Roman
güzgüsündəki tarixi həqiqətlər
Bir kitabda iki roman, bir romanda iki roman... Maraqlı
seçim edib istedadlı yazarımız Nurəddin
Ədiloğlu... Qaçaq Mozu və Yezid İzzət.
İkisi bir-birinə ilgili, biri digərinə dayaq, biri digərindən
ilhamlanan.
Nurəddinin "Qaçaq Mozu" romanını
daxilindəki motivasiyalardan dolayı, həm də "Yezid
İzzət" adlandırmasının arxasında çox
böyük hikmətlər dayanır. Bu barədə bir qədər
sonra. Öncə oxuculara bir vacib detalı çatdırmaq istəyirəm
ki, bu "roman içində romanlar" özündə təxminən
100 il öncəki tariximizin kiçik bir parçasını
abidələşdirib. Zamanla görmüşük ki, tarix,
tarixi həqiqətlər o dövrü, o olayları əks
etdirən ədəbi nümunələrdə daha çox
yaşayır və oxunur, nəinki hansısa sxolastik xronoloji
rəqəmlərdə. Məsələn, danılmaz
faktdır ki, azərbaycanlıların dövləti olan Səfəvi
xanədanlığı, Şah İsmayıl Xətai kimliyi
- şahlığı, eyni zamanda şairliyi, humanistliyi, təsviri
sənətə humanist baxışları, yeri gələndə
qəddarlığı və sair haqqında həqiqətləri
bizlər xronologiyadan daha çox mərhum böyük
yazıçılarımız Fərman Kərimzadənin
"Xudafərin körpüsü", "Çaldıran
döyüşü", Əzizə Cəfərzadənin
"Bakı 1501-ci il", Əlisa Nicatın
"Qızılbaşlar" əsərlərindən mənimsəmişik.
Bunlar, əlbəttə ki, bir qədər uzaq tarixlə
bağlı onların oxuduqları, eşitdikləri əsasında
qələmə alınan sənət əsərləridir.
Başqa nümunələr də var. Mərhum Xalq şairimiz
Musa Yaqubun özünün iştirakçısı
olduğu zamanın içindəkiləri - İkinci Dünya
savaşı günlərində ərləri, oğulları
cəbhəyə aparılan ölkə əhalisinin
yaşantılarını bilavasitə bədiiləşdirən
"Un işığı", "Hər məktubdan bir sətir"
poemalarını, kiçik şeir nümunələrini də
misal gətirə bilərəm. Xatırlayıram ki, mən
bu poemalar haqqında olan qeydlərimi "Azərbaycanın
gerçək tarixi" başlıqlı yazılar
altında verməkdən başqa yol tapmamışdım.
Çünki o baş-bu baş ölkə əhalisinin həyatını
ümumiləşdirib bütün təfərrüatları
ilə canlandıran o əsərlərə başqa ad vermək
çox məsuliyyətli və çətin idi...
...Nurəddin Ədiloğlunun əsərinin biri digəri
ilə sıx surətdə bağlı olan Qaçaq Mozu hissəsi
Azərbaycan xalqının qəhrəmanlıq nümunəsinə
işarədirsə, Yezid İzzət hissəsi bu xalqın
düşünən beyinlərinin, düşüncə
adamlarının, təhsilli, inanclı kəsiminin məhvinə
hesablanmış bəd niyyətlərin tarixiləşdirilmiş
məcmusudur. Müəllif hər iki aspektdə çox fədakarcasına
çalışaraq dəyərli bir sənət əsərini
ortaya qoya bilib. Əsərdə oxucu məkrli erməni siyasətinin
özlərinin heç vədə yaşamadığı Cənub
bölgəsinə necə, hansı "xətlərlə"
soxulduğunu və digər çoxsaylı nüansları da
aydın görür. Mən istərdim ki, bu əsər tarixi
gerçəkliklərin vizual arxivləşdirilməsi məqsədilə
bizim kinematoqrafların - ssenaristlərin, rejissorların və
təbii ki, onu maliyyələşdirmək qüdrətində
olanların da diqqətini çəksin. Bununla bizlər
yaxın və nisbətən uzaq tariximiz və taleyimizdə
baş verənləri əyani olaraq virtual aləm vasitəsilə
bütün dünyanın diqqətinə çatdıra və
ayıq-sayıqlığa səslədiyimiz gələcək
nəsillərin boğçalarına saxlayar, eyni zamanda daha
bir boyun borcumuzdan ləyaqətlə çıxa bilərik...
