Azərbaycan Elmlər
Akademiyasının Nizamnamələri
Azərbaycan Milli Elmlər Akademiyası-80
Ölkəmizdə elmi fəaliyyətin təşkilatlandırılması
işinin 1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq
və Təböbbə Cəmiyyətinin (Azərbaycan Tədqiq
və Öyrənmə cCəmiyyətinin - İ.H.)
yaradılması ilə başlanmışdır. Azərbaycanı
Tədiqiq və Öyrənmə Cəmiyyəti Milli Elmlər
Akademiyasının sələfidir. Diyarşünaslıq
missiyasının həyata keçirilməsi ilə fəaliyyətə
başlayan bu Cəmiyyətə
qısa müdətdə işini genişləndirərək
elmin bütün əsas sahələrini əhatə
etmiş, dövrün elmi qüvvələrini öz ətrafınada
birləşdirmişdir. Az sonra, 29 dekabr 1932-ci ildə
yaradılmış SSRİ Elmlər Akademiyası Zaqafqaziya
Filialının Azərbaycan şöbəsi və onun
davamı kimi təsis edilmiş SSRİ Elmlər
Akademiyasının Azərbaycan Filialı Tədqiq və Təböbbə
Cəmiyyətinin varisi kimi meydana
çıxmışdır. Bu mənada Maarif Komissarı
Mustafa Quliyevin və Komissarlığın katibi Calalbəyovanın
5 aprel 1924-cü il tarixdə imzaladıqları Tədqiq və
Təböbbə Cəmiyyətinin Nizamnaməsi ölkəmizdə
elmi qurumların ilk akademik Anayasasıdır. "Ümumi
müddəalar", "Cəmiyyətin məqsədi",
"Cəmiyyətin idarə olunması", "Cəmiyyətin
yerləşdiyi məkan və onun fəaliyyəti",
"Cəmiyyətin maliyyə vəsaiti", "Təftiş
komissiyası və Cəmiyyətin və 33 maddədən
ibarət olan bu Nizamnamə" sonrakı dövrlərdə
AzTAN-la yanaşı, Azərbaycan SSR Elmlər
Akademiyasının da Nizamnamələrinin işlənib
hazırlanmasında ilkin model və hüquqi baza rolunu
oynamışdır.
Elmlər Akademiyasının Nizamnaməsi bu ali
dövlət elmi təşkilatının fəaliyyətini tənzimləyən
və istiqamətləndirən əsas sənəddir. Sovet
hakimiyyəti illərində müttəfiq respublikaların
Elmlər Akademiyalarının, o cümlədən, Azərbaycan
Elmlər Akademiyasının Nizamnaməsi bir qayda olaraq mərkəzi
elmi təşkilatın, yəni SSRİ Elmlər
Akademiyasının Nizamnaməsinə uyğun şəkildə
hazırlanılmışdır. Bu baxımdan Azərbaycan SSR
Elmlər Akademiyasının Nizamnaməsində öz əksini
tapmış müddəaların əksəriyyətinin mərkəzi
elmi təşkilatla "razılaşdırmaqla" həyata
keçirilməsinin nəzərdə tutulması sovet hakimiyyətində
totalitar rejimin əsaslandığı idarəetmə
üsulundan irəli gələn prinsip idi. Bundan başqa, digər
müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan SSR Elmlər
Akademiyasının Nizamnamələrində də xarici əlaqələr
ümumi sözlərlə ifadə edilmiş, bu sahədəki
fəaliyyətin mərkəz vasitəsilə icra olunması
nəzərdə tutulmuşdur. Eyni zamanda, Elmlər
Akademiyasının sovet dövründə qəbul edilmiş
Nizamnamələrində konkret elmi-təşkilati fəaliyyətdən
çox, ideoloji vəzifələrə dair müddəalar
özünə yer almışdır. Bəzən isə
Nizamnamədə yazılmış siyasi-ideoloji xarakterli
müddəalar dekorativ xarakter daşımış, Elmlər
Akademiyasında idarəetmə mərkəz tərəfindən
müəyyən edilmiş ənənəvi qaydalar əsasında
həyata keçirilmişdir.
Azərbaycan SSR Elmlər Akademiyasının ilk Nizamnaməsi
23 yanvar 1945-ci ildə bu ali elmi təşkilatın təsis
olunması ilə əlaqədar olaraq, SSRİ Elmlər
Akademiyası və Azərbaycan SSR Xalq Komissarları Sovetinin təqdimatı
əsasında SSRİ Nazirlər Soveti tərəfindən təsdiq
edilmişdir. Bu Nizamnamədə ümumi müddəalardan və
ideoloji vəzifələrdən, Akademiyasının struktur
bölmələrinin yaradılması və
funksiyalarının müəyyən edilməsindən
başqa, daha çox Elmlər Akademiyasına yüksək idarəetmə orqanlarının və
elmi-tədqiqat institutlarının rəhbər vəzifəli
şəxslərinin, həmçinin Akademiyanın həqiqi
və müxbir üzvlərinin seçilmə
prosedurlarına dair əsasnamələrə xas olan və
Akademiyanın təsis edilmiş prosedurlarını həyata
keçirmək üçün zəruri hesab edilən
müddəalar öz əksini tapmışdır. Azərbaycan
SSR Elmlər Akademiyasının 27 mart 1945-ci il Nizamnaməsi həmin
prinsiplər əsasında müəyyən edilmişdir.
Akademiyanın 31 mart 1945-ci il tarixdə keçirilmiş
Birinci Ümumi Yığıncağında 27 mart 1945-ci il
tarixli Nizamnamənin tələbləri əsas kimi qəbul
edilməklə həm Azərbaycan SSR Elmlər
Akademiyasının rəhbər heyəti və həm də
ilk akademikləri seçilmişdir. Məlum olduğu kimi,
Akademiyanın 31 mart 1945-ci il tarixli Ümumi
Yığıncağında akademik Mir Əsədulla
Mirqasımov Akademiyanın prezidenti, akademik Şamil Əzizbəyov
və Heydər Hüseynov vitse-prezidentlər, akademik Mirəli
Qaşqay akademik-katib seçilmişlər.
