Fərz et ki, sən yoxsan...  

 

 

Arter ilk dəfə xüsusi kolleksiya sərgisi açıb. Əslində açılış 19 yanvarda olub, sadəcə mən ziyarət üçün bir az gecikmişdim. Eybi yox, "ziyanın yarısından qayıtmaq da xeyirdir" deyib muzeyə üz tutdum. Kuratoru Selen Ansen olan "Fərz et ki, sən yoxsan" sərgisinin adı Ömər Xəyyamın ömrün müvəqqəti, azadlığın dəyərli, dünyanın zalım, sonun heçlik olduğundan bəhs etdiyi şeirindəki misrasından seçilib:

 

Şad ol, ömrü vurma kədərlə başa,

Bu Zalım dünyada sən adil yaşa.

İndi ki dünyanın sonu yoxluqdur.

Fərz et yoxsan, ömrü azad vur başa

 

- deyən Ömər Xəyyamın adına və misrasına layiq şəkildə tərtib edilən sərgi, insanda ən əvvəl minnətdarlıq hissi oyandırır. Kim bilir neçənci dəfə Ömər Xəyyamın yaradıcılığının, düşüncələrinin qarşısında bir ovuc olduğunu anlayırsan. Bir misra altında yüzlərlə əsərin toplanmasıdır insanı bu fikirlərə vadar edən. Hətta ziyarət zamanı sənə elə gəlir ki, bir dənizdə, bir okeanda, hətta bir ümmanda üzürsən və zənn edirsən ki, sonu gəlməyəcək, çünki burada kəşf edəcək, tanış olacaq, üzərində düşünəcək ciddi bir dərinlik var.

Dörd yüz sənətçi, altı yüzə yaxın əsər

Arter Muzeyinin üç və dördüncü mərtəbəsindəki sərgidə 400 sənətçidən 600-ə yaxın əsər nümayiş etdirilir. Ötən şənbə çap edilən sayımızdakı yazdığım yazıda da qeyd etmişdim, əgər İstanbulda görkəmli modern muzey binası inşa edilirsə, insanları tilsimləyən sərgi təşkil edilirsə, həmin işlərin altında Ömər Koçun imzası var. Doğrudur, "Fərz et ki, sən yoxsan" sərgisinin baş qəhrəmanı Koçdur. Çünki sərgilənən 600 əsərin hamısı Ömər bəyin şəxsi kolleksiyasındandır.

Bu başgicəlləndirici məlumatı öyrənəndə heyrətləndim. Öz-özümə düşündüm ki, necə ola bilər, bu qədər əsərdən üçü, lap ikisi, yaxşı ikisini də qoyaq kənara, heç olmasa biri insanda maraq oyatmasın?! Hal belə olunca, hər kəsin zövqünü ortaq nöqtədə birləşdirən kolleksionerin beynini və nə qədər üstün xüsusiyyətlər daşıdığını düşünürsən. Çünki belə bir qabiliyyət sadəcə sənətsevərliklə başa gələcək iş deyil.

Koleksioner əsərlərlə bağlantı içərisində mücərrəd bir kimlik qazanaraq var olduğu dünyanı, nəsnələri kökündən ayırıb, orijinallığını, özünəməxsusluğunu yeni bir konteksdə təqdim edərək, həm həqiqi, həm də qurğu dolu bir təcrübənin qapısını aralayır. Sən isə həmin qapıdan içəri boylananda başqa vaxt görməzlikdən gəldiyin, hətta görmədiyin, önündən ötüb keçdiyin, lazımsız, mənasız hesab etdiyin nəsnələr üzərində düşünməyi və əslində onların necə böyük mənalar daşıdığını çaşğınlıqla fərq edirsən.

Bonapartdan Atatürkə qədər...

Sərgidə Yücəl Arslan, Halə Asaf, Albrecht Dürer, George Hugnet, Nejat Devrim, Necla Rüzgar kimi sənətçilərlə bərabər, ümumilikdə 600-ə yaxın sənətçinin içində "Anonim" əsərlər də mövcuddur. Bundan əlavə Nazım Hikmət, Mustafa Kamal Atatürk, Şarl Bodler, Oskar Vayld, Marcel Prust kimi adların əl yazmaları ilə bərabər, Napoleon Bonapart, Fridrix Nitsşe, Paulo Coelho, Mariya Antuanettanın də aforizmləri mövcuddur. Selen Ansenin iki ildən artıq müddətdə hazırladığı sərgidə tablo, nəsnə, mebel, kitab, heykəl, hətta müxtəlif sənədlər var. İnsanlara bu əsərlərin arasında bir-biriləri ilə necə bağlantılı olacağı qəribə gələ bilər, ancaq ziyarət edərkən bütün əsərlərin bir-biriləri ilə yaratdığı ahəng, yaxınlıq sərgini görmədən əvvəl beyində yaranmış qəribəliyi yerindəcə çürüdür.

Bütünlük...

