MİSMARLA AĞAC QABIĞINA YAZILANLAR  

 

O vaxt cavan olsa da, dost-tanışlarının sadəcə sayı çox deyildi, dairəsi də xeyli geniş idi. Moskva və Leninqrad həyatı, ədəbi dairələrə daim can atması, Böyük Sovet və Ədəbiyyat ensiklopediyaları ilə əlaqələri, rəsmi sənədlərin tərcüməçiliyi ilə məşğul olması onu ictimai-siyasi gedişata da yaxınlaşdırmışdı. Ona görə repressiya dəhşətlərini təsvir edən Ədəbi İttihamnaməsində yalnız öz macəraları deyil, dövrün burulğanlarına uğramış bir çox başqalarının da pərişan sərgüzəştləri əks olunmaqdadır.

Bu kədərli qatarda Serqo Orconikidze və onun nəslindən Əkrəm müəllimin tanıdığı insanlar da var, şəxsən bələd olduğu Avel Yenukidze (1877-1937) də, tələbə yoldaşı Andrey Şavişvili də. Əkrəm Cəfər buna da diqqət yönəldir ki, kod adı "Stalin, stalinizm" olan siyasi repressiyalar dövlət siyasəti olaraq istisnasız bütün sovet xalqlarına qarşı yönəlmişdi. Amma söz yox ki, bu əsnada əlində imkan olan qatillər fürsətdən istifadə edərək şəxsi intiqamlarını da alırdılar. NKVD-yə daraşmış ermənilərin bizdə - millətimizin seçmə övladlarına etdikləri kimi, ya Mircəfər Bağırovun onsuz da insan üyütməkdə pərgar olan sovet cəza ətçəkəninin yaratdığı girəvədən yararlanaraq bir silsilə öz şəxsi düşmənlərini xüsusi qəddarlıqla aradan götürməsi kimi. Stalin gürcü idi, amma eyni müdhiş zülm gürcülərin də başına gətirilmişdi. Sürgün yoldaşlarından birinin onunla dərdləşməsini də Əkrəm Cəfər "Cəlladnamə"sində əks etdirir:

 

Orconikidzenin ailəsindən

Bir müəllim mənə ah çəkib dedi:

"Qırdı nəslimizi Cuqaş, nəhayət,

Serqonun da başın o timsah yedi".

Bu Koba, bu kobra Cuqaşvilidə

Doğma xalqına da məhəbbət yoxdu.

Özgələri qırdı, bu, öz yerində,

Gürcü xalqına da qan uddururdu.

 

Örnək olaraq Əkrəm Cəfər Avel Yenukidzeni də xatırladır və mühüm bir məqamı da qabardır. Məhvetmələrin bütün digər səbəblərinin üstünə gələn, hərdənsə lap elə birinci yerdə dayanan qısqanclıq, rəqib kimi baxmaq, özündən hansı cəhətləriyləsə üstün görünəni heç vəchlə həzm edə bilməmək.

 

Nədən məhv edildi bəs Yenukidze?

Avel Yenukidze vuruldu neçin?

Hansı cinayətin sahibiydi o,

Nə oldu təqsiri o bolşevikin?

 

Bu görkəmli xadim, bu inqilabçı

Məhbəslər, sürgünlər, Sibirlər görmüş,

Bu mətin leninçi, dönməz, mübariz

On dəfə dirilmiş, on dəfə ölmüş.

 

Bakı fəhləsinin yaxın dostunu

Tutub birdən-birə elədilər yox.

Çünki inqilabi fəaliyyəti

Cuqaşdan qabaqda, Cuqaşdan da çox.

 

Avel Yenukidzenin inqilabçılıq yolunun başlanğıc illəri daha çox Bakı ilə bağlı olmuşdu. Onu dindirən müstəntiqlərə Yenukidze həbsinin əsl səbəbini açmışdı ki, Stalin Kamenev və Zinovyevi mühakimə edib güllələtmək istəyəndə mən onu bu fikrindən daşındırmağa çalışdım. Dedim ki, Soso, mübahisə eləmirəm, onların sənə ziyanı dəyib, amma buna görə artıq kifayət qədər kötək yeyiblər, onları partiyadan çıxarmısan, həbsdə saxlayırsan, uşaqları acdır, onlar da sənin-mənim kimi köhnə bolşeviklərdir, onların qanını tökmə! O mənə elə zəhmlə baxdı ki, elə bil doğma atasını öldürmüşəm. Qayıtdı ki, Avel, yadda saxla, kim mənimlə deyilsə, mənim əleyhimədir.

Yenukidzeni həbs edərək onun boynuna vətənə xəyanət və casusluq ittihamını qoyurlar, lap ikrahedici alınsın deyə onu həm də azyaşlı qız uşaqlarına cinsi təcavüz etməkdə günahlandırırlar.

Stalinin belə amansızlıqla davrandığı Yenukidze onun həyat yoldaşı Nadejda Alliluyevanın xaç atası olmuşdu. Avel Bakı proletariatı ilə sıx bağlı idi, çalışdığı Tiflis dəmir yolu idarəsindən ilk dəfə 1898-ci ildə Bakıdakı dəmir yolu deposunda işləməyə gələn Yenukidzenin inqilabi fəaliyyəti sonralar daha çox elə buralarla bağlı oldu, Azərbaycanda da "Abdul" adı ilə tanındı, bu həm də oldu onun partiya ləqəbi. XX əsrin əvvəllərindəki hər növbəti sürgünü və həbsindən qurtulunca təzədən Bakıya qayıdır, burada yolunu davam etdirirdi.

