"Hələ də parlaq Zəfərimizə layiq bir irihəcmli səhnə əsəri  yazılmayıb"

Xalq artisti Firəngiz Əlizadə: "Marşlar, mahnılar çox yazılıb, lakin hələ də qələbəyə layiq bir musiqi əsəri görməmişəm"

"

Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının sədri, bəstəkar, Xalq artisti Firəngiz Əlizadədir.

- Firəngiz xanım, yaxınlarda gənc bəstəkarların yaradıcılığına həsr olunmuş plenum tədbirlər keçiriləcək. Söhbətimizə də elə bu məsələdən başlayaq.

- Biz belə plenum tədbirləri müntəzəm şəkildə keçiririk. Böyük bir layihəmiz gerçəkləşəcək, tədbirdə 40 yaşına qədər yazıb-yaradan bəstəkarların musiqiləri ifa olunacaq. Çalışırıq daha çox yeni əsərlərə yer verək. Tədbirlər mayın 15-də başlayıb 20-i başa çatacaq. May ayının 16-da  isə elmi konfransımız olacaq, bir sıra mövzular ətrafında müzakirələr aparılacaq. Tədbirlərimizin zirvəsi kimi ayın 17-də filarmoniyada simfonik orkestrin ifasında bəstəkarların əsərləri ifa olunacaq. Tədbirin son günündə - ayın 20-də isə dəyirmi masamız olacaq, bu günlərdə səsləndirilən əsərlərin müzakirəsi aparılacaq. Artıq bununla bağlı hazırlıq işləri görürük.

- Firəngiz xanım, Siz xaricdə yaşayırdınız. Bəs necə oldu Azərbaycana qayıtdınız?

- Azərbaycan Bəstəkarlar İttifaqının 8-ci qurultayı keçirildi.  Orada 105 əsər səsləndirildi. Xarici ölkədən qonaqlar dəvət etdik və orada səsçoxluğu ilə sədr seçildim.

- Yəni siz qayıtmasaydınız, sədrliyə layiq başqa kimsə tapılmayacaqdı?

- Heç nə deyə bilmərəm, vəziyyət belə yarandı. Mən özümü heç kəsdən yuxarı aparmaq istəmirəm.

- Bu gün ölkəmizdəki gənc bəstəkarların fəaliyyəti sizi qane edirmi?

- Sevindirici haldır ki, gənc istedadlı bəstəkarlarımız var. Musiqi baxmından çox zəngin bir ölkədə yaşayırıq. Yazıb-yaratmaq böyük zəhmət, yüksək peşəkarlıq tələb edir. Çox adam ad çəkmək istəmir, amma mən Tural Məmmədli, İlahə Qismət, Vəfa Bağırzadə, Vüqar Məmmədzadə kimi seçilən gənc bəstəkarların adlarını qeyd etmək istəyərdim.

- Bəs orkestr ifaları necə?

- Böyük ümodlə gözləyirik ki, yeni musiqi əsərləri səsləndiriləcək. Ümid edirəm, ifaçılarımız bu musiqiləri layiqincə müşayiət edəcəklər.

- Necə düşünürsünüz, bəstəkarla ifaçı arasında bağ necə qurulmalıdır?

- Hər dəfə qeyd edirəm, bəstəkar əsər yazanda öz ifaçısını tanımalı və daima onunla təmasda olmalıdır ki, musiqi layiqincə səsləndirilsin.

- Bəstələriniz bir çox ölkələrdə ifa olunur, YUNESKO adınızı ən nüfuzlu bəstəkarlar siyahısına daxil edib. Səhv etmirəmsə, orada keçmiş Sovetlər İttifaqından olan və ölkəmizi təmsil edən yeganə nümayəndə siz olmusunuz. Bəs öz ölkədə fəaliyyətiniz necə qarşılanır?

- Bizdə elə insanlar var ki, bir faiz işləyib 99 faiz reklam olunurlar.  Mən yazıb-yaradıram. Kimin istəyi necədirsə, elə də hərəkət edir. Düşünürəm ki, qalan işləri  musiqişünaslarımız, mediamız görməlidir. Hazırda Amsterdamda səslənəcək yeni bir əsər üzərində çalışıram.

- Sizcə, ölkəmizdə klassik musiqiyə maraq qənaətbəxşdirmi?

- Üzeyir Hacıbəyli çox üzülürdü ki, ölkəmizdə opera, simfonik musiqi yoxdur. Üzeyir bəy bütün həyatını buna həsr elədi. Hazırda ölkəmizdəki musiqiçilər eyni anda bir çox yerdə işləyirlər. Dəfələrlə təklif eləmişəm ki, uzunmüddətli məşqlər edib, bir əsər ortaya qoyaq. Amma musiqiçilərin vaxt məhdudluğu ucbatından bunu edə bilmirik.

- Bəlkə onlar maddi ehtiyaclarına görə bir neçə yerdə fəaliyyət göstərirlər?

- Heç nə deyə bilmərəm. Şükür Allaha, digər dövlətlərə baxanda  bizim ölkəmizdə vəziyyəti qat-qat yaxşıdır. Onu qeyd edim ki, hələ də Vətən müharibəsindəki parlaq Zəfərimizə layiq bir irihəcmli səhnə əsəri yazılmayıb. Bəstəkarlarımız marşlar, mahnılar çox yazıblar, lakin hələ də qələbəyə layiq bir musiqi əsəri görməmişəm.

- Təcrübəli bəstəkarlardan biri də sizsiniz. Bu mövzuda siz özünüz hansısa bir əsər yazmısınız?

- Yazmağı düşünürəm.

Son olaraq da qeyd etmək istəyirəm ki, sizləri gənc bəstəkarların plenum tədbirlərinə dəvət edirəm. İnanıram ki, hər dinləyici konsertlərdə maraqlı kəşflər edəcəklər.

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.-  2024.- 18 may,№87.- S.8.