"Populyarlıq
sarıdan mənim qədər şanslı sənətçi
olmayıb"
XALQ ARTİSTİ AĞADADAŞ AĞAYEV:
"ÇOX TƏƏSSÜF Kİ, BU SUALI MƏNƏ
VERDİNİZ"
"
Müsahibimiz Xalq artisti, müğənni
Ağadadaş Ağayevdir.
- Ağadadaş bəy, ağır xəstəliklə
mübarizədən qalib ayrıldınız. Bu savaş sizə
nə öyrətdi?
- O günlər rəbbimə əl açıb dedim
ki, ya rəbbim, sənə qurban olum, on yeddi yaşımda
şan-şöhrət, xərcləməsi mümkün
olmayan pul qismət etdin, hər şey verdin, indi də bir dərd
vermisən, imtahan kimi qəbul edirəm. Təkcə bir diləyim
var, bu sınaqda ətrafımdakıların iç
üzünü mənə göstər.
- Göstərdi?
- Ətrafım insanlarla dolu idi. Çox təmizləndi
sağım-solum. Övladlarım daxil ətrafımdakı
doxsan faiz adam bu imtahanı keçə bilmədilər. Xəstəliyimi
öyrəndiyim ilk günlərdə mənə deyirdilər
ki, sənin filan dostların var, onlara zəng elə. Dedim yox,
eləmərəm. Yaşayacamsa, yaşayacam, öləcəmsə,
öləcəm. Bu söhbətdən bir gün sonra
Prezidentin köməkçisi Anar Ələkbərov zəng
edib dedi ki, cənab Prezidentlə hörmətli Mehriban
xanım sizi bizə çox ciddi tapşırıblar. Heydər
Əliyev Fondu maddi olaraq mənə çox dəstək oldu.
Həkimimə qədər dəyişdilər, altı dəfə
əməliyyat keçirdim və uzun müalicədən
sonra sağaldım.
- Yaxın tarixdən danışdıq. İstəyirəm
söhbətimizi köhnə tarixlə davam edək. Elə
başlayaq sənətə gəlişinizdən.
- Yeddinci sinifdə oxuyurdum. Dərsdən sonra hamı
getmişdi, xadimənin oğlu Ramizlə ikimiz
qalmışdıq. Mən həmişə gizlin yerlərdə
oxuyurdum. Çox utancaq idim. Heç kimin olmamağını
fürsət bilib oxumağa başladım. Bu vaxt fizika müəllimi
içəri girdi. Qapı açılan kimi tez dayandım. Sərdar
müəllim soruşdu ki, oxuyan kim idi? Əvvəlcə səsimi
çıxarmadım, amma müəllim bildi ki, mənəm.
Başqa otağa aparıb dedi ki, oxu. Utana-utana bir mahnı
oxudum. Bundan sonra Səməd Vurğunun "Vaqif" pyesi əsasında
uşaqlarla bir tamaşa hazırladıq. Ordakı xanəndə
obrazını mənə verdilər. Beləcə Sərdar
müəllim məni inandırdı ki, yaxşı oxuyuram.
- Bəs Sərdar müəllimin haqlı olduğunu nə
vaxt anladınız?
- Özüm özümə çox gec inandım.
Artıq populyar idim, hər şey var idi, ancaq yenə
narazı idim. İndi bilirəm ki, oxuduqlarımın doxsan
faizinin haqqını verə bilmişəm. Ancaq gənclikdə
oxuduğum, mənə populyarlıq gətirən mahnılara
bu gün qulaq asa bilmirəm, təcrübəsizliyi hiss edirəm.
İndi özümə güvənirəm.
- Şöhrət, pul, insanların sevgisi...
özü də gənc yaşda. Şanslı
insansınız.
- Çox. Azərbaycanda populyarlıq sarıdan mənim
qədər şanslı sənətçi olmayıb. Xəstə
olduğum dövrdə dünyanın müxtəlif ölkələrindən
zəng edən fanatlarım mənə orqanlarını
bağışlamaq istəyirdilər. Halbuki heç xəstəliyimin
nə olduğunu da bilmirdilər. O vaxt mən oxuyum deyə
toyunu iki-üç il təxirə salan adamlar vardı. Təsəvvür
edirsiniz?
- Eyni zamanda, sizi ara müğənnisi hesab edənlər
də olub. Bu təyin sizi qıcıqlandırmırdı?
- Xalq məni o replikalardan sonra daha çox sevdi.
Çəkilib bir tərəfdə dayanmışdım, sənətimi
sevənlər məni müdafiə edirdilər. Bundan
çox böyük zövq alırdım. Senzura dövrü
çox gülməli idi. Gördüyüm işdən
arxayın idim deyə narahat olmurdum. Çünki oxuduğum mətnin
də, musiqinin də keyfiyyətini bilirdim.
