Naxçıvanda
pedaqoji kadr hazırlığı: son 100 ilin faktları və
rəqəmləri
(Naxçıvan Müəllimlər İnstitutu)
XX əsrdə və XXI əsrin əvvəllərində
Azərbaycan xalqının maariflənməsində təhsil
prosesinin, bu sahənin görkəmli nümayəndələrinin
müstəsna xidmətləri var. Naxçıvanda isə
maarifin inkişafında M.T.Sidqi, C.Məmmədquluzadə,
C.P.Sultanov, M.Ə.Süleymanov, X.Hacılarov, Ə.Xəlilov,
M.Kəngərli, M.C.Şürbi və başqalarının
mühüm rolu olub.
1920-ci il iyul ayının 28-də Naxçıvanda
sovet hakimiyyəti elan ediləndən az sonra bir sıra sahələrə,
o cümlədən, təhsil, elm və mədəniyyət
sahələrinə də diqqət artırıldı. Maarif
sisteminin idarə olunması üçün Azərbaycanın
Xalq Komissarları Şurasının göstərişi ilə
1920-ci ilin oktyabr ayının 10-da Naxçıvan İnqilab
Komitəsinin qərarı ilə Xalq maarifi şöbəsi
yaradılır və şöbə müdiri vəzifəsinə
tanınmış ziyalı, əsl müəllim, maarif fədaisi
olan Əbdüləzim Rüstəmov təyin edilir.
XX əsrin əvvəllərində Naxçıvanda
məktəblər şəbəkəsinin genişləndirilməsi
və şagirdlərin məktəbə cəlb edilməsi
sürətlə davam edirdi. Naxçıvan Muxtariyyətinin
yeni yarandığı 1924-1925-ci illərdə
Naxçıvanda 75 məktəb var idi. Həmin məktəblərdəki
siniflərin sayı 210, siniflərdə dərs aparan müəllimlərin
sayı 154 olmaqla, bu məktəblərdə 6573 nəfər
şagird təhsilə cəlb edilmişdi.
1922-ci ilin avqust ayının 28-də Naxçıvan
şəhərində teatr binasında keçirilən
Naxçıvan Müəllimlərinin 1-ci Qurultayında
Naxçıvanda müəllim
çatışmazlığı haqqında ciddi söhbət
getdi və Naxçıvanda müəllimə olan tələbatı
ödəmək məqsədilə 1 noyabr 1922-ci il tarixdən
Naxçıvanda Müəllimlər Seminariyası açmaq
haqqında qərar qəbul olundu.
Naxçıvanda gələcək müəllim
kadrlarının hazırlanmasında Naxçıvan Müəllimlər
Seminariyası böyük rol oynadı. Seminariyanın ilk
direktoru Xəlilağa Hacılarov oldu. Əbdüləzim
Rüstəmov onun köməkçisi və coğrafiya
müəllimi, H.Səfərli riyaziyyat müəllimi,
H.Qaziyev təbiət müəllimi, İ.Axundov bədən tərbiyəsi
müəllimi təyin edildilər.
Naxçıvan Müəllimlər Seminariyası 1 il
fəaliyyət göstərəndən sonra 1923/1924-cü tədris
ilində öz fəaliyyətini dayandırdı və
seminariyanın bazasında Naxçıvan Pedaqoji texnikumu
yaradıldı. Texnikum 1923-cü ilin dekabrından Ordubad şəhərində
fəaliyyət göstərməyə başladı.
Naxçıvan Cümhuriyyəti yarandıqdan sonra
Naxçıvan Müəllimlər Qurultayının qərarına
uyğun olaraq 1924-cü ilin oktyabrında Naxçıvan
Muxtar Respublikasında Qadın Seminariyası (Ünasiyyə məktəbi)
fəaliyyətə başladı. Seminariyaya rəhbərlik
N.Nəcəfovaya tapşırılmışdı.
1925-1926-cı tədris ilində seminariya Qadın Pedaqoji
Texnikumuna çevrildi. Texnikumun ilk direktoru Fatma Əlizadə
idi. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin qərarı
ilə 1928-1929-cu tədris ilində kişi və qadın
texnikumları birləşdirildi, bu isə öz növbəsində
Naxçıvanda müəllim kadrlarının
hazırlanmasının keyfiyyətcə yaxşılaşdırılmasına
səbəb oldu. 1928-1929-cu tədris ilində Naxçıvan
MSSR-də texnikumlarda 411 nəfər oxuyurdu ki, onların da 71
nəfəri qız idi. "Naxçıvan Zikur
Texnikumu"nun ilk buraxılışı 1927-ci ildə oldu.
