Qərbi Azərbaycan həqiqətləri
Yunis Rzayevin 100
illik yubileyinə
XİX əsrin əvvəllərində Cənubi
Qafqaz, o cümlədən, Azərbaycan xanlıqları Rusiya
tərəfindən işğal olunduqdan sonra bütün sahələr
onlar tərəfindən idarə edilməyə
başladı. Regionda baş verən siyasi proseslər müxtəlif
sahələrdə olduğu kimi, təhsil sahəsində də
yeni meyllərin yaranmasına gətirib çıxardı.
Rusiya öz müstəmləkəçilik siyasətini həyata
keçirmək üçün Azərbaycan (türk) dilinə,
bu dili bilən tərcüməçilərə, savadlı
mütəxəssislərə böyük ehtiyac duyurdu. Digər
tərəfdən, Rusiyaya indiyədək Azərbaycanda hakim
mövqeyi olan ərəb və fars dillərini
sıxışdırıb sıradan çıxarmaq
lazım idi. Rusiyanın apardığı siyasət nəticəsində
təlim müəssisəsi kimi fəaliyyət göstərən
mollaxana və mədrəsələr tədricən tənəzzülə
uğramağa, öz yerini dünyəvi məktəblərə
verməyə məcbur olurdu.
Elmə, təhsilə marağı olan yerli əhalidə
maarif və məktəb vasitəsilə Rusiyaya rəğbət
oyatmaq siyasətin ana xətti idi. Qafqazda xidmət edən rus
admiralları çara açıq yazırdılar ki,
"...belə xalqları silah gücü ilə həmişəlik
ram etmək mümkün deyil... Bu xalqlarda yeni arzular, yeni
ehtiyaclar, yeni adətlər yaratmaq, onları bizim təsəvvürümüzə,
zövqümüzə, ehtiyacımıza
yaxınlaşdırmaq... vacibdir. İlk növbədə isə
bizim məktəbləri Cənubi Qafqaz şəhərlərinə
aparıb çıxarmaq lazımdır. O vaxt nəinki onlarla
dostlaşacağıq, həm də daimi düşmənçiliyi
artırmağa səbəb olan bizim süngü və mərmilərimizin
heç bir vaxt çatmadığı sərvətli
dağlarını təpələrinə qədər fəth
edəcəyik..." Buna görə də 1829-cu il avqustun 2-də
Rusiya Maarif Nazirliyi "Zaqafqaziya məktəblərinin vəziyyəti"
haqqında qərar qəbul etdi. Həmin qərarda qəza məktəblərinin
yaradılması və onların ümumi təhsil sistemi ilə
idarə edilməsi öz əksini tapmışdı. Bu qərarın
icrası ilə əlaqədar 1830-cu ilin martında Tiflis, həmin
ilin dekabrında isə Şuşa qəza məktəbi
açılmışdı. Həmin ildə bir sıra şəhərlərlə
yanaşı, İrəvanda da 100 şagirdlik qəza məktəbinin
açılması nəzərdə tutulmuşdu. Amma 1830-cu
il üçün İrəvanda nəzərdə tutulan qəza
məktəbinin açılması orada yaşayan bir ovuc erməninin
törətdiyi təxribatlar səbəbindən mümkün
olmadı. Belə olardısa, Azərbaycan təhsil tarixində
1830-cu ildə açılan ilk üç məktəbdən
biri İrəvan qəza məktəbi olacaqdı.
