Laçın -
çiçəklənən arzularımız
Son dörd ildə yaşadığımız
aydınlı-günəşli günlərin xəyalını
belə qura bilməzdik. Məşhur türk şairi Tofik Fikrətin
təbirincə desəm, haqqın bükülməz qolu,
dönməz üzü varmış. Ədaləti
qılıncımızın gücü, haqqımızın
bükülməz biləyi ilə bərpa etdik. Yurd-yurd,
ocaq-ocaq, oba-oba vətənləşdik, bütövləşdik,
Qarabağlaşdıq. Bu günümüzə
şükür. Min şükür.
Tam qətiyyətlə deyə bilərəm ki, mənim
üçün Şuşaya gedən yol haqqa gedən yoldur.
Son dayanacağımız olan Laçına aparan yol da həmçinin.
Səfər yoldaşlarım Mətbuat Şurasının sədri
Rəşad Məcid və Şuranın icraçı katibi
Əvəz Rüstəmov da bu fikrimi bölüşdülər.
Həmin gün üçümüzü də birləşdirən,
iliyimizə işləyən bir hiss var idi - həyəcan. O həyəcan
ki, bizə qeyri-adi duyğular yaşatdı.
Öz-özümüzə sual verdik: "Belə yerləri
erməniyə vermək olardımı? Hətta, bir qədər
də ötkəm şəkildə. Necə olub ki, otuz ilə
yaxın müddətdə bu yerlərə həsrət
qalıb yaşamışıq. Necə
dözmüşük?" (məni qabaqlamış Əvəz
Rüstəmovun "Laçın mənə nə dedi?"
sərlövhəsi ilə "Xalq qəzeti"ndə dərc
olunmuş yazısından).
Qarabağ yolunda şəhid övladlarının
müqəddəs qanı rəngində çiçək-çiçək
açılmışdı hər tərəf. Yağı əlində
ömrü budanmış qoca ağaclar da yamyaşıl idilər.
Sanki dirilmiş, təravətlənmişdilər. Elə biz
də gümrah olmuşduq. Ağır bir yükü
çiynimizdən atmış kimi idik. Axı indi daha
Üzeyir bəyin, Xan qızı Natəvanın,
Bülbülün, Vaqifin üzünə baxmaqdan
utanmırıq. Onların güllələnmiş heykəllərinə
də tamaşa etmək bizi sıxmır. İndi
Şuşanın mərkəzini bəzəyən, şəhərə
xüsusi rəng qatan heykəllərinə. Yeri gəlmişkən,
bizi onlar salamladılar. Elə həmin an ruhumuzun
şüşəsi olan Şuşanın
üçümüzü də bağrına
basdığını, xoş
qarşıladığını da duyduq. Heykəllər
çal-çağırlı günlərin müjdəsini
verdilər.
Şuşada olanda da, ora doğru yön alanda da, elə
Laçının özündə də fikirləşdim
ki, zəfər fədakarlıq, dözüm, sinəsini
yurduna sipər edən rəşadətli övladlar istər.
O arxalı köpəklərə meydan oxuyan qurd ürəklər
istər. Şuşaya sıldırımlı qayalara qalxan
fatehlər istər. Hamı kimi mən də uca zirvədə
yerləşən Şuşanı qəhrəmanlarımızın
sıx meşələri, dərin dərələri,
sıldırımlı qayaları aşdıqlarını və
düşmənin nəfəsini kəsdiklərini təsəvvürə
gətirdim. Canlandırdığım səhnədəki heyrət
duyğusu gözümü yaşartdı. Elə o zaman bunu da
düşündüm - Zəfər Prezident İlham Əliyev
kimi ağlı, düşüncəsi ilə
döyüşməyi, zəkasını qalxana və
istehkama çevirməyi bacaran sərkərdə, müzəffər
Ali Baş Komandan istər. Bəli, 44 günlük müharibədəki
əzmkar Zəfərimiz əsrlərə miras qalacaq şəkildə
dastanlaşmalı, tarixin şanlı səhifəsinə
yazılmalıdır.
