Laçın təbiətli,
Laçın sevdalı şair
70 İLLİYİ DOĞMA YURDDA QEYD OLUNAN NAZİM
ƏHMƏDLİ LAÇINDAKI MÖHTƏŞƏM QURUCULUQ
İŞLƏRİNİ BÖYÜK FƏRƏHLƏ SEYR
EDİB
Tanınmış şair, nasir, publisist, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Birliyin Bədii Ədəbiyyatı Təbliğ
Bürosunun direktoru Nazim Əhmədlinin bu günlərdə
70 yaşı tamam olub. N.Əhmədli 70 illik yubileyini
doğma Laçında qeyd edib. Şairin yubiley tədbiri Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin təşkilatçılığı ilə
baş tutub. Elm, ədəbiyyat və incəsənət
xadimlərinin iştirakı ilə keçirilən tədbirdə
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, şair-publisist
Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin
Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu,
"İmza" nəşrlər evinin dirüktoru Səbuhi
Aslanov, AMEA-nın əməkdaşı, filologiya elmləri
doktoru Esmira Fuad və Bakı dövlət Univesitetinin müəllimləri
Ələmdar Şahverdiyev və Ələmdar Cabbarlı
iştirak ediblər. Şair deyir ki, otuz iki ildən sonra bir
ilk olaraq yubileyini doğma yurdu Laçında qeyd etdiyi
üçün özünü dünyanın ən xoşbəxt
insanı sayır: "Laçın rayonunun ərazisi yüz
illərlə erməni işğalçılarının
hücumlarına məruz qalmış, lakin igid
babalarımız hər zaman onların hücumunu dəf
etmiş və onları Laçının ərazisindən
qovub çıxartmışdılar. Lakin 1988-ci ildən
başlayan ictimai-siyasi hadisələr vaxtı Azərbaycanda
baş verən daxili çəkişmələrdən
istifadə edən ermənilər rus ordusunun köməyi ilə
1992-ci ilin mayında Laçın rayonunu işğal etdilər.
Şükürlər olsun ki, möhtərəm Prezidentimiz,
Müzəffər Ali Baş Komandanımız İlham
Əliyevin siyasi iradəsi, müdrikliyi, şanlı ordumuzun,
Vətən uğrunda canını qurban verən şəhidlərimizin,
qazilərimizin şücaəti, sayəsində
Laçın, Şuşa və cümlə
Qarabağımız işğaldan azad olundu. 30 ildir ki, ürəyimizi
qubar edən vətən, torpaq, yurd - Laçın həsrətinə
son qoyuldu. Bu gün Laçın, doğulub boya-başa
çatdığım Əhmədli kəndi düşməndən
azaddır. Laçın rayonunun yüz iyirmi altı kəndindən biri olan Əhmədli
kəndi zəngin və maraqlı bir tarixə malikdir. Əhmədli
kəndinin ərazisində yüzdən çox təbii bulaq
var və bu bulaqların da çoxu mineral tərkiblidir.
Müxtəlif tərkibli turş sular, qaymaqlı bulaq, şor
bulaq, mədə suyu, böyrək suyu, göz suyu və sair.
Müalicə təyinatlı təbii bulaqlar kəndimizin həm
özündə, həm də yaylaq ərazilərində
çoxdur. Çox insanlar bu bulaqların suyundan şəfa tapıb.
Mədə-bağırsaq xəstəliklərinin müalicəsi
üçün istifadə olunan Mədə suyu
bulağının şöhrəti hər yana
yayılmışdı. Kəndimizə gələn qonaqlar bu
suyu şüşə qablara yığaraq aparardılar.
Əhmədlinin dağlarındakı bulaqlar o qədər
soyuq olur ki, yay aylarında belə bir dəqiqə içində
adamın əli dona bilər. Məşhur İsti su da Əhmədli
kəndi ilə Minkənd arasında yerləşir. Yaz-yay
aylarında Azərbaycanın bütün guşələrindən
insanlar oraya axışar, baxanda alaçıqlardan göz
qaralardı. Artıq iki ildir ki, bu cənnət məkan,
doğma kəndim düşməndən azad olunub. Azad
Laçında, doğma yurdumda 70 yaşımı qeyd etmək
mənə nəsib oldu. Bu, böyük xoşbəxtlik,
sevincdir. Artıq qəlbimdə yurd həsrəti, vətən
niskili daşımıram. Laçının necə gündən-günə
çiçəkləndiyini, orada aparılan quruculuq, bərpa
işlərini görüb sevinir, fərəhlənirəm".
