Müqayisəli dialektologiyaya sanballı töhfə

 

Yaşadığımız hər gün bizi Turan Birliyinin gerçəkləşəcəyi vaxta yaxınlaşdırır. Daha çox güncəlləşən bu bayraq idealın həyata keçməsinə gedən yol öncəlikli olaraq öz türkcəmizin, gözəl azərbaycanca da daxil, bütün qol-budaqları arasında tam anlaşılırlığının təmin edilməsindən keçir. Anlaşılırlığı təmin edən ən zəruri amil, əlbəttə, türk dillərinə, ləhcələrinə, şivələrinə məxsus sözlərin bilinməsi, ortaqlaşa işlənməsidir.

Bu baxımdan ölçünlü-standart türkcələrarası ortaq kəlmələrdən ibarət lüğətlərin, müqayisəli sözlüklərin yayımlanmasıyla paralel olaraq ayrı-ayrı türkcələrin ləhcə-şivə elementlərinin də paylaşılması gərəkdir. Halbuki bu çərçivədə yayımlarımız yox dərəcəsindədir. Bu problemi göz önündə tutaraq, İstanbulda Türkiyə türkcəsində yeni nəşr edilmiş "Gürcüstandan Azərbaycana ağız sözlüğü: Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir və Gəncə" kitabını yüksək dəyərləndirməkdəyəm. Azərbaycan Diaspora Dəstək Fondunun maliyyə dəstəyi ilə 440 səhifə həcmində nəfis bir tərtibatla yayımlanmış əsərin müəllifləri Türkiyənin Qars Kafkas Universiteti Azərbaycan Türkcəsi və Ədəbiyyatı kafedrasının müəllimi olan dosent Afina Barmanbay ilə Azərbaycanın Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlıdır.

Əvvəlcə onu vurğulamaq istərəm ki, kitabın sərlövhəsində "sözlük" tanımı keçsə də, bu kitab sözlük meyarlarını aşaraq, elmi tədqiqat, monoqrafik əsər məzmununa sahibdir. Çünki burada sözlüklərdə alışdığımız sözlərin sadəcə qarşılıqlı yan-yana düzülməsindən ziyadə, leksemlər üzərində dəqiq incələmələr aparılıb, müqayisəli dialektologiya müstəvisində gərəkli qənaətlərə varılıb.

Azərbaycanın qərbində bir-biriylə qonşu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə bölgələrinin və Gürcüstanın şərqindəki Borçalı yörəsinin ləhcə sözləri, ləhcə-şivə ülfəti həm Azərbaycanda, həm də Türkiyədə ilk dəfə bu araşdırmada təsnifləndirilərək, günlük yaşam, məişət səviyyəsindən elmi sistemə yüksəldilib. İzahlı və örnəkli toplama və incələmə səciyyəli lüğətdə digər türk boylarında da var olan bir çox kəlmə yer almaqdadır. Kitab aid olduğu elm sahəsində boşluğu dolduracaq olan faydalı və qiymətli bir mənbə səciyyəsindədir.

Əsərdə öncə Azərbaycan dialektologiyası üzrə mövcud araşdırmalardan, Azərbaycan qərb qrupu ləhcələrindən bəhs edilir, Gürcüstan hüdudları içində qalan Borçalı yörəsinin strateji önəmi vurğulanır. Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir və Gəncə bölgələrində fəal işlənən ləhcə-şivə sözlərinə Türkiyənin Ərzurum, Qars, Ərdahan, İğdır yörələri şivələrində də ağırlıqlı olaraq rast gəlindiyi göstərilir. Bəzi sözlərin səs tərkibi baxımından Anadolu türkcəsindəki, həmçinin digər türk boylarının dillərindəki kəlmələrlə ekvivalent, yəni eyni və ya yaxın olsa da, fərqli anlamlarda işləndiyi anladılır.

Ləhcə-şivə sözləri haqqında izahlar lüğətdən istifadədə oxucuya bələdçilik, rəhbərlik etməkdədir. Bölgələrin məkan durumuna bağlı xəritələr və coğrafi-sosial məzmunlu məlumatlar Türkiyə oxucusu üçün vacib bilgilərdir.

Bölgələrə məxsus 6.000 civarında ləhcə-şivə lekseminə yer verilmişdir. Ayrılıqda bu və ya digər bölgəyə məxsus mindən çox kəlmə ilk dəfə bu lüğət kitabında bir yerə toplanıb.

Toplanan və araşdırmaya cəlb edilən dialektoloji materiallar kültürü və folkloru, tarixi və etnoqrafiyanı, siyasəti və sosial həyatı, flora və faunanı, əkinçiliyi və heyvandarlığı, digər yaşam-məslək sahələrini əhatə edir.

Azərbaycan əlifbasıyla yazılan ləhcə-şivə leksemlərinin izahatı Türkiyə türkcəsində verilərək, örnək cümlələrlə anlaşılması dəstəklənib.

