İnternet olmayanda
oxuduqlarım
esse
Bir də görürsən, internet getdi. Əlin yerdən-göydən
üzülür. Elə bil, səhrada tək-tənha
qalıbsan, ünün heç yana çatmır. Bilmirsən
belə anlarda neyləyəsən, internetsiz boşluğu nə
ilə doldurasan? Elə internetə görə tamam özgələşmiş
dost-tanışın, qohum-əqrabanın nə etdiklərini
bilmirəm, amma mən dönüb öz yaddaşımı
oxuyuram. Oradan oxuduqlarımın bəzilərini siz də oxuya
bilərsiniz.
Bir gün bir nəfər qohumumla birlikdə (qohumum
"Kamaz" sürücüsü idi) şəhərin
köhnə məhəlləsindən təzə məhəlləsinə
çıxan səkini özümüzə yol eləyib
iş dalınca gedirdik. Səki boyu yan-yana düzülən
marketlər, super marketlər,
superdən də super marketlər gəl-gəl deyirdi.
Unudulmaqda olan adi tərzdə desək, həmin
mağaza-dükanların sırasında bir rəsm işləri
mağazası da var idi. Qapısı taybatay açıq idi,
o da öz müştərisini gözləyirdi. Cibimdə
kifayət qədər pul olmayanda belə mağazaların
önündən, sözün əsl mənasında, yan
keçirdim, unutmurdum ki, adama iki göz ona görə verilib
ki, nəyisə görmək istəyəndə iki dəfə
düşünsün, o yana baxmağa dəyər, ya yox.
Başqa sözlə, göz təkcə görmək
üçün deyil, həm də görməmək
üçündür. Bu dəfə də mən görməzlikdən
gəlib həmin yerdən (rəsm dükanı orda yox
imiş kimi) başımı aşağı salıb
keçmək istəyəndə, qohumum məni saxladı:
- Dayan!
- Nə olub?
- O keçələri görürsən?
O mağazanın vitrinindəki gözoxşayan qobelenlərə
işarə etdi.
- Görürəm, sonra? - deyə soruşdum.
- Çoxdandır belə bir şey axtarıram! -
qohumum deyib mağazaya girdi. "Kamaz"
sürücüsünün zövqünə təəccüblənsəm
də, mən də onun arxasınca qapıdan keçdim.
Gördüm o, artıq qobelenlərdən birini
gözaltılayıb rəssam-satıcıdan qiymətini
soruşur.
İnsafən ən gözəlini seçmişdi.
Qohumumun zövqündən fəxarət hissi keçirərək
ürəyimdə - afərin! - dedim.
Rəssam-satıcı həmin qobelenə zillənərək:
- 80 manat, - dedi.
"Kamaz" sürücüsü qobelenin
enini-uzununu bir daha nəzərdən keçirib:
- Mən bunun yarısını götürsəm, 35
manata verərsən? - deyə soruşdu.
Rəssam onun nə dediyini anlaya bilmədi, bəlkə
də anladı, qulağına inanmadı. Odur ki dedi:
- Başa düşmədim!?.
- Burda başa düşülməyən nə var ki,
deyirəm, bunu tən ortadan kəs, yarısını
alıram, amma 35 manat verəcəm. - Qohumum ona izah etdi.
Rəssam onun üzünə təəccüblə
baxıb:
- Nəyi kəsək, bunu? - deyə qobelenə
işarə etdi.
"Kamaz" sürücüsü rəssamın
"keyliyinə" istehza ilə gülüb:
- Hə də, onu! "Kamaz"ın matorunun səsi
kabinaya düşür, bunu üstünə atsam, səsi
xeyli boğar. Baxıram, yarısı kifayət edər. -
dedi.
Kənarda durub baxsam da, hiss etdim, rəssamın qan
beyninə vurdu. Bir addım geri çəkildim. O, müştərinin
üzünə qanlı-qanlı baxıb:
- Sən nə dediyinin fərqindəsən? -
Soruşdu.
Qohumum onun bu sualını elə başa
düşdü ki, əlavə izaha ehtiyac var. Odur ki:
- A kişi, yarısını kəs, 35 manata
götürürəm də! - dedi.
Rəssam-satıcı bu yerdə hirsini cilovlaya bilməyib:
- Səni ortadan kəssək, yaşaya bilərsən?
- deyib sürücünün üzünə elə zilləndi,
elə bil, onu bu dəqiqə doğrudan da kəsəcəkdi.
"Kamaz" sürücüsü vəziyyətin
niyəsə gərginləşdiyini görüb:
- Qardaş, görürəm, sən satmaq istəmirsən,
onu da yalandan ora qoymusan... - dedi və mağazanı arxasına
baxmadan tərk etdi.
Biz yolumuza davam edəndə istədim ona işin məğzini
izah edim, amma sürücünün də özünə
görə haqlı olduğunu nəzərə alıb fikrimi
dəyişdim.
Nə isə... Görünür, bəzən
internetin getməyinin də nəyəsə xeyri var. Adam
özünə qayıdır. Onda məlum olur ki,
yaddaşında, virtual aləmdə olduğundan da maraqlı əhvalatlar
var. Lakin onlar lay-lay yatıb qalıb, öz məqamını
- mində bir dəfə internetin getməyini gözləyir.
İmir MƏMMƏDLİ