Oxuduğum mahnıların doxsan doqquz faizi öz həyatımla
bağlı deyil. Bizim xalqın özünəməxsus
kültürü var. Musiqiçilər bu kültürün
dalğasında ən çox olan adamlardandır. Mən isə
onların daha çox dönüb-dolaşanlarından
olmuşam. Millətimin dəyərlərini, poeziyaya olan
münasibətini bildiyim üçün mahnıları
ehtiyac kimi düşünüb oxumuşam.
- Yaxınlarınızdan sənətdə olan var?
- Yox. Məni də qoymurdular.
- Niyə?
- Babam bəy olub. O vaxt musiqi cameəsinə
yanlış yanaşma vardı. Evdəkilər də
müğənni olmağımı istəmirdilər. Buna
görə də onlardan xəbərsiz kaset
yazdırmışdım. Bir gün qonşumuz Şəmsəddin
atamla anama həmin kaseti dinlətdi. Anam da səsi eşidəndə
dedi ki, bəxtəvər bunun anasının başına. Mənim
səs yazımı əvvələr eşitmədiyi
üçün bilmədi ki, oxuyan mənəm. Atam da dedi ki,
Allah var, "kopoğlu" yaxşı oxuyub. Sonra da
mahnılarım sürətlə bütün ölkəyə
yayıldı. İnanın, həyətimiz toya görə müraciət
edən müştərilərlə dolu olurdu. Anam onlar
üçün çayı böyük xeyir-şər
samovarında dəmləyirdi.
- Ağadadaş bəy, sizin
yaradıcılığınızda diqqətimi çəkən
məqamlardan biri də xanım həmkarlarınızla duetlərin
olmamasıdır. Bunun səbəbi nədir?
- Duet oxuyarkən səslərin bir-birinə uyumu
çox vacibdir. Duet monoton olmamalıdır. Bunun
üçün də sən özünə uyğun səsi
tapmalısan. Həmkarının ad-sanından öncə buna
fikir verməlisən. Bizim coğrafiyada kişilərin
çoxunun səsi tenordur. Məndə də tenordur, ancaq
bununla bərabər, səsimdə başqa çalarlar da var.
Qadın səsi ilə kişi səsi eyni zamanda, eyni kökdə
oxuna bilməz. Qadınlar major oxuyur, kişilər minor. O səsləri
bir-birinə uyğunlaşdırıb duet oxuyanda duetin tələbləri
icra olunmalıdır. Bu olmayanda musiqi baxımından gülməli
kompozisiya ortaya çıxır. Konsertlərdə, toylarda
xanımlarla duet oxumuşam, ancaq studiyada heç vaxt mahnı
yazdırmamışam. Dediyim kimi, gərək uyğun səsi
tapasan.
- Nə əcəb, bu illər ərzində uyğun
bir səs tapmamısınız?
- Belə bir arzum olmayıb.
- Bəs deputat olmaq arzunuz necə? Belə bir istəyinizin
olduğunu deyirlər.
- İnsanların marağı çərçivəsində
o suallar mənə verilib, mətbuatda yazılar da gedib. Bu
söhbətlər yayılanda Almaniyadaydım. Özümə
də təəccüblü gəlirdi ki, bunları kim
danışır? İndi millət vəkili olmaqla
bağlı düşünə bilərəm. Çünki
mənim kimi millət vəkillərinə xalqın çox
ehtiyacı var. Özümə və mərhəmətimə
güvəndiyim, dövlətimi sevdiyim üçün, hesab
edirəm ki, bu işin öhdəsindən gələ bilərəm.
Amma bu, sadəcə arzudur.
- Bu arzunu reallaşdırmaqda sizə nə mane olur?
- Mən heç indiyə qədər buna cəhd etməmişəm.
Proqramla, cədvəllə yaşamağı sevən adam
deyiləm. Hər şeyi Allahın qismətinə
buraxmışam. Allah qismət eləsə, olacaq.
- Ağadadaş bəy, illərdir ki, məşhur
mahnılarınızdan olan "Sevirəm de"nin plagiat
olması haqqında iddialar səslənir. Bu iddialarda doğruluq payı
varmı?
- Bu musiqini qırx beş ildir mənim millətim
oynayır. Kimin ifasında? Mənim ifamda. Mənimdir desəm,
yaxud deməsəm, heç nə dəyişmir. "Sevirəm
de" mənim pasportumdur. Onun müəllifi varsa da, mənəm,
yoxsa da, mənəm. Kimin adına çıxırlar,
çıxsınlar, incimirəm. Desinlər. Artıq
üçüncü, dördüncü nəsildir ki, bu
mahnını sevə-sevə dinləyir. Nə farsın, nə
erməninin 6/8 ritmi yoxdur, mən mahnını bu ritmdə
oxumuşam. Əgər musiqi başqasının olsaydı,
qırx beş ildə bir dəfə müraciət edib,
müəllif hüququnu tələb edərdi. Çox təəssüf
ki, bu sualı mənə verdiniz.
Aytac SAHƏD