İki paradoks
FƏTƏLİ XAN NƏ ÜÇÜN
İSTƏYİNƏ ÇATA BİLMƏDİ?
Bu yaxınlarda sosial şəbəkələrin birində
çox qəribə bir fikirlə qarşılaşdım və
rəhmətlik nənəm demişkən, matım-mutum
qurudu. Sən demə, Azərbaycanın xanlıqlar
dövrü tariximizin şanlı, qürur doğuran səhifələrindən
biri imiş (???).
Düşünürəm ki, adamın şüuru,
düşünmək qabiliyyəti düzgün təfəkkürün
qanunlarından o dərəcədə kənarda
qalmalıdır ki, hər şeyi belə əksinə, loru
dildə desək, kəlləmayalaq şərh edə bilsin.
Çünki əsl həqiqətdə xanlıqlar
dövrünun Azərbaycanın bir dövlət kimi süqut
etməsi, başqalarına rahat yem olması ilə nəticələnən
utancgətirici səhifəsi olduğunu görmək və
bilmək üçün heç tarixçi olmaq da lazım
deyil. Yetər ki, faktları adi məntiqlə təhlil edib nəticə
çıxarasan.
Nadir Şahın ölümündən sonra Azərbaycanın
ərazisində 26 xanlıq və bir neçə məliklıik,
elmi dillə desək, mini feodal dövlət meydana gəldi.
Bu, əslində ölkənin ərazisini, sərvətini, gələcəyini,
ən başlıcası isə taleyini 26 yerə
parçalamaq idi və bu mənada Azərbaycan 2 yad ölkə
tərəfindən bölünüb 2
işğalçı dövlətin ərazisinin əlavəsinə
çevrilməzdən əvvəl 26 yerə
bölünmüşdü, özü də kənar qüvvələrin
təsiri, təhdidi, diktəsi ilə yox, öz əllərimizlə,
məhz öz içimizdən, öz istəyimizlə. Daim
bir-biri ilə çəkişən, bir-birlərinin ərazilərinə
tamah salan, dar ayaqda öz cılız ambisiyalarını belə
qoruya bilməyən bu xanlıqlar hansı böyük Vətəni
qoruya bilərdilər ki?
Nə dayanırdı bu faciənin özülündə?
Neçə illər əvvəl çəkilmiş
"Fətəli xan" filmində bu suala cavab
axtarılır və belə məlum olur ki, bu
xanlıqların hər birinin hakimini bütöv, vahid Azərbaycanın
yox, öz mini-"dövlətinin" taleyi narahat edirdi.
Əslində burada "tale" ifadəsi də heç yerinə
düşmür. Ambisiyalar tamam başqa idi, öz ərazisini
genişləndirmək, öz hakimiyyətini möhkəmləndirmək
kimi cılız istəklərdən qaynaqlanırdı. Bu istəklər
çox vaxt o dərəcədə vəhşi ehtirasa
çevrilirdi ki, qalib gələn xan məğlub olan
xanın gözlərini çıxartdırır, sonra kor elədiyi
xanın əlinə qılınc verib "Səni filan xan kor
etdi" deyərək növbəti rəqibinin üstünə
göndərirdi.
Həmin dövrdə bu pərakəndə, cırtdan
dövlətləri birləşdirib bütöv,
güclü Azərbaycan yaratmaq eşqi ilə yaşayan Quba
xanı Fətəli xan iradəli, cəsur sərkərdə,
ağıllı, tədbirli dövlət
başçısı kimi bu məqsəd naminə müəyyən
işlər görə bildi, arzuladığı dövlətin
konturlarını, özəyini yaratmağa nail oldu. Lakin onun
Rusiya ilə yaxınlaşması İran hakimlərinin və
yerli xanların xoşuna gəlmirdi, halbuki Fətəli
xanın məqsədi yaratmaq istədiyi Azərbaycanı
Rusiyanın vassalına çevirmək yox, diplomatiya, zəminində
onun müstəqilliyinə zəmanət almaq idi. Onu bu yoldan
sapındırmaq üçün açıq və gizli fəaliyyətlərin
nəticəsi bu oldu ki, o, 54 yaşında sui-qəsd nəticəsində
öldürüldü.
Sən demə, bütöv, vahid Azərbaycan elə
yalnız Fətəli xana lazım imiş.Təəccüblənməyin
- bu, o vaxtkı Azərbaycan
reallıqlarının tipik bir nümunəsi idi!
Hadisələrin sonrakı gedişi hamıya məlumdur.