Yalnız iki ildən sonra - 1832-ci il yanvarın 14-də
yerli ziyalıların böyük səyi nəticəsində
İrəvanda ilk qəza məktəbi açıldı. Bu
məktəbin açılması bölgədə
qabaqcıl maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli
rol oynamağa başladı. İrəvan qəza məktəbi
1869-cu ildə progimnaziyaya, 1881-ci il martın 31-dən isə
beşsinifli gimnaziyaya çevrildi, onun bazasında 1881-ci il
noyabrın 8-də İrəvan Müəllimlər
Seminariyası açıldı. Azərbaycanın digər
bölgələrindən xeyli əvvəl qəza məktəbinin,
progimnaziyanın, Müəllimlər Seminariyasının
açılması İrəvanda maarifçilik mühitinin
yaranmasında, onun Bakı, Təbriz,
Xoy, Şuşa, Naxçıvan və başqa şəhərlər
ilə yanaşı, Azərbaycanın aparıcı elm və
mədəniyyət mərkəzlərindən birinə
çevrilməsində
mühüm rolu olmuşdur. Mirzə Qədim İrəvani,
Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev,
Mirzə Məhəmməd İrəvani, Məmmədqulu bəy
Kəngərlinski, Abbas ağa Fərəcov, Haşım bəy
Nərimanbəyov, Fazil İrəvani, Həmid bəy
Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Məmmədvəli
Qəmərlinski, Mirzə Müslüm İrəvani, Məmməd
Əliyev, İsfəndiyar bəy Sultanov, Əbdülqasım
İrəvani, Vahid Musabəyov, Fərrux bəy
Ağakişibəyov, İbadulla bəy Muğanlinski,
Şamil bəy Mahmudbəyov, Mirzə Ələkbər
Elxanov, Vahid Muğanlı, Həsənzadə Hüseyn İrəvani,
Cəfər bəy Cəfərbəyov, Mirməhəmməd
Mirfətullayev, Mirzə Cabbar Məmmədzadə, Rəhim Xəlilov,
Mirzə Abbas Məmmədzadə və bir çox
başqaları kimi dövrünün görkəmli
ziyalıları bu mühitdə yetişmiş, Rusiyanın
imperiya maraqlarını həyata keçirmək
üçün alət olan ermənilərin
yaratdığı bütün çətinliklərə sinə
gərib xalqın tərəqqisinə
çalışmış, maarif və mədəniyyətin
yayılmasına fədakarlıqla xidmət göstərmişdilər.
Gah gizli, gah açıq, gah rəsmi, gah da qeyri-rəsmi şəkildə
ermənilərin Qərbi Azərbaycanda bizim maarifi, mədəniyyəti,
incəsənəti daim sıxışdırmasına
baxmayaraq, istedadlı Azərbaycan xalqı yeni şəxsiyyətlər
yetişdirməyə davam etdirmişdir. XX əsrin əvvəllərində
Mirabbas Mirbağırov, Teymur xan Makinski, Nəriman bəy Nərimanbəyov,
Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Mustafa
bəy Topçubaşov, Əziz Əliyev, Həsən
Seyidov, Maqsud Məmmədov, Əhməd Rəcəbli, Məhəmməd
Ağaoğlu, Səid Rüstəmov, Heydər Hüseynov, Cəfər
Xəndan, Abbas Çayxorski, Əhməd Cəmil,
Əfşan Qədimbəyova, Mirəli Seyidov, Kamil Əliyev və
digərləri məhz bu mühitdə formalaşaraq
xalqımızın tarixində silinməz izlər qoya
bilmişlər. Qərbi Azərbaycan mühitinin
yetişdirdiyi belə parlaq şəxsiyyətlərdən
biri də Yunis Rzayev olmuşdur.
Tanınmış ictimai və dövlət xadimi Yunis Qəhrəman
oğlu Rzayev 1924-cü il mayın 2-də Qərbi Azərbaycanda,
qədim Göyçə mahalının Basarkeçər
(indiki Vardenis) rayonunun Şişqaya kəndində anadan
olmuşdur. Əslən Şişqayalı olan atası Qəhrəman
kişi bölgədə sözübütöv şəxs
kimi tanınırdı, məşhur Qaçaq Kərəmin
yaxın qohumu Allahverdi kişinin qızı olan anası
Gülbəsti xanım isə qonşu Kəsəmən kəndindən
idi. Qəhrəman kişi ailəsini dolandırmaq
üçün gecə-gündüz çalışar,
yorulmağın nə olduğunu bilməzdi. Üç
bacının yeganə qardaşı olan Yunisə həmişə
deyərdi ki, zəhmət ən böyük məktəbdir,
zəhmətin verdiyi tərbiyəni heç kim, heç nə
vermir. Bir də dönə-dönə
tapşırarmış ki, dilinə yalan gətirmə, yalan
qədər adamı hörmətdən salan ikinci bir şey
yoxdur! Bu tərbiyə onun mənəviyyatına
ömürlük hakim kəsilmiş, həyatının
bütün mərhələlərində ata nəsihəti
kimi yadında qalmışdı.
