"Parkda" oyun
"Sizə qədimdən də qədim dostum Saida
Haqverdiyevadan danışmaq istəyirəm. Mənə elə
gəlir ki, o, enerjisi aşıb-daşan, bir yerdə qərar
tuta bilməyən, hələ ki rahatlığa çata bilməyən
insandır. Teatrda ciddi işlər görür, balaca aktyorlar
yetişdirir, film çəkir, tamaşalar hazırlayır və
qəti sakit dayanmaq haqqında düşünmür. Vətənin
dar günündə başının dəstəsi ilə
köməyə qaçır, kasıblara əl tutur, yetimlərə
analıq eləyir".
Əslində mən tamaşa haqqında yazacağam,
amma ürəyim çox istədi ki, bu qaralamaya belə səmimi
bir giriş verim. Lap yadımdan çıxmışdı,
Saida xanım hekayə və povestlər də yazırdı;
sonra özünü burda görmədimi, ya vaxtı
olmadımı, bilmirəm, yazmağın başını
buraxdı.
Hə, Saida xanım, bax, belə qoçaq
qızdır.
Mən rejissor Saida Haqverdiyevanın dörd işinə
baxmışam. Onun ilk işinin, özü dediyi kimi,
gözünün ilk ovunun - "Ər quyusu" tammetrajlı
bədii filminin ideyası mənə
çatmamışdı, amma hiss olunurdu ki, yaradıcı heyət
dəqiqliklə və məsuliyyətlə işləməyə
çalışıb. Kənddə yaşananlar, ata kultu, ana
zəhmi və deyingənliyi yaxşı işlənib. Filmdəki
favoritim isə kitab oxuyan qızdı. Məndə müəlliflə
qəhrəmanlar arasında oxşarlıq tapmaq istəyi kimi
pis xasiyyət var. Bu filmdəki kitab oxuyan qızı da elə
Saida xanımın özünə bənzətmişdim.
Bütün hallarda filmdə zəhmət, əziyyət var və
buna görə qiymətləndirilməyə layiqdir.
Saida xanımın mən gördüyüm ikinci
işi "Köhnə çamadanlar" tammetrajlı bədii
filmidir ki, bu haqda həm özüm yazmışam, həm də
müəlliflə əla bir söhbətimiz
yayımlanmışdı. Qısaca olaraq onu deyim ki,
müharibənin qadın üzünü göstərən,
bununla da Azərbaycanda bir ilki gerçəkləşdirən
müəllif Qarabağ zəfərindən sonra ilk uğurlu
müharibə filmini çəkməyi bacarmışdı.
Filmin zəfərlə bitməyinin xüsusi əhəmiyyəti
vardı, çünki ağır səhnələrlə
dolu hekayə zəfərsiz bitsəydi,
tamaşaçının ruhunu sarsıdardı. "Fəryad"
filmi ilə böyümüş bir nəslin necə
böyük travma yaşadığını biz İkinci
Qarabağ savaşında aşkar şəkildə
gördük. Bu mənada "Köhnə
çamadanlar"dakı zəfər reallıqdakı kimi
bizim ruhumuzu oxşayır.
Saida xanımın, baxdığım
üçüncü işi "Melisa" kukla
tamaşasıdır. Zöhrə
ona hədiyyə edilən Melisa adlı çox sevdiyi
oyuncağını itirir. Axtarır, axtarır, tapa bilmir.
Yorulur, əldən düşür, uğursuzluq onu izləyir.
Çifayda... Amma Zöhrə ümidini itirmir ki itirmir. Onun
inadkarlığı iki fraqmenti yadıma saldı. Birinci, qədim
yunan mifologiyasındakı "Piqmalion" əfsanəsidir.
Kiprli rəssam Piqmalion fil sümüyündən qeyri-adi dərəcədə
gözəl qız heykəli düzəldir, sonra ona vurulur və
heykəlin canlı olmasını arzulayır. İlk
baxışda həyata keçməyəcək arzu kimi
görünür, amma məhz Piqmalionun ümidi,
inadkarlığı sayəsində Allahlar onun səsini
eşidir. Rəssam evinə qayıdır. Heykələ
yaxınlaşır, xoşbəxtliyə bir bax, sevincə bir
bax! Heykəl cana gəldi, ürəyi döyündü,
gözlərində həyat işıqlandı. "Tanrı
Afrodita Piqmaliona gözəl arvadı beləcə verdi".
Yeri gəlmişkən, Melisanın oyuncağı da
danışa bilirdi.
İkinci fraqment isə "İncil"dəndir.
İsa suyun üzərində gəzəndə həvariləri
indiki təbirlə desək, şoka düşürlər.
İsa onlara deyir ki, niyə təəccüblənirsiniz?