Monoqrafiyanın maraq doğuran elmi məziyyətlərindən biri də ləhcə-şivə vahidlərinin fonetik və qrammatik xüsusiyyətlərinin aydın şəkildə müəyyənləşdirilməsi üçün bu izahatın hər bölgəyə aid ilgi çəkici seçmə folklor mətnləriylə tamamlanmasıdır.

Əsərdə özəlliklə diqqətimizi iki elmi yenilik daha çox çəkməkdədir:

Birincisi, Azərbaycan Respublikasının qərb yönündə yerləşən yörələrlə Gürcüstan hüdudlarındakı özlərinə qarapapaqlar da deyən Borçalı azərbaycanlılarının yığcam və çoxluq halında məskunlaşdıqları bölgənin bir müstəvidə elmi araşdırmaya alınmasıdır. Gerçəkdən, Borçalı xalqı ana dilini saf və paklıqla yaşadan, zəngin mədəniyyət xəzinəsinə, həmçinin dadlı danışıq tərzinə malik özəllikli bir topluluqdur. Borçalı dialekti bir yandan Azərbaycanın qərb ellərinin ləhcəsiylə, digər yandan da Anadolunun Ərzurum-Çıldır arası yörələrinin dialektləri ilə yaxınlıq, bir bütünlük sərgiləməkdədir.

Bu baxımdan kitab strateji əhəmiyyətli elmi tədqiqat kimi də qiymətlidir. Vətəndən qıraqda qalan Borçalı azərbaycanlılarının Gəncə ötəsi yurdlarla etnik, dil, ləhcə vahidliyini ortaya qoyan bu monoqrafiya elmi önəmi ilə yanaşı, böyük milli mənafelərə də xidmət etməkdədir. Xəritələr kağız üzərində cızılır, könlü, ruhu bölmək mümkünsüzdür. Bu kitabın əsas hədəfini məhz bunda görməkdəyik.

İkinci önəmli xüsus nəşrin Türkiyədə Anadolu türkcəsində gerçəkləşməsidir. Kitabda əhatə olunan söz varlığı Azərbaycan dilinin qərb qrupu şivələridir. Bundan dolayı xatırlanan bölgələri təbii və doğru olaraq Azərbaycan, Gürcüstan və Anadolu arasında coğrafi, strateji və kültürəl körpü kimi səciyyələndirə bilərik. Bu yönüylə incələdiyimiz kitabla Türkiyədə Azərbaycan türkcəsinin standart, ədəbi söz varlıqlarıyla yanaşı, dialekt ünsürlərinin də bilinirliyi, anlaşılırlığı üçün gərəkli bir fürsət, imkan ortaya qoyulmaqdadır.

Bu kitabı ərsəyə gətirmiş yetkin elm xiridarları Afina Barmanbay və Vasif Sadıqlı önəmli bir elmi çalışmaya imza atmışlar, eyni zamanda türklük adına, türk birliyi idealı adına şərəfli təşəbbüs örnəyi göstərmişlər

Sözlükdə daha çox yer verilən Borçalı və Qazax şivə ünsürlərinin mühüm qismi uzun müddət müəlliflər tərəfindən sahədə, yəni adları keçən yörələrin yerləşim yerlərində yaşayan sinədəftərlərdən toplanıb. Qeyd etməkdə fayda vardır ki, kitabın hər iki yazarı ilgili bölgələrin dialektolojik mənzərəsinə bilavasitə yaxından aşinadırlar. Belə ki, Afina Məmmədli Barmanbay Borçalı kökənlidir, mərhum ədəbiyyatşünas professor, şair Əflatun Saraçlının qızıdır. Vasif Sadıqlı Qazax-Ağstafa bölgəsindəndir. Hər ikisinin qeyrətləriylə sahə çalışmaları sayəsində zəngin və əhatəli qaynaq materialların əldə edilərək təsnifləndirilməsi kitab hazırlanması işinin gedişatına təkan verib və masa başı çalışmaların daha səmərəli nəticələnməsinə gətirib çıxarıb.

Əsər həm Azərbaycan, həm də Türkiyə elmi ictimaiyyətində dəyər qazanmağa başlamışdır, daha çox səs-səda gətirəcəyi düşüncəsindəyik.

Professorluğunu ümidlə gözlədiyimiz Afina xanıma və hörmətli Vasif müəllimə bu möhtəşəm çalışma vəsiləsiylə borçalılılar adından da minnətdarlıq ifadə edirəm.

Kitabın redaktorluğunu tanınmış dilçi alim, professor Qəzənfər Kazımov ilə müştərək olaraq gerçəkləşdirdiyimiz üçün də çox məmnunam.

Əsərin türk dilləri və dialekt çalışmaları yönündə önəmli bir mənbə rolunu yerinə yetirəcəyinə inancım tamdır.

 

Şurəddin MƏMMƏDLİ

Türkiyə Ərdahan Universitetinin professoru, kafedra müdiri

525-ci qəzet.-  2024.- 16 may,№85.- S.10.