Çəkiləndən sonra 11 il rəfdə yatan,
yalnız 1959-cu ildə müəyyən redaktədən
(hansı redaktədən, bir Allah bilir) keçəndən
sonra ekranlara çıxan bu filmdə dediklərimə şəhadət
verən çox ibrətamiz bir epizod var. Fətəli
xanın diplomatik münasibətlər yaratmaq, şimaldan gələn
təhdidləri yumşaltmaq üçün Rusiyada
olmasından istifadə edən düşmən
xanlıqların birləşmiş ordusu Dərbənd
qalasına hücum edir. Bundan xəbər tutan Fətəli
xan danışıqları yarımçıq qoyub təcili
geri qayıtmalı olur. Çar hökuməti onu
döyüş qayığında topçu rus hərbçilərinin
müşayiəti ilə yola salır. Qayıq hələ
sahilə yan almamış rus zabiti müşahidə borusunun
köməyi ilə döyüş meydanında
böhranlı məqam olduğunu görüb toplardan atəş
açmaq əmri verir. Birləşmiş ordu bir anın
içində pərən-pərən düşüb
qaçmağa üz qoyur və ardınca həmin dediyim
epizod gəlir: artıq sahilə yan almış gəmidən
düşən rus zabiti təntənə ilə qalaya tərəf
addımlayır və bayaq ac canavar kimi az qala qalanın
divarlarını gəmirən sərkərdələr,
döyüşçülər onun hüzurunda diz
çökərək qılınclarını üfiqi vəziyyətdə
tutub başlarını əyirlər - yəni təslim olduq,
sənə tabeyik.
Azərbaycanın taleyi bax beləcə həll
olunurdu!!!
Məncə, nöqtə qoymaq olar...
SEYFƏDDİN ALLAHVERDİYEV VƏ RUBEN QRİQORYANIN
ƏHVALATI
Mən 1978-80-ci illərdə sovet ordusunda hərbi xidmətdə
olmuşam. Deməli, hamı kimi mənim də hərbi xidmətlə
bağlı xatirələrim var.
Birini danışım.
6 ay Rusiyanın Oryol şəhərində
radioteleqrafçılar hazırlayan məktəbdə bu
maraqlı ixtisasa yiyələnəndən sonra məni xidmətimi
peşəkar radist kimi davam etdirmək üçün Bryansk
vilayətinin Poçep qəsəbəsində yerləşən
əlahiddə bölüyə göndərdilər (Bu
bölük həm də hərbi hissə statusunda idi, hətta
nömrəsi də yadımdadır - 03013). Yaxşı
xatırlayıram, qarlı bir noyabr günü idi. Hərbi
hissənin komandiri ilə (onun da familiyası yadımdadır
- kapitan Kinyov) kazarmaya girəndə hələ karantindən
tanıdığım əsgər yoldaşımı əlində
şvabra döşəməni yuyan gördüm və
dalağım sancdı. Seyfəddin Allahverdiyev yadımda
qabağından yeməyən məğrur oğlan kimi
qalmışdı və əgər indi o, axşamüstü
burada döşəməni sabunla yuyurdusa, deməli, vəziyyət,
necə deyərlər, "rusca" idi ki, onu buna məcbur edə
bilmişdilər (Burada mötərizə açıb qeyd
edim ki, döşəməni yumaq əslində gün
növbətçisi olan əsgərin nizamnamədə
göstərilən vəzifə borcu idi).
Amma onu görəndə həm də sevindim - biz eyni
çağırışın əsgərləri idik və
deməli, xidmətin sonuna kimi bir yerdə olacaqdıq. Lakin
Seyfəddin deyəsən, məndən də çox sevindi,
quş kimi üstümə şığıyıb məni
qucaqladı. Kövrəlməyindən, isti
davranışından belə başa düşdüm ki,
ötən altı ay ərzində o, öz həmvətənlərinin
üzünü görmək, səsini eşitmək
üçün yamanca darıxıb.
Komandir məni dəhlizdə qoyub kabinetinə girdi.
Fürsətdən istifadə edib soruşdum ki, dost, burda vəziyyət
necədir, xidmət necə gedir. O da baş
barmağını yuxarı qaldırıb gülə-gülə
dedi ki, bax belə!
- Ona görə sabunla döşəmə yuyursan? -
deyə zarafatla ona sataşdım.
- Ona fikir vermə. Burda hamı, hətta il yarım
xidmət edənlər də (əsgər leksikonu ilə desək, "stariklər") növbətçi
olanda yalanpışdan bu işi
görür.
Tələsik soruşdum:
- Yəni deyirsən burda "starik - molodoy"
qarşıdurması yoxdur?
Dedi:
- Yoxdur, Əli (görəsən, bu dünyada mənim
bütöv adımı deyən neçə nəfər
var?). Bura kiçik kollektivdir. Komandir elə qayda-qanun
yaradıb ki, stariklər molodoylara söz deməyə
qorxurlar.
Suallarım bitmək bilmirdi:
- Səndən başqa daha hansı millətlərdən
olan əsgərlər var burda?
Haqverdi sadaladı:
- Ruslar, xaxollar, özbəklər, bir belarus və iki erməni...
- Hamınız da ki, bir-birinizlə
çaşka-lojkasınız, yəni qardaş kimi
dolanırsnız... Hə?
- Təzə gələndə komandirdən xəlvət
məni dişlərinə vurub yoxlamaq, sındırmaq istədilər.
Qardaşın hamısının ağız-burnunu əzib
cavablarını verdi. İndi məni uzaqdan görəndə
yan keçirlər.
Soruşdum:
- Ermənilər də?..