Döşəmədən tavana qədər gözlər önünə sərilən əsərlər insanı valeh edir. Çünki sərgidə ən xırda boşluğa belə yer verilməyib. Keçmişə və bu günə aid əsərlər birləşərək sanki böyük bir ittifaq qurublar. Yaşadığın əsrdə, ildə, ayda və anda qalaraq başqa aləmə keçid etmək kimi bir hissə qərq edir insanı. Hətta arada sənə elə gəlir ki, bu dilsiz nəsnələrin hamısı bir-biri ilə dialoq halındadırlar. Bəzən isə fikirləşirsən ki, kolleksioner ucsuz-bucaqsız dünyanı bir qutuya sığdırmaq təlaşı ilə çalışıb, həm də bunun mümkünsüz olduğunu gözardı edərək. Kolleksiya sonsuzluqları və anilikləri, zirvələri və uçurumları, uzaqları və yaxınları, başımızın üzərindəki göy üzünü və ayaqlarımızı basdığımız torpağı, yüksəlişləri və enişləri, gözəllikləri və çirkinlikləri, svilizasiyaların qalıqlarını və günün qırıntılarını, bədəni və ruhu, istifadə edilməyən unudulmuş sözləri, ağlımızı başımızdan alanı və yerə çaxanı, qorxunu və vecsizliyi, xoş gələni və iyrəndirəni, sonsuza qədər itiriləni və hərlənib fırlanıb geri qayıdanı qarşılaşdırır. Onda anlayırsan, həqiqətən də, hər şey ziddi ilə ayaqdadır, hər şey ziddi ilə var, hər şey ziddi ilə mövcuddur. Platonun dediyi kimi, "bənzərin bənzərə heç bir faydası yoxdur".

Ömər Koç, inşa etdiyi bu miniatür aləmin içərisinə, qaçılmaz sonu, ölüm gerçəyini yerləşdirib. Kolleksionerə haqq verirsən, həqiqətən yaşanan hər həyatın öz sonuna doğru getdiyi dəqiq olmasaydı, nə ölümsüzlük xəyalları olardı, nə əl çatmazlıqlar, nə də onları əldə etmək arzusu.

Ziyarətin sürprizi

Fürsətdən istifadə edərək, sərginin kuratoru Selen Ansen ilə ayaqüstü söhbət etdik. Məlum oldu ki, bu sərginin planı Arter Muzeyinin İstiqlal caddəsində fəaliyyət göstərdiyi vaxtlarda qurulub. İllər ərzində formalaşan bu qiymətli fikir, Dolapdərədəki yeni binaya köçdükdən sonra daha da dərinləşib. Bu müddətdə ərzində sərginin hədəfi kolleksiyanı toplamaq və kolleksiyanı necə tərtib etmək olub. Bu sərginin digər bütün sərgilərdən fərqi həm zamandır, həm də fəlsəfi bir ideyadan yola çıxılmağıdır. Kurator əsərlərlə bağlantı qurmaq üçün uzun müddət onlarla eyni yerdə vaxt keçirib. Bu harmoniya öncə kağız üzərində qurulub. Maraqlar filtirdən keçirilib, kateqoriyalar müəyyənləşdirilib, bütünlük hissi əldə ediləndən, əlavələr və ələmələr edildikdən sonra, necə deyərlər, yüz ölçüb, bir biçməyin nəticəsi olaraq bu əsrarəngizlik ərsəyə gəlib. Yaxşı ki, gəlib!

Yeri gəlmişkən, sərgini gəzmək üçün minimum üç saat lazımdır. Məkana yeni bir ruh qazandıran 600-ə yaxın əsərlərin dərinliyinə şahid üçün 29 dekabr 2024-cü ilə qədər şans var.

Bir sərgi, bir kitab

"Fərz et ki, sən yoxsan" sərgisi çərçivəsində eyni adı daşıyan kitab da çap edilib. Kitabda, sərginin ərsəyə gəlmə ərəfəsində baş verən hadisələr, macəralar, fikirlər, ideyalardan da bəhs edilib. Bu kitab kolleksiyaya daha yaxından bələd olmağa, ən xırda ayrıntısına qədər düşünməyə vadar edir. Eyni zamanda sərginin kuratoru Selen Ansenin "Bir qapı; ya açıq, ya qapalı" başlıqlı məqaləsi ilə oxucuları salamlayan kitab, sənət tarixçisi Klaudiya Suanın sənətin tarixinə və "sehrli qutu" olaraq bilinən xüsusi kolleksionerliyə köklənən "Gözəlliklər diyarı" adlı yazısı ilə, yazıçı Cana Bostanın kolleksiya toplama praktikasından bəhs edən yazısı ilə kitabdakı yerini tutur. Dizaynı Yeşim Dəmirin olan kitabda Orxan Cem Çətin, Hadiyə Cangökçə tərəfindən çəkilən fotolar da yer alır.

"Fərz et ki, sən yoxsan" adlı möhtəşəm sərgi beynimdə Ömər Xəyyamın ömür müvəqqəti, azadlıq dəyərli, dünya zalım, sonrası heçlik fikirləri və Ömər Koçun sənətə sonsuz sayğısı ilə qaldı.

 

Türkan TURAN

525-ci qəzet.-  2024.- 18 may,№87.- S.21.