Multikultural təhlükəsizlik konsepsiyasına yeni töhfə

 

Akademik Kamal Abdullanın Ulu öndər Heydər Əliyevin 100 illiyi şərəfinə 2023-cü ildə "Heydər Əliyev və multikultural təhlükəsizlik" kitabı işıq üzü görüb. Yeri gəlmişkən, Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi, təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində, ictimai-siyasi sahədə xidmətlərinə görə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Akademik Kamal Abdullanın bu əsərində Ulu öndər Heydər Əliyevin multikultural təhlükəsizlik sahəsindəki siyasi-ideoloji görüşləri və praktiki fəaliyyəti elmi-fəlsəfi aspektdən araşdırılır. Kitab 11 fəsildən ibarətdir: I fəsil "Multikultural təhlükəsizlik konsepsiyasi Azərbaycanın dövlət siyasətidir"; II fəsil "Vətəndaş hüquqlarının qorunmasının təminatçısı. Azəıbaycan multikulturalizminin siyasi və hüquqi bazasının formalaşması Heydər Əliyev fəaliyyəti işığında"; III fəsil "Din-əxlaq-mənəviyyat. Dini tolerantlıq Heydər Əliyevin multikultural təhlükəsizlik siyasətinin prioritet istiqamətlərindən biri kimi"; IV fəsil "Milli müxtəliflik-Azərbaycanın sərvəti. Milli azlıqlar və etnik qruplar Heydər Əliyevin qayğıkeş himayəsində"; V fəsil "Azərbaycançılıq-xalqın özül daşı. Azərbaycançılıq məfkurəsi multikultural təhlükəsizliyin ideoloji əsası kimi"; VI fəsil "Dilin tarixi-xalqın tarixi. Heydər Əliyev və Azərbaycanda dil siyasəti"; VII fəsil "Mədəni yüksəliş milli ideologiyanın əsasıdır. İncəsənət və mədəniyyət sahəsində Heydər Əliyevin multikultural siyasəti"; VIII fəsil "Ölkəmiz qlobal dünya siyasətində: Beynəlxalq münasibətlər sistemində Heydər Əliyevin milli təhlükəsizlik və multikultural siyasəti"; IX fəsil "Varislik: Heydər Əliyevin multikultural siyasətini gələcəyə aparan prezident İlham Əliyevin tarixi xidmətləri"; X fəsil "Azərbaycan diasporu, lobbisi. Azərbaycan diasporu Heydər Əliyevin multikultural siyasətinin yaradıcı bəhrəsidir"; XI fəsil "Davamlı. əbədi inkişaf" adlanır.

Kamal Abdulla multikultural təhlükəsizliyin Azərbaycan nümunəsini təhlil edərək göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət edildikdə ölkənin idarəetmə strukturlarının həm daxili potensialı öz zənginlikləri ilə üzə çıxır, həm də dövlət öz beynəlxalq imicinə müsbət çalarlar əlavə edir. Müasir azərbaycanlının həm mənəviyyatında, psixologiyasında, dünyaya baxışında, h?m də müasir siyasi təsəvvürlərində multikultural dəyərlərin yeri aşkardır.

Akademik göstərir ki, Ulu öndər hələ birinci hakimiyyəti illərində, sovet dövründə multikultural təhlükəsizlik siyasətini zərrə-zərrə, addım-addım həyata keçirməyə, cəmiyyəti bu istiqamətdə tərbiyə etməyə çalışırdı. Heydər Əliyev Azərbaycanda azərbaycançılq mühitini, Azərbaycan ruhunu bərpa etməyə və formalaşdırmağa başladı, unudulmuş mənəvi-əxlaqi dəyərləri dirçəltdi, onların sosial rəvacı üçün siyasi reabilitasiya elan etdi.

Tarixi adət-ənənələr, milli bayramlar, rituallar yenə də ictimaiyyətin halal haqqı kimi özünə qaytarıldı. Eyni zamanda, multikultural siyasət inkişaf etdirildi, milli birlik və həmrəylik formalaşdırıldı, sovet dövründə Azərbaycan ən beynəlmiləl respublikaya çevrildi. Bununla da, ölkədə multikultural ideyalar və tolerant fikirlər bərqərar olmağa başladı.

Müəllif yazır: "Dövlət özünün multikultural təhlükəsizlik strategiyası ilə ölkə daxilində yaşayan milli azlıqları və konfessiyaları "başqası" olmaq kateqoriyasından çıxararaq, onların aidiyyət hisslərini və arzularını təminat altına alır. Müasir dövrdə Heydər Əliyev idealları etibarlı, münbit zəmində inkişaf etdirilir. Bunun müəllifi onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevdir. Ulu öndərin ideyalarını və irsini mükəmməl mənimsəyən, onların həyata keçirilməsində yeni-yeni uğurlar qazanan İlham Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin himayəçisi kimi çıxış edir. Azsaylı xalqların, dini konfessiyaların hüquqlarının qorunmasında, mədəni müxtəlifliyin saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin qlobal miqyasda təqdimində Prezident İlham Əliyevin cahanşümül fəaliyyəti göz önündədir. Ulu öndərin fasiləsiz titanik fəaliyyəti getdikcə daha çox bəhrə verir, Azərbaycanın inkişaf və tərəqqisinə əvəzsiz xidmətlərini göstərir. Onun ideya və fikirləri bu gün də yolgöstərəndir, respublikanın yüksəliş və inkişafı yolunda sönməz bir mayakdır".

