Dialekt və şivələrin inteqrasiyasının elmi təsnifatı və təqdimatı

 

Eradan əvvəl 1700-cü illərdə Altay və Tanrı dağlarının ətəklərində məskunlaşmış türklərin e.ə. 1500-cü illərdən başlayaraq müxtəlif ərazilərə köç etməsi qədim türk dilində zaman-zaman müxtəlif ləhcələrin yaranmasına səbəb olmuşdur ki, bu da nəticədə müxtəlif türk dillərinin formalaşmasında və müstəqil dillərə çevrilməsində bünövrə rolunu oynamışdır. Bununla əlaqədər olaraq istər Azərbaycanda, istərsə də digər türk respublikalarında türk dillərinin diferensasiyası problemlərini əks etdirən çoxsaylı araşdırmalar aparılmış, uğurlu nəticələr əldə edilmişdir. Belə elmi-tədqiqat əsərlərindən biri də filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" (Bakı, 2020, 600 s. Elmi redaktorlar: prof İ.Kazımov, prof. İ.Bayramov, rəyçilər: prof. C.Cəfərov, prof. M.İsmayılova) adlı monoqrafiyasıdır.

Dialekt və şivələrin mənsub olduğu dilin tarixinin və keçdiyi inkişaf yolunun öyrənilməsində, həmçinin o dildə danışan xalqın etnoqrafiyasının, məişətinin əhatəli araşdırılmasında əvəzsiz və əsas mənbələrdən olduğunu qəbul edən professor Mahirə Hüseynova təqdim etdiyi araşdırmada türk dillərinin dialekt xüsusiyyətlərinin araşdırılmasına geniş yer verir. Monoqrafiyada türk dillərinin dialektlər sistemi, onların ortaq dialektoloji vahidləri, bu vahidlərin areal xüsusiyyətləri linqvistik tədqiqata cəlb edilir, dialektizmlərin fonetik, leksik, semantik, qrammatik strukturu, konseptual məna tutumu, oxşarlıqlar və fərqliliklər tarixi-müqayisəli metod əsasında araşdırma predmetinə çevrilir.

Alimin türk dillərinin dialekt xüsusiyyətlərinin analizi barədə irəli sürdüyü konsepsiyalar monoqrafiyada yeddi fəsildə ümumiləşdirilir. Əsərin "Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri" adlanan birinci fəslində türkologiya, həmçinin Azərbaycan dilçiliyinin inkişafında xidmətləri olan alimlərdən akademiklər: M.Şirəliyev, A.Axundov, T.Hacıyev, professorlar: H.Mirzəyev, İ.Kazımov, M.Məmmədli, E. Əzizov, Ə. Tanrıverdi və başqalarının yaradıcılığında ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı əlaqəsi barədə fikirlərin şərhinə geniş yer verilir, hər bir tədqiqatçının problemə yanaşmasında müşahidə olunan nəzəri mülahizələr peşəkarlıqla izlənir.

