Həqiqətdə
irrasionallıq və rasionallığın vəhdəti
Bəşər övladı dünyanı anlamağa
başladığı, fikirləşməyi öyrəndiyi
andan həqiqət axtarışına çıxır. Həqiqəti
axtarmaq həm onun həyatının mənasına
çevrilir, həm də xoşbəxtlik haqqında
düşüncələrinə bir istiqamət vermiş
olur. Bu yolda insanlar daha çox filosofların, mütəfəkkirlərin
əsərlərinə üz tuturlar. Həqiqət
axtarışı filosofların, müdriklərin
bütün dövrlərdə düşündürüb və
onların həqiqət haqqında fikirləri sonralar
ayrı-ayrı məktəblər, cərəyanlar, təriqətlər
yaradıb. Bu cərəyanlardan da yeniləri, daha fərqliləri
meydana gəlmişdir. Hər yeni yaranan cərəyanda
filosoflar fərqlilikləri ilə bərabər, öz fərdiliklərini
təqdim etmiş və bu fərdiliklə fəlsəfəyə
yeni nəfəs gətirmişlər. Elə müasir
dövrümüzün fəlsəfəsində öz
sözünü demiş alim, akademiyanın müxbir
üzvü, fəlsəfə elmləri doktoru Könül
Bünyadzadənin illərlə apardığı tədqiqatlarının
nəticəsi olaraq yaratdığı, dünya fəlsəfəsi
tarixində bir ilk olan yeni fəlsəfi sistem - "Sufi
fenomenologiyası" kimi.
Əvvəla qeyd etmək yerinə düşərdi
ki, K.Bünyadzadənin indiyə qədər hər biri fərqli
mövzularda 15-a yaxın tədqiqat əsəri nəşr
edilib. Bu mövzulardan bəzisi ona qədər
araşdırılmış olsa da, alim öz tədqiqatlarında
əvvəlki fikirləri heç də təkrarlamamış,
sözünü demiş, baxış bucağını təqdim
etmiş, yeni, deyilməmiş fikirlər irəli
sürmüş və nəticədə, öz
versiyasını verə bilmişdir. Bu monoqrafiya isə
onların belə fövqündə duran bir əsərdir.
Çünki fəlsəfədə yeni bir sistemin, yeni istiqamətin
təməlini qoymuşdur. Məlumdur ki, hər hansı elm
sahəsində yeni söz, yeni ideya vermək alimin üzərinə
çox böyük məsuliyyət qoyur. Alim özü də
yeniliyi yaratmanın çətinliyini vurğulayaraq qeyd edir
ki, "fəlsəfədə söz demək çox çətindir.
Çünki bunun üçün özündən əvvəlki
sözləri "eşitmək", anlamaqla yanaşı, cəmiyyətə
həmin məqam, dövr üçün lazım olan
sözü də bilməlisən, yoxsa dediyin hər söz
bir məqalə, yaxşı halda kitab səhifəsindən kənara
çıxa bilməyəcək" (I c., səh 19-20).
Adından da göründüyü kimi, Sufi
fenomenologiya iki cərəyanı özündə birləşdirir.
Müəllif yeni yaratdığı sistemin tərifini belə
verir: "Sufi fenomenologiya müasir dövrün
böhranında boğulan insana düşüncə
üfüqü açmaq üçün yazılmış
bir fəlsəfədir. Bu sözlər sufi fenomenologiyanı
xarakterizə edən ilk dəqiq ifadədir" (I c, səh.
21). Alim tədqiqatının mənbəyini də əvvəlcədən
qeyd edib iki əsas istinad nöqtəsini göstərir: "Sufi
fenomenologiyada termin olaraq eydos Hüsserl fəlsəfəsinə
istinad edir, ona yüklənən məna isə İslamdan,
daha fəqiq desək, sufizmdən qaynaqlanır" (I c., səh
35).
Kitab eydos üzərində qurulmuş, bir-birinə zəncirvarı
bağlanmış eygoslar sistemini təşkil edir. Eydos -
nöqtədir. Yaradılışda hər şey nöqtədən
başlanır. Yazacağımız sözün ilk hərfini
nöqtə qoyaraq, çəkəcəyimiz düz xətti
nöqtə qoyaraq, gedəcəyimiz yolun istiqamətini
nöqtə qoyaraq başlayırıq istənilən işə.
Və bütün hallarda bu kiçik nöqtə
böyük ideyaya, böyük hərəkətverici qüvvəyə
çevrilərək insan həyatında böyük hadisələrə,
dönüşlərə, uğurlara, elmi-texniki inqilablara səbəb
olur...
Eydos - nöqtə, eydos - ideya, eydos - şüur, eydos
- ağıl və bütün bunlar eydosda birləşmişdir.
Eydos - həm də həqiqətdir. Eydosun - həqiqətin
irrasionallıq (burada: mücərrədlik, din, irfani elm,
görünməyən) və rasionallıqda (burada: elm, dəqiq
olan, konkretlik) vəhdətinin sistemli və müqayisəli
şəkildə araşdırılıb əsaslandırılması
tədqiqatın canını, ruhunu təşkil edir. Bu zaman
insan faktoru önə çıxır və "sufi
fenomenologiyada eydos və eydedik strukturların dərki vasitəsilə
insan universal vəhdətin bir zərrəsi olduğunu dərk
edir" (I c., səh. 74).