Eyni zamanda, Azərbaycan Milli Elmlər
Akademiyasının ilk strukturu da 1945-ci il Nizamnaməsi ilə
müəyyən edilmiş və bu əsasda müvafiq elmi
bölmələr yaradılmış, həmin elmi bölmələrin
tərkibi təsdiq olunmuşdur. Bu, Elmlər
Akademiyalarının, o cümlədən Azərbaycan SSRİ
Elmlər Akademiyasının tarixinə Stalin Nizamnaməsi kimi
daxil olmuşdur. Qeyd edək ki, Azərbaycan SSR Elmlər
Akademiyası uzun illər həmin Nizamnamə ilə idarə
olunmuşdur.
Sovet hakimiyyəti illərində Azərbaycan SSR Ellər
Akademiyasının Nizamnaməsində nisbətən əsaslı
dəyişiklik 2 iyun 1963-cü ildə baş vermişdir.
Sovet İttifaqı Kommunist Partiyasının 14 fevral
1956-cı ildə keçirilmiş XX Qurultayında şəxsiyyətə
pərəstişinin aradan qaldırılması və ölkədə
"Xruşov mülayimləşməsi" prosesinin
başlanması Elmlər Akademiyasının idarə
olunmasında da müəyyən dəyişikliklərə
yol açmışdır. Xüsusən, Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ
Nazirlər Sovetinin "SSRİ
Elmlər Akademiyası və müttəfiq
respublikaların Elmlər Akademiyalarının fəaliyyətinin
yaxşılaşdırılması tədbirləri
haqqında"kı 11 aprel 1963-cü il tarixdə qəbul
etdiyi qərardan sonra Azərbaycan SSR Elmlər
Akademiyasının 1963-cü ildə qəbul edilmiş
Nizamnaməsində Sovet dövlətinin Stalin mərhələsinin
inzibati-ideoloji prinsipləri aradan qaldırılmış, elmə
partiya nəzarəti nisbətən yumşaldılmış,
struktur elmi bölmələrin rolu bir qədər
artırılmışdır. Bu, SSRİ elmi məkanında,
o cümlədən, Azərbaycan SSR Elmlər
Akademiyasının idarə olunmasında yeni bir mərhələnin
başlanması demək idi. Bu Nizamnamə Azərbaycan Elmlər
Akademiyasının tarixinə Xruşov Nizamnaməsi kimi yer
almışdır. Nizamnamənin qəbul edildiyi dövrdə
Azərbaycan SSR Elmlər Akademiyasına akademik Zahid Xəlilov
rəhbərlik etmişdir.
Elmlər Akademiyasının Nizamnaməsində
növbəti dəfə sovet hakimiyyətinin mövqelərinin
zəiflədiyi şəraitdə, ölkəmizdə dövlət
müstəqilliyi ərəfəsində Ümumi
yığıncağın 20 iyun 1990-cı il tarixli
iclasında bəzi dəyişikliklər olunmuş, müəyyən
ideoloji xarakterli tezislər ixtisar edilərək mətndən
çıxarılmışdır. Bundan sonra Azərbaycan
Elmlər Akademiyasının Ümumi
yığıncağının 20 aprel 1994-cü il tarixli
iclasında müstəqillik dövründə "Azərbaycan
Elmlər Akademiyasının inkişaf konsepsiyası"
müzakirə edilərək qəbul edilmiş, ölkə
elminin istiqamətlərinin müstəqil dövlətimizin
inkişafına doğru istiqamətləndirilməsi zəruri
hesab olunmuşdur. Bu, Elmlər Akademiyası sistemində
keçmiş sovet ideologiyasından imtina edilməsi, elmi fəaliyyətin
ölkəmizin milli və dövlətçilik maraqlarına
uyğunlaşdırılması prosesinin
başlanğıcı idi. Ümumi Yığıncaq eyni
zamanda 20 aprel 1994-cü il tarixdə keçirilmiş
iclasında Azərbaycan Elmlər Akademiyasının Nizamnaməsinin
yeni mətnini də təsdiq etmişdir. Nizamnamədə əvvəlki mətnlərdəki
"Azərbaycan SSR Elmlər Akademiyası" ifadəsindən
"SSR" sözləri ixtisar olunmuş, mətndə sovet,
partiya kimi sözlər redaktə edilərək çıxarılmışdır.
Nizamnamənin müddəalarından keçmiş sovet
dövrünə aid sözlər və ifadələr
çıxarılsa da, Elmlər Akademiyasının idarə
olunmasının keçmiş modelinə ciddi şəkildə
toxunulmamışdır. Bununla belə, Azərbaycan Elmlər
Akademiyasının 20 aprel 1994-cü il tarixdə Ümumi
yığıncağında qəbul edilmiş Nizamnaməsi
ölkə elminin müstəqil dövlətin maraqlarına
doğru istiqamətinin zəruriliyini irəli sürmək
baxımından ilk addım kimi mühüm əhəmiyyətə
malikdir. Bununla belə, bu Akademiyanın keçid
dövrünün nizamnaməsi kimi elm tarixinə daxil
olmuşdur.
Azərbaycan Elmlər Akademiyasının həyatında
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
15 may 2001-ci il tarixli Fərmanı ilə "Azərbaycan Elmlər
Akademiyasının statusu haqqında" qərarının qəbul
edilməsi yeni bir mühüm mərhələ
başlanmışdır. Məhz bu Fərmanla ilk dəfə
olaraq ölkəmizin ali dövlət elmi təşkilatına
"Azərbaycan Milli Elmlər Akademiyası" statusu
verilmişdir. Akademiyanın yeni statusunda ifadə olunmuş
"Milli Elmlər Akademiyası" anlayışı ölkə
elminin Azərbaycan xalqının milli maraqlarına və
müstəqil dövlətçilik prinsiplərinə istiqamətləndirilməsi
vəzifələrinin ön mövqeyə çəkilməsini
müəyyən etmişdir. Qeyd olunduğu kimi, bu Fərman
"Akademiyanın fundamental elmin inkişafında əldə
etdiyi nailiyyətləri, Azərbaycan xalqının, mədəni
və mənəvi təşəkkülündə
oynadığı rolu, respublika ictimaiyyəti arasında olan
nüfuzunu və akademik elmin ölkənin
inkişafının əsas təminatçısı
olduğunu bir daha təsdiqləmişdir".