...XX yüzilliyin 30-cu illərinin xofu. Mərkəzdən
başlayan repressiyaların ölkə boyu şaxələnməsi...
On illərini elmi və dini təhsilə xərcləyərək
qazandıqlarını zəmanələrinin uşaq və gənclərinə
öyrətmək məqamına çatanda
başlarının üstünü alan "qara buludlar".
Sorğu-sualsız güllələnmələr, uydurma
ittihamlarla məhkəməsiz həbslər, sürgünlər,
müsadirə olunan mülklər-varidatlar, bundan da betər
qalaq-qalaq yandırılan milyonlarla dəyəri olan kitablar...
Məqsəd birdir. Azərbaycan xalqının oyanış, təhsillənmə
ruhunu yerindəcə boğmaq, başbilənlərini məhv
etmək, dövrə və istəklərinə boyun əyəcək
yeni müti nəsillər formalaşdırmaq. Mərkəzdən
gələn tapşırıqlara əlavə olunmuş erməni
hiyləsi...və daha nələr...
...İcraçılar kimdir? Öz içimizdən
çıxan, sonradan özləri də damğalanan və məhv
etdirilən "həmzəoğulları", onlara "təpər"
verən bolşeviklər... bolşevik adı altında inqilab
pərdəsi altında bəd əməlləri törədənlərsə...
Gəlin kitabdan o dövrün məşhur ziyalısı,
gerçək obraz Mirzə Nəzir müəllimə xitabən
bir abzasda soyad ardıcıllığına diqqət edək:
- Lənkəranda Movsesyan, Astarada Arakelov, Zuvandda (sonradan
Lerik) Xaçaturov, Astraxanbazarda (sonradan Cəlilabad) Avakyan, Biləsuvarda
Zəkəryan, Vərgədüzdə (sonradan
Yardımlı) Sevonyan, Masallıda Avanesov... Görün, Azərbaycan
türkləri arasında düşmən axtaran
"enkevede"nin rayon şöbələrinə kimlər
başçılıq edir?!.
Mirzə Nəzir müəllimi dinləyərək
başını bulayan, İraqın Nəcəf şəhərindəki
İlahiyyat Darülfünununda 27 il ali dini təhsil
almış Şeyx İbrahim Cənub bölgəsi
dindarlarının ümumiləşmiş obrazı olmaqla
daxilində haqq-ədalət tərəzisi gəzdirən və
yalnız Allahına tapınan bir din xadimi kimi öz
müdhiş sonunu artıq gözləri önünə gətirib.
Ona görə də xalqın arasına yeridilmiş bu erməni
ünsürlərdən və onlara işləyən həmzəoğullarından
nicat gözləməyin yersiz olduğunu düşünərək
zaman itirmədən yeganə övladı İzzəti
meşələrdə qaçaq həyatı yaşayan
Qaçaq Mozunun yanına göndərir. Mozunu da
qaçaqlığa, sıx meşədə Şanapadərə
adlana yerə çəkilməyə məcbur edən
Masallının "enkevedesi", çolaq Aşot Avanesovla
mübarizə aparması olmuşdu. Avanesov gecə-gündüz
Mozunu tutub Sibirə göndərməyin və ya qətlə
yetirməyin, bununla bölgə camaatına daha bir qorxu
dağı çəkməyin planları üzərində
düşünürdü. Ancaq Qaçaq Mozu qəflətən
hardasa peyda olması və yetim-yesirə kömək etməsi
ilə tez-tez gündəmə gəlib yoxa çıxır,
çolaq Avanesovun yuxusunu bir qədər də ərşə
çəkirdi. Bolşevik bayrağı altında ölkəmizin
Cənubuna qədər soxulmuş ermənilər İzzəti
tuta bilməsələr də, Hacı İbrahimi arvadı ilə
sürgünə göndərməyə nail olurlar.