Sizin də imanınız kamil olsa, su üzərində gəzə
bilərsiniz. Hətta həvarilərdən birini su üzərində
gəzməyə dəvət edir. O, su üzərində gəzəndə,
birdən buna heyrət edir və həmin anda batmağa
başlayır, çünki ürəyinə şübhə
toxumları səpilmişdi. Burdan çıxan nəticə
odur ki, sona qədər inansan, ürəyində, getdiyin yola zərrəcə şübhən olmasa, su üzərində
sərbəst hərəkət də edə bilərsən,
dağı iki bölə də. Melisa da inamın
mükafatını aldı, sonda öz sevimli oyuncağına
qovuşdu. "Melisa"ya görə də müəllifləri
təbrik edib keçirəm, mayın 15-də Azərbaycan
Dövlət Kukla Tetarının səhnəsində göstərilən
"Oyun" inklüziv teatrının "Parkda"
tamaşasına. Tamaşadakı bütün hadisələr
bir yerdə baş verir: parkda. Tamaşada əsas xətt ailədaxii
münaqişədən, ər (Türkay Cəfərli) -
arvad (Zülfiyyə Qurbanova) arasında yaşanan problemdən
ibarətdir. Rejissor boşanma həddinə çatan ər-arvadın
münasibəti fonunda cəmiyyətimizin ən aktual probləmlərinə
işıq tutur: Azərbaycanda çox sürətlə artan
boşanmalar, "Tik-Tok" veylliyi və
boşboğazlığı, şir atma
bayağılığı, insanlar arasında inamın
sarsılması, erkən nikah, valideyn-övlad münasibəti,
təhsil və s. İki saat boyunca sistemli şəkildə
problemli Azərbaycan insanına tamaşa edirik. Rejissor problemlərin
sənət həllini verə bilib. "Parkda"kı
süpürgəçi (Gülçöhrə Abdullayeva)
obraz olaraq da, aktyor kimi də seçilməyi bacarır, o,
simvolik obraz təsiri bağışlayır, saflıq, təmizlik
nümunəsi kimi diqqəti cəlb edir, insanların zibilini təmizləyir.
Süpürgəçi arada bizə, ekranlardan düşməyən
7 dəfə evlənib, "8-ci kruqu" gələn, əxlaqı
dillərdə dastan olub camaata əxlaq dərsi verən
xalaları da xatırladır. Çünki süpürgəçi
heç vaxt evlənməyib, sevməyib, sevilməyib, amma
evliliyin, sevib-sevilməyin müsbət tərəfləri,
ruhani cəhətləri haqqında uzun-uzadı mühazirə
oxuyur. Onu "8-ci kruq" xalalardan fərqləndirən bir
mühüm cəhət var. Bizim xalanın bütün cəhdləri
insanların xoşbəxtliyi üçündür.
Süpürgəçi xanım obrazını canladıran
aktirasının peşəkarlığı
tamaşaçıların ruhunu oxşadı. Buna görə
də ona təşəkkür edib keçək parkda gecələyən
qadına. Valideynlərinin təkidi ilə yeniyetmə ikən
ərə verilən, sonradan bədənini satmağa məcbur
olan, amma içindəki məsum uşağı qoruyub
saxlayan qadını Ülviyyə Əliyeva çox ləyaqətlə,
məharətlə canlandırdı. Ümumiyyətlə, mənə
elə gəlir ki, Ülviyyə xanım potensialından tam
şəkildə istifadə edilməyən
aktyorlardandır...
"Qlamur" həyat tərzinə düşkün
qadını canlandıran Zümrüd Qurbanova hadisələrin
gedişatında çox məharətlə
başqalaşır: o, var-dövlət sevən qadından, nə
vaxtsa uğrunda fədakarlıq etdiyi kişiyə
inamını itirən qadına çevrilir,
tamaşaçıya bir-birindən kəskin fərqlənən
iki obrazı peşəkarlıqla təqdim etməyi
bacarır.
Gənc aktrisa Səbinə Məmmədova varlı
müştəriləri tovlayan ofisiant rolunu koloritli, yumorla
yaratmışdı.
Tamaşada uşaqlar da oynayırdı... Azərbaycanda
uşaq aktyorları problemi var. Bu sahədə Saida
Haqverdiyevanın xidmətləri danılmazdır: son zamanlarda
uşaq aktyorlarının yetişməsi üçün
çox əziyyət çəkib. Onun tələbələri
Selcan Xatun, İbrahim Laçın, Aylin Nəcəfli,
Hökumə Ağayeva, İlkin Həsənli və
başqaları artıq hazır aktyorlardır, inşallah, gələcəkdə
parlaq ulduzlara çevriləcəklər.
Tamaşada daha bir vacib məqam əlil
qardaş-bacılarımızın (Xaqani Əliyev, Kamilə
Xəlilova, Babək İsmayılov) "Parkda" yer
alması idi. Onların gözəl ifası məni
yaxşı mənada təəccübləndirdi, təsirləndirdi.
Tamaşadan sonra onları qucaqlayıb təbrik etmək istəyirdim,
təəssüf ki, etmədim. Amma onlara təşəkkür
borcumu burada qaytarmaq istəyirəm: ey gözəl insanlar,
sağ olun, var olun, yaxşı ki varsınız,
hamınızı öpürəm, bağrıma basıram.
Nəhayət, Zülfiyyə Qurbanova və Türkay Cəfərlinin
tamaşaya peşəkarlıqla, xüsusi rəng
qatdığını deməsək, insafsızlıq olar.
Zülfiyyə Qurbanova obrazının dramını,
emosiyalarını pafos qatmadan,
ölçülü-biçili, inandıraraq təqdim etdi.
Tamaşanın əsas yükünü aktyor kimi Türkay Cəfərli
daşıyırdı. Çünki o, tamaşa boyunca səhnədə,
mərkəzdə idi və bu müddətdə oyunundakı
təbii yaşantını, hissləri tamaşaçıya
ötürə bildi, ovqatdan-ovqata əla keçdi.
Hadisələrin ancaq parkda baş verməsi də
xüsusi rənglərdən biridir. Bilmirəm, bu tamaşa ilə
nə qədər əlaqəsi var, amma yadıma teatral
estetikada ekranlaşdırılmış "Dogvil" filmi
düşdü. Paralellər aparası olsaq, orda da azad
yaşamaq istəyi ilə evdən qaçan qadın
aşağılayıcı rəftara məruz qalır. Son isə
qisasla bitir, alçaldılmış qadın hamını
amansızlıqla öldürür, təkcə iti sağ
saxlayır. Çünki it onunla loxmasını
bölmüşdü. Filmin rejissoru Trier itin yaşamaq
haqqının olduğunu düşünür, insanın isə
yox. Burda vəziyyət məşhur "Sən
Pünhanın günündə, Pünhan da it
günün"dəki kimi deyil. İt insandan çox
hörmətlidir. Bizim mentalitet isə belə sərt
davranışlara icazə vermir. Ona görə "Parkda"
məsələ dədə-baba qaydası ilə həll
olunur, tərəflər barışıq elan edir,
öyüd-nəsihəti dinləyir, ailəni
dağıtmır, ər peşman olur, qadın onu
bağışlayır. Boşanmamağın
faydalarını bildik, bunu aşağı-yuxarı hamı
anlayır, anlamalıdır. Amma boşanmağın da
faydaları cəhətlərini gərək gözardı etməyək.
İşimizdir də, neçə-neçə cinayət
işi görmüşük, istintaq materialları ilə
tanış olmuşuq. Allah haqqı, qadın elə bil
milçəkdir, heç nədən vurub öldürürlər.
Çay süzmədiyinə, idman paltarı geyindiyinə,
"öz həyatımı yaşamaq istəyirəm"
dediyinə, ərinin telefonuna baxdığına görə
öldürülən qadınlar var. Hətta bir kişi
öz arvadını intihar etmək istədiyinə görə
öldürmüşdü. Öldürməyən, amma həyat
yoldaşına hər saat, hər dəqiqə işgəncə
verən insanlar var. Təəssüf ki, burada Nitşenin o əfsanəvi
məntiqi işə yaramır: öldürməyən
gücləndirmir. Bu cür problemli ailələr özlərinə, övladlarına, cəmiyyətə
hansı faydanı verə bilərlər? Əksinə,
onların travma ilə böyümüş övladları gələcəkdə
təhlükəli ünsürə çevriləcəklər.
Belə ailələrin dağılması, yəni ərlə
arvadın ayrılması ən optimal yol
sayılmalıdır. Yazının elə yerinə gəldik
ki, boşanmaq, boşanmamaq, budur əsas sual, məsələ...
Yekunlaşdırmalı olsaq: Saida Haqverdiyeva,
"Parkda" oyun qurub bizi düşünməyə vadar
etdi. Tamaşa haqqında bu qədər
düşündüksə, deməli, alınıb. Deyəsən,
Dekart demişdi də, düşünürəmsə, varam.
Biz də düşündük, var olduq. Yaradıcı heyət
də düşünüb və hər daim var olsunlar.
Yazının əvvəlində də dedim: mən də
müəlliflə obrazlar arasında oxşarlıq axtarmaq
kimi axmaq bir xasiyyətim var. Daha bir oxşarlıq
tapmışam: Saida xanımı Zöhrəyə bənzədirəm.
Mənə elə gəlir ki, Saida xanım da öz
oyuncağını, bəlkə də öz həqiqətini
axtarır, ancaq tapa bilmir. Amma o oyuncağı tapacağına
əminəm. Çünki heç bir yaxşılıq cəzasız,
pardon, mükafatsız qalmır. Ancaq kameranı başqa
rakursa qoysaq, bəlkə də belə alınır.
Saidanın oyuncağını tapa bilməməyi etdiyi
yaxşılıqların cəzasıdır.
Ağa CƏFƏRLİ
525-ci qəzet.- 2024.- 21 may,¹88.- S.12.