İrfan Murat  

 

 

“Dost dosttan ayrılmayınca

Dost kadrini bilməz imiş”.

Bir dostdan ayrıldıq. Cümə günü – mayın 17-də  İrfan Murat Yıldırım gənc yaşında bu vəfasız dünyanı tərk etdi. O, uzun müddət idi ki, xəstə idi. Hər dəfə telefonla danışanda “Anamın da bu xəstəlikləri var idi” deyirdi. Gənc yaşlarında onu narahat edən şəkər, qan təzyiqi kimi xəstəliklər bədənini zədələyir və yeyirdi.

İrfan Murat Yıldırım da hamımız kimi orta məktəb və lisey illərindən xalqının problemləri ilə maraqlanan, “o tay”, yəni Azərbaycanla bağ quran, bu ideya dastanında təkcə yazıları və əsərləri ilə deyil, həm də bu yolda real səyləri ilə yazılmış ad idi. Universitet illərində də Türkiyədə nəşr olunan “Kardaş ədəbiyatlar” jurnalına dəstək olub. Sovet İttifaqında və İranda türk ədəbiyyatı ilə maraqlananlar üçün 1982-ci ildə çıxan “Kardaş ədəbiyatlar” jurnalı da mərhum İsmayıl Qaspıralının nəşr etdiyi “Tərcüman” qəzeti kimi bