraltı keçidi qalxıb sol tərəfdə
qotik üslubunda tikilmiş binanın yaxasından
asılmış xatirə lövhəsinə ötəri də
olsa nəzər salın...
Yüz yaşlı alim
yardıcılığının
çiçəklənmə dövrünü
yaşayır
O, dünyanın nəhəng fikir
generatorlarından biridir
Akademik Patonu tanıyırsızmı?
Bu ilin fevral ayında bir neçə gün Ukraynada
qalası oldum. Kiyevdə havalar soyuq keçsə də,
adamların isti münasibəti qışa meydan oxuyurdu. Bu qədim
şəhərdə köhnə dost-tanışlarla
görüşdüm. Adətən, başqa şəhərlərə
gedərkən teatrlara, muzeylərə, kitab dükanlarına
baş çəkirəm. Bu dəfə də adətimə
xilaf çıxmadım.
Kiyevdə olarkən Ukrayna Milli Elmlər
Akademiyasına getmək arzusuna düşdüm. Vaxtilə bu
qüdrətli elm ocağında dəfələrlə
olmuşam. Və bu dəfə məqsədim heç də
"akademik təəssübkeşlik" səciyyəsi
daşımırdı. Doğrusu, fikrim akademiyanın
prezidenti Patonla görüşmək, imkan olarsa onunla söhbət
etmək, ondan müsahibə götürmək idi.
Tanışlarım böyük alimin enerjili fəaliyyətini
qeyd etməklə yanaşı, onun vaxt məhdudluğunun ola
biləcəyini də qeyd etdilər. Əslində elə mənim
də vaxtım çox məhdud idi, Xarkova getməli idim. Ona
görə də fikrimdən tez daşındım. Amma bilirəm
ki, israrlı olsaydım, bu görüş baş
tutacaqdı. İnşallah, qalsın gələn dəfəyə...
Bəs kimdir Paton?
Bilənlər bilir, bilməyənlərin nəzərinə
çatdırım ki, Boris Yevgenyeviç Paton 1918-ci ildə
doğulub. Bu il bu nəhəng elmi simanın 100 yaşı
tamam olur. Onun atası Yevgeni Oskaroviç Paton da görkəmli
elm xadimi idi.
Paton 1962-ci ildən UMEA-nın prezidentidir. O, 400 elmi
ixtiranın, minə yaxın elmi əsərin müəllifidir.
Paton dünya elm və sənayesində metal qaynağı və
elektrometallurgiya sahəsi üzrə ən böyük mütəxəssislərdən
biri hesab olunur.
Paton həm də böyük təşkilatçıdır.
Bu gün onun rəhbərlik etdiyi quruma 160 elmi-tədqiqat
institut və müəssisəsi, 180 büdcə təşkilatı
daxildir. Akademiyada 40 mindən artıq adam
çalışır.
Paton gününün birinci yarısını rəhbərlik
etdiyi elektrosvarka sahəsinə, ikinci yarısını isə
Akademiyanın ümumi işlərinə həsr edir. Alimin kəşfləri
bu gün təkcə fizika sahəsində deyil, geniş bir
arenada, habelə tibbi-səhiyyə sahəsində tətbiq
olunur.
Boris Yevgenyeviç Paton əsl elm adamıdır.
Hələ ötən əsrdə onu SSRİ
EA-nın prezidenti vəzifəsinə irəli çəkmək
barədə Moskvada təşəbbüs irəli
sürülmüşdü. 1975-ci ildə SSRİ EA-nın
prezidenti, məşhur fizik Keldış ağır xəstə
olduğuna görə işdən azad olunmağı barədə
ərizə yazmışdı.
Ölkə rəhbərliyi Mstislav Vsevolodoviç
Keldışın yerini tutmaq üçün layıqli namizəd
axtarırdı (Yeri gəlmişkən Keldış milliyyətcə
karaim türkü idi).
Sov.İKP MK katibi Suslov o vaxt Ukraynaya rəhbərlik edən
Şerbitski ilə danışaraq Siyasi Büronun rəyini ona
çatdırmışdı. Vladimir Vasilyeviç
Şerbitski İttifaq rəhbərliyinin təklifini Patona
bildirərkən məşhur alim Moskvaya getməkdən qəti
imtina etmişdi. Sonralar Boris Yevgenyeviç bu barədə
öz xatirələrində belə demişdi:
"Şerbitski məni kabinetinə dəvət etmişdi.