Ayağımı hər yerə basanda ehtiyat edirdim.
Öz şəhid izini torpağa salan fidanlarımızı
incitməkdən qorxurdum. Vətən duyğusunun bu qədər
güclü olduğunun fərqinə vara-vara əmin oldum ki,
Şuşanın sıldırım qayalarına igidlərimizi
müqəddəs amallar uğrunda mübarizə əzmi
qaldırıb. Duyğular çələngində
gördüyüm Laçın isə xalqımızın
arzusudur. Bir arzu yalnız gerçəkləşəndə
bu qədər çiçək aça bilər.
Laçında hər tərəf aça bildikcə
çiçək açmışdı. Hər yanda
düşmən suyundan içməsin deyə öz
gözünü kor edən bulaqlar qaynayırdı. O an bunu da
düşündüm ki, dünyanın heç bir gözəlliyi
Laçının laçınlığıyla bəhsə
girə bilməz. Yoxsa, bizləri - ona tamarzıları
görüb cana gəlmiş, dirilmiş, oyanmışdı
Laçın? Elə Şuşa kimi, o da bağrına
basdı üçümüzü də. Bizi
könlümüzü, köksümüzü saran dolayları
ilə möhkəm-möhkəm qucaqladı. Bəlkə
möhkəm sıxdığındandır ki,
gözümüz yaşardı. Deyəsən, 30 illik
ayrılığın əvəzini çıxırdı.
Çıxsın, nə qədər çıxsa, haqqı
var.
Laçın gerçək möcüzədir. Həsrətin
yerində al-əlvan çiçəklər açdıran
möcüzə. Fikirlər aləmində idim. Qeyri-ixtiyari
olaraq nəzərimdə Yevlaxın Qarxunlu Əşrəf bəyinin
obrazı canlandı. İgid, cəngavər adam olub. Rəhmətlik
bibim Məhsəti onun qardaşı Rüstəmin həyat
yoldaşı idi. Rüstəm kişi rəhmətə gedəndən
sonra bibim bizə köçmüşdü. Yaxşı
xatirimdədir ki, o, evimizə qonaq gələn kimi özü
ilə gətirdiyi bahalı xalçanı yerə sərərdi.
Səhv etmirəmsə, adına
"Qasımuşağı" xalçası deyərdilər.
Qonaqlar gedəndən sonra Məhsəti bibim həmin
xalçanı yumurlayıb götürərdi. Nə vaxt
xalça evimizdə sərilərdisə,
bilərdik, əziz qonağımız olacaq. Rəhmətlik
bibim də, anam da xalçadan ayrı bir şövqlə bəhs
edərdilər. Axırda da deyərdilər ki, Laçına
məxsus bu mirasın dəyər-qiyməti yoxdur. Ondan hər
evdə də olmazdı. Sonradan öyrəndim ki, xalça
Laçın rayonunun təbiətindəki bitkilərin rəngilə
boyanmış xalis qoyun yunundan, özü də
laçınlı qadınların əli ilə
toxunubmuş. Laçınla bağlı uşaqlıq xatirələrimi çözələdikcə bu sənət
nümunəsinin ilmələrini
də gözümdə canlandırdım. Anidən, bax, nə
yeridi, - dedim. Yayxanasan üzərinə,
samovar qaynadıb min bəlanın dərmanı otlardan bir
çay dəmləyib 30 illik dərdin acısını
çıxarasan canından. Ya çıxıb
qarşıdakı təpənin başından şah
oğlu şah dağları silkələyəsən xoşbəxtlik
bağırtılarınla, ya da telli-toqqalı gənclər
kimi azad və xoşbəxt gəzəsən Vətən torpağını.
Varmı bundan böyük xoşbəxtlik!? Və səfər
yoldaşlarımın hər ikisinə nəzər salanda
işıq saçan gözlərindən cavablarını
oxudum: Yoxdur.