Ardıcıl olaraq 3 buraxılış ili ərzində
texnikumu 149 nəfər gənc bitirdi ki, bu da "ölkə
məktəblərinin ehtiyacını ödəmək
üçün" xeyli qüvvə idi. Sonrakı illərdə
də Naxçıvan Pedaqoji texnikumunu xeyli gənc bitirdi ki,
onlar sonralar Azərbaycanda ictimai fikrin və xalq maarifinin
inkişafında mühüm rol oynadılar.
Arxiv sənədlərindən aydın olur ki, Azərbaycan
Xalqının Ümummilli lideri Heydər Əliyev də
1938-1939-cu illərdə həmin texnikumu bitirmiş və 25
iyun 1939-cu il tarixdə ona 2027 nömrəli diplom verilmişdi.
1939-cu ildə və 40-cı illərin sonunda
qarşıda duran ən mühüm vəzifələrdən
biri də dövlət quruculuğu sahəsində
çalışacaq kadrlar hazırlamaq və həmin
kadrların elmi dünyagörüşünün yeni
ideologiya əsasında formalaşdırmaqdan ibarət idi.
Maarif işçilərinin müşavirələrinin
keçirilməsi və bir sıra tədbirlərin təşkili
dövlət quruculuğu işlərinə, ictimai fikrin
inkişafı problemlərinə kömək məqsədilə
həyata keçirilirdi. Bu tədbirlərin əsas
iştirakçıları məktəblərdə
çalışan müəllimlər idi.
XX əsrin 40-cı illərində Naxçıvanda məktəb
və maarif sahəsində baş verən dəyişikliklər
və yüksək ixtisaslı müəllim kadrlarına olan
tələbat və ehtiyac üzündən Naxçıvanda
daha yüksək kateqoriyalı və ixtisaslı pedaqoji kadrlar
hazırlayan yeni təhsil müəssisəsi
yaradılması zəruriyyətini qarşıya qoymuşdu.
Naxçıvan MSSR Xalq Komissarları Şurasının
14 avqust 1939-cu il tarixli qərarı ilə yaradılan Cəlil
Məmmədquluzadə adına Naxçıvan Dövlət
Müəllimlər İnstitutu 1939-cu ilin sentyabr ayının
15-də fəaliyyətə başlamışdı.
İnstitut təşkil olunduğu vaxt orada cəmi iki
fakültə (dil-ədəbiyyat, fizika-riyaziyyat) fəaliyyət
göstərirdi.
İnstitut təşkil olunduğu vaxt
Naxçıvan Müəllimlər İnstitutu
üçün ayrıca bina ayrılmışdı. Əvvəllər
heç bir tədris avadanlığı, kifayət qədər
maddi-texniki bazası olmayan institutda institutun işgüzar və
səriştəli, təşəbbüskar pedaqoji
kollektivinin səyləri ilə qısa bir müddətdə
xeyli əyani vəsait toplanmış, kabinələr və
laboratoriyalar yaradılmışdı.
"Naxçıvanda müəllim kadrları
hazırlamaqda çox böyük rolu olan",
"Naxçıvan Muxtariyyətinda maarif, mədəniyyət
və incəsənətin inkişafında xidmətləri
qeyd olunan" Naxçıvan Müəllimlər İnstitutu
15 ilə yaxın davam edən fəaliyyət dövründə
Muxtar Respublikada pedaqoji profilli ixtisaslar üzrə kadr
potensialının yaranmasında və məktəblərin
müəllim kadrları ilə təmin olunmasında müstəsna
rol oynadı. Naxçıvan Müəllimlər
İnstitutunun yüzlərlə məzunu sonrakı illlərdə
nəinki Naxçıvanda, həm də Azərbaycanda
elmi-pedaqoji fikrin, ictimai-siyasi fikrin, elmin, mədəniyyətin
və xalq maarifinin aparıcı simaları olmuş, Azərbaycan
elminə öz töhfələrini vermişlər.
1939-1940-cı tədris ilində iki fakültədə 129 tələbə
ilə fəaliyyətə başlayan institutun 64 nəfər
tələbəsi II Dünya müharibəsində səfərbərliyə
alınmış, ilk buraxılışda institutu cəmi 65 nəfər
(52 nəfər ədəbiyyat, 13 nəfər fizika-riyaziyyat
üzrə) bitirmişdi və onlardan 31 nəfəri
qızlar idi.