Ölkə elminin baş qərargahına "Azərbaycan
Milli Elmlər Akademiyası" statusunun verilməsi öz
növbəsində Nizamnamənin də həmin statusa
uyğun olaraq yenidən hazırlanması zərurətini
meydana çıxarmışdır. Bu məqsədlə Azərbaycan
Milli Elmlər Akademiyası sistemində elmi müəssisələrin
fəaliyyətinin ölkə maraqlarına doğru yenidən
qurulması sahəsində bir sıra tədbirlər həyata
keçirilmişdir. Belə ki, 2001-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasında Humanitar və İctimai Elmlər
Bölməsinin yenidən təşkili, dövlət
başçısının 7 avqust 2002-ci il tarixli Sərəncamı
ilə Naxçıvan Bölməsinin təsis edilməsi, Fəlsəfə
və Hüquq, Milli Münasibətlər, İctimai-Siyasi Tədqiqatlar
və İnformasiya institutlarının bazasında Fəlsəfə
və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun
yaradılması ali elmi qurumun tərkibində ölkə
maraqları əsasında aparılmış yenidənqurma tədbirlərindən
idi. Nəhayət, 4 yanvar 2003-cü il tarixdə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan
Milli Elmlər Akademiyasının statusu haqqında" yeni Fərman imzalaması ilə
Akademiyada əsaslı dəyişikliklərin
aparılması müəyyən olunmuşdur. Azərbaycan
Respublikası Prezidentinin 4 yanvar 2003-cü il tarixli Fərmanı
Milli Elmlər Akademiyasının nüfuzunun, səlahiyyətlərinin
və funksiyalarının artırılması sahəsində
atılmış ən ciddi addım idi. İlk dəfə
olaraq bu Fərmanla Milli Elmlər Akademiyasına ölkə
üzrə elmi tədqiqatları əlaqələndirmək səlahiyyəti
verilmişdir. Fərmanda öz əksini tapmış
aşağıdakı müddəalar Elmlər
Akademiyasının bütün tarixi inkişaf prosesləri
müddətində qazandığı ən böyük
statusun ifadəsi idi: "Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Respublikasında elmin inkişafını təşkil
və təmin edən, dövlətin elmi və elmi-texniki
siyasətini həyata keçirən, Azərbaycan
Respublikasındakı bütün elmi müəssisələrin
və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini
əlaqələndirən və istiqamətləndirən, Azərbaycan
Respublikasını xarici ölkələrdə elmi və
elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali
dövlət elmi təşkilatıdır".
Mövcud qanunvericilik qaydalarına əsasən Azərbaycan
Milli Elmlər Akademiyasının Nizamnaməsində də Fərmanda
ifadə olunan səlahiyyətlər və funksiyalar öz əksini
tapmalıdır. Lakin Milli Elmlər Akademiyası Nizamnaməsinin
yeni redaksiyada mətni də Akademiyanın statusu haqqında
imzalanmış Fərmanla eyni gündə, 4 yanvar 2003-cü
ildə təsdiq olunduğu üçün həmin
genişləndirilmiş funksiya və səlahiyyətlərin
bəziləri bir qədər əvvəl
hazırlanmış Nizamnamədə özünə tam yer
ala bilməmişdir. Bununla belə, Milli Elmlər
Akademiyasının 20 aprel 1994-cü il tarixli Nizamnaməsi ilə
müqayisədə 4 yanvar 2003-cü ildə təsdiq
olunmuş Nizamnamə ölkədə elmi fəaliyyətin azərbaycançılıq
prinsipləri əsasında yenidən qurulması və
müstəqillik dövrünün tələblərinə
istiqamətləndirilməsi baxımından irəliyə
doğru atılmış mühüm hadisə idi. Xüsusən,
Milli Elmlər Akademiyasındakı elmi bölmələrin və
elmi tədqiqat institutlarının işinin yenidən təşkil
edilməsi və Akademiyaya seçkilərin keçirilməsi
haqqında Nizamnamədə öz əksini tapmış
müddəalar ali elmi qurumda təşkilati vəzifələrin
həyata keçirilməsinə lazımi imkanların
yaradılmasına xidmət etmişdir. Bütün bunlara
görə Azərbaycan Elmlər Akademiyasının 4 yanvar
2003-cü il tarixdə təsdiq edilmiş yeni Nizamnaməsi elm
tariximizdə müstəqillik dövrünün Nizamnaməsi
kimi səciyyələnir. Bu yeni Nizamnamə haqlı olaraq, Azərbaycan
Milli Elmlər Akademiyasının tarixində Heydər Əliyev
Nizamnaməsi kimi də adlandırıla bilər. Yeni Nizamnamə
və onun hüdudların genişləndirən "Azərbaycan
Milli Elmlər Akademiyasının statusu haqqında" 4 yanvar
2003-cü il tarixli Fərman Elmlər Akademiyanın tarixində
bu elmi quruma ən çox və ən geniş imkanlar yaradan
hüquqi sənəd kimi mühüm tarixi əhəmiyyətə
malikdir. Məhz həmin Fərmandan sonra ölkəmizin ali
elmi dövlət təşkilatı Milli Elmlər
Akademiyası adlandırılmışd, ölkə üzrə
əlaqələndirilmə funksiyalarını da yerinə
yetirmişdir.
Bununla belə, xüsusi Fərmanla Milli Elmlər
Akademiyasının statusunun genişləndirilməsi və
zamanın meydana çıxardığı yeni
çağırışlar bir müddətdən sonra yeni
Nizamnamə mətninin hazırlanmasını diqqət mərkəzinə
çəkmişdir. Xüsusilə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2008-ci il ildə "Azərbaycan elmində
islahatların aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında" qərarı
qəbul edilməsindən sonra Milli Elmlər Akademiyasında nəzərdə
tutulan yenidənqurma tədbirlərinin həyata keçirilməsini
Nizamnamədə köklü əlavələr və dəyişikliklər
etmədən təmin etmək mümkün deyildi. Buna
baxmayaraq, Milli Elmlər Akademiyasında Nizamnamə mövzusu
yalnız 4 yanvar 2003-cü il tarixdə təsdiq olunmuş
Nizamnamədən on il keçdikdən sonra, 2013-cü ildə
yenidən gündəmə gəlmişdir.
