Tarixin sənətdəki üzü
Esse
İllərlə yorulmadan öz qisas prinsipini insan və
gələcək üzərində sınayan, heç
çəkinmədən buna "tale" deyərək
bütün məsuliyyəti hansısa bilinməzə
yükləmək tarixin köhnə vərdişidir. Tarixin
kortəbii subyektivliyini bəlkə ilk tarixçinin kor
olması ilə də əlaqələndirə bilərik,
axı keçmiş bu və başqa mənada insan faktoru ilə
də bağlıdır. Bir az şübhəli
qalırıq ki, doğrudanmı bizə öyrədilənlər,
milyon illərdir, dayanmadan təkrarlanan müharibə
xronologiyaları, xalqların bölünməsi prosesi və
bunu kimi daha bir neçə siyasi və sosioloji termin həqiqətlə
ziddiyyət təşkil etmir? Necə inana bilərik ki,
hamımız bir zamanlar (Allahın yerə yaxın olduğu
eralarda) eyni tarixə şahidlik etmişik? Buna inanmaq
üçün ya təməl kitablara bağlı,
inanclı olmalısan, ya da axtarmaqdan yorulan və küncə
qısılan birisi. Hər bir halda alternativ yolu tapmaq
yenilikçi olmaqdan çox, radikal iddiaçı təəssüratı
bağışlayır. Tarixin bir nöqtədən
başlandığına Latın Amerikası ədəbiyyatını
oxuyarkən hekayələrdə, romanlarda Şərq
miniatürlərini, sənətkarlığını
müşahidə edəndə inanmışdım.
Mayalıların təqvimi, axirət duyğusu eynilə bizə
(böyük konteksdə şərqlilərə)
yaxındır.
Məişətin sənətlə
qucaqlaşdığı dövrdən sonra bu sual öz
aktuallığını itirdi. Dünyanın hər yerində
mövcud vəziyyət və o vəziyyətdən xilas
olmağa çalışan, yalnız müəllif sənətkarlığı
ilə fərqlənən sənət növləri var idi
(yenə var). Dəyişən xalq, dil, din və coğrafiya
faktoru oldu.
Din bizə Adəmdən gəldiyimizi sübut etmədən
qəbullandırmağa çalışarkən, elm bizə eyni
partlayışdan yaranmağımızı sübut etməkdən
yorulmurdu. Hər iki tərəf bizə eyni nöqtədən
gəldiyimizi və eyni bir məkansız, zamansız nöqtəyə
qayıdacağımızı öyrətməyə
çalışdı. Fərdi müşahidəm dinin qalib
gəldiyini deyir.
Elmin uğuru bundadır ki, tarixə daha açıq
gözlə baxılmasının gərəkli olduğuna
bizi inandırdı. Bunun sayəsində daha çox hadisə
ilə tanış olan sənətin, daha konkret desək, ədəbiyyatın
təxəyyül sərhədləri genişləndi. Daha
çox "niyə?" sualı, daha çox "hara?"
sualı və daha çox "necə?" sualı.
Tarixin əbədiliyinə və müqəddəsliyinə
inananlar klassika məşqlərini davam etdirməyə
başladılar. Düz mətn, A nöqtəsindən B
nöqtəsinə hərəkət və səbəb-nəticə
əlaqəsinin konkretliliyi. Amma bu yeni üslubların və sənətkarlıq
müxtəlifliyinin çoxluğunu göstərməyə
həm də mane olacaqdı. Əsərdəki məkan və
zaman eynidirsə, hadisənin realist, romantik və ya
sürrealist formada yazılmasının xüsusi əhəmiyyəti
qalmır. Müəllif oxucunu hadisənin yuxarıdakı
baş vermə ardıcıllığını pozmaqla təəccübləndirə
bilərdi. Absurd ədəbiyyatın, ekzistensialist ədəbiyyatın
yaranması bu prosesi bir qədər sürətləndirsə
də, vacib an həqiqətlərə şübhə ilə
yanaşma anından sonra başladı. Bu anda tarixin yaddaş
kartı doldu və formata ehtiyac yarandı. Ya bir neçə
qovluq silinməli idi, ya da bütün tarix sənət
müstəvisində sıfırlanmalı idi. Birincini
seçdilər, daha təhlükəsiz olanı.