Moskvadan gələn təklifi bildirdi. Mən israrla bu təklifdən
boyun qaçırdım. O, mənim yanımdaca Suslovla
danışmağa başladı. Fikrimi ona bildirdi. Dəstəkdən
Suslovun səsi eşidildi: "Necə yəni boyun
qaçırır? Axı bu, şəxsən Leonid
İliçin təklifidir. Patona deyin ki, o, sabah mənim
yanımda olsun". Səhərisi gün mən artıq
Moskvada idim. SSRİ EA-nın vitse-prezidenti məni elə
vağzalda qarşılayıb MK-nın elm şöbəsinin
müdiri Trapeznikovun yanına apardı. Biz üçlükdə
"boz kardinalın" yanına getdik. Bir saatdan çox
söhbətimiz oldu. Suslov məni nə qədər dilə
tutsa da, təklifə
razılıq vermədim. MK katibi mənim təpki
göstərdiyimi görüb dedi ki, onda hələlik öz
işinizlə məşğul olun, biz yenə təkrarən,
9 Maydan sonra görüşüb bu məsələni
müzakirə edərik. Mən oradan birbaşa
Keldışın yanına getdim. Onunla söhbət əsnasında
mənə edilən təklifi bildirdim. Keldış dedi ki, bu
təklifi, yəni öz yerimə sənin namizədliyini mən
irəli sürmüşəm, yuxarılara da bunu mən
bildirmişəm... Qısası, mən yenə təklifi qəbul etmədim... Və
az sonra Aleksandrov SSRİ Ea-nın prezidenti seçildi..."
Bax, Paton belə insan, belə alim, bir sözlə belə
Patondur.
Paton öz xalqının böyük patriotu, vətənpərvər
ziyalısıdır. Krımın Rusiya tərəfindən
ilhaqını, Dontskdə gedən savaşı kəskin
şəkildə pisləyir.
Bir neçə il öncə alimin qızı vəfat
edib. İndi onun yolunun davamçısı qız nəvəsi
Olqadır.
Paton bu gün də böyük bir enerji ilə öz
fəaliyyətini davam etdirməkdədir.
100 yaşın mübarək, Boris Yevgenyeviç.
Səni ürəyincə yaşayasan.
23.02.18
Psixoloji illüziyalar
Bir dəfə psixoloq dərsdə bir qrupun tələbələrinə
bir nəfərin şəklini göstərib deyir ki, bu adama
diqqətlə baxın, qatı cinayətkardır, qatilin
biridir. Və əlavə edir: "Hə, indi bu fotoya baxıb
daha nə deyə bilərsiz bu adam haqda"? Qrupun tələbələri
lazım olan bütün mənfi fikirlərini deyir, o adamı
şəklinə görə qatı cinayətkar kimi təsvir
edirlər.
Həmin müəllim başqa bir qrupda yenə həmin
adamın elə həmin şəklini tələbələrə
göstərib deyir: "Fotodakı bu adam dahi bir mütəfəkkirdir.
İstəyirəm ki, şəklə diqqətlə baxıb
bu adam haqda əlavə fikirlərinizi deyəsiz". Həmin
qrupun tələbələri şəklə baxıb
"dahini" o ki var tərifləyirlər...
...Bir də görürsən ki, hansısa bir
"milli caninin" şəkli paylanır və o, müzakirə
olunur... bir qismi deyir ki, bunun cinayətkar olduğu
üz-gözündən bilinir, o bir qisim deyir ki, bu, dahiyanə
adamdır...
Elə həyatda da belədir: "istiqamətvericidən"
çox şey asılıdır.
Ta nə deyim?..
Təbliğat və təqdimat çox zaman obyektiv
reallığın üstündən xətt çəkir.
Adamlar nədənsə unudurlar ki, hər bir kəs həyatda
real "şəklini" öz əməlləri ilə
çəkir... Yəni zahirən çox gözəl
görünən bir adam mahiyyətcə çox mənfur və
idbar, zahirən eybəcər görünən bir başqa
adamsa daxilən çox zəngin və müsbət şəxs
ola bilər.
Firuz MUSTAFA
525-ci qəzet.- 2024.- 16 may,¹85.- S.11.