Milli Elmlər Akademiyasının yeniləşdirilmiş
rəhbər heyətinin seçildiyi 24 aprel 2013-cü il
tarixli Ümumi Yığıncağında AMEA Nizamnamə
Komissiyasının yeni sədri də seçilmişdir.
Mövcud qaydaya uyğun olaraq, 15 sentyabr 2013-cü il tarixdə
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
qərarı ilə Nizamnamə Komissiyasının yeni tərkibi
müəyyənləşdirilərək təsdiq olunmuş
və yeni Nizamnamə mətninin hazırlanmasına
başlanılmışdır. Nizamnamə Komissiyası
aşağıdakı tərkibdə müəyyən
olunmuşdur. AMEA-nın həqiqi üzvləri: İsa Həbibbəyli
(sədr), akademik Asəf Nadirov, akademik Vaqif Fərzəliyev,
akademik İsmayıl Hacıyev, müxbir üzv Rasim
Əliquliyev və hüquq elmləri namizədi Azər
Namazov.
Komissiya Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin
yeni redaksiyada mətnini hazırlamaq vəzifəsini həyata
keçirmək üçün fəaliyyətə
başlamışdır. İlk növbədə dünya
Elmlər Akademiyalarının Nizamnamə təcrübəsi
öyrənilmişdir. Rusiya, Çin Xalq Respublikası,
Polşa, Almaniya, Ukrayna, Belarus, Macarıstan, Qazaxıstan,
Çexiya, Bolqarıstan Elmlər Akademiyalarının Nizamnamələri
diqqətlə nəzərdən keçirilərək təhlil
edilmişdir. Rusiya Elmlər Akademiyasının Nizamnaməsindəki
əvvəlki sovet dövründən qalmış və
hazırda da bu böyük ölkənin müxtəlif
regionlarında fəaliyyət göstərən Elmlər
Akademiyasının çoxsaylı Bölmələrini,
filiallarını və bazalarını idarə etmək
üçün "əlverişli" olan mərkəzləşdirilmiş,
razılaşdırmaqla idarəetmə proseslərinin təmin
edilməsinə dair müddəalar Azərbaycan Milli Elmlər
Akademiyası üçün faydalı hesab edilməmişdir.
Ukrayna və Belorus Elmlər Akademiyalarının Nizamnamələrində
hələ də əsaslı dəyişiklər edilmədiyi,
sovet dövründəki Nizamnamədən redaktə edilərək
istifadə olunduğu nəzərə
alınmışdır. Eyni zamanda, məlum olmuşdur ki,
Bolqarıstan, Macarıstan və Çexiya ölkələrinin
iqtisadi vəziyyəti nəzərə alınmaqla Elmlər
Akademiyalarının Nizamnamələrini elmi-tədqiqat
institutlarının, digər struktur bölmələrin birləşdirilməsinə,
aparılmış ixtisarlara uyğunlaşdırmışdır.
Qazaxıstan Elmlər Akademiyası isə dövlət
büdcəsindən maliyyələşən təşkilatların
sırasından çıxarılaraq, Səhmdar Cəmiyyətə
çevrildiyi üçün tamam fərqli bir Nizamnamə sənədi
ilə fəaliyyətini tənzimləməli olmuşdur.
Nizamnamə axtarışları zamanı Azərbaycan
üçün nisbətən yaxın olan Çin Xalq
Respublikasının və Polşa Xalq Respublikalarının
Elmlər Akademiyalarının Nizamnamələri Azərbaycanda
müstəqillik dövrünün yeni islahatlar mərhələsinin
Nizamnaməsini hazırlamaq üçün təcrübənin
öyrənilməsi baxımından daha əhəmiyyətli
olmuşdur. Lakin Çin Elmlər Akademiyasının Nizamnaməsindəki
böyük bir dövlətin nəhəng elmi qurumunun və
ona bağlı böyük elmi şəbəkənin idarə
olunması və istiqamətləndirilməsi
üçün aparılmış ümumiləşdirmələr,
Polşa Elmlər Akademiyasında elmi-tədqiqat
qurumlarındakı parçalanmalar da Azərbaycan
üçün olduğu kimi qəbul edilə bilən
müddəalar deyildi. Beləliklə, Elmlər
Akademiyaları sahəsində dünya təcrübəsini
öyrənərkən
qarşılaşdığımız fərqli mənzərə
bizim üçün Nizamnaməni hazırlayarkən dünya
akademiyalarında gedən müsbət meylərdən istifadə
etməklə bərabər, ölkəmizin mövcud
reallıqlarından çıxış etməyin daha
münasib yol olduğu qənaətini irəli sürməyə
əsas vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının
keçdiyi yolun təcrübələrini və müxtəlif
vaxtlarda ölkəmizdə qəbul edilmiş Nizamnamələri
dərindən təhlil etməklə yanaşı,
hazırkı şəraitdə müstəqil Azərbaycan
Respublikasının elmdən, akademiyadan nə gözlədiyi
və elm adamlarının hansı təşəbbüslərlə
çıxış edərək nələri arzu etdikləri
də diqqətlə, yaradıcı şəkildə nəzərdən
keçirilmişdir. Beləliklə, Azərbaycan Milli Elmlər
Akademiyasının 2014-cü ildə qəbul edilmiş
Nizamnaməsi dünya təcrübəsini öyrənməklə
yanaşı, daha çox ölkə reallıqlarının
nəzərə alınması və perspektiv inkişafın
nəzərdə tutulması prinsipləri əsasında
hazırlanmışdır.
Yeni redaksiyada hazırlanmış Azərbaycan Milli
Elmlər Akademiyasının Nizamnaməsinin mətni bir
neçə dəfə AMEA Rəyasət Heyətinin
iclaslarında və işçi qrupunun
yığıncaqlarında müzakirə olunmuşdur.
Müzakirələr zamanı bəzi mübahisəli məqamlar
da meydana çıxmışdır. Məsələn, Milli
Elmlər Akademiyasının Nizamnaməsindəki
"Akademiyanın fəaliyyətinin məqsədi və
istiqamətləri" maddəsinin 2.2.8 və 2.2.9-cu bəndlərindəki
Akademiyada innovasiya və sahibkarlıqla məşğul
olmağa dair yeni salınmış müddəalar elmi
mühitdə birmənalı
qarşılanmamışdır. Müzakirələr
zamanı Nizamnamənin 2.2.9-cu maddəsinin mətnində ifadə
olunan "İnnovativ sahibkarlıq və onunla bağlı
yeni fəaliyyət növlərinin inkişafı
üçün əlverişli mühitin yaradılması ilə
yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi
istiqamətində tədbirlər həyata keçirmək,
elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi
və tətbiqi üçün texnoparklar, innovasiya
zonaları, inkubatsiya xidmətləri, texnologiya transferi mərkəzlərinin
təşkili barədə təkliflər vermək"
müddəalarındakı Akademiyada istehsalat
yönümlü müəssisələrin yaradılması
və fəaliyyətinin təşkilinə dair məsələlərinin
dövlət ali elmi təşkilatının funksiyaları ilə
uzlaşmadığına dair mülahizələr də nəzərə
çarpdırılmışdır. İddiaçılar
öz fikirlərini dövlət sektoruna aid olan Azərbaycan
Milli Elmlər Akademiyasında özəl sektorun fəaliyyətinə
daha çox aid olan istehsalat obyektlərinin
yaradılmasının hüquqi cəhətdən
düzgün olmadığı mövqeyində
dayanmışlar. Bundan başqa, ənənəyə uyğun
olaraq əsasən fundamental tədqiqatlarla məşğul
olan Akademiyanın fabrik-zavod yaradıb işlətməsi, məhsul
istehsal etmək səviyyəsində istehsalat məsələlərinə
cəlb edilməsi də bəzən
o qədər də məqbul sayılmamışdır.
Halbuki Azərbaycan Milli Elmlər Akademiyasında hələ
sovet dövründə təsərrüfat müqaviləsi ilə
işləyən Tərcübə-Konstruktor Büroları və
Təcrübə-Sınaq Zavodu kimi struktur bölmələr
fəaliyyət göstərmiş və bu elm-istehsalat müəssisələrdən
əldə edilən maliyyə vəsaitindən elmi
işçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması, elmi qurumların
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə
istifadə olunmuşdur. İndi isə dövlət səviyyəsində
təsdiq olunan Azərbaycan Milli Elmlər Akademiyasının
Nizamnaməsində Akademiyanın innovasiya və sahibkarlıq
fəaliyyəti ilə məşğul olmasına dair konkret
maddələrin nəzərdə tutulması bu sferanın
daha da inkişaf etdirilməsinə hüquqi təminat verirdi.
Buna baxmayaraq, Nizamnamənin qəbul edilmək
üçün təqdim olunması üçün kompromis
variant kimi 2.2.9-cu maddənin axırındakı "təşkil
etmək" sözləri "təşkili barədə təkliflər
vermək" ifadələri ilə əvəz olunmuşdur.
Əslində "təşkili barədə təkliflər"
vermək işi də Akademiyaya aid olduğu üçün
eyni mənanı ifadə etdiyindən, yəni innovasiya və
sahibkarlıq mühiti yaratmağa əsas verdiyindən Nizamnamənin
2.2.9-cu maddəsi qüvvəsində qalmışdır.
Beləliklə, Azərbaycan Milli Elmlər
Akademiyasının 2014-cü il Nizamnaməsində ilk dəfə
olaraq aşağıdakı bir sıra mühüm müddəalar
öz əksini tapmışdır:
l Azərbaycançılıq ideyasının
Akademiyanı əsas prioritet istiqamətindən birinə
çevirmək ölkəmizin bütün elmi müəssisələri
və təşkilatlarında, ali məktəblərdə
aparılan elmi tədqiqat işlərinin əlaqələndirmək,
istiqamətləndirmək və qiymətləndirmək
funksiyalarını həyata keçirmək, elmi tutumlu təsərrüfat obyektləri
yaradıb fəaliyyətinin tərkib etmək, elmdə
innovasiya və sahibkarlıq fəaliyyətini həyata
keçirmək, ölkə üzrə elmi ekspertizanın təşkilində
Akademiya alimlərinin
iştirakını təmin etmək.
l Ölkə üzrə elmi-tədqiqatların təşkili
və əlaqələndirilməsinin təmin etmək, beynəlxalq
elmi laboratoriyaların yaradılması və fəaliyyətinin
təşkil etmək, ödənişli əsaslarla mütəxəssislər
hazırlamaq, magistratura pilləsi üzrə mütəxəssislər
hazırlamaq.
l Azərbaycan alimlərinin, o cümlədən gənc
alimlərin qurultaylarını keçirmək, Akademiyanın
fəxri və xarici üzvlərini bir-birindən fərqləndirmək
Yeni Nizamnaməyə əsasən Azərbaycan Milli
Elmlər Akademiyası Ümumi yığıncağı və
Rəyasət Heyətinin səlahiyyətləri genişləndirilmiş,
beynəlxalq əlaqələr yaratmaq sahəsində
imkanları genişləndirilmişdir.
Müstəqillik dövrünün
reallıqlarını istiqamətləndirən 11 dekabr
2014-cü il Nizamnaməsi Azərbaycan Milli Elmlər
Akademiyasının tarixinə İlham Əliyev Nizamnaməsi
kimi həkk olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 11 dekabr 2014-cü ildə 386 saylı Fərmanla Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının Nizamnaməsini
təsdiq etmişdir. Bu, Azərbaycan Milli Elmlər
Akademiyasının azərbaycançılıq prinsipləri
əsasında hazırlanmış, müstəqillik
dövrünün tələblərinə cavab verən
birinci Nizamnaməsi hesab oluna bilər.