Sonralar Kremldə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsinədək yüksələn Yenukidzeni, "Pravda" qəzetinin 1937-ci ilin 20 dekabr sayındakı yazısına görə, guya 4 gün əvvəl güllələmişdilər. Lakin danılmaz sübutlar qalır ki, əslində bu qətlə artıq avqustda əncam çəkilibmiş.

"Cəlladnamə"sinin bu hissəsinə ilk yazdığından 40 ildən də çox keçərkən Əkrəm Cəfər bir də qayıtmışdı. Hirs həmin hirs idi, soyumurdu və qayıdışının səbəbi o idi ki, azərbaycanca "Kommunist" qəzetinin 1987-ci il 14 may nömrəsində Avel Yenukidzenin 110 illiyi münasibətilə dərc edilmiş "Xalqın mübariz oğlu" sərlövhəli məqaləni oxumuşdu, repressiya zərərdidələrinə xas səbirsizliklə yaddaş təzədən qövr eləmişdi və həmin məqalənin müəllifi Cənnət İslamzadəyə ünvanladığı "Yenukidzenin edamı" adlı ayrıca şeir yazmış, sonra bunu da poemasının uyğun səhifələrinin arasına qoymuşdu.

Əkrəm Cəfər bu şeiri qələmə alanda artıq Sovet İttifaqında başqa küləklər əsirdi, Kreml səviyyəsində aşkarlıq siyasəti elan edilmiş və Xruşşovun Stalin və Beriyanın aradan götürülməsindən sonra başlatdığı yumşalma dövründən də açıq və miqyaslı şəkildə dünən təftiş edilir, gizli qalan çox mətləblər söylənir, yazılırdı. Əkrəm Cəfəri isə təmin etməyən hətta indi də yarımhəqiqətlə kifayətlənmək təşəbbüsləri idi.

Əvvəlcə nə yazıldığını bilməkçün qəzetin həmin sayını açıram.

Həbsi, güllələnməsi, adının ləkələnməsi haqqında bircə cümlə belə yoxdur. Həm də o vaxtda ki, nəinki qəzet-jurnallarda ayrı-ayrı yazıçılar, ictimai xadimlər sovetin iç üzünü açan sərt məqalələr yazırdılar, hətta Kreml, sovet dövlətinin liderləri, Siyasi Büro səviyyəsində onillərcə aparılmış sadəcə qəbahətli deyil, cinayətli siyasət hər növbəti gündə daha açıq, yerli-yataqlı faş edilirdi.

 Partiya Tarixi İnstitutunun elmi işçisinin məqaləsində isə ən sonda Yenukidzenin xidmətləri sadalanır və belə yekun vurulurdu: "Mətin inqilabçının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır".

Odur ki, Əkrəm Cəfərin belə əcaib süst düşüncəyə, ətrafda baş verənlərdən bixəbərmiş kimi laqeyd yanaşmaya heyrətlənməyə də, hiddətlənməyə də haqqı vardı. Axı o, bu adamı başqaları kimi kitabdan, qəzetdən, başqalarının danışdıqlarından tanımırdı, ona Moskvada çalışdığı zamanlardan şəxsən bələd idi:

 

Bu gün çox sərt baxır üzümə qəzet,

Mən də sərt baxıram qəzetə yaman.

Neçin həqiqəti gizlədir bizdən,

Partiya aşkarlıq istəyən zaman?

 

Otuz yeddincinin oktyabrıydı,

Moskva Millətlər İnstitutunda

İşlədiyim zaman iclasda onu

"Xalq düşməni", "satqın" etdilər orda.

 

Kreml komendantı Avel o vaxtlar

Altmışını keçmiş yaşlı bir gürcü.

Böhtana baxın ki, guya yüz on dörd

Xarici qızlara çatıbmış gücü.

 

Həm erkək, həm dişi meymunlar durub

Görmədən-bilmədən: "Ölsün!" dedilər,

Leninin bu sadiq silahdaşını,

Bu mərd kommunisti güllələdilər.

 

Və özünün həbsi hələ xeyli uzaqda olan cavan alim Əkrəm Cəfər həmin riyakar ifşanın canlı şahidiydi, həmin günlərdə qara-qışqırıqlı iclasdakı evyıxıcı üsluba tən gələn və mətbuatda dərc edilənləri də oxumuşdu. İndi büsbütün ayrı bir zamanda - yenə partiyanın baş qəzetində tam əksini deyən məqaləni görəndə bir tərəfdən niyə indi də çox gerçəklər barədə susulduğuna təəccüblənir, digər yandan da istehza edirdi ki, axı o da, bu da eyni dövlətdir, sifət necə dəyişərmiş, söz necə tərsinə dönərmiş!

 

Qaranı o zaman "Pravda" yazdı,

Ağı da bu zaman "Kommunist" yazır.

