Böyük Qayıdışın yeni səhifəsi: Şuşaya yollanan köç karvanı

 

Bu günlərdə ölkə həyatında daha bir sevindirici hadisə yaşanıb. Azərbaycanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan Şuşa şəhərinə yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən - 26 (89 nəfər), Bərdə rayonundan - 3 (12 nəfər), Sumqayıt şəhərindən - 2 (10 nəfər), Ağcabədi rayonundan - 2 ailə (8 nəfər), Samux rayonundan - 2 (6 nəfər), Zaqatala rayonundan - 1 (5 nəfər), İsmayıllı rayonundan - 1 (3 nəfər), Ağdaş rayonundan - 1 ailə (3 nəfər) olmaqla ümumilikdə daha 38 ailə - 136 nəfər köçürülüb.

2020-ci il noyabrın 8-də şanlı ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən müddətdə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya qədər 101 kilometr uzunluğu olan bu yolu "Zəfər Yolu" adlandırıb.

Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır.

Prezident İlham Əliyev bildirib ki, otuz iki ildən sonra insanlar doğma Şuşaya qayıdırlar: "Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq".

Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Yeganə İbadova deyir ki, bu günlər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılmalıdır: "Bu günlər mənə yuxu kimi gəlir. Sanki qəfil gözümü açıb bu yuxudan oyanacağam kimi gəlir mənə. Sevincimizin həddi-hüdudu yoxdur. Özüm müəlliməyəm və bu illər ərzində oğullarımızın şücaəti, şəhadəti barədə, Qarabağ həqiqətləri barədə şagirdlərimə məlumat çatdırmışam. Bizim o tarix öyrətdiyimiz uşaqlar, şagirdlər özləri tarix yazdılar, bizim 30 illik həsrətimizə son qoydular. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Millət vəkili Rauf Əliyevin sözlərinə görə, son 20 ildə vətənpərvər ruhda böyüyən və formalaşan oğullarımız olmasaydı, bu qələbəni qazanmaq mümkünsüz olardı. Məhz bu qələbənin təməli onların qəhrəmanlığı, igidliyi və şücaəti sayəsində olmuşdur. Bu gün bütün dünyada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət, cəsarət və vətənpərvərlik ruhundan danışılır. Bu da dövlət və millət olaraq hər birimiz üçün qürur, fəxr, sevinc mənbəyimizdir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı rəşadətli, müzəffər ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi.

O bildirib ki, Şuşa şəhəri öz əvvəlki tarixi memarlıq görkəmini saxlamaqla bərabər, ən müasir formada yenidən qurulur. Şuşada yeni yaşayış kompleksləri inşa edilir, ermənilərin təhqir etdiyi məscidlərimiz bərpa edilərək təmir olunur. Doğma ata-baba yurdlarına qayıdan Şuşa sakinlərinin məşğulluq məsələləridə öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir.

Şuşa sakini Nazimə Məhərrəmovanın dediyinə görə, Şuşa onun üçün həm də cavanlığının əziz xatirəsidir: "O yollarla gedəndə uşaqlığıma, gəncliyimə, övladlarımın əlindən tutub məktəbə apardığım günlərə geri qayıdıram. Şuşanın hər cığırından xatirələrimiz boylanır. Biz illərdir o xatirələrə geri qayıdaraq həmin anları bir də yaşayacağımız günü gözləmişik. Nə qədər doğmamız bu ümidlə həyatını itirib. Amma mən inanıram ki, biz onları burada dəfn etsək də, ruhları Şuşada dolaşır. Çünki biz bütün ruhumuzla öz torpağımıza bağlıyıq. Bir gün belə Şuşaya qayıtmaq ümidimizi itirmədik. Bəlkə də buna görə Şuşanı, hər kəsin alınmaz adlandırdığı Şuşanı biz geri ala bildik. Azərbaycanın mərd oğulları Şuşanı düşməndən geri aldı. Şuşanı mayın 8-də itirdik. Bu böyük itki idi bizim üçün. Əgər qüvvələr bərabər olsaydı, bəlkə də biz Şuşanı düşmənə verməzdik. Amma o dövrdə Şuşanı indiki kimi nizami ordu yox, könüllü dəstələr müdafiə edirdi. Biz bacardığımızı edirdik, amma Şuşanı qoruya bilmədik. Düz 30 ildən sonra Azərbaycanın igid oğlanları hərb tarixinə öz adlarını qızıl hərflərlə yazdırdılar. Şuşanı qayalara dırmaşaraq, o yerlərə bələd olmaya-olmaya əlbəyaxa döyüşlə aldılar. Belə bir döyüş hərb tarixində görülməmişdi. Onlar qayalarla dırmaşaraq düşmənin canına vəlvələ saldılar. Biz qəhrəman oğlanlarımızla qürur duyuruq".

Millət vəkili Kamilə Əliyevanın sözlərinə əsasən, Şuşa bütün azərbaycanlıların qürur mənbəyi, mədəniyyət paytaxtıdır: "Şuşa həm də türk və islam dünyası üçün əziz şəhərdir. Ona görə də Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi xalqımızın ləyaqətinin özünə qaytarılması və müharibədə zəfərimizin təntənəsi idi. Şuşanı işğaldan azad edən mərd oğullarımız dünya hərb tarixinə yazılan böyük igidlik göstəriblər. Ümumiyyətlə Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində xalqımızın sarsılmaz ruhunu və əzəmətini nümayiş etdirib".

Millət vəkili deyib ki, Şuşa şəhəri öz əvvəlki tarixi görkəmini saxlamaqla ən müasir formada yenidən qurulur: "Yeni yaşayış kompleksləri inşa edilir, ermənilərin təhqir etdiyi məscidlərimiz bərpa və ya təmir olunur. Doğma yurda qayıdan sakinlərin məşğulluq məsələsi öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu, Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının nümunəsidir".

Millət vəkili Elman Məmmədov bildirib ki, Vətən müharibəsi qələbə ilə başa çatandan sonra ermənilər Şuşadan işğalçı kimi qovuldular: "Artıq Azərbaycanımızın tarixi şəhəri, mədəniyyət mərkəzi, Qarabağ Xanlığının mərkəzi olan Şuşa şəhərində biz yaşayırıq. Orada ən gözəl, yüksək səviyyəli tədbirlərimizi keçiririk. Tədbirlərin ən gözəli, əzəmətlisi, təntənəlisi şuşalıların öz doğma yurd-yuvalarına qayıdışıdır".

 

Sevinc QARAYEVA

525-ci qəzet.-  2024.- 18 may,№87.- S.23.