COP29 həm
ekologiyaya, həm də sülhə böyük töhfə
olacaq
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi ilə
bağlı qərar COP28-in ötən il dekabrın 11-də
Dubayda keçirilən plenar iclasında qəbul olundu. COP
(Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi
Tərəflər Konfransı deməkdir. BMT İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyası insanın
iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq məqsədilə 1992-ci ilin
iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş
Yer Sammitində imzalanmış sazişdir. Tərəflər
Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının icrasına nəzarət edən ali qərarverici
orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198
ölkədir. Əgər tərəflərin fərqli qərarı
olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin
martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5
regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi
və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər)
ölkələrinə keçir. Həmçinin bu
regionlardakı qrup ölkələri arasında da sədrliklə
bağlı növbələşmə mövcuddur. Azərbaycanın
təşkilata sədrliyinə dair qərar da məhz Şərqi
Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında
verilib.
COP29-a ev sahibliyi üçün Azərbaycanla
yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini
irəli sürüb. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında
aparılmış birbaşa danışıqlar nəticəsində
ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda
elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz
namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan
da öz namizədliyi ilə bağlı eyni addımı
atıb.
COP bir sıra iqlim dəyişikliyi məsələlərini
müzakirə etmək və danışıqlar aparmaq
üçün dünya liderlərini, hökumət rəsmilərini,
alimləri, QHT-ləri və digər maraqlı tərəfləri
bir araya gətirən böyük tədbirdir.
COP tədbirlərində, adətən, gündəlik
müəyyən edilir və tədbir zamanı müzakirələrdən
sonra yekun sənəd qəbul edilir. COP-a əvvəlki illərdə
müxtəlif ölkələrin prezidentləri və digər
rəsmi şəxslər dəvət edilib. Ötən il
Dubayda keçirilən COP28-ə ABŞ Prezidenti Co Bayden dəvət
alsa da, səbəb göstərmədən qatılmayıb,
amma tədbirə Böyük Britaniya Kralı III Çarlz,
BMT-nin Baş Katibi Antonio Quterreş, ABŞ Prezidentinin iqlim
üzrə xüsusi nümayəndəsi Con Kerri,
Hindistanın Baş naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel
Makron olub.
Tədbirə həmçinin ABŞ vitse-prezidenti
Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill
Qeyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen,
Almaniya kansleri Olaf Şolz qatılıb.
COP 27-də isə ABŞ Prezidenti Co Bayden, BMT-nin
Baş Katibi Antonio Quterreş və digər şəxslər
iştirak edib. COP 29-da isə iştirak edəcək rəsmilərin
siyahısı açıqlanmayıb. Amma Prezident İlham
Əliyev Azərbaycana səfər edən dövlət
adamlarına və rəsmi məktub göndərilmiş
şəxslərə iştirakla bağlı məktub
göndərib.
Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək
COP29-un gündəliyi hələ məlum deyil. Gündəliyin
2024-cü ilin mayında Almaniyada keçiriləcək
Petersberq İqlim Dialoqu zamanı müəyyən
olunacağı gözlənilir
2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində
rəsmi rəqəmlərə görə, 70 min xarici
qeydiyyatdan keçib. Qeyri-rəsmi rəqəmlərə
görə, bu tədbirə qatılanların sayı 100 mindən
çox olub.
Rəsmi olmayan xəbərlərə görə,
97,372 nümayəndə şəxsən COP28-də
iştirak etmək üçün qeydiyyatdan keçib və
bu, tarixdəki ən çox iştirakçının
qatıldığı COP tədbiri olub.
Bu rəqəm 2022-ci ildə Misirin Şarm
Əl-Şeyx şəhərində keçirilən COP27-yə
qatılanlardan demək olar ki, iki dəfə artıqdır.
Bundan başqa COP28-ə 3,074 nəfər virtual olaraq
qoşulub və ümumi iştirakçı sayı 100 mini
keçib. Azərbaycana da təqribən 70-80 min xarici
qonağın gələcəyi gözlənilir.
Millət vəkili Vahid Əhmədovun sözlərinə
görə, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin
dünyada layiqli təmsilçiliyinə böyük töhfə
verəcək: "Azərbaycan da sözügedən məsələ
ilə əlaqədar bir sıra layihələr həyata
keçirib və bundan sonra da alternativ enerjiyə keçidlə
bağlı layihələrin icrası davam etdiriləcək.
O baxımdan, Azərbaycan ekoloji cəhətdən təmiz məhsul
istehsal etmək üçün yaşıl enerjiyə diqqətin
artırılmasına töhfə və dəstək verən
ölkələr sırasındadır".
Millət vəkili vurğulayıb ki, qeyd olunan sahəyə
verilən önəmin bariz nümunələrindən biri də
Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsidir:
"Ölkəmizin beynəlxalq tədbirlərə ev
sahibliyi etmək təcrübəsi kifayət qədər
böyükdür və belə tədbirlər hər zaman
yüksək səviyyədə təşkil olunub".
V.Əhmədov bildirib ki, COP29 kimi mötəbər tədbirin
Azərbaycanda keçirilməsi burada sabitliyin möhkəm təməllər
üzərində qurulduğunu bir daha sübut edir:
"Bütün bunlarla yanaşı, ölkəmizin iqlimlə
əlaqədar əhəmiyyətli bir tədbirə ev
sahibliyi etməsi, Azərbaycanın dünyada bir çox fərqli
sahələrdə tanıdılmasına və layiqli təmsilçiliyinə
böyük töhfələr verəcək".
Millət vəkili Ceyhun Məmmədovun dediyinə
görə, COP29 beynəlxalq səviyyəli vacib tədbirlərdən
biridir. Əvvəlki dövrlərdə Azərbaycan bir
çox mühüm tədbirlərə ev sahibliyi edib:
"Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi
ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir.
Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə
bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə
öz töhfəsini verir. Dünya və dünya iqlimi
hazırkı dövrdə çox ciddi imtahanlarla
üz-üzədir. Dünyanın bütün dövlətləri
iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər
də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana
verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın
təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında
həyata keçirilən tədbirlər, atılan
addımlar ölkəmizə olan inamı daha da
artırır. Müxtəlif dövlətlərin ölkəmizlə
bağlı bu istiqamətdə mühüm qərarlar qəbul
etməsinə də mühüm töhfə verir.
Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu
tədbirdə də Azərbaycan öz sözünü deyəcək.
Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi
baxımından nümunədir".
Millət vəkili Fatma Yıldırım deyib ki,
hazırda dünyanın bir sıra bölgələrində
münaqişələr, müharibələr davam edir. Bu
qanlı toqquşmalar dünyamız üçün fəlakətlərə
səbəb olur. Bəşəriyyətin gələcəyi
naminə qarşıdurmalara son qoymaq və sülhə nail
olmaq üçün bütün imkanlardan istifadə
olunmalıdır. Bu mənada, Azərbaycanın noyabr
ayında ev sahibliyi edəcəyi COP29 tədbiri yaxşı
fürsət ola bilər: "Azərbaycan COP29 zamanı
dünyada hərbi əməliyyatların
dayandırılmasının tərəfdarıdır. Tarixə
nəzər salsaq görərik ki, bütün irimiqyaslı
qlobal tədbirlər həmişə barışıq fəlsəfəsinə
əsaslanıb. Məsələn, Olimpiya hərəkatı
ilə müharibə ideyaları bir-birinə tamam ziddir.
Olimpiadalar zamanı hətta münaqişə şəraitində
olan ölkələrin belə nümayəndələri idman
yarışlarına çıxaraq qüvvələrini
sınayırlar. Qalib mütləq qaydada rəqibinin əlini
sıxır. Bu, sağlam mübarizədir və bütün
dünyada barışıq yaratmağa xidmət edir".
Millət vəkilinin sözlərinə görə,
ölkəmizin ev sahibliyi edəcəyi COP29-da əhatə
dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən
biri sayılır. Tədbirə qatılmaq üçün
ölkəmizə on minlərlə qonağın gələcəyi
gözlənilir. Eyni zamanda, tədbirdə iştirakla
bağlı Prezident İlham Əliyevin adından BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasına tərəf ölkələrin dövlət və
hökumət başçılarına dəvət məktubları
göndərilib. Beləliklə, COP29 ərəfəsində
dünyanın nəzərləri Azərbaycana yönələcək.
İqlim dəyişikliyi kimi aktual
çağırışın müzakirə
olunacağı tədbir zamanı müharibələrin
dayandırılması da mümkün və tam realdır.
Əsas məqsəd və birgə hədəflərimiz
dünyanı hər cəhətdən daha təhlükəsiz
etmək olmalıdır: "Azərbaycanın COP29 tədbiri
ilə bağlı sülh çağırışı etməsi
heç də təsadüfi deyil. Dünyada sülhün zəruriliyini
Azərbaycan çox yaxşı anlayır. Çünki uzun
illər ölkəmiz və xalqımız Ermənistanın
işğalçı siaysətindən əziyyət çəkib.
Müharibənin ən ağır fəsadlarını
yaşayan Azərbaycan ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etdikdən sonra müharibə səhifəsini
birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən
çıxış edir. Ölkəmiz 44 günlük
müharibə başa çatandan sonra işğaldan təmizlənən
ərazilərində öz gücünə quruculuq-bərpa
işlərinə başladı və məğlub Ermənistana
beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin
paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla
hazırlanıb. Azərbaycan o mövqedən
çıxış edir ki, 44 günlük müharibənin
və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində
yaranan yeni reallıqlar regonda sülh, sabitlik və etimad
quruculuğu üçün geniş imkanlar açıb.
Bundan maksimum dərəcədə istifadə
olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan
tənzimləmə prosesinin irəliləməsi
üçün bütün platformalarda konstruktiv
yanaşmalar sərgiləyir. Azərbaycan bu gün də
sülh gündəliyinə sadiqliyini nümayiş etdirir.
İqlim dəyişikliyinə qarşı mübarizə ilə
yanaşı, Azərbaycan COP29-un sülh sahəsində
növbəti uğur hekayəsinə və sülh
konfransına çevrilməsi üçün əlavə səylər
göstərir və bundan sonra da göstərəcək".
Sevinc QARAYEVA