Hansına inanaq biz, Cənnət xanım,

Hansına inansın xalqımız yazıq?!

 

Həmin dövrdə Əkrəm Cəfər yenə "Kommunist"də dərc edilmiş bir başqa məqalə ilə bağlı da şeir-məktub yazmış, bunu da sonra "Cəlladnamə"sinin köhnə mətninə əlavə etmişdi.

17 yaşından bolşeviklər partiyası sıralarına daxil olmuş, seçmiş olduğu siyasi yola o vaxtdan ömrünün sonunacan sədaqəti şübhə doğurmayan Sultan Məcid Əfəndiyevin (1887-1938) hörməti, siyasi nüfuzu yüksək olmuşdu. O, Məhəmməd Əmin Rəsulzadə ilə də, Nəriman Nərimanovla da, Vladimir Leninin qardaşı Dimitri ilə də sıx dostluq münasibətləri saxlamış, siyasi mübarizələri ilə bərabər, XX yüzilin ilk onilliklərində Azərbaycan dili, Azərbaycan teatrı, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı çalışanların öndə gedənlərindən olmuş, usta qələmli publisist kimi tanınmış, Azərbaycanın sovetləşməsindən sonrakı illərdə həmişə yüksək vəzifələr tutaraq 1931-ci ildən ta həbsindən az əvvələdək respublikanın əsas rəhbərlərindən biri kimi Mərkəzi İcraiyyə Komitəsinin sədri işləmişdi. Onun trotskiçi kimi tutulmasına hazırlıq ərəfəsində vəzifəsindən kənarlaşdırıb Bakıdakı 3 saylı xəstəxanaya baş həkim göndərirlər, elə lap azacıq sonra oradan da zindana atırlar. Sultan Məcidin dindirmələrinin qəliz işgəncələrlə müşayiət edilməsini xatirələr də, elə istintaq materiallarındakı ört-basdır edilməsi çətin izlər də təsdiqləməkdədir. O çağlar NKVD zirzəmilərindəki işgəncə kameralarında dustaqları döyməkdə ad çıxarmış "Boksçu" ləqəbli Musatovu qısqırdırlarmış Sultan Məcidin üstünə ki, qondarma mətnli dindirmə protokollarına qol çəksin, ona sırınan böhtanları boynuna götürsün. Müqavimət göstərən, ram olmaq istəməyən ağsaqqal kişini saatlarca şüşə qırıntıları üstündə otuzdururlarmış. 1937-ci ildə həbs edilmişdi, 1938-ci il aprelin 21-də güllələnir.

Həyat yoldaşı Zivər xanım da Sultan Məcidin güllələnməsindən sonra sürgünə göndərilibmiş və illər sonra müdhiş günlər haqda xatirələrini də qələmə almışdı. Yazırdı ki, "onunla dindirmələri hərdən Mircəfər özü aparırmış, göstəriş veribmiş ki, döyülüb-döyülüb huşunu itirəndən sonra başına soyuq su tökün ki, ayılsın, sonra yenidən başlayın çırpmağa".

Açıram "Kommunist"in 1987-ci il 4 iyun nömrəsində "Nəsillərə nümunə" rubrikası altında dərc edilmiş, Əkrəm Cəfəri çox narazı salmış "Nəsillərə nümunə" adlı yazını. Birinci səhifədə yerləşdirilmiş həmin məqaləni oxuyan adam yaxın tariximizin qanlı səhifələrindən bixəbər olsa, elə zənn edər ki, Sultan Məcid Əfəndiyev firavan, rahat ömür sürüb, elə o sayaq də rahatca, adi Allah bəndələrindən biri kimi həyatını başa vurub. Məqalə müəllifi, tarix elmləri namizədi Məcid Katibli "Kommunist"dəki bu məqaləsindən 20 il əvvəl, yəni 1967-ci ildə Əkrəm Cəfərin işlədiyi Şərqşünaslıq İnstitutunda elə həmin Sultan Məcid haqda məruzə edibmiş, Əkrəm də ayağa qalxaraq bir para suallarını veribmiş. 1967-də, doğrudur, çoxdan idi ki, Sultan Məcid bəraət almışdı, üstündən "xalq düşməni" damğası götürülmüşdü və onun repressiya qurbanı olduğunu ən azı dilucu da olsa söyləmək mümkün idi. Ancaq 1987-də dünya artıq başqa dünya idi, yazmanın, demənin sərbəstlik üfüqləri xeyli genişlənmişdi.

Əkrəmin yaddaşı maqnitofon kimi idi. Bir dəfə eşitdiyini hafizəsindən buraxmazdı. Təbii, 20 il öncə Sultan Məcidlə bağlı məruzədə hansı məsələlərə toxunulmuşdu, beynində idi. Baxırdı ki, köhnə hamam, köhnə tasdır - bu yazı məzmunu ilə sabiq çıxışından o yana getmir. O vaxt - 1967-ci ildə də Sultan Məcidin hansı aqibətlə üzləşməsindən, həyatdan necə qəddarlıqla qoparılmasından kəlmə kəsilməməsinə Əkrəm dözməmişdi, qalxıb sualını vermişdi, sözünü demişdi və axşam işdən evə qayıdanda "Cəlladnamə"sinə bəndlər artırmışdı:

 

Bu gün Sultan Məcid Əfəndiyevin

Qeyd edib keçirdik yüz illiyini.

Amma heç demirik nə oldu ona,

Onu kim öldürdü, o leninçini.

 

Doktor Sultan Məcid, o Vətən oğlu,

Qabil hər xidmətə, hər vəzifəyə.

O sevimlisiydi zəhmətkeşlərin,

Ömrünü vermişdi xalqa hədiyyə.

 

Onun partiyada təxəllüsləri

"Yoldaş", "Fəhlə", "Sultan",

"Müfidzadə"ydi.

Xeyirxah, gülərüz bir insandı o,

Şirindil, xoşrəftar, qəlbisadəydi.

 

Qoca Kalininin daimi dostu,

Hər işdə bacarıq, təcrübə, bilik,

Hər cürə sınaqdan keçmiş mübariz.

Lenin ordusunda köhnə bolşevik.

 

Ancaq 1987-dəki məqalədə əskidəki təhər qorxaq sükutu görəndə daha tab gətirə bilməmişdi. O vaxt sözünü işlədiyi institutun kiçik zalında 50-60 adamın qarşısında dilə gətirmişdi, indi ard-arda suallar verirdi və Sultan Məcid haqda 20 il əvvəl yazdığı bəndlərə təzələrini əlavə edərək şeirini "Kommunist"ə də, məqalənin müəllifinə də yollamışdı. Redaksiya onun sifarişli məktubla göndərdiyi şeiri almışdısa da, çap etmək bir tərəfə, məktub sahibinə xalaxətrin qalsın da olsa cavab verməyə belə lüzum görməmişdi, burada da susulmuşdu:

 

Onu kim öldürdü, neçin öldürdü?

Vicdan həqiqəti bilmək istəyir.

Bu günahsız qana, bu cinayətə

İnsanlıq nə deyir, tarix nə deyir?

Düşməni gizlətmək, xalqı aldatmaq,

Deyilmi bu da bir başqa cinayət?

Heç yaraşarmı bu ideyamıza

Belə riyakarlıq, belə xəyanət?

 

"Bolşeviknamə"də saflığı, dürüstlüyü heç kəsdə zərrəcə şübhə doğurmayan, "kommunist" deyilirsə, bu ideallara sədaqətində də şəkk yeri olmayan - yaxşı tanıdığı, onunla eyni düşərgədə sürgün həyatı keçirmiş ayrı bir nəfərdən bəhs edir.

Əkrəm Cəfərin sözün həqiqi mənasında mətin bolşevik adlandırıla biləcəkləri dalbadal poemasına gətirməsi məqsədli idi. Yenə sualı vardı ki, yaxşı, tutalım, mən bitərəf idim, mənə inanmırdınız, bu isə kommunist idi, yaxşısından idi, əslindən idi, bunu həyatı ilə, əməlləri ilə sübuta da yetirmişdi, bəs ona niyə qıydınız?

 

Kuybışevdə mənim bir dostum vardı,

Yeməkdə, gəzməkdə, hər işdə şərik.

Adı İbrahimdi - Əsədullayev,

Köhnə bir leninçi, yaxşı bolşevik.

 

Mirzə İbrahimov, Əhəd Yaqubov,

Bakıda sirdaşı o dostlar olmuş.

Ağıllı, bilikli, təmiz bir insan,

Ticarət üzrə də komissar olmuş.

 

Bəs indi həmin ağıllı, bilikli, nazir vəzifəsinədək məhz qabiliyyətlərinə görə irəli çəkilmiş adam Əkrəmlə birlikdə Kuybışevdə nə işlə məşğuldu?

 

Bir briqadada daş işindəydik,

Şose yolu tikmək sənətimizdi.

"Biz yoldan azmışıq, yol tikməliyik", -

Dedim mən, İbrahim sözümü kəsdi.

 

"Mənasız danışma, o, başqa yoldur,

Yoldan bizi bura göndərən azıb.

Biz yoldan azmadıq, bizimçün bunu

Leninin yolundan azanlar yazıb".

 

O vaxt o sovet cəhənnəmlərinə göndərilmişlərin əksərinin kökü, nəsli qırılıb-bitib, yəqin, hansılarınınsa kimlərisə qalır. Amma indiyədək tam halda o qurama cinayət işləri insanlara açılmayıb. Ona görə də həmin cəhənnəmdən salamat qurtarıb gəlmiş, öz taleyini yaza-yaza həm də salnamə yaratmış, fəlakətli zəmanənin sənədli-bədii mənzərələrini canlandırmış, yazdıqları da indiyədək işıq üzü görməmiş, mənim əlimə çatmasaydı da, qayıdışsız yoxolmaya məhkum Əkrəm Cəfər dastanından bir cavan gürcü ailəsinin də qəmli hekayətini izləyirəm.

Onunla da sadəcə tanış deyil, dostmuşlar, birgə təhsil alıbmışlar.

 

Bir institutda Şaavişviliylə

Bir yerdə oxuduq, bir yerdə gəzdik.

"Andro" deyərdim, "Andrey" deyil,

İki qardaş kimi iki dost idik.

 

Andro özünə gözəl Ninonu,

Nino da özünə Androsunu

Tapıb evləndilər iki kommunist,

Qovuşdular, amma nə oldu sonu?

 

Bir il də sürmədi səadətləri,

Stalin əliylə matəmə döndü.

Guya ki, Andrey xalq düşmənidir,

Gözəl ailənin çırağı söndü.

 

Andrey sürüldü naməlum yerə,

Bir aylıq körpəsi atasız qaldı.

Ninocan itirdi can sirdaşını,

Gənc qadın bu dərddən soldu-saraldı.

 

Bir neçə il keçdi bu faciədən,

Ələmlərdən sonra gəldi müsibət:

Suçsuz məhv edilmiş bu kommunistə

Veriblər ölümdən sonra bəraət.

 

Bu da bir ayrı cür riya, iblislik,

Günahsız, təqsirsiz getsin insanlar.

Zindanda, Sibirdə çürüdüb öldür,

Sonra da məqtulu günahsız çıxar.

 

Bu gəncinki Stalinin vəfatından sonra verilmiş bəraətlərdən deyildi. Bu, o dövrdə dövlətin ayrı bir nümayişkaranə sinizmi, mənfur ikiüzlülüyü idi: görürsünüzmü, biz hər adama həssas yanaşırıq, hətta kimlərisə həbs edəndən sonra da araşdırmaları davam etdiririk, təzə faktlar onların cinayətləri olmadığını sübut edirsə, səhvə görə üzr istəyir, onları açıb buraxırıq.

Bu qırmızı yalanın digər ləçər sifəti də ondan ibarətdi ki, dövlət bir daha elan edir: baxın ha, qalan tutulanların hamısı tam haqlı olaraq həbs edilib, sürgün olunub, özünüz görürsünüz, biz təsadüfi yanlışlıq ucbatından məhkum edilmişləri həqiqəti tam öyrənincə azad buraxırıq.

Stalin, əsla şübhə yoxdur ki, istedadlı, ağıllı insandı, mükəmməl savad almasa da, daimi mütailəsi sayəsində biliklər də qazanmışdı. Odur ki, zaman ötdükcə repressiya acılarını canında daşıyan şahidlər tükəndikcə, onun qəddar fəaliyyətləri ilə bağlı həqiqətlər sanki yaddaşın alt qatına keçir, onu parlaq göstərən cəhətlər qabardılır (Eyni hərəkətlər Lavrenti Beriya, Mircəfər Bağırovla da bağlı edilməkdə, bu şəxslərin arıtlanmış, retuş edilmiş, makiyajlı göyçək, məsum surətləri indiki və bütün bunlar kitablaşırsa, deməli, həm də gələcək nəsillərə ötürülür).

Mən bütün cinayətlərin tək-tək adamların adı ilə deyil, bütövlükdə sistemlə, onun apardığı siyasətlə bağlanmasının tərəfdarıyam. Ancaq tarixin bəlli kəsiyində həmin siyasətin bilavasitə əsas yönəldiciləri, biçimvericiləri də bu adamlar olublar axı! Boyalar bu cür tündləşibsə, kəndirlər bu təhər tarım çəkilibsə, onların həmin işin əsas icraçısı olmuş əllərini, dillərini, iradələrini görməzliyə, bilməzliyə də vurmaq yaramaz. Diktator ağıllı olduqca onun təhlükəlilik dərəcəsi də artır. Başqa işlərində üstün olduğu kimi, cəlladlığa üz tutanda burada da başkəsicilikdə ona çatan olmur. ...Əkrəm Cəfərin bu qüssəli mənzuməsini səhifə-səhifə irəlilədikcə kükrəyən qəzəbini, bəzən hədəqəsindən çıxaraq ən kəskin nifrətə çevrilən yanğısını anlayıram. Qəzəbin belə şiddətini dərk etməkçün gərək bir anlıq özünü o faciələr ömründən, əzizlərinin taleyindən keçmiş insanların yerinə qoya biləsən. Həmin dərdli insanların çoxu artıq həyatda yoxdur. Vaxt onları apardı. Ancaq mən 1980-ci illərdə, 1990-cı illərin əvvəllərində o qəbil əzabkeşlərin bir çoxu ilə görüşmüşdüm, söhbətlərini, xatitrələrini yazmışdım. Artıq yaralar çoxdan qaysaq bağlamışdı, yaşadıqları yeni onillər onlara özlərini xoşbəxt hiss edəcək qədər çox sevinclər nəsib etmişdi. Amma keçmişləri yada saldıqca, məhrumiyyətli həbs, sürgün əyyamlarını andıqca qəfilcə dəyişirdilər, barışmaz olurdular. Baisləri - söyəni söyürdü, qarğayanı qarğayırdı, əsla bağışlaya bilmirdilər. Bəzən özləri də hiss edirdilər deyəsən, həyəcanları, sözə çevirdikləri nifrinləri həddi aşdı, onda sanki üzr istəyirmiştək qayıdırdılar ki, bizim gördüklərimizin mindəbirini kim görsəydi, kim o günlərdən bircəsini yaşasaydı, halımızı candan duyar, indi belə qeyzlənməyimizə görə bizi qınamazdılar. Söyləyirdilər ki, bizə bəraət verməyinə verdilər, ancaq biz başımıza bu oyunları açmışlara nə bəraət verə bilərik, nə əfv etməyə ürəyimiz dönər, axı ömrümüzdən qopmuş illərini, əzizlərimizin yerini indi söylənən, daldan atılan daşa bənzəyən quruca söz nə təhər doldura bilər?!