Magik realizmi bu baxımdan uğurlu təcrübə
hesab etmək olar. Həqiqi olanı yarıhəqiqi,
yarımetafizik və ya tamamilə təxəyyül hadisəsinə
çevirdilər. Real feilləri uydurma şəhərlərə,
uydurma insanlara, qeyri-müəyyən zamana
uyğunlaşdırdılar. Bu cür nağılvari mətnlər
insanların şüuraltında olduğu üçün
tez qəbul edilməyə və sevilməyə
başladı. Əsas nüans isə tarixin bilərək təhrifi,
yazıçının istədiyi hadisənin
başlanmasının mümkünlüyü idi. Bu həm də
incəsənətin varislik missiyasının
başlanğıcı idi. Borxesin "Sənət ona görə
var ki, biz bu gün olanları işarələrə
çevirib gələcəyə ötürək" tərifi
burada özünü doğruldurdu. Müəyyən bir
ölkənin, qəhrəmanın, tarixi anın təxəyyülümüzdəki
işarələr (sözlər) sistemi ilə növbəti nəslə
ötürülməsi, bu zamanda onun sanki kodlarla qorunması
incəsənətin bütün sahələrində ilk
şərtlərdən biri idi. Sürrealist rəssamların
çəkdiyi portretlərdə insanın üzü müxtəlif
əşyalara, heyvanlara feillərin reallığı qorunaraq
köçürülürdü. Salvador Dalinin ən məşhur
əsəri "Əriyən saatlar" rəsmindəki zamanın
insan həyatına ani təsiri, insanın qocalması, iş
həyatının insan vaxtını oğurlaması, əbədiliyə
çatmaq istəyənin çırpınışı, tərəddüdü
və sair bu kimi insan-zaman münasibətlərini təsvir etməsi
çəkmək istədiyim misaldır. Əriyərək
torpağa yönələn saatlarla bu, özünəqədərki
eyniməzmunlu əsərləri kölgədə qoydu və
indi, əsərin çəkilməsindən təxminən
yüz il sonra da əvvəlki təsirini qoruyur. Qocalmadı.
Bu baxımdan sənət tarixin unutmaq kimi bir xislətini
çeynədi atdı. Artıq yaddaş kartında xüsusi
qovluqlar yaratmağa məcbur olan tarix sənətin
ehtiyacını və tələbini "nəzərə
aldı".
Postmodernizmə təkcə ədəbiyyat rakursunda
deyil, həm də məişət hadisəsi kimi baxanda daha
aydın olur ki, bizə danışılan keçmiş,
tarix, gələcək haqqında iddialar və ideyalar
zaman-zaman təkrarlanır. Eyni hadisənin bir neçə
variantını eşidirik. Yaradıcılıq tələb
edir ki (bunun birbaşa ədəbiyyatla əlaqəsi var),
öz istədiyimiz tarixi uyduraq, tarixi bilərək təhrif
edək, onun obrazları arasındakı zaman məhdudiyyətini
aradan qaldıraq. Ədəbiyyat bu görünüşdə
həyatdan maraqlı olur. Həyatın içindən, amma
ona yad. Ölkəsinin tarixini yenidən yazan hindistanlı da,
tarixə şübhə ilə yanaşan ingilis də, yeni
tarix yazmağa ehtiyac duyan kor kitabxanaçı da, bilərək
tarixi səhvlər buraxan şərqli də sənətin təxəyyül
dairəsini genişləndirir. Ədəbi mətnləri ilk
kitablardan (səmavi) deyil, elə özündən bir neçə
yaş böyük sənət əsərlərindən
"oğurlayan"lar yaradıcılığı "nə?"
sualından "necə?" sualına qədər çəkib
gətirənlər oldu.
Bütün hallarda "tarix həqiqətin anasıdır".
Tarixi dəyişmək olmasa da, onu yenidən yazmaq olur.
Keçmişi bir dəfə yaşamaq, amma min dəfə
yazmaq mümkündür. Və əgər bu yazılanlar sənətə
çevrilirsə, o zaman təhrifə yol vermək
qaçılmazdır. Xüsusi etimoloji faktların, xronoloji
ardıcıllıqların, şəxsiyyətlərin
xarakter problemlərinin və həllərinin dəyişdirilməsi
tarixin uzun sürən şübhələrini bir az da dərinə
atır. O dərinlikdə həmişə işıq
görünür, ya gələcəyi həll etməklə,
ya da keçmişin bir nüsxəsini qəbul etməklə
üzmək olar o dərinlikdə.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 18 may,№87.- S.8.