N.Əhmədli poeziyası özünəməxsusluğu
ilə diqqət çəkir. Onun şeirləri
axıcılığı, dilinin rəvanlığı, sadəliyi
ilə seçilir. Bu sadə, aydın və axıcı bir
şəkildə qələmə alınmış şeirləri
oxucular tərəfindən çox sevilir.
"Mənim şeirlərimi oxuyanda
görürsünüz ki, heç kimi təkrarlamıram.
Şeirlərimdəki deyim tərzim yalnız özümə
məxsusdur. Mən xalq yaradıcılığından bəhrələnirəm.
Şeirlərimdə xalqın danışdığı dildə
danışmaq istəyirəm. Xalqın dilinin təfəkkür
tərzindən yaranan fikirlər, düşüncələr
olur. Həm də musiqi alətləri köklənən kimi,
şairin də ruhu köklənməsə, çətin
olar. Üslubumda, yazı tərzimdə,
yaradıcılığımda əsas xətt budur ki,
xalqın dili ilə danışmaq lazımdır. Bizim
folklorumuz, deyim tərzimiz çox qədimdir. Gözəl
dilimiz var və ona görə də o dilin imkanlarından
istifadə etmək və unudulmuş sözləri
xatırlatmaq lazımdır. Əgər sözlərimizi
unudarıqsa, dilimiz məhv ola bilər. Əgər bir
xalqın yazıçısı, şairi olmasa, onun dili məhv
olar" - deyir Nazim Əhmədli.
Nazim Şamil oğlu Əhmədli Laçın
rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi
Laçın şəhərində bitirib, 1971-74-cü illərdə
Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil
alıb. 1981-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı
ildə ali təhsilini tamamlayıb. Həmin il Azərbaycan
Yazıçılar Birliyində dəftərxana müdiri vəzifəsinə
qəbul edilib. Natəvan klubunun müdiri, Azərbaycan Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində
redaktor, ümumi şöbə müdiri vəzifələrində
çalışıb. 1993-1996-cı illərdə Azərbaycan
Ordusu sıralarında hərbi jurnalist kimi xidmət edib, sonra
Nərimanov rayonundakı Ekologiya litseyində müəllim,
özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika
fakültəsində müəllim, dekan müavini kimi əmək
fəaliyyətini davam etdirib. 2012-ci ildən qeyri hökumət
təşkilatları sektorunda
Skandinaviya ölkələri ilə Mədəni və
Elmi Əlaqələr İctimai Birliyinin sədridir. İllərdən
bəri Skandinaviya ölkələrində Azərbaycanın
tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri
və Qarabağ məsələsi ilə əlaqədar layihələri
həyata keçirir. 2015-2022-ci illərdə Azərbaycan
Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin
direktor müavini vəzifəsində işləyib. Hərbi
jurnalist kimi Qarabağ müharibəsi veteranıdır.
"525-ci qəzet"də şöbə müdiri, Azərbaycan
Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ
Bürosunun direktoru vəzifəsində fəaliyyət
göstərib. Hazırda isə ictimai əsaslarla Büronun
direktorudur. Şeirləri, hekayələri respublika mətbuatında
müntəzəm dərc olunur və rus, çeçen,
alman, ingilis, yapon dillərinə tərcümə edilib,
Türkiyə, özbək türkcələrində
işıq üzü görüb. "Bir ömür
sevgi", "Ruhum da sənin olacaq", "Sevgi
Allahı", "Mən bir günah elçisiyəm",
"Əfv eylə məni", "Mənim
generalım", "Qız təbəssümü",
"Mollaəhmədli və Mollaəhmədlilər",
"Unutduğum göy üzü", "Buludları
üstümə ört", "Bürkü" (Təbriz),
"Yenə dönüb gələcəm" (Bakı),
"Mein geliebtes fernes Meer" (Almaniya, Köln), "Stay in my
Heart" (ingiliscə, Bakı), "Gökyüzünün
adamı" (Ankara) və sair kitabların müəllifidir.