"Qaçaq Mozu"da Masallı rayonunda adı uzun
illər çəkilən bir sıra dəyərli insanlardan
da bəhs olunur. Məsələn, çətin günlərdə
dəyirmançı Qaraş Şeyx İbrahimin
qapısına gələrək ona bir kisə un gətirdiyini
söyləyir. Şeyx İbrahim də bu unun müəyyən
hissəsini yaxınlıqdakı yetimdar bir ailəyə pay
göndərir. Bu zaman bəlli olur ki, Qaraşın gətirdiyi
un sovqatı Kişi bəyin şura hökuməti tərəfindən
müsadirə edilmiş "Üçdaş" dəyirmanından
şeyxə xüsusi hörmət nişanəsi olaraq gizli
göndərilib. Yeri gəlmişkən, bolşeviklərin həbs
etdirdiyi Kişi bəy də mənim ana babam Şahbaz Eynalovun
dostu olmaqla Masallı və bütün cənub bölgəsində
yaxşı tanınmış isimlərdəndi.
Əsərdə bolşeviklərin
dünyasını dəyişmiş insanların adət-ənənə
ilə dəfninə mane olduqları, onlar üçün
namaz qılmağa belə imkan vermədikləri səhnəsi
də sənətkarlıqla qeyd olunub. Lələ adlı bir
şəxsin ölü namazını Şeyx İbrahim onun dəfnindən
sonra, gecə vaxtı məzarının başında
qılır. Buna görə də Şeyxin başı bir
daha "ağrımalı" olur.
Şeyx İbrahimlə bərabər, əksəriyyəti
ruhani təhsil almış insanların yük qatarları -
eşelonlarla Orta Asiyaya sürgün edilməsi, oradakı
acınacaqlı həyat tərzləri, nəhayət bu
insanların əksəriyyətinin Vətəndən uzaqlarda
dünyalarını dəyişmələri də
romandakı kədərli, lakin həyat həqiqətlərini
özündə əks etdirən məqamlardandır.
Çolaq Aşotu (Avanesovu) Qaçaq Mozunun qətlə yetirməsi
səhnəsi də romanın çox maraqlı hissələrindəndir.
Avanesov ölüm ayağında da öz erməniliyini
göstərərək öz əli ilə yazdığı
öhdəlikdən mürəkkəbi qurumamış imtina
edir. Bununla da bütün yazılmış və
yazılmamış qanunları pozmaqla sonuncu gülləni
düz alnının ortasından almağa haqq etmiş olur...
Müəllif Qaçaq Mozunun Lənkəran
qalasından qaçaraq dənizdə batdığı səhnə
ilə qəhrəmanını bir qədər də yüksəklərə
qaldırır. Qaldırır ki, Azərbaycanımızın
belə qoçaq oğulları tarixdə öz yerlərini
örnək kimi qoruya bilsinlər.
Dövrünün böyük ruhani ziyalısı
olan Şeyx İbrahimin oğlu İzzətin "Yezid İzzət"
adı almasının da maraqlı tarixçəsi var. Bir dəfə
xüsusilə cənub bölgəsində Məhərrəm
ayının onuncu - Aşura günü keçirilən
şəbih mərasimlərində Məhəmməd peyğəmbərin
nəvələrini qətlə yetirən yezid rolunu ona həvalə
edirlər. İzzət öz yezidliyini büruzə vermək
üçün guya dodaqları cadar-cadar olmuş uşaqlara
su verməməli imiş. Lakin İzzət bu qaydanı pozur və
uşaqlara içməyə su verir. Buna rəğmən,
onun adına həmin gündən "Yezid" ləqəbi əlavə
olunur. İzzət bu ləqəbin ona deyilməsinə fikir
vermədən öz xeyirxah əməllərini davam etdirir.
Çünki o, Şeyx İbrahimin tərbiyəsini
almış vətənpərvər bir insan, sayları
azlıqda qalan ədalət carçılarından idi...
Bütövlükdə əsərin ideyası
mühüm tarixi dəyər kəsb edir. Qeyd etdiyim kimi indi
kitab oxumağı yadırğamış nəslin maraq dairəsini
nəzərə alaraq, romanın ssenariləşdirilməsinin,
filmləşdirilməsinin daha çox tərbiyəvi əhəmiyyəti
ola bilər. Əlbəttə ki, zamanında bütün Azərbaycanı
əhatə edən dəhşətli olayları gələcək
nəsillərin unutmaması naminə!
Nəzirməmməd ZÖHRABLI
525-ci qəzet.- 2024.- 17 may,№86.- S.14.