Seyfəddin ağzını açıb nə isə
demək istəyirdi ki, komandir məni çağırdı
və söhbətimiz yarımçıq qaldı. Amma səhər
siqaret fasiləsində yenidən bu söhbətə qayıtdıq.
Seyfəddin dedi:
- Burda iki erməni var: biri Bakıdandır - Harri Dəlləkyan.
Mənimlə həmyerli kimi davranır, rusların
provaksiyasına getmir, özünü bakılı
adlandırır (Adamın başı üstündə Allah
var, həqiqəti deməliyik - sonralar gördüm ki, Harri hələ
erməni xisləti ilə zəhərlənməmiş
Bakı uşağıdır). O biri Leninakan ermənisidir -
Ruben Qriqoryan. Çörəyi dizinin üstündə olan
qorxağın, əclafın biridir. Bizdən bir il artıq
xidmət edib deyə bir dəfə mənə ilişmək
istədi, cavabını verdim, oldu quzu balası.
Seyfəddin Zəngəzur bölgəsindən -
Qubadlı rayonundan idi və görünür, erməni xislətinə
məndən yaxşı bələd olduğuna görə
heç reaksiyamı gözləmədi, siqaretinə dərin
bir qüllab vurub gülə-gülə, ləzzətlə sərlövhədə
yazdığım həmin o əhvalatı
danışmağa başladı:
- Hərif gün növbətçisi idi. Mənə
dedi ki, gəl döşəməni sil. Dedim, get tullan, nəinki
sənin, heç sənin ölüm yatağında olan qoca
dədənin də yerinə döşəmə silmərəm.
Cumdu üstümə ki, məni vursun, onu qabaqlayıb
qarnına bir təpik ilişdirdim, sonra necə kəllə atdımsa,
ağız-burnu partladı, qan fontan vurub
üst-başını batırdı. Həmin gün
lakatorlar işləyirdi deyə (belə vaxtlarda hamı
döyüş növbəsində olurdu - Ə.H.) kazarmada
ikimizdən başqa heç kim yox idi. Hərif qaçdı əlüzyuyulan
otağa ki, soyuq su ilə ağız-burnunun qanını
dayandırsın. Sonra cib dəsmalı ilə burnunu tutub
başını dala əydi və kazarmada çıxdı.
Düşdüm arxasına ki, baxım hara gedir. Gördüm
mətbəxin çöl tərəfdəki giriş
qapısına yön alıb. "Bu ağız-burunla yemək
dalıncamı gedir?" - deyə öz-özümdən
soruşdum. Geri qayıdıb yeməkxanaya keçdim (yeməkxanamız
kazarmanın içində idi - Ə.H.) və yemək
buraxılan pəncərəyə yaxınlaşıb
gözləməyə başladım. Hərif mətbəx
avadanlıqları asılan divara yaxınlaşıb
bıçaqların arasından ən iri
bıçağı seçdi və qoltuğunda gizlədib
çıxdı. Dedim, yəqin bıçağı
götürüb döyüşün ikinci hissəsinə
başlamaq fikrindədir. Özümü müdafiə eləmək
üçün əlimdə heç nə yox idi, ona görə
də, düzü, bir anlığa çaşdım. Əgər
gümanım düz olsaydı, məsələ qəlizləşə
bilərdi. Fikirləşə-fikirləşə dəhlizə
çıxlb əlüzyuyan və məişət
otaqlarının yerləşdiyi sağ tərəfə
üz tutdum. Bir-neçə addım atmışdım ki,
kazarmanın qapısı açıldı - bildim, odur, gəlir.
Addımlarımı yeyinlədib məişət
otağına girdim, dedim, ütü ordadırsa
götürüm - həm özümü müdafiə edərəm,
həm də fürsət tapıb çırparam bu əbləhin
təpəsinə. Amma... - O, bir anlığa ara verib
gülümsədi. - Amma buna
ehtiyac olmadı...
Seyfəddin nəyə görəsə yenə susdu. Elə bil sonra deyəcəklərini
göz önünə gətirib bir daha ləzzətini
yaşamaq istəyirdi.
- Qapı azca aralı idi deyə ütünün dəstəyindən
tutub hərəkətlərinə göz qoyurdum. Deməli, gəlib
durdu iki qapının arasında, oğrun-oğrun irəli,
geri, sağa, sola baxdı ki, görsün içəridə
başqa göz yoxdur ki. Sonra əlüzyuyulan otağa girib...
- bilərəkdən yenə
söhbətinə ara verib soruşdu:
- Səncə, nə elədi?
Ağlıma bir şey gəlmədiyinə görə
çiyinlərimi çəkdim.
- Onda deyim, bil. İçəri girib kranlardan birini
açdı, sonra bıçağı qoynundan
çıxartdı, suyun altında isladıb başladı
onunla çəkməsinin, paltarının qanını
qaşımağa...
Ani sükutdan sonra siqaret çəkilən yerdə
bir gülüş qopdu ki, yəqin balaca qəsəbədə
hissəmizin yaxınlığında yerləşən evlərin
sakinləri əməllicə diksindilər...
Bu da erməni xislətinin finalı...
Əlisəfdər HÜSEYNOV