Milli Elmlər Akademiyasının Nizamnaməsində
öz əksini tapmış yeniliklər, bir qədər
sonra, Milli Məclisdə Elm və Təhsil Komitəsində
hazırlanmış və Azərbaycan Respublikasının
Prezidenti tərəfindən 2016-cı ildə təsdiq
olunmuş "Elm haqqında" Qanunda daha da genişləndirilmiş
və möhkəmləndirilmişdir. "Elm haqqında"
Azərbaycan Respublikasının Qanununa ayrıca olaraq "Azərbaycan
Milli Elmlər Akademiyası" adlı xüsusi maddə daxil
edilmiş və həmin maddədə Akademiyanın səlahiyyətləri,
funksiyaları və vəzifələri öz əksini
tapmışdır. Bundan başqa, "Elm haqqında" Azərbaycan
Respublikasının Qanununda elm tarixində ilk dəfə
olaraq "Elmdə sahibkarlıq və innovasiya fəaliyyəti"nə
aid 16 bənddən ibarət ayrıca 38-ci maddə
özünə yer almışdır. "Elm" haqqında
Azərbaycan Respublikasının Qanununda və Milli Elmlər
Akademiyasının yeni Nizamnaməsindəki müddəalar
ölkə elmi mühitində, xüsusən də Elmlər
Akademiyasında islahatların aparılmasına imkan
yaratmışdır. Elmi Tədqiqatların Əlaqələndirilməsi
Şurasının statusunun artırılması, Milli Elmlər
Akademiyasında Təcrübə-Sənaye zavodunun Neft-Kimya
Prosesləri İnstitutundan çıxarılaraq
ümumakademiya elmi-istehsalat qurumuna çevrilərək fəaliyyətini
davam etdirməsi, Akademiyada ilk dəfə olaraq magistratura təhsilinin
təşkili, birgə beynəlxalq laboratoriyalarının
yaradılması kimi məsələlərin müsbət həlli
2014-cü il Nizamnaməsinin müddəaları əsasında
baş tutmuşdur.
Bununla belə, daim yeniləşmə proseslərinin həyata
keçirilməsini tələb edən Akademiya mühitində
ölkəmizdə gedən ictimai-siyasi proseslərə
uyğun olaraq daha dərin islahatlara yaranmış tələbat
öz növbəsində Nizamnaməyə əsaslı əlavələrin
və yeniliklərin daxil edilməsi zərurətini meydana
çıxarmışdır. Azərbaycan Milli Elmlər
Akademiyası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Ümumi
Yığıncağında Nizamnamə Komissiyasının
yeni tərkibi seçilmiş və Akademiyanın fəaliyyətini
tənzimləyən və istiqamətləndirən Nizamnaməyə
müasir dövrün çağırışlarını
əks etdirən müddəaların daxil edilməsi qərara
alınmışdır. AMEA-nın vitse-prezidenti, Nizamnamə
Komissiyasının sədri, akademik İsa Həbibbəylinin
rəhbərliyi və komissiyanın üzvləri akademiklər
Vaqif Fərzəliyev, Rasim Əliquliyev, İsmayıl
Hacıyev, müxbir üzv Bəxtiyar Məmmədov hüquq
elmləri doktoru Nazim Cəfərlinin iştirakı ilə
AMEA Nizamnaməsinin müasir mərhələnin prinsiplərinə
uyğun surətdə yeniləşdirilməsi vəzifəsi
həyata keçirilmişdir. Hazırlanan yeniləşdirilmiş
Nizamnamədə Milli Elmlər Akademiyasında müstəqil
dövlətçilik və azərbaycançılıq
ideallarının daha da dərinləşdirilməsi, alimlərin
ölkəmizdəki dövlət quruculuğu proseslərində
daha yaxından iştirakının təmin edilməsi məsələləri
dərinləşdirilərək möhkəmləndirilmişdir.
Bundan başqa, Milli Elmlər Akademiyasının 2020-ci il
Nizamnaməsinə edilmiş əlavələr bu dövlət
ali elmi təşkilatında bir sıra zəruri struktur
islahatlarının aparılmasına təminat vermişdir.
Nizamnaməyə yeni daxil edilmiş maddələrə
əsasən Milli Elmlər Akademiyasının strukturunda
mövcud olan, lakin funksiyaları etibarilə vitse-prezidentlik
institutu ilə paralellik təşkil edən Bölmələrin
akademik katibləri vəzifələri ixtisar olunmuş,
vitse-prezidentlərin səlahiyyətləri
artırılmışdır. Eyni zamanda, 2020-ci ilədək
Elmi Bölmələrin idarəetmə orqanı olan, sovet təfəkkürünü
əks etdirən "Büro" anlayışının ləğv
edilməsi və əvəzində Bölmələrin Elmi
Şuralarının yaradılması üçün
hüquqi əsasları formalaşdırmışdır.
Bütün bunlar Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 10 aprel 2020-ci il tarixdə Azərbaycan
Milli Elmlər Akademiyasının 11 dekabr 2014-cü ildə təsdiq
edilmiş Nizamnaməsində dəyişiklik edilməsi
haqqında Fərman ilə tənzimləndirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasında elm və təhsilin idarə edilməsinin təkmilləşdirilməsinin
bəzi məsələləri haqqında" 28 iyul 2022-ci il
tarixli Fərmanı ölkəmizdə elm və təhsilin təşkili
sahəsində yeni reallığı gündəmə gətirmişdir.
Bu Fərmana əsasən Azərbaycan Milli Elmlər
Akademiyasının tərkibində fəaliyyət göstərmiş
dəqiq və texniki elmləri, təbiət elmlərini əhatə
edən elmi-tədqiqat institutları yeni yaradılmış
Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edilmişdir.