Professor Mahirə Hüseynova apardığı araşdırmalarda sadəcə ayrı-ayrı dilçi tədqiqatçıların nəzəri konsepsiyalarını təqdim etməklə kifayətlənmir, əsərin sonrakı fəsillərində türkologiyanın mürəkkəb sahələrindən biri kimi diqqəti cəlb edən ümumtürk dialekt və şivələrinin spesifikasını mövcud dilçilik metodları əsasında analiz etməklə uğurlu elmi nəticələrə gəlir. Bunu monoqrafiyanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" adlanan ikinci fəslində daha qabarıq müşahidə etmək mümkündür. Belə ki, burada türk xalqlarının yayıldığı coğrafi arealın genişliyini (Qərbdə Balkan yarımadasından və Egey dənizindən tutmuş, Şərqdə Çinə qədər) təsvir edən alim onların dilinin tarixi köklərinə də nəzər salaraq yazır ki, müasir türk dilləri tarixən qədim oğuz, qədim uyğur, qədim bulqar, peçenek, kuman, karluq, qədim türk, qədim özbək dilləri əsasında formalaşmış və müstəqil dil statusu qazanmışdır. Vaxtilə bu ulu dilin müxtəlif tarixi-siyasi səbəblərə görə parçalanması nəticəsində lüğət tərkibi və fonetik xüsusiyyətlərinə görə yaxın dillər əmələ gəlmiş, sonra isə müstəqil inkişaf yoluna qədəm qoymuşlar. Mahirə Hüseynova bu dillər arasında XII-XIV yüzilliklərə dair bəzi fərqlər göründüyünü qeyd etmiş, XV-XVI əsrlərdə fərqlərin çoxalmasını qeydə almış, XVII-XVIII yüzilliklərdə müstəqil dillər kimi daha çox ayrılmağa başladığı, fonetik, leksik və qrammatik quruluşlardakı fərqliliyin həmin yüzilliklərdə meydana çıxması müəyyən edilmişdir. Göstərilən fərqlərin daha ətraflı və dərindən öyrənilməsi və kökə qayıdışı təmin etmək üçün, Mahirə Hüseynova doğru olaraq ümumtürk dillərinin dialektoloji lüğətinin hazırlanmasının zəruri olduğunu qeyd edir.

Kitabda dialektlərlə yanaşı, yeri gəldikcə mötəbər mənbələr əsasında ümumtürk ədəbi dilinin yaradılması məsələsinə də elmi münasibət bildirilir. Monoqrafiyada zamanın tələbi olaraq qarşıda duran bu problemin həlli yollarının mexanizmi göstərilir.

Müəllif ortaq ədəbi dil məsələsinin mahiyyətinə aydınlıq gətirdikdən sonra, tədqiqatını bir az da dərinləşdirərək diqqətini türk-şumer paralellərinə yönəldir.  Məlum olur ki, beş min illik tarixi olan şumer dili ilə türk dillərində ortaq leksik vahidlərə rast gəlinir. Məsələn, bağır, arı, kir, oymaq, ərən, qarın, gir, kımız və s. Tədqiqatçı bunun səbəbini haqlı olaraq türk köklü az, sak, iskit, massaget, kaspi, xəzər kimi sözlərə əsaslanaraq türk tayfalarının ulu babalarının şumerlər olmasını izah edir.

Dialekt materiallarının ümumtürk dillərinin, xüsusilə qohum dillərin qrammatik formalarının, fonetik xüsusiyyətlərinin tarixi inkişafının dərindən izlənilməsində mühüm rola malik olduğunu nəzərə alan professor Mahirə Hüseynova monoqrafiyanın üçüncü fəslini "Türkcəlrin dialekt bölünməsi"nə həsr edir və buna səbəb kimi ortaq türk ünsiyyət dilinin yaradılmasında ümumtürk dillərinə məxsus dialektoloji materialların ən gərəkli mənbələr olduğunu əsas göstərir. Bu fəsildə genoloji cəhətdən türk dilləri ailəsinə daxil olan dillərin hər birinin (27 dil) - türk, Azərbaycan, özbək, qazax, qırğız, altay, noqay, şor, türkmən, xakas və başqalarının türk dilləri qrupundakı yeri, onların genetik qohumluğu əsasında formalaşan dil budaqları, qrup və yarımqrupları haqqında ətraflı məlumat verilir və Azırbaycan dilçiliyində tədqiqinə ara-sıra təsadüf olunan türk dillərinin hər birinin dialekt və şivə xüsusiyyətləri, onların bölgüsü, hətta keçid şivələri nəzəri ümumiləşdirmələr əsasında şərh olunur. Qeyd edək ki, Mahirə Hüseynovanın təqdim etdiyi təsnifat Azərbaycan dilçiliyi üçün yeni və əhəmiyyətlidir.

