Çağdaş hərb elminə dəyərli töhfə

 

Azərbaycan Respublikasının Elm üzrə 2024-cü il üçün Dövlət Mükafatlarına təqdim olunan, Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvləri - texnika elmləri doktorları, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar” adlı unikal araşdırmaları özündə birləşdirən fundamental nəzəri və praktik nəticələrlə yaxından tanışlıq bu əsər barədə müsbət mütəxəssis rəyi söyləmək üçün tam əsas verir.

Aktuallığı, elmi əhəmiyyəti və böyük həcmli innovativliyi ilə beynəlxalq əhəmiyyət daşıyan, Azərbaycanın ali elmi mükafatına təqdim edilmiş bu kompleks əsər 10 fəsildən ibarətdir.

Birinci fəsildə tankların və digər yerüstü hərbi texnikanın infraqırmızı siqnaturlarının hesablanması və onların kəşfiyyat qurğularından yayınma üsullarının təkmilləşdirilməsi məsələləri işıqlandırılmışdır. Bu fəsildə bir sıra elmi nəticələr əldə edilmiş, o cümlədən, yerüstü hərbi texnikanın infraqırmızı siqnaturunun yaxın məsafədən ölçülməsi üçün bir dalğa uzunluqlu ölçmə metodu ilə Dozier metodunun kombinasiyasından ibarət olan yeni ölçmə metodu təklif edilmişdir.

Kompleks elmi-tədqiqatların ikinci fəsli yerüstü hərbi texnikanın infraqırmızı siqnaturunun yeni model hesablanması metodikasının, onun yaxın və uzaq məsafədən ölçülməsi üsullarının işlənilməsinə həsr edilmişdir. Xüsusilə göstərilmişdir ki, məlum termal kontrast və minimum aşkar edilə bilən temperatur modelinə görə tankların infraqırmızı siqnaturunun hesablanması üçün onların həm emissiya göstəricisi, həm də əksetmə göstəricisi nəzərə alınmalıdır.

Tədqiqat əsərinin üçüncü fəsli görünən və infraqırmızı oblastda aşkarlanma əlamətləri və aşkarlanmadan qorunma üsullarının təhlilinə həsr edilmişdir. Bu fəsildə yerüstü hərbi texnikanın infraqırmızı kəşfiyyat vasitələrindən “tüstü ekranı” yaratmaqla “kamuflyaj” üsulu ilə, boya və örtük çəkilməsi üsulu ilə yayınması üçün tətbiq edilən texniki və texnoloji həllərin konkret nümunələri təhlil edilmiş, müvafiq tövsiyələr hazırlanmışdır.

Tədqiqat işinin 4-cü fəslində zirehli texnikanın yüksək dəqiqlikli silahdan aktiv müdafiə sisteminin fəaliyyət prinsipinin, alqoritminin və layihələndirmə metodikasının işlənilməsi məsələləri işıqlandırılmışdır. Bu fəsildə, o cümlədən, infraqırmızı təsvirlər ardıcıllığında tutqun və nöqtəvari hədəflərin aşkarlanması üçün məkan-zaman filtiri işlənilmiş, filtirin texniki reallaşdırma məsələlərinə baxılmışdır. Zaman və məkan detektorlarının birgə istifadəsi üsulu ilə yüksək sürətli hərəkət edən infraqırmızı hədəfın aşkarlanmasına əsaslanan aktiv müdafiə sisteminin layihələndirmə metodikası işlənilmişdir.

Təqdim edilmiş işin 5-ci fəsli hərbi kəşfiyyat dronlarının yerdən vizual müşahidə edilməməsi üçün kolorimetrik-lüminessent metodikasının işlənilməsi məsələlərinə həsr edilmişdir. Bu sahədə aparılmış tədqiqatlar nəticəsində elektrolüminessent və elektroxrom örtük materialları tətbiq edilmiş dronlar üçün səmanın işıqlanma intensivliyinə görə monospektral adaptiv tezlik əlaməti üzrə idarəetmə-ölçmə sisteminin əməliyyat alqoritmi, blok sxemi və funksional sxemi işlənilmişdir.