Bundan başqa, Akademiyanın tərkibində olan Milli Azərbaycan
Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi və Hüseyn Cavid Muzeyi Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin idarəçiliyinə
verilmişdir. Hazırda Azərbaycan Milli Elmlər
Akademiyası Humanitar və İctimai Elmlər Bölmələrinin
tabeliyində olan elmi-tədqiqat institutlarını, Milli
Ensiklopediya Mərkəzini, Naxçıvan və Gəncə
Bölmələrini, Şəki,
Lənkəran və Quba Elmi Mərkəzlərini,
Seysmologiya Mərkəzini, Mərkəzi Elmi Kitabxananı və
"Elm" nəşriyyatını özündə birləşdirir.
Elm və ali təhsilin inteqrasiyasına geniş imkan yaradan bu
reallıq eyni zamanda Azərbaycan Milli Elmlər
Akademiyasının yeni Nizamnaməsinin hazırlanması zərurətini
meydana çıxarmışdır. AMEA Nizamnamə Komissiyası
Akademiyanın rəhbərliyi ilə AMEA-nın mövcud
reallıqları və perspektiv inkişafı əks etdirən
yeni Nizamnamə layihəsi üzərində geniş iş
aparmış və nəticədə Elm və Təhsil
Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətlərini
tənzimləyən hüquqi sənəd
imzalanmışdır. Yeni Nizamnamə layihəsi əlaqədar
qurumlarla müzakirə edildikdən sonra Nizamnamənin tələblərinə
uyğun olaraq AMEA Ümumi Yığıncağının 1
may 2023-cü il tarixli qərarı ilə təsdiq olunmaq
üçün Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 3 noyabr 2023-cü il tarixdə Azərbaycan
Milli Elmlər Akademiyasının Nizamnaməsini təsdiq
etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin təsdiq etdiyi sosial-iqtisadi inkişaf
strategiyasının və milli prioritetlərin əsas kimi qəbul
edilməsi AMEA-nın yeni Nizamnaməsində dünya elminə
inteqrasiya ilə yanaşı, ölkəmizin tərəqqisinə
və yeniləşdirilməsinə xidmət edən yeni
Nizamnamənin hazırlanması zərurətini meydana
çıxarmışdır. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr
2023-cü il tarixdə təsdiq etdiyi Milli Elmlər
Akademiyasının Nizamnaməsi ölkəmizdə elmin təşkili
və idarə olunmasında meydana çıxmış yeni
reallıqların hüquqi cəhətdən tənzimlənməsinə
və istiqamətləndirilməsinə xidmət edir. Tərkibində
əsasən humanitar və ictimai elmlərə dair elmi müəssisələrinin
mövcud olduğu nəzərə alınmaqla, yeni Nizamnamədə
bu sfera üçün prioritet olan Azərbaycançılıq
və milli dövlətçilik ideologiyasının, Azərbaycan
dilinin, milli ədəbi-ictimai fikrin, tarixi-mədəni irsin,
milli-mənəvi dəyərlərin qorunmasına, inkişaf
etdirilməsinə və möhkəmləndərilməsinə
xidmət edən elmi-tədqiqatların aparılması və
fəaliyyətlərin həyata keçirilməsi, bu sahələr
üzrə elmi məktəblərin formalaşdırılması
ilə əlaqədar müddəaları ön mövqeyə
çıxarılmışdır. Hazırda Azərbaycan
Milli Elmlər Akademiyasının idarə olunması və
Akademiyanın tərkibində təmsil olunan humanitar və
ictimai elmləri əhatə edən elmi tədqiqat
institutlarının və Seysmoloji Xidmət Mərkəzinin
işinin təşkili, fəaliyyətinin tənzimlənməsi
yeni Nizamnamənin ana xətlərini müəyyən edir. Məsələnin
ölkə reallıqları ilə əlaqədar müddəalar
vaxtilə sovet hakimiyyəti dövründə Elmlər
Akademiyalarının fəaliyyətində əsas yer
tutmuş keçmiş SSRİ-nin hərbi-sənaye
kompleksinin inkişaf etdirilməsinə istiqamətləndirilmiş
elmi tədqiqatlardan nəhayət ki, konkret olaraq müstəqil
Azərbaycan Respublikasının dövlətçilik mənafelərinə
və xalqımızın milli maraqlarına xidmət edən
elmi fəaliyyətə keçmək üçün
hüquqi təminat yaradır. Nizamnamədəki
Akademiyanın inkişafı fondu yaratmaq, fəaliyyət
istiqamətlərinə uyğun olaraq problem şuralar, komitələr,
komissiyalar, mərkəzlər təşkil etmək,
ekspertizalar keçirmək, monitorinqlər aparmaq, xaricdə
yaşayan elmi diaspora ilə əlaqə qurmaq, sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq və sair kimi müddəalar da
hazırkı mərhələdə AMEA-nın adında ifadə
olunan "Milli" anlayışı istiqamətindəki fəaliyyətin
müasir səviyyədə təşkilinə imkan verir. Bu
isə öz növbəsində Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizə
rəhbərlik etdiyi dövrdə, 3 yanvar 2003-cü il tarixdə
imzaladığı Sərəncamla Akademik qurumun "Azərbaycan
Milli Elmlər Akademiyası" adlandırılması
haqqında qəbul etdiyi qərarın nə qədər
böyük uzaqgörənliklə verildiyini əyani şəkildə
nümayiş etdirir.
Bundan başqa, yeni Nizamnamədə Milli Elmlər
Akademiyasının beynəlxalq əlaqələri və əməkdaşlığına
dair də əhəmiyyətli maddələr öz əksini
tapmışdır. Nizamnamənin "Akademiyanın
hüquqları" bölməsindəki elm sahəsində
xarici ölkələrin təcrübəsinin öyrənilməsi
və tətbiqinə, beynəlxalq elmi təşkilatlara, digər
ölkələrin Akademiyaların üzvlüyünə
seçilmək, birgə elmi tədqiqat işləri aparmaq,
beynəlxalq laboratoriyalar yaratmaq və sair kimi maddələr
akademik qurumun dünya elminə inteqrasiyasına şərait
yaradır. Bu, müstəqillik dövrünün indiki mərhələsində
Azərbaycan elminin beynəlxalq miqyasda baş verən ən
yeni proseslərin, müasir trendlərin ölkə elmi ilə
əlaqələndirilməsi üçün zəruri
addımların atılmasına meydan açır. Son
vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyasının tarixində
ilk dəfə olaraq, akademik qurumun dünyanın ən
böyük beynəlxalq elmi təşkilatı olan Beynəlxalq
Elmi Şuranın, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri
Assosiasiyasının, Avrasiya Universitetlər Birliyinin səsvermə
hüququna malik olan üzvləri sırasına qəbul edilməsi
AMEA-nın yeni Nizamnaməsindəki müddəaların həyata
keçirilməsi sahəsində irəliyə doğru
atılmış real addımlardır.