Orhan Arasın "Helenendorfun sonuncu şahidi" və
"Biz Azərbaycanı çox sevdik" kitablarını
Azərbaycan türkcəsinə uyğunlaşdırıb,
İsveç yazıçısı, Nobel mükafatı
laureatı Pyer Fabian Lagerkvistin dörd hekayəsini, yapon
yazıçısı Yukio Misimanın "Vətənpərvərlik"
hekayəsini, Aqata Kristinin, İvan Jdanovun, Sergey Qraçovun və
başqalarının yaradıcılığından
nümunələri Azərbaycan dilinə
çevirib.Türkiyə Cümhuriyyəti Uluslararası Elmlər
Akademiyasının Fəxri Doktoru seçilib və
Qırğızısatan Beynəlxalq Ədəbiyyat Fondunun
"Qızıl ürək" mükafatı ilə təltif
edilib.
Nazim Əhmədlinin sözlərinə görə,
şairi mühit yetişdiririr. Əgər
yaşadığın mühitdə səni maraqlandıran
hansısa bir fikir varsa, ədəbiyyata, şeirə, musiqiyə
maraq varsa və ondan birini seçəcəksən. İstər
nəsr, istər də nəzm olsun: "Təbii ki, hər
bir insanın daxilində fitri istedad var. Bu, onun
dünyagörüşündən formalaşan bir hissdir.
Əgər bir insanın dünyagörüşü dar
çərçivədədirsə və yaxud da hansısa
bir işlə məşğuldursa, tikinti və sair, orada
böyüyən uşaq da o sahəyə gedəcək. Fikri
oraya olacaq. Mənim ata babam Aşıq Məşədi
Dadaş şair olub və "Aşıq Qərib"
dastanını qələmə alıb. Qaçaq Nəbi
haqqında yazılan şeirlərin çoxunu Aşıq
Salman babam qələmə alıb... Atam da, anam da bədahətən
şeir deyirdilər. Atam nəfəs aləti üzrə
musiqiçi olub. Ailəmizdə üç şair var, mən,
qardaşım Vüqar Şamiloğlu və mərhum
bacım Ləman Şamilqızı. Doğulduğum
Laçın mühitində folklor çox güclü olub.
Laçından çoxlu şair və yazıçı
çıxıb. Yəni ki, əsas mühitdir. Mən
dördüncü sinifdə oxuyandan şeir yazmağa
başladım. Altıncı sinifdən şeirlərim
çap olunmağa başladı. Şuşada təhsil
aldığım illərdə də xeyli şeirlər
yazdım. Sonra Bakı mühitində şeirlərim müntəzəm
çap olunmağa başladı. Zaman içərisində bədii
təxəyyülüm formalaşdı və
axtarışlarım nəticəsində bu mərhələyə
gəldim. Bu formada şeirlərim çap olundu. Şair təxəyyülü
elədir ki, bütün gördüklərini
doğmalaşdırırsan, öz canından keçirirsən.
O hissləri yaşamasan, şeir yaza bilməzsən. Beynimdə
bütün günü söz oynayır. Nə vaxt gəldisə
yazıram, gecə-gündüz fərq etməz. Küçədə,
maşınla gedəndə belə maşını
saxlayıb, gələn misranı qeyd edirəm, sonra işləyirəm.
Məsələn, elə bu şeirim kimi:
Məni Tanrı sevirmiş,
Laçında doğulmuşam;
dağların torpağından,
suyundan yoğrulmuşam;
səhərlər oyanmışam,
qartalların qıyından;
ürəyimə pay düşüb,
Tanrının söz payından;
min ildi yol gəlirəm,
bu dünyanın heçindən;
yer üzü də asılıb,
buludların heçindən;
bulaqların gözündən,
gözümə işıq gəlib;
o tanrı dağlarından,
yollarım aşıb gəlib;
dan üzündən nur gəlir,
Günəş yuyur odamı;
mən yer üzü qonağı,
göy üzünün adamı".
Nazim Əhmədlini 70 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, şairə möhkəm
cansağlığı, fəaliyyətində yeni uğurlar
diləyirik!
Sevinc QARAYEVA