Fəaliyyətinin bir hissəsi II Dünya müharibəsi
dövrünə təsadüf edən Cəlil Məmmədquluzadə
adına Naxçıvan Müəllimlər İnstitutunu
müharibə illərində, əyani şöbənin 4
fakültəsi olmaqla, institutu 166 nəfər bitirmişdi.
1939-1954-cü illərdə dörd fakültədə
əyani və qiyabi şöbələrdə müəllim
kadrlar hazırlanmasında böyük uğurlar
qazanıldı. Fəaliyyət göstərdiyi illərdə
institutda 6 kafedra (dil-ədəbiyyat, pedaqogika, təbiət-coğrafiya,
fizika-riyaziyyat, marksizm-leninizm əsasları, hərbi) fəaliyyət
göstərmiş, 5 fənn kabineti mövcud olmuş və zəngin
kitabxana yaradılmış, 5 dərnək təşkil
olunmuş və institut tələbələrinin ixtiyarına
verilmişdi.
Məktəblərin müəllim kadrları ilə təmin
edilməsini işini sürətləndirmək və tələbatı
tam ödəmək məqsədi ilə Naxçıvan
Müəllimlər İnstitutunun fəaliyyəti
dövründə qiyabi şöbə yaradıldı. Qiyabi
təhsilə xüsusi önəm verilir, pedaqoji kadrların
seçilib təhsilə cəlb olunmasında milli kadr məsələsinə
xüsusi diqqət yetirilirdi.
Qiyabi şöbəni 1943/1944-cü tədris ilində
42 nəfər, 1944/1945-ci tədris ilində 96 nəfər,
1945-1946-cı tədris ilində 147 nəfər bitirdi,
sonrakı illərdə yüzlərlə şəxs qiyabi təhsilə
cəlb olundu.
1949-cu ildən 1954-cü ilə qədər
Naxçıvan Müəllimlər İnstitutunun rus bölməsini
300 nəfərə yaxın məzun bitirdi. Naxçıvan
Müəllimlər İnstitutunun əyani və qiyabi
şöbəsini müxtəlif illərdə 1189 nəfər
bitirərək Naxçıvanda və Azərbaycanın digər
rayonlarında pedaqoji fəaliyyətlə məşğul
olub. Azərbaycanda məktəb və təhsil müəssisələrinin
yaradılmasında və inkişafında, məktəblərin
müəllim kadrlarına olan tələbatın ödənilməsində
Naxçıvan Müəllimlər İnstitutunun məzunlarının
böyük xidmətləri vardır.
1956-1971-ci illərdə Naxçıvan MSSR məktəblərinin
alitəhsilli ixtisaslı müəllimlərlə təmin
edilməsi Azərbaycanın ali məktəblərinin əyani
və qiyabi şöbələrini bitirmiş məzunlar
hesabına təmin olunurdu.
Muxtar Respublikanın özündə müəllim
kadrlarının hazırlanması üçün Azərbaycan
SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan
şəhərində 1954-1955-ci tədris illindən Pedaqoji məktəb
yenidən fəaliyyətə başladı. 1965-1972-ci illərdə
buranı 570 nəfər ibtidai təhsil müəllimi, 60 nəfər
bədən tərbiyəsi müəllimi, 90 nəfər məktəbəqədər
tərbiyəçi bitirdi.
Bəhs olunan dövrdə müəllim
kadrlarının peşə hazırlığının
artırılmasına da diqqət yetirildi. Azərbaycan SSR
Nazirlər Sovetinin 339 saylı 21 may 1963-cü il tarixli qərarına
əsasən 1 iyun 1963-cü il tarixdən Azərbaycan Müəllimlər
İnstitutunun Naxçıvan şəhərində
Naxçıvan MSSR Maarif Nazirliyinin metodkabineti bazası nəzdində
filialı açıldı. Bu qərar əsasında
Naxçıvan MSSR Nazirlər Sovetinin 28 iyun 1963-cü il
tarixli müvafiq qərarı qəbul edildi. Lakin filial
mövcud ehtiyacı tam ödəmirdi. Buna görə də
filial əsasında müstəqil institut yaradılması məsələsi
ortaya çıxmışdı.
(Ardı var)
Rövşən VƏLİYEV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2024.- 21 may,№88.- S.13.