Əkrəm Cəfər də yalnız çəkdiyi əzablara, uğradığı məşəqqətlərə görə yox, məhz qırılmış yoluna, əlindən alınmış fürsətlərə, özünün və işığına inandıqlarının söndürülməsinə, layiq olduqlarınca parlayışlarının qarşısına ömürlərinin ən gözəl çağlarında sədd çəkilməsinə görə heç cürə bağışlaya bilmirdi.

Ağzı isti yerdə olanların belə adamları gərəyincə duyması çox çətindir.

 

Əkrəm Cəfər tək öz dərdinə yanmırdı ki!

İki dostum vardı filoloqlardan,

İki yaxşı alim qədim Gəncədən.

Biri Məmmədtağı, o biri İdris,

Eyni məhəllədən, eyni küçədən.

 

Təmiz leninçilər, dürüst insanlar,

Tutulub getdilər suçsuz, amansız.

On il lagerlərdə əzabdan sonra

Qayıdıb gəldilər yarımcan, qansız.

 

Qayıdıb gəlmək hələ can qurtarmaq deyildi və gəncəlilərə münasibətdə sovet həmişə daha qəddar olmuşdu. Rəfibəylilər nəslini doqquz dalğa repressiyaya məruz qoydular. Tuturdular, güllələyirdilər, sürgünə göndərirdilər, qayıdıb gələnləri bir neçə ay sonra yenidən qayıtdıqları yerlərə göndərirdilər, aradakı müddətdə yetişib həddi buluğa çatmışları, təhlükə hesab etdikləri yenilərini də onlara qoşurdular. 1920-ci ilin, bir neçə günlüyə də olsa, Şura hökumətini devirmiş Gəncə üsyanı sovetə necə dağ çəkmişdisə, bu şəhərin sakinlərindəki milli damarı biryolluq qırmaqçün hər əzazilliyə əl atırdılar. Əkrəm Cəfərin söz açdığı o iki gəncəlidən biri - İdris Həsənov haqda ilk dəfə Cavid ailəsində eşitmişdim. Turan xanım onun adını evlərinə get-gəli olan, Cavidin rəğbət bəslədiyi cavanlardan biri kimi çəkirdi. Yolunu dilçiliklə başlamış, elə ilk dissertasiyasını da dilçilik üzrə müdafiə etmiş Əkrəm Cəfərin istedadlı cavan dilçilərlə yaxınlığı da anlaşılan idi. Ancaq kəc vaxt onları həbs və sürgün taleləri ilə bir-birinə daha uyğun, daha məhrəm, daha həmdərd etdi.

 

Bir ay çəkmədi ki, yenə bunları

Sürdülər Stalin cəhənnəminə.

Biri gedib asdı Sibirdə özün,

Biri şikəst olub qayıtdı yenə.

 

Qayıtdı, Mirqəzəb gəbərdi çünki,

Yoxsa o da, yəqin, dönməyəcəkdi.

İndi siz soruşun: Bu zavallılar

Bu işgəncələri nə üçün çəkdi?

 

"Nə üçün"ə NKVD özünə xas tərzdə cavab verirdi ki, pantürkistdir, ona görə.

Necə sübut edirdilər bunu? Elə alimin öz yazdığıylaca. İdris Həsənovun 1926-cı ildə "Gəncə əhalisinin dialektində mənsubiyyət şəkilçisiz isimlərin hallanması" adlı kitabında zahirən bir adama siyasi damğa vurmaq üçün yapışılası qulplar yox idi. Ancaq düşməncə baxanda tapmağa nə var! Vaxtilə direktor müavini işlədiyi Dilçilik İnstitutundan həmin kitab haqqında arayış istəmişdilər. Arayışı da istiqamətləndirərək tələb etmişdilər - baxın görün burada onun pantürkistliyini təsdiq edən hansı məqamlar var. Özünün də qoyulmuş tapşırığı gərəyincə cavablandırmayacağı təqdirdə "xalq düşməni"nin müdafiəçisi kimi qəbul ediləcəyindən çəkinən mütəxəssislər də istintaqa gərək olan rəyi ləngitmədən yazıb vermişdilər ki, çox axtarmağa ehtiyac yoxdur, bu şəxsin siyasi mövqeyi əsərdə çılpaq ifadə edilib. Yazır ki, dilimiz türkcədir və o, qədim türk dillərinin varisidir. Panturanizmi bundan daha aydın şəkildə necə bəyan etmək olar?!

Sonra iddia edirdilər ki, İdris Həsənov bizim türkcəmizi də osmanlılaşdırmağa cəhd edir, bu da əl altından onlara işləməsinə dəlildir. Təklif edir ki, bundan sonra "almamış", "gəlməmiş" yazmayaq, "almadan", "gəlmədən" yazaq.