Azərbaycan Milli Elmlər Akademiyasının
Strukturunun dəyişməsi ilə əlaqədar olaraq bundan
sonrakı mərhələdə Akademiyanın elmi Bölmələrinin
funksiyalarının müəyyən edilməsi məqsədilə
də ilk dəfə olaraq yeni Nizamnaməyə müvafiq
müddəalar əlavə edilmişdir. Bu baxımdan yeni
Nizamnamə Akademiyada müasir dövrün
çağırışlarına uyğun olaraq zəruri
struktur islahatlarının aparılmasına hüquqi təminat
verən mühüm dövlət sənədi kimi xüsusi əhəmiyyətə
malikdir. AMEA-nın Nizamnaməsindəki tərkibində elmi
müəssisələri olan Bölmələrin və elmi
müəssisələri olmayan Bölmələrin
funksiyalarını tənzimləyən ayrıca maddələrin
yer alması müasir şəraitdə bütün elm sahələrini
əhatə edən Bölmələrin qorunub
saxlanılmasına və fəaliyyətinin yenidən təşkilinə
əsas verir. Hazırda Azərbaycan Milli Elmlər
Akademiyasında ölkə üzrə il ərzində
aparılan elmi tədqiqatlar sahəsində əldə
edilmiş mühüm elmi nəticələrə dair
hesabatların geniş müzakirələrinin təşkili və
elmin daha da inkişaf etdirilməsi haqqında təkliflərin
və tövsiyələrin qəbul edilməsi yeni Nizamnamədə
öz əksini tapmış qarşılıqlı elmi fəaliyyətin
tənzimlənməsi və idarə olunması barədəki
hüquqların və vəzifələrin
açdığı imkanların reallıqlarıdır.
Göründüyü kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr
2023-cü il tarixdə imzaladığı Azərbaycan Milli
Elmlər Akademiyasının yeni Nizamnaməsi yeni tarixi mərhələdə
elmin xalqımızın milli maraqları və ölkəmizin
dövlətçilik mənafeyi istiqamətində inkişaf
etdirilməsinə, beynəlxalq elmi əməkdaşlığa,
bəşəri dəyərlərin tədqiq edilib ümumiləşdirilməsinə,
zəruri struktur islahatlarının aparılmasına təminat
verir. Yeni Nizamnamənin qəbul edilməsindən keçən
qısa müddət ərzində aparılan elmi tədqiqatlarda
Azərbaycançılıq ideallarının aparıcı
istiqamətə çevrilməsi, xalqımızın tarixində
və taleyində mühüm rol oynamış ədəbi-tarixi
şəxsiyyətlərin araşdırılıb tədqiq
olunmasının meydanının genişləndirilməsi, Azərbaycan
tarixinin ədəbiyyatı və mədəniyyətinin
dövrləşdirilmə konsepsiyasının
hazırlanması və inkişaf mərhələlərinin
müəyyən edilməsi, milli fəlsəfi təfəkkürün
formalaşdırılması, arxeologiya, etnoqrafiya, antropologiya,
folklorşünaslıq istiqamətlərində qəbul
edilmiş qərarlar və atılmış əməli
addımlar Akademiyanın müasir dövrün
çağırışlarının
işığında inkişaf etməkdə olduğunu
nümayiş etdirir. Bundan başqa, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq qərarı ilə mövcud
Tarix İnstitutunun bazasında A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun əsasında Arxeologiya və Antropologiya
İnstitutunun yaradılması, ölkəmizin
reallıqlarına uyğun olaraq "Qarabağ müharibəsinin
tarixi və Böyük Qayıdış hərəkatı",
"Xəzərin arxeologiyası", "Qərbi Azərbaycan
tarixi", "Qərbi Azərbaycan folkloru", "Məhkəmə
arxeologiyası", "Elektron Akademiya", "Musiqi
folkloru", "Toponimika" şöbələrinin təsis
edilməsi yeni qəbul edilmiş Nizamnamənin struktur
islahatlarının aparılması sahəsində verdiyi
imkanların nəticələridir.
Beləliklə, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 3 noyabr 2023-cü il tarixdə təsdiq
etdiyi Milli Elmlər Akademiyasının Nizamnaməsi akademik təşkilatımızın
yeni tarixi dövrünün Nizamnaməsi kimi elmimizin bundan
sonrakı inkişafına istiqamətverici sənədi kimi
mühüm əhəmiyyətə malikdir.
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
16 may 2023-cü il tarixli iclasında qəbul edilmiş yeni
loqotipi-emblemi də elmin yeni tarixi dövrdəki hədəflərini
və vəzifələrini rəmzləşdirir.
Azərbaycan Milli Elmlər Akademiyası davamlı elmi ənənələrin
qorunub yaşadılması və yeniləşmə proseslərinin
daha da genişləndirilməsi yollarında inamlı
addımlar atmaqla davam edir. Əldə olunmuş mühüm
elmi nəticələr, aparılmış məqsədyönlü
islahatlar, başlanmasına start verilmiş layihələr
yeniləşmə hərəkatının Azərbaycan
elminin yeni hədəflərə doğru inkişafına təkan
verir. Azərbaycan Milli Elmlər Akademiyası qarşıdan gələn
80 illik yubileyinə müstəqil Azərbaycan dövlətinin
hərtərəfli və sürətli inkişaf etdirilməsinə
mühüm elmi töhfələr vermək əzmi ilə
gedir.
8 may 2024-cü il
İsa Həbibbəyli yazır
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, Milli Məclisin deputatı,
Akademik