Laçın özünün yeni dövrünə qədəm
qoyub. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev dəfələrlə Laçına səfər
edib. Hər gəlişində Laçın daha da
canlanıb, Güləbird Su Elektrik Stansiyası,
"Qorçu", "Laçın" şəhər
yarımstansiyaları işə düşüb, hər səfərindən
sonra Laçın şəhərində 1 Dekabr, Heydər
Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur
küçələrinin kəsişmələrində
lövhələr açılıb, Beynəlxalq Hava
Limanının, Kəlbəcər-Laçın avtomobil yolu
üzərində tikiləcək 3, 4 kilometr
uzunluğundakı tunelin tikintisi davam etdirilir. Şəlvə
kəndinin, Laçın şəhərində ilk çoxmənzilli
yaşayış məhəlləsinin, İşğal və
Zəfər Muzeyi Kompleksinin təməlini qoyulub. Ölkə
başçısı Laçına köçən ilk
sakinlərə evlərin açarlarını təqdim edib.
Təsəvvür edirsinizmi, qısa zamanda Laçın şəhəri
və Zabux kəndi mavi yanacaqla təmin olunub. Dövlətimizin
başçısı bu günlərdə isə
Laçında irili-xırdalı su elektrik
stansiyalarının açılışını etdi, Sus kəndinin
sakinləri ilə görüşüb, onlarla söhbətləşdi.
Rayona köçən laçınlılar,
sözün əsl mənasında, otuz illik həsrətin
vüsalını yaşayır, doya-doya canlandırır
Laçını. Asəf, İlqar, Adil, Zabit, Elnur... kimi
laçınlılar yenidən qururlar bu müqəddəs
diyarımızı. Laçın rayonunda Bərpa, Tikinti və
İdarəetmə Xidməti, İctimaiyyətlə əlaqələr
şöbəsinin böyük məsləhətçisi
Yeganə Quliyevanın da bizimlə söhbətlərində
üzündə xoşbəxtlik ifadəsini görməmək
mümkün deyildi. Tanımağa ehtiyac yoxdur. Hər kəs
qarşısına keçənlə salamlaşır, əhvalını
soruşur və cümləsinin sonunda əllərini
açaraq bu xoşbəxtliyi onlara yaşadanlara dualar edir,
minnətdarlıqlarını bildirirlər. Bəli,
onların rahat yaşamaları üçün hər cür
şərait yaradılır, bütün imkanlar səfərbər
edilir, infrastruktur yenilənir. Bir sözlə, Laçın
qaynayır.
Laçında məmnunluq hissini hər yerdə -
Turşsunun yerdən qaynamasını gözləyib sevinəndə
də yaşadıq, "Simurq" kitabxanasında
keçirdiyimiz görüşdə də. Yeri gəlmişkən
Rəşad Məcid kitabxanaya görkəmli
yazıçılarımızın öz imzaları olan
onlarla kitabını hədiyyə etdi. Onu da öyrəndim
ki, Mətbuat Şurasının sədri vaxtilə Laçındakı
orta məktəbdə bir müddət təhsil alıb.
Heç şübhəsiz, Rəşad Məcidin
daxili zənginliyində Laçın məktəbinin də
öz payı var. Bu zənginlikdə Laçına məhəbbət
hissini görmək də həm məni, həm də Əvəzi
məmnun etdi. Sədrimizin görüşdüyümüz
laçınlılarla söhbətləri bir başqa aləm
idi. Necə ki, Şuşanın hər daşını və
qayasını dindirməyə həvəsli idi, eyni
şövqlə Laçını da anladırdı. Ona qulaq
asa-asa Laçının küçələrini qürurla
gəzməyin ayrı bir xatirəsi var. Bu xatirəni otuz ildən
sonra doğma yurdlarına qayıtmış laçınlıların
çöhrəsindəki xoşbəxtliyin, gözəl əhvali-ruhiyyənin
həyatımda dərin iz buraxacaq yaşantıları
tamamladı. Elə onlar qədər xoşbəxt idim.
Əminə YUSİFQIZI
Yevlaxda çıxan "KÜR" qəzetinin
baş redaktoru, Əməkdar jurnalist