Tədqiqat işlərinin 6-cı fəsli lazer silahından müdafiə üsulunun işlənilməsi üzrə əldə edilmiş nəticələrə həsr edilmişdir. Bu fəsildə lazer silahı şüasından kənarlaşmanı və uzaqlaşmanı nəzərdə tutan iki mərhələli metod işlənmiş, təklif edilən metodun reallaşdırılmasının əməliyyat alqoritmi, təklif edilən metodu reallaşdıran sistemin blok-sxemi, funksional sxemi və zəruri hesabat metodikaları verilmişdir.

Kompleks tədqiqatın yeddinci fəsli aviasiya məhvetmə vasitələrinin yarımaktiv lazer özüyönələn başlığının layihələndirilməsi üzrə aparılmış tədqiqatlara həsr edilmişdir. Bu fəsildə yarımaktiv lazer hədəfə yönəltmə sisteminin aşkarlama məsafəsinin dördkvadrantlı pin detektorun temperatur kompensasiyası üsulu ilə yüksəldilməsi məsələsi təhlil edilmiş, lazerlə idarə olunan mərmilərdə dördkvadrantlı detektor siqnallarının emalının yeni metodu işlənilmişdir.

Tədqiqat işlərinin 8-ci fəsli ladarın yaradılması problemlərinin tədqiqinə həsr edilmişdir. Bu fəsildə əsasən ladar sistemlərinin optimallıq kriterisi müəyyənləşdirilmiş, optimal rejimdə işləyən qurğunun blok-sxemi, funksional sxemi tərtib edilmiş, atmosfer turbulentliyinin lazer şüasına təsiri tədqiq edilmiş, lazer sensorunun həssaslıq həddi hesablanmışdır.

Tədqiqat işinin 9-cu fəsli daşınan lazer optik-elektron dəfetmə qurğusunun yaradılması problemlərinin tədqiqinə həsr olunmuşdur. Xüsusilə göstərilmişdir ki, optik-elektron kəşfiyyat vasitələrinin dəfedilməsi (aşkarlanması və zərərsizləşdirilməsi) qurğuları birkanallı və çoxkanallı prinsip əsasında işləyə bilər. Lazer aşkarlama (dəfetmə) məqsədilə çoxkanallı strukturlar tətbiq edildiyi hal üçün qəbuledicinin optimal seçilməsi problemi həll edilmişdir.

Təqdim edilmiş işin 10-cu fəsli hava, su və yer mühitində fəaliyyət göstərən döyüş robotlarının mövqe dəqiqliyinin yüksəldilməsi metodikasının işlənilməsinə həsr edilmişdir. Bu fəsildə yeni təklif edilmiş göstəricinin ekstremal xassələri əsasında müxtəlif vasitələrdə yerləşdirilən GPS naviqasiya sisteminin işinə küy siqnalının təsirinin zəiflədilməsi metodu və alqoritmi işlənilmişdir. Daşıyıcı siqnalın gücünün küy siqnalının gücünə nisbətinin effektiv qiyməti göstəricinin orta qiymətinin yüksəldilməsinə aid olan optimallaşdırma məsələsi formulə edilmiş və həll edilmişdir. Formulə edilmiş optimallaşdırma məsələsinin həlli imkan vermişdir ki, GPS əsasında qurulmuş naviqasiya sistemlərinin küy siqnallarına münasibətdə davamlılığının yüksəldilməsi üzrə tövsiyələr hazırlansın.

Beləliklə, belə bir yekun fikir söyləmək olar ki, təqdim edilmiş kompleks tədqiqat işi hərbi-texniki elmlər sahəsinə qiymətli bir töhfədir və müdafiə sənayesi sahəsinin daha da inkişaf etdirilməsi üçün müəyyən imkanlar açır.

 

Vladimir Tıminskiy

Akademik, Avropa Təbiət Elmləri  Akademiyasının prezidenti

Hannover, Almaniya

525-ci qəzet.- 2024.- 21 may,¹88.- S.15.