Tədqiqat əsərinin "Fonetik xüsusiyyətlər" adlanan dördüncü fəslində fonetik xüsusiyyətlərin dillərin qohumluğunun müəyyənləşdirilməsində mühüm faktorlardan biri olduğu elmi cəhətdən əsaslandırılmışdır. Professor Mahirə Hüseynova bu barədə haqlı olaraq yazır ki, "Qloballaşan dünyada müasir türkologiyanın qarşısında duran problemlərdən biri də qohum dillərin fonematik xüsusiyyətlərini öyrənməkdir. Ümumtürk dillərinin fonetik baxımdan müqayisəli tədqiqi onların inkişaf qanunauyğunluqlarının hər birinin (hər bir dilin - E.A.) oxşar və fərqli xarakterik cəhətlərini aşkara çıxarmağa köməklik göstərir". Bunun nəticəsidir ki, tədqiqatda fonetikanın spesifikasını əks etdirən saitlər, sait keçidləri, samit keçidləri, diftonqlaşma, proteza, metateza, assimilyasiya, dissimilyasiya, vurğu və ahəng qanunu və s. hadisə və qanunlar ümumtürk dillərinin dialekt və şivə materialları əsasında araşdırma obyektinə çevrilir, ayrı-ayrı türk dillərinin fonetik sistemində müşahidə olunan eynilik və fərqliliklər ilk dəfə olaraq tarixi-müqayisəli metodun köməyi ilə üzə çıxarılır.

Qeyd edək ki, qohum dillərin səs sisteminin müqayisə yolu ilə öyrənilməsinin  aktuallığını şərtləndirən mühüm amillərdən biri də passiv fonda keçmiş və arxaikləşmə prosesində olan dil elementlərinin semantik əlamətlərininin müəyyənləşdirilməsi, həmçinin etimoloji araşdırmaların qanunauyğun aparılmasına zəmin yaratmasıdır. Ona görə ki, digər dil səviyyələri ilə müqayisədə fonetik sistemdə baş verən dəyişikliklər, xüsusilə səs keçidləri və səs əvəzlənmələrinin tarixi qədimdir. Bunların araşdırma prosesində aşkarlanması etimoloji araşdırmalar zamanı dilin (və ya dillərin) dərin qatlarına enməyə əlavə imkanlar yaradır. Professor Mahirə Hüseynova ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası ilə bağlı daha aydın təsəvvür yaratmaq və bu problemin köklü həllinə nail olmaq məqsədilə türk dillərinin morfoloji xüsusiyyətlərinin izahına xüsusi diqqət yetirir. İrəli sürdüyü konsepsiyalarda uzun illər ərzində türk dillərinin morfoloji kateqoriyalar sistemində yer alan fərqlilikləri müqayisə yolu ilə aydınlaşdırır. Bütün bunlar tədqiqat əsərinin "Morfoloji xüsusiyyətlər" adlanan beşinci fəslində nəzəri cəhətdən ümumiləşdirilmişdir.

Hal, mənsubiyyət, kəmiyyət, inkarlıq kateqoriyalarının, əvəzlik, feili sifət, feili bağlama, məsdər və zərflərin türkcələrdəki inteqrasiyasından bəhs edən bu fəsildə onların (qrammatik kateqoriyaların) həm ayrı-ayrı türk ədəbi dillərində, həm də bu dillərə mənsub dialekt və şivələrdə əks olunan morfoloji göstəriciləri, bu göstəricilərin dialekt variantları zəngin dil materialları əsasında linqvistik təhlil süzgəcindən keçirilir, əsaslandırılmış elmi mülahizələr irəli sürülür. Türk dillərinin qrammatikasında fərqli dialekt materiallarından istifadə, heç şübhəsiz ki, müqayisəli qrammatikanın inkişafı ilə yanaşı, ayrı-ayrı türk dillərinin qrammatik sistemində həllini gözləyən bəzi problem məsələlərin aradan qaldırılmasına da mühüm töhvə verir.

Monoqrafiyanın "Leksik xüsusiyyətlər" adlanan altıncı fəslində peşə, qohumluq, toy-mərasim leksikası, yemək və içki adları, həmçinin, xalq-danışıq coğrafi terminləri, təsərrüfat terminləri və söz-cümlə modelli onomastik vahidlərin ümumtürk dilləri dialektlərinə qarşılıqlı inteqrasiyasından geniş söz açılır. Müəllif bu haqda məlumat verərkən qeyd edir ki, türk xalqlarının ədəbi dilinin və dialektlərinin, eləcə də tarixi etnik köklərinin öyrənilməsində leksik vahidlər mühüm rola malikdir. Müəllif haqlı olaraq bu qənaətə gəlmişdir ki, ümumtürk dillərinin leksik bazasına söykənməklə qohum dillərin dialekt və şivələrində olan inteqrasiya hallarını üzə çıxarmaq mümkündür.

Professor Mahirə Hüseynova fikrini davam etdirərək müxtəlif sahələrdə geniş işləklik imkanlarına malik olan məs, biz, alaq, daraq/darax, börk/börük/bürek (peşə sözləri), uruğ, tirə, coğa, ilg, il, (nəsil mənası bildirən sözlər), elti, yengə/yenqe/yörgü,dünür, quda/kuda, bacanaq/bacak/buca/bacay, qaynata/kaynatı, kayın, baba (qohumluq bildirən sözlər), dırmıx/dumırx, arxac, inək, sığır, (təsərrüfat terminləri), başlıq/başdıx, toy, nişan (toy, mərasim sözləri), öz, uğut, əbək, əkmək/ətməx, ürgə, əsbəri, ülüş (yemək və içki adları), bum, dəmyə, gir, qır, bazu/bazı (xalq danışıq coğrafi terminləri), ayqır, qulın, dayça, baytal, bədöy, səkil (atçılıq terminləri) və s. kimi ümumtürk sözlərinin paralelləri və areal çalarlıqları haqqında ətraflı məlumat verir, yeri gəldikcə, hər bir dil vahidinin mənşəyini və semantikliyini faktlar və məxəzlər əsasında izah edir. Bu isə monoqrafiyanın zəngin faktlar bazasına, dil materiallarına əsaslandırdığını əyani şəkildə nümayiş etdirir.

Professsor Mahirə Hüseynovanın tədqiqat əsərində müraciət etdiyi sahələrdən biri də bədii əsərlərin dilində və tarixi sənədlərdə rast gəlinən dialekt leksikasıdır. Tədqiqatçının aktuallığı ilə diqqəti cəlb edən bu sahə ilə bağlı fikirləri monoqrafiyanın "Bədii əsərlərin və tarixi sənədlərin dilində dialektizmlər və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası" adlı yeddinci fəslində sistemləşdirilmişdir. Buradakı ümumiləşdirmələr "Nəsiminin əsərlərində dialektizmlər və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası", "Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində dialektizmlər və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası", "Naxçıvan xanlığının müfəssəl dəftərində vergi adlarının tarixi-etimoloji təhlili" və "Qılanmaq feili dialektizmi erməni sözüdürmü?" paraqraflarında öz əksini tapmışdır.

Təhlillər göstərir ki, qohum dillərin tədqiqi zamanı tarixi baxımdan qədim qatlara endikcə ortaq sözlərin və morfemlərin sayı artır, bu da nəticədə həmin dillərdə mühafizə olunan ortaq əlamət və xüsusiyyətlərin aşkarlanması baxımından daha çox material verir. Fikrimizcə, professor Mahirə Hüseynovanın tarixi materiallara müraciəti məhz bu faktordan qaynaqlanır.

Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" mövzusunda yazdığı monoqrafiya üzərində aparılan təhlillər deməyə əsas verir ki, burada təqdim olunan və orjinallığı ilə seçilən hər bir fəsil və yarımfəsillər türkoloji dilçiliklə bağlı gələcəkdə aparılacaq tədqiqat işləri üçün yeni elmi istiqamətlər müəyyənləşdirir.

 

Akif İmanlı

Filologiya elmləri doktoru, professor

Elşad Abışov

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2024.- 21 may,№88.- S.14;15.