İrrasional və rasional biliklər əsasında
verilən iddiaların dəqiq və əsaslı olması tədqiqatın
diqqət çəkən cəhətidir. Bunun da səbəbi
alimin həm dini-irfani, həm də dünyəvi biliklərə
(xüsusən də fizikaya) dərindən vaqif olması, həmçinin
mənbələri orijinal dillərdə oxumasıdır ki,
kitabın uğurlu alınmasının ilk və vacib şərtidir.
Kitabın uğurlu alınmasının ikinci səbəbi
müəllifin həqiqətdə irrasionallığın və
rasionallığın vəhdətini Qərb və Şərq
fəlsəfəsi müstəvisində həm müqayisəli,
həm də müştərək
araşdırmasıdır. Bu da filosofun öz mövqeyinə
həddən artıq obyektiv və məsuliyyətlə
yanaşmasıdır. Ta qədim tarixdən başlayaraq
günümüzüdək Şərq və Qərb mütəfəkkirlərindən
verilən istinadlar bu monoqrafiyanın dəyərini bir qədər
də artırır. Hər iki fəlsəfəni
araşdıran müəllif bu qənaətə gəlir ki,
"hər ikisində ümumi olan bir proses müşahidə
olunur: elmin yalnız rasional biliklərə istinad etdiyini qəbul
edərək insanın fiziki və ruhani imkanları birləşdirilmir"
(I c, 87).
Kitabın maraq doğuran daha bir xüsusiyyəti elmi və
fəlsəfi istilahların bol-bol işlənməsinə
baxmayaraq, dilinin aydın, rəvan, hamı üçün
anlaşıqlı, oxunaqlı olmasıdır. Çərçivəvari
verilmiş mülahizələrdə oxucunun özünün
də qeyri-ixtiyari bu mülahizələrə qoşularaq müəlliflə
bərabər fikir yürütmək, onunla düşüncələrini
bölüşmək hissini keçirməsi filosofun tədqiqat
boyu yenə də insan faktorunu vacibliyini
vurğulamağından irəli gəlir. "Nüvə və
mümkün eydosdan başqa, bütün varlıqların
strukturuna daxil olmayan, ancaq onunla bərabər var olan ruh və
zaman eydosları mövcuddur. Onların mahiyyətini tanıyan
və bundan istifadə edən tək varlıq insandır"
(II c., səh. 53).
Kitabın təkcə alimlər üçün
deyil, pedaqoji sahədə çalışan, böyüyən
nəslin təlim-tərbiyəsi ilə məşğul olan
müəllimlər üçün də nəzəri cəhətdən
bir əyanı vəsait kimi əhəmiyyəti çoxdur.
Çünki müasir təhsil sistemində pedaqoji işin təşkilinə
verilən tələblərin məhz bilik və bacarıqlar
üzərində qurulmasını nəzərə alsaq,
kitabda bu tələblərin insan təbiətindəki və
cəmiyyətdəki roluna dair kifayət qədər nümunələrin
yer aldığı görünür. Məsələn,
"elmi sistemin qurulmasında yalnız rasional, insan tərəfindən
artıq dərk edilmiş və buna görə də
ümumiləşmiş biliklərdən istifadə olunur. Bu
biliklərin təməlində isə həm də irrasional
üsulla qazanılan həqiqətlər durur. Başqa
sözlə desək, həqiqətləri mənimsəmək
üçün şüur həm fiziki korrelyatlardan, həm
də ruhun köməyindən istifadə etməlidir. Hər
iki metod paralel, ya da bir-birini tamamlayarsa, elm inkişaf edər və
insanlığa xidmət edər" (I c., səh. 85).
K.Bünyadzadə sufi fenomenologiyanı yaratmaqla kifayətlənməmiş,
həmçinin onun metodologiyasını da sistemli şəkildə
hazırlamışdır. Yəni bundan sonra bu istiqamətdə
tədqiqatlar aparacaq tədqiqatçılar üçün
də sufi fenomenologiyanın metodoloji sistemini, onların yolunu
müəyyənləşdirəcək bir proqramı
vermişdir.
Həqiqət axtarışına çıxan və
"yeni dövrün əsasını qoyan Dekart həqiqəti
dərk etmək üçün müxtəlif elmləri
öyrəndiyini, lakin yenə də ona lazım olan elmi
tapmadığını bildirir" (I c., səh 20). Amma bunun əksi
olaraq, "Sufi fenomenologiya"nı oxuyan, onu dərk edən
hər bir oxucuda kitabın müəllifinin hədəfinə
çatdığına inam hissi özünü büruzə
verir. Belə güclü məna tutumlu tədqiqatın tezliklə
dünya fəlsəfəsində çox böyük
marağa səbəb olacağına və yeni-yeni tədqiqatlara
yol açacağına inanırıq.
Şəhla MƏCİDOVA
Filologiya üzrə fəlsəfə doktoru