Heydər Əliyev multikultural təhlükəsizlik konsepsiyasının siyasi-hüquqi bazasının özülünü qoydu, onu Azərbaycan xalqının həyat tərzinə çevirə bildi. Ulu öndər din, əxlaq və mənəviyyatın vəhdətini formalaşdırmaqla dini tolerantlığı multikultural təhlükəsizliyin tərkib hissəsinə daxil etdi, islamofobiyaya qarşı mübarizəni gücləndirdi, bütün dinlərin, dini qurumların azad fəaliyyətinə şərait yaratdı, milli, etnik, dini həmrəliyi, rasional humanizmi, ümumbəşəri harmoniyanı gerçəkləşdirdi.

Müəllif göstərir ki, hakimiyyətə ikinci qayıdışında Ulu öndər respublikada yaşayan azsaylı xalqları azərbaycançılıq ideologiyası işığında sıx birləşdirdi, müstəqil dövlətin siyasətində prioritet yer tutan multikultural təhlükəsizliyi təmin etdi. Onun multikultural siyasətinin əsasını dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq iradəli, vətənpərvər, yaradıcı, yenilikçi insanlar təşkil edirdi. Kitabda qeyd edilir: "Ulu öndər ölkədə multikultural siyasət və bununla bərabər, dövlətin multikultural təhlükəsizliyini öz əməli fəaliyyəti, dövlət quruculuğu və idarəçiliyi təcrübəsində yüksək səviyyədə həyata keçirmişdir. Onun respublikaya rəhbərlik elədiyi hər iki dövrdə cəmiyyət daxilindəki bütün konfessiyalara və onun nümayəndələrinə dövlət tərəfindən siyasi münasibət bərabər şəkildə yönəldilmiş, ölkədə mövcud olan milli rəngarəngliyin saxlanılması istiqamətində dövlət siyasəti stabil olmuş, mövcud etnik-mədəni müxtəlifliyin qorunmasına və inkişafina dövlət tərəfindən güclü dəstək verilmişdir. Bu da azsaylı xalqların kommunikativ təbiətinin üzə çıxarılmasına və aktiv cəmiyyətə inteqrasiyasına təkan vermişdir. Heydər Əliyev multikultural siyasətinin mahiyyəti də, məhz, bu amillərə söykənir".

Heydər Əliyev multikultural təhlükəsizlik konsepsiyasının ideoloji əsasını azərbaycançılıq məfkurəsi təşkil edir. Kitabda göstərilir ki, Heydər Əliyev azərbaycançılığı tənzimləyici, vəhdətyaradıcı vasitə kimi formalaşdırmışdır. Məhz bu amil dövlətçiliyi, Azərbaycan dilini, xalqın birliyini, milli ənənələri və mənəviyyatı inkişaf etdirdi: "Azərbaycançılıq ideologiyasının əsasında dayanan Azərbaycan xalqının əxlaqı və adət-ənənəsini, tarixi təcrübəni bu günümüzə transfer etmək bu dəyərlərin dövlət idarəçiliyinə tətbiqinin məntiqi davamıdır. Vu ənənələr və əxlaq xalqın keçdiyi möhtəşəm tarixi yolun, mütərəqqi təcrübəyə söykənən fəaliyyətinin qorunub saxlanılması deməkdir. Beləliklə, azərbaycançılıq, həm də tarixi varislik ənənələri üstündə köklənmiş bir siyasi təlim kimi milli kimliyin və polietnik fərqliliklərin əhval-ruhiyyəsini əhatə edən ideyalar toplusudur, dövlət siyasətinin multikultural təhlükəsizliyinin əsas parametrlərindən biridir".

Kamal Abdulla multikultural təhlükəsizliyin ideoloji əsası kimi azərbaycançılığın tərkib hissəsi olan Heydər Əliyevin dil siyasətindən də geniş bəhs etmiş, milli şərəfin və milli ləyaqətin dil faktoru ilə formalaşıb yaşamasını, inkişaf etməsini, müasirləşməsini də göstərmişdir: "Ulu öndər Azərbaycan dilinin inkişafı, gələcək nəsillərə sağlam, mükəmməl şəkildə ötürülməsi qayğısı ilə dilin keşiyində daim ayıq-sayıq dayanmağı tövsiyə edirdi. O, xüsusən, bədii dili xalqın təfəkkür və yaddaş fenomeni kimi daha çox qiymətləndirirdi. O, dilin ilkin təravətini qorumağı, onu solğunlaşmadan, yoxsullaşmaqdan, itib-batmaqdan hifz etməyi dönə-dönə vurğulayırdı. Vu yolda o, daim mücadilə aparmış, aydın, səlis danışıq tərzi, nitq və məruzələrindəki dərin məzmun və məna çalarları, söz külliyyatındakı zənginliklə Azərbaycan dilinə yeniliklər gətirmiş, həmçinin onun müasir populyar dilə çevrilməsi yolunda mümkün inzibati-administrativ vasitələri əsirgəməmişdir".

Kitabda incəsənət və ədəbiyyatın bütün növlərinə - bədii ədəbiyyata, kinoya, teatra, musiqiyə himayədarlığı Heydər Əliyevin h?r iki hakimiyyəti dövründə multikultural siyasətində mühüm yer tutduğu xüsusi qeyd edilir. Bu sahədə etnik qrupların və azsaylı xalqların ədəbi yaradıcılığına, incəsənətinə, mədəni özəlliklərinə diqqət və qayğının əlahiddə yer aldığı vurğulanır: "Ümummilli lider siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə azsaylı xalqların mədəni potensialının reallaşdırılması üçün dövlət səviyyəsində praktiki addımlar atmışdır. Şübhəsiz, mənəvi-mədəni yüksəliş, yaradıcı imkanların üzə çıxarılması azsaylı xalqların mövcudluğunu təşviq edən, özünüqoruma instinktini oyadan, həyat tərzinə, milli köklərə bağlılığını yaşadan vasitələrdəndir".

Əsərdə Heydər Əliyevin multikultural təhlükəsizlik konsepsiyasının beynəlxalq münasibətlər sistemində yeri göstərilir, geniş təhlilə cəlb edilir. Müəllif bu barədə deyir: "Umumiyyətlə, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər respublikamız üçün həlledici dövr oldu. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyənləşdirildi, Azərbaycan dünya birliyinə inteqrasiya etdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirakı mühüm əhəmiyyət kəsb edirdi".

Kitabda Heydər Əliyevin multikultural təhlükəsizlik siyasətinin müasir dövrdə inkişaf etdiriməsində Ulu öndərin layiqli siyasi varisi, dövlət başçısı İlham Əliyevin əvəzsiz roluna xüsusi diqqət yönəldilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də qeyd edilmişdir: "Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyər, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun baş tutmasına göstərdiyi diqqət və cəhdlər dünya miqyasında real elmi, mədəni, sosial müstəviyə keçirilməsi işində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır".

Kitabın 10-cu fəsilində Azərbaycan diasporunun formalaşması Heydər Əliyev multikultural siyasətinin yaradıcı bəhrəsi kimi təqdim edilmişdir. Xaricdə yaşayan soydaşlarımız da bir əqidə - azərbaycançılıq ideologiyası ətrafında birləşirlər. Bu barədə geniş söz açan müəllif qeyd edir:

"Azərbaycan Respublikası milli maraqlar və dövlət mənafeyi naminə diaspora sahəsində sistemli və ardıcıl, davamlı siyasət yürüdür. Tarixi-təbii zərurət çərçivəsində yaranan, mənəvi tələbat, milli ideologiya, ədalət və bəşəri harmoniya üzərində qurulan bu siyasi xəttin əsasında azərbaycançılıq ideologiyası dayanır. Bu ideya dünya azərbaycanlıları birliyinin elmi-fəlsəfi və siyasi əsaslarını təşkil edir. Heydər Əliyevin dərin düşüncə ilə yaratdığı, elmi əsaslar üzərində formalaşdırdığı bu siyasi-ideoloji xətt daxildə olduğu kimi xaricdə yaşayan azərbaycanlıları da birləşdirən milli-mənəvi dayaq nöqtəsidir. Heydər Əliyevin bu dahi ideyası hüdud tanımır, ölkə sərhədlərinə sığmır, abənrüba kimi bütün dünyada yaşayan azərbaycanlıların şüuruna sahib olur. Onlar bu ideya işığında öz vətənpərvərliklərini, milli kimliklərini qoruyub saxlayır, azərbaycanlı olduğunu heç vaxt unutmur..."

Kamal Abdulla haqlı olaraq Heydər Əliyevi Azərbaycan xalqının n böyük milli sərvəti, ən qiymətli milli dəyəri, dövləti fəaliyyətində, siyasi görüşlərində daim xalq mənafeyini uca tutan, hr bir addımını, hər bir hərəkətini xalqın üstün mənafelərinə uyğunlaşdıran Ümummilli lider statusuna yüksəlmiş dahi şəxsiyyət kimi səciyyələndirir: "O, yaranışdan bir Günəş kimi doğmuş, xalqın inkişaf yollarını işıqlandırmış, gələcək mübarizələrində atılan addımlara, çabalara, mübarizələrə yol göstərmişdir. u Günəş bu gün də bizim yolumuzu işıqlandırır, sabah da işıqlandıracaqdır".

 

Könül ƏLİYEVA

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimai fənlər kafedrasının müdiri

525-ci qəzet.-  2024.- 18 may,№87.- S.14;15.