İdris Həsənov Nəsimidən, Xətaidən, Füzulidən, Vaqifdən ha nümunələr gətirərək bu deyiş tərzinin dilimizçün səciyyəvi olduğunu sübut etməyə nə qədər əlləşsəydi də, kim idi o deyənə qulaq asan? Qayıdacaqdılar ki, osmanlıcada belədir, sən bizi dağa-daşa salma. Cavab versəydi ki, axı bu, təbiidir, belə də olmalıdır, bunlar eyni kökdən olan dillərdir, istehza edəcəkdilər ki, buyurun, özü turançılığını bir daha ortaya qoyur.

Adına Azərbaycanı Sovet İttifaqından ayırmaq istəyən əksinqilabi təşkilatın fəal üzvü yarlığını yamaq edərək ona güllələnmə cəzası kəsmək istəyirlər. 2 il davam edən istintaq əsnasında Moskvaya şikayət məktubları göndərməyə nail olur və nəhayətdə cəzasını 8 il müəyyənləşdirib Sibirə sürgün edirlər: "Deyirdin ora türk torpaqlarıdır, di get doyunca dolaş".

Əkrəm Cəfər qəmli İdris hekayətini belə davam etdirirdi:

 

İdrisin Gül adlı bir oğlu vardı,

Ən böyük övladı - on üç yaşında.

Bu "xalq düşməni"nin oğlu daşırdı

Atanın qəmini dərdli başında.

 

Hara getsin, kimə desin dərdini?

Özgələr güləndə Gül ağlayırdı.

Tək bu uşaq deyil, bütün ailə

Müsibət içində qəlb dağlayırdı.

 

Bu da repressiyaya uğramışların düçar olduğu ayrı bir dərd idi ki, onların ailə üzvləri, qohum-əqrəbası zahirən azadlıqda gəzsələr də, türmədəki məhbuslardan artıq dustaq idilər - hər kəs onlardan qaçırdı, yan gəzirdi, əyri baxırdı, "xalq düşməni"nin arvadı, əri, uşaqları olmaq "xalq düşməni" olmaqdan da betərdi. Dövlətin hipnozladığı kütlələr arasında dövlətin düz dediyinə inananlar da az deyildi: "Tutublarsa, deməli, həqiqətən düşməndirlər".

İndi təsəvvür edin, uşağın atası şairdir, yazıçıdır, tutulub, ya onun müəllifi olduğu dərslik məktəbdə tədris olunur. Üstünə ideoloji düşmən kölgəsi salınmışların adları hansı kitabda vardısa, qaralanırdı, şəkilləri, əsərləri dərsliklərdə yer alırdısa, həmin səhifələr cırılıb atılırdı.

Elə biri İdris ki, məktəblərdə öz uşaqlarının da oxuduğu dərsliyindən istifadə edilirdi. Tutuldu, dərslik yığışdırıldı.

Bir dəfə Əkrəm müəllimlə Cavid yadigarı Turan xanımgildəydik. Elə söhbət belə-belə nisgilli mövzulardan düşmüşdü. Turan xanım 1937-ci il iyunun 4-də səhər dərsə getməsindən danışdı. Cavidi həmin gecə aparmışdılar - ayın 3-dən 4-nə keçəndə. Təbii ki, hələ səs yayılmamışdı, xəbər bilənlər yoxdu. Turan xanım onda 7-ci sinifdə oxuyurmuş. İş elə gətiribmiş ki, həmin gün dərsləri də Cavidin həyat və yaradıcılığı imiş. Müəllim tərəddüdsüz Turanı lövhəyə çağırır. Cavab verir və artıq bir neçə saat sonra həmin müəllim yaxşı başa düşürmüş ki, bu əlaçı uşaq niyə bayaq həmişəki kimi danışmırmış.

Ertəsi günsə dərslikdə artıq həmin səhifələr yox idi.

O səhifələrin cırılması, hansısa dərsliyin qadağan edilməsi, həmin cırılan səhifələrin, həmin yasaq bilinən kitabların müəlliflərinin məktəbli olan uşaqlarının körpəcə ürəklərini bütün bunlar necə göynədirmiş, onları bir an içində necə yaşlarından qoca edirmiş!

...İdrisin həbsindən sonra Əkrəm dostunun ailəsinə baş çəkibmiş və ailədən aldığı sorağı da kimsəyə göstərməyəcəyi bir şeirə çeviribmiş.

 

Oğlu Gül ataya bir məktub yazıb,

Cavab istəmişdi çox suallara.

Vaxt keçdi, nəhayət, gəldi Sibirdən,

Məktubun cavabı aylardan sonra:

 

"Ey mənim əziz Gülüm,

ey mənim ilk baharım!

Sən mənim şanlı oğlum,

sən fəxrim, sən vüqarım.

Oxudum məktubunu həm sevinc,

həm kədərlə,

Həm hörmət, həm məzəmmət...

indi sən məni dinlə.

Soruşursan ki, ata, sənin təqsirin nədir?

Hansı bir cinayətdə sən olmusan müqəssir?

Axı sən özgələri düz yola çağırardın,

Haqsıza, haqsızlığa qarşı sən bağırardın.

Ata, sən "Partiyanı, dövləti sevin", - dedin,

Vətənin hər bir dərdi olardı sənin dərdin.

Axı sən iyrənirdin oğrudan, oğurluqdan,

Sevərək həzz alırdın doğrudan, doğruluqdan.

...Yaz, bizə bildir, ata, görək ki, sən nə etdin,

Günahın nədir sənin, hansı pis yola getdin?

Noldu ki, birdən-birə sən oldun cinayətkar?

Sənin bu halın bizə böyük bir ləkə, bir ar!

...Soruşma məndən, oğlum,

bir də təqsirin nədir,

Bu təqsir uydurulmuş bir yalan, bir fitnədir.

Azğınlar utanmadan dedilər azğın mənə,

Satqınlar qızarmadan dedilər satqın mənə.

Sən şirin meyvəsisən doğruluq dünyasının,

Mən canlı qurbanıyam oğruluq dünyasının.

 

...Orda - həyat-ölüm çarpışmasında olduğu, əlinə bir parça kağız, bir qırıq qələm düşəndə özünü xoşbəxt saydığı sürgünlü qürbətdə Əkrəm Cəfər müəllimini də yada salmışdı - böyük dilçi alim Nikolay Marrı. Danışırdı ki, dərsdən çıxardıq, minərdik tramvaya. Elə Marr da bizim yataqxananın yerləşdiyi səmtdə yaşayırdı. Ancaq onun evi bizim yataqxanadan üç-dörd dayanacaq sonraydı. Dərsdəki söhbətlərindən doymazdıq, tramvayda da ona suallarımızı verərdik. Heç oturmazdı da, ayaq üstə dayanardı, biz də onun çevrəsində. Danışardı, görərdik ki, dayanacağımız çatdı, artıq düşməliyik, ancaq yola davam edərdik, istəkli müəllimimiz enəndə biz də tramvaydan çıxar, geriyə yolu piyada gələrdik. Çünki hər ay əvvəlcədən hesablayardıq ki, nəqliyyata nə qədər xərcimiz çıxacaq, yeməyə, kitab-dəftərə nə qədər sərf edəcəyik, piyada qayıtmasaydıq, təzədən bilet alsaydıq, onda ayın axırında yeməksiz qalardıq.

"Biz hamımız - bütün aspirantlar Marrın heyranıydıq". Əkrəm müəllim belə söyləyirdi və onun ən barışılmaz düşməni hesab etdiyi Stalin Marra da buynuz çıxarmışdı, öz aləmində onun yeni dilçilik nəzəriyyəsini "təhlil" və "ifşa" edən "əsər" yazmışdı. Kimin kimə irad tutmasının bu həddinə Əkrəm Cəfər "Cəlladnamə"sində rişxənd edirdi:

 

Birdən alim oldu dilşünaslıqda,

Akademik Marra sataşdı bir gün.

Heç anlamırdı ki, o məqalədə

Doğru özgənindir, səhvlər özünün.

 

Marrın dırnağı da ola bilməyən

Hikkəylə forslanıb onu pislədi.

Əvvəl təhrif etdi Marrın fikrini,

Sonra bu təhrifi tənqid elədi.

 

Həqiqət qorxurdu yalandan onda,

Alimlərin çoxu susub baxırdı.

Yaltaqlar yan dursun, onlardan keçək,

Əsil alimləri bu iş yaxırdı.

 

Sən demə, o dövrdə xarici radiosəslər Stalinin Marra bu həmləsini məsxərəyə qoyan reportajlar, BBC isə bir sıra alimləri dəvət edərək Marrı ifşanı ifşa edən verilişlər hazırlayıbmış:

 

Daxil - evimizdir, dözüb durardıq,

Biabır elədi xaricdə bizi.

Cuqanın yalançı alimliyinə

Rişxənd ilə güldü ordan Bi-Bi-Si.

 

Güldü Meşşaninov, güldü Abayev,

Güldü Vinoqradov, Lomtyov, Filin.

Obyektiv alimlər, cəsur alimlər

Tutdular Cuqanın bir yığın səhvin.

 

Altı böyük yanlış bir məqalədə,

Bu, Marrın üstünə sui-qəsd idi.

Elmin məntiqilə edildi ifşa,

Alimin üstünə cahilin qəsdi.

 

Mənfur zəmanənin, zəmanəni bu kökə salmış siyasətin əleyhinə hər növbəti hayqırışında Əkrəm Cəfər daha bir dərddaşının taleyindən söz açırdı, bir-birindən qəmli talelərin qara bəxt kitabının vərəqlərini çevirirdi. Ümidsizliyə qapıldığı, hər şeydən bezərək həyatına son qoymağı arzuladığı anlar da olmuşdu. Üzmək bilmirdi və ürəyindən keçirmiş ki, nola bir girəvə düşə, həbs düşərgəsini əhatələyən bu tikanlı məftillərdən xeyli aralıdan axıb keçən Volqa çayına özünü ata, hər şey bitə. Söyləyirdi ki, həmin küskün, qanıqara, naçar günlərində onu elə yazı-pozu xilas edirmiş, bir neçə misra ilə ürəyini boşaldınca toxtayırmış. Bunu da deyirdi ki, bəzən nə qələm tapırdım, nə kağız, bir mismarım vardı, onunla sözləri ağacın qabığında cızırdım...

 

13 may 2024

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.-  2024.- 18 may,№87.- S.16-17.