1931-ci ildə Şişqaya kənd məktəbinin
birinci sinfinə gedən Yunis 1941-ci ildə orta məktəbi
bitirmişdir. Orta məktəbi müvəffəqiyyətlə
bitirən Yunis oxuduğu təhsil ocağına müəllim
təyin edilir. İki il pedaqoji fəaliyyətlə məşğul
olduqdan sonra İkinci Dünya
müharibəsinə yola düşür. O, 1943-45-ci illərdə
ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi
nəzdində siyasi məktəbdə oxumuşdur.
1945-ci ildə müharibədən yenicə
qayıtmış Yunis kənddə Şirin xanımla ailə
qurur və sonralar bu izdivacdan dörd qız övladı
dünyaya gəlir: Müşgünaz, Minarə, Vəsilə
və Gülarə. Ancaq atası Qəhrəman kişinin
1946-cı ildə dünyasını dəyişməsi
Yunisin oxumaq, təhsilini davam etdirməklə bağlı
arzularını müvəqqəti də olsa,
dayandırır. Ailənin bütün problemləri onun ümidinə
qalır. Müharibədən sonrakı aclıq
dövründə evin tək oğlu, üç
bacının tək qardaşı Yunis həm öz ailəsini,
həm də anası və bacılarını bu çətin
illərdən çıxarmalı olur. Onun
işgüzarlığını, mərifətini, mədəniyyətini və
bacarıqlarını görüb 21 yaşında
Şişqaya kəndində İstehlak cəmiyyətinə sədr
seçdilər. Yunis bu işinə
müharibədə həlak olan ataların
uşaqlarının siyahısını tutmaqla
başlayır. Yetim qalmışların təhsil almaları
üçün çox çalışır, onlara pulsuz
paltar verməsinə nail olur. Bir gün görür ki,
ataları müharibədən qayıtmamış uşaqlar
çılpaq ayaqlarına əski dolayıb, ya da tamam
ayaqyalın məktəbə gedirlər. Bu, ona çox pis təsir
edir, müharibə illərində qəhətə
çıxmış "qaloş" axtarışına
başlayır. Çox çətinliklə Bakıdan 500
cüt qaloş alıb yetim uşaqlara paylayır. Onun bu
xeyirxahlığı və qayğısı qarlı günlərdə
ayaqyalın məktəbə gedən uşaqları çox
sevindirir və bölgədə nüfuzunu artırır.
Özünü intizamlı və tələbkar əməkdaş
kimi təsdiq edən Yunisi az sonra Basarkeçər Rayon Partiya
Komitəsində işə dəvət edirlər. Əvvəl
təlimatçı, sonralar şöbə müdiri vəzifəsində
işləyir. Yunis Rzayevin həyat yolu heç də hamar
olmamışdır. O dövrün çətinlikləri,
siyasi sistemin qadağaları, erməni daşnaklarının
millətçilik ideyaları hər tərəfdən onu
sıxmışdır.
Yunis Rzayev həmin vəzifədə işləyə-işləyə
1950-ci ildə Azərbaycan KP MK yanında iki illik partiya məktəbini,
1953-cü ildə isə Bakı Dövlət Universitetinin
Tarix fakültəsini bitirərək, daha geniş ictimai-siyasi
fəaliyyətə başlayır.
O, 1953-1957-ci illərdə Basarkeçər rayon soveti
icraiyyə komitəsinin sədri vəzifəsində işləyərkən
bölgədə böyük nüfuz sahibi idi.
1957-ci ildə 33 yaşlı Yunis Rzayev qonşu
Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə
irəli çəkilir. O illəri yaxşı
xatırlayıram. Mən məktəbdə oxuyurdum, atam
Cumayıl Mərdanov kəndimizdə kolxoz sədri vəzifəsində
işləyirdi. Yaşadığımız Qaraqoyunlu dərəsinin
7 kəndi Krasnoselo rayonunun, 6 kəndi isə İcevan rayonunun
tabeliyində idi. Qaraqoyunlu dərəsində hamı azərbaycanlı
cavan bir oğlanın Krasnoselo rayonuna rəhbər təyin
olunmasından danışır, onunla fəxr edirdi. Yunis
Rzayevin rəhbər vəzifələrdə işlədiyi
Basarkeçər və Krasnoselo rayonlarının iqtisadi
inkişafında, əhalinin güzəranının
yaxşılaşmasında, təhsilin, mədəniyyətin,
səhiyyənin inkişafında böyük zəhməti və
rolu olmuşdur. Onun rəhbərliyi ilə əksəriyyəti
azərbaycanlılar yaşayan həmin kəndlərdə
quruculuq işləri genişlənmiş, yollar
abadlaşmış, məktəb binaları, klublar, xəstəxanalar
tikilmişdir.
O illərdə ermənilər
çalışırdılar ki, azərbaycanlı əhali
Ermənistandan köçürülsün. Lakin Yunis
Rzayevin, Tapdıq
Əmiraslanovun, Talıb Musayevin, Mikayıl Bayramovun, Cəmşid
Hənifəyevin və başqalarının səyləri nəticəsində
bu məkrli erməni siyasətinin qarşısı alınaraq
əhalinin Azərbaycanın Mil-Muğan zonasına
köçürülməsinə, camaatın dədə-baba
yurdlarından çıxarılmasına imkan verilmədi.
Yeri gəlmişkən qeyd edək ki, Yunis Rzayev
Basarkeçər və Krasnoselo rayonlarında işləyərkən
azərbaycanlılar yaşayan heç bir kəndin adı dəyişdirilmədi,
daha doğrusu, o, buna imkan vermədi. Ermənilər bu məqsədlərinə
ancaq 1988-ci ildən sonra nail ola bildilər. Təkcə 1991-ci
ildə Basarkeçər və Krasnoselo rayonlarında Azərbaycan
mənşəli 28 kəndin adı dəyişdirilərək
erməniləşdirildi.
Onu da yaxşı xatırlayıram ki, həmin
dövrdə bizim tərəflər elektrik enerjisi və qazla
təchiz olunmamışdı. Əsas məişət məsələləri
odunla həll olunardı. Göyçə tərəfdə
odun xüsusi bir problem idi. Vaxtaşırı Yunis Rzayevlə
görüşən atam danışırdı ki, sıx
meşəliklərlə zəngin olan Qaraqoyunlu dərəsindən
odun hazırlayıb, qonşu Krasnoselo və Basarkeçər
rayonlarının əhalisinə kömək edərdik.
Yunis Rzayev Krasnoselo rayonunda birinci katib vəzifəsində
1960-cı ilə qədər böyük hörmətlə
işlədi, rayon ictimaiyyətinin və Qərbi Azərbaycanda
yaşayan soydaşlarımızın dərin rəğbətini
qazandı. Həmin il onu doğma Basarkeçər rayonuna
partiya komitəsinin birinci katibi vəzifəsinə təyin
etdilər. O dövrdə Basarkeçər rayonu Ermənistanda
azərbaycanlıların ən çox məskunlaşdığı
rayon idi və əhali sayına görə Krasnoselo rayonundan
xeyli böyük idi. O, bu vəzifədə 1964-cü ilə
qədər işlədi. Yunis Rzayev eyni zamanda 1960-1962-ci illərdə
Moskvada Ali Partiya Məktəbində təhsil
almışdı.
Həmin dövrdə, rayon Partiya komitələrinin səlahiyyətləri
azaldılmış və bir neçə rayona rəhbərlik
həmin bölgənin Ərazi İstehsalat İdarəsinin rəisinə
tapşırılmışdı. Yunis Rzayev 1964-cü ildə
daha yüksək vəzifəyə irəli çəkilərək,
Basarkeçər-Martuni-Kamo rayonları Ərazi İstehsalat
İdarəsinin rəisi vəzifəsinə təyin edilir.
İki il bu vəzifədə işlədikdən sonra, rayon
inzibati ərazi bölgüsü bərpa olunduqdan sonra,
1965-1968-ci illərdə yenidən Basarkeçər rayon
Partiya komitəsinin birinci katibi vəzifəsində işləyir.
Söz düşmüşkən onu da
xatırladıram ki, Yunis Rzayev Basarkeçər rayonunda rəhbər
vəzifədə çalışarkən rayonun 38 kəndindən
27-də bütünlüklə azərbaycanlılar, 5-də
qarışıq əhali, 5-də ermənilər yaşayırdı.
Həmin dövr rayonun əksər rəhbər vəzifəli
şəxsləri, idarə və müəssisə rəhbərləri
azərbaycanlılar idi. Lakin Y.Rzayev rayon rəhbərliyindən
uzaqlaşdırıldıqdan sonra onlardan yalnız
üçü qaldı. Hətta rayon maarif şöbəsinin
müdiri vəzifəsinə də erməni təyin edildi.
Əhalinin 75 faizindən çoxu azərbaycanlı olan bir
rayonda Azərbaycan dilini bilməyən erməninin təhsil
sistemini necə idarə etdiyini təsəvvür etmək
çətin deyil. Ermənilərin bu millətçi siyasətindən
məlumatı olan Yunis Rzayev onlara qarşı həmişə
barışmaz mübarizə aparmışdır.
Rayon rəhbəri xüsusilə milli mədəniyyətimizin
qorunub inkişaf etməsinə böyük diqqət yetirirdi.
Təsadüfi deyil ki, Ermənistanın tərkibində olan
Azərbaycan rayonları içərisində öz milli mədəniyyətini,
adət və ənənəsini ən çox qoruyan da elə
Basarkeçər rayonu idi. Hər il burada bədii özfəaliyyət
kollektivlərinin olimpiadası keçirilir, Bakıdan tez-tez
tanınmış ictimai-siyasi xadimlər, görkəmli alimlər,
mədəniyyət xadimləri, musiqi kollektivləri və
teatrlar dəvət olunurdu. Aşıq musiqisi geniş təbliğ
edilirdi, Azərbaycan aşıq sənətinin böyük
ustadı Ələsgərin məzarı bərpa olunmuş,
onun yubiley tədbirləri keçirilmiş, büstü
ucaldılmışdı.
Yunis Rzayev o günləri xatırlayaraq deyirdi:
"Raykom katibi işləyəndə bir də gördüm
ki, Yerevanda Ermənistan KP Mərkəzi Komitəsində, Ermənistan
SSR Nazirlər Sovetində, Ermənistan SSR Ali Sovetinin Rəyasət
Heyətində, nazirliklərdə bir nəfər də olsun
azərbaycanlı yoxdur. Ermənistan KP Mərkəzi Komitəsinin
birinci katibi Koçinyanla bu barədə söhbət edərkən
dedi ki, alitəhsilli azərbaycanlılar çox azdır. Ali
təhsili olanlar da rəhbər vəzifədə işləməyə
yaramırlar. Bu söhbət məni çox narahat etdi. O
gündən Basarkeçər rayonunun kəndlərini, hətta
başqa rayonları da bir-bir gəzib orta məktəbi
qurtarmış gənclərlə, yaşlı və ahıl
adamlarla, məktəb direktorları ilə, kənd sovetlərinin
və kolxozların sədrləri ilə xeyli söhbət
aparmalı oldum. Birinci ildə təxminən 50 nəfərə
yaxın gəncin razılığı alınıb Azərbaycanın
ali məktəblərinə oxumağa göndərildi".
Onun fəal iştirakı və təkidli tələbi
ilə Ermənistan KP Mərkəzi Komitəsində, Nazirlər
Sovetində və bir çox nazirliklərdə azərbaycanlılar
işləməyə başladılar.
Yunis Rzayev gənc yaşlarından dəfələrlə
Ermənistan KP MK-nın üzvü, üç
çağırış Ermənistan SSR və VII
çağırış SSRİ Ali Sovetlərinə deputat
seçilmişdi. Təbii ki, bacarığı,
işgüzarlığı, savadı və çevik
düşüncə tərzi olmasaydı, Ermənistanda, ermənilərin
içərisində pillə-pillə bu cür yüksəlməz,
irəli çəkilməzdi. İllərin zəngin təcrübəsi
bu böyük insanın qəlbində yaxşı tanıdığı,
daxili hisslərinə bələd olduğu ermənilərə
qarşı dərin nifrət yaratmışdı. Millətçi
ermənilərin azərbaycanlıların yüksək vəzifə
tutmalarına necə mane olduqlarını öz gözlərilə
görürdü. Elə buna görə də Qərbi azərbaycanlıların
güman yerinə, müdafiəçisinə, fəxrinə
və sevimlisinə çevrilən Yunis Rzayev ermənilər
üçün arzuolunmaz şəxsə çevrilmişdi.
Bir dəfə Yunis Rzayev Ermənistan SSR Ali Sovetinin
sessiyasında Xalq yazıçısı Sero Xanzadyanın azərbaycanlılar
əleyhinə çıxışına dözməyib
ayağa qalxır və əsəbi halda deyir:
- Sən millətçisən, sən iki xalqın
düşmənisən, ona görə də sənin
cızma-qaralarının Basarkeçər rayonunda
oxunmasını qadağan etmişəm.
Təsadüfi deyil ki, ermənilərin pərəstiş
etdiyi və "Varpet" (ustad) adlandırdıqları Xalq
yazıçısı Sero Xanzadyanı yüksək
kürsüdən cəsarətlə millətçi,
şovinist yazıçı kimi tənqid etməsi, ermənilər
tərəfindən böyük narazılıqla
qarşılanmışdı. Məhz bütün bunlara
görə üzdə özlərini Yunis müəllimə
dost kimi göstərən erməni millətçiləri əslində
öz aralarında onu Ermənistanın qoynunda yetişmiş
güclü bir türk oğlu adlandıraraq fiziki cəhətdən
məhv etmək üçün min bir tələ qurur,
alçaq hərəkətlərlə ləkələməyə
çalışırdılar.
Yaxşı xatırlayıram, atam
danışırdı ki, vəziyyətin belə gedişinə
dözə bilməyən Eçmiadzin kilsəsinin dini rəhbəri,
həmçinin Ermənistan Elmlər Akademiyasının
Prezidenti, tanınmış alim Viktor Hamparsumyan və bir
neçə digər ağsaqqal Ermənistanın o zamankı
rəhbəri Koçinyanın qəbuluna gedib deyirlər ki,
ya biz, ya da Yunis Rzayev, üçüncü bir yol yoxdur, bu,
erməni xalqının tələbidir, biz daha dözə
bilmirik.
Bu görüşdən sonra Yunis Rzayev tutduğu vəzifədən
azad olunur və 1968-1970-ci illərdə Ermənistan SSR
Dövlət Meşə Təsərrüfatı Komitəsinin
sədr müavini vəzifəsində işləyir. O, yeni
iş yerinə uyğunlaşa bilmirdi. Ermənilər hər
tərəfdən ona hücumlar edir, gözdən salmağa,
ləkələməyə çalışırdılar.
Həmin dövrdə Heydər Əliyev Azərbaycana
rəhbərliyə başlamışdı. Şübhəsiz,
onun Ermənistanda gedən proseslərdən xəbəri var
idi və Yunis Rzayevin başına gətirilən oyunlar
haqqında məlumatlı idi. Heydər Əliyev özünə
məxsus böyük ustalıqla Yunis Rzayevi erməni məkrindən,
şantajından qorudu və 1970-ci ilin fevral ayında onu
Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə
təyin etdi.
Yunis Rzayev Şamaxıda üç ilə yaxın
işlədi. O, ilk növbədə, fəaliyyətə
rayonun mədəniyyət məsələlərindən
başladı. Nəsiminin, Xəqaninin, Seyid Əzim
Şirvaninin, Mirzə Ələkbər Sabirin, Məhəmməd
Hadinin və başqalarının dünyaya
tanıdılmasına çalışdı. Bu günədək
davam edən "Sabir poeziya günləri" o dövrdə
meydana gəlmişdi.
1970-1973-cü illərdə Şamaxıda
çalışan Yunis Rzayev Heydər Əliyev tərəfindən
kənd təsərrüfatını inkişaf etdirməklə
bağlı qarşıya qoyulan vəzifələri müvəfəqqiyyətlə
yerinə yetirmək, göstərilən etimad və inamı
doğrultmaq üçün var gücü ilə
çalışırdı. Qısa vaxt ərzində əldə
olunan nəticələr onun mahir təşkilatçılıq
bacarığını yenidən üzə
çıxarmışdı. Şamaxı az müddət ərzində
üzümçülük, taxılçılıq,
heyvandarlıq sahəsində ölkədə ön cərgəyə
keçdi, aparıcı rayona çevrildi. Bu rayonun əhalisi
indiyədək Yunis Rzayevi minnətdarlıqla
xatırlayırlar.
Göstərilən etimadı doğruldan Yunis Rzayev
1973-cü ildə daha yüksək vəzifəyə - Azərbaycan
Respublikası Dövlət Üzümçülük və
Şərabçılıq Komitəsinin sədri vəzifəsinə
təyin olunur. Bu vəzifədə 1985-ci ilədək, yəni
ömrünün son gününədək vicdanla
çalışan Yunis Rzayevin müvafiq sahəyə Ulu
öndər tərəfindən rəhbər təyin edilməsi
təsadüfi deyildi. Heydər Əliyev kimi böyük şəxsiyyət
tərəfindən, xüsusilə, SSRİ dönəmində
üzümçülük və şərabçılığın
respublikamızın iqtisadiyyatındakı perspektiv
imkanları və çox gəlirli olan bir sahə kimi
inkişaf etdirilməsi zərurəti nəzərə
alınmışdı.
Onun gəlişi ilə həmin Komitəsinin
Aparatında ab-hava dəyişildi. İşçilər
arasında səmimilik, işgüzar mühit yarandı, məsuliyyət
hissi artdı. Keçmiş Dövlət
Üzümçülük və Şərabçılıq
Komitəsinin əməkdaşları onun haqqında belə deyirlər:
"Yunis Rzayev çox yüksək şəxsi keyfiyyətlərə
malik bir şəxsiyyət, mədəniyyət və etik
davranış nümunəsi idi. O, təsərrüfatın
bütün sahələrindən yaxşı baş
çıxaran təşkilatçı idi, yorulmaq nə
olduğunu bilməzdi. Respublikamızda və o zamankı
SSRİ məkanında çox böyük nüfuza, hörmətə
malik idi. İşlədiyimiz
uzun illər ərzində Moskvada, keçmiş SSRİ
Yeyinti Sənayesi Nazirliyində dəfələrlə ona olan
hörmətin, diqqətin şahidi olmuşuq. Özünə
və tabeliyində olanlara eyni dərəcədə tələbkar
idi. Nə qədər ciddi, zəhmli idisə, o qədər də
kövrək, həssas və qayğıkeş idi.
İnsanlara əl tutmaq, onların qayğısına qalmaq, dərd-sərinə
hayan olmaq onun həyat amalı idi. İnsanlarda həmişə
dürüstlüyü, səmimiliyi və etibarı sevərdi,
çünki özü də düz, səmimi və
etibarlı adam idi. İnsanlarda xoş ünsiyyət,
onların arasında səmimiyyət görmək istəyirdi.
Həyatı yaxşı bilirdi, hadisələrə analitik fəlsəfi
təhlil verməyi bacarırdı. İşi işbilənə,
bacarana tapşırırdı, gənc kadrlara diqqət və
qayğı ilə yanaşırdı. Əsl ağsaqqal idi,
xeyirxah və sədaqətli insan, gözəl ailə
başçısı idi, həyatda ondan öyrəniləsi
çox şey vardı".
Həmin illər istehsal olunan məhsulu emal etmək
üçün bütün iri sovxozlarda üzümün
ilkin emalı zavodları tikilmişdir. Dünya
standartlarına cavab verən şampan, Bakıda və Xanlardakı
konyak zavodlarının istehsal gücü
artırılmış, keçmiş SSRİ-nin bir çox
şəhərində, o cümlədən, Moskva, Leninqrad,
Rostov, İrkutsk, Kazan, Kemerova, Snejnyanck və Bratckda Azərbaycan
şərabının istehsalı və
qablaşdırılması üçün zavodlar inşa
olunmuşdur. O dövr Azərbaycanda istehsal edilən yüksəkkeyfiyyətli
konyak və şərablar dünyanın bir çox ölkəsində
xüsusi mükafatlara layiq görülmüşdür.
Bunlardan başqa, Üzümçülük və Şərabçılıq
Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti genişləndirilmiş,
üzümçü aqronomların, digər mütəxəssislərin
hazırlanmasına diqqət artırılmışdır.
Tovuz rayonunun Qovlar qəsəbəsində isə orta pillə
aqrotexnik və şərab istehsalı mütəxəssislərinin
təhsil mərkəzi - texnikum açılmışdır.
Görülən bütün tədbirlər həm də kənd
əhalisinin işlə təmin olunmasına, əhalinin
güzəranınn yaxşılaşmasına xidmət
etmişdir. O dövr respublika
büdcəsinin üçdə birini
üzümçülükdən və şərabçılıqdan
gələn gəlir təşkil edirdi. Bu hesaba
respublikamız inkişaf edirdi, əhalinin həyat səviyyəsi
yüksəlirdi.
Yunis Rzayevin əməyi dövlət tərəfindən
yüksək qiymətləndirilmiş, o illərin ən
yüksək mükafatları sayılan "Lenin",
"Oktyabr inqilabı", "Qırmızı Əmək
Bayrağı" ordenləri, medallar və fəxri fərmanlarla
təltif olunmuşdur. O, VIII, IX, X çağırış
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Yunis Qəhrəman oğlu Rzayev kimi şəxsiyyətlər
az-az doğulur. Elə məhz buna görə də belə
insanların işıqlı adı daim xatirələrdə
yaşayır, dərin minnətdarlıq hissilə yad edilir.
O, əsl Azərbaycan vətəndaşı idi, bütün
həyatını xalqına, doğma Azərbaycanın
şöhrətini, şərəfini qaldırmağa sərf
etmişdi. O, Azərbaycan adı gələndə ayağa
durmağı, ətrafındakıları ayağa
qaldırmağı bacaran böyük ürək sahibi idi.
Lakin ona etibarsızlıq edən də bu ürək oldu.
Ömrünün 61-ci ilində dayandı.
Yunis Rzayev 1985-ci il yanvarın 24-də 61 yaşında
Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri
xiyabanda dəfn olunmuşdur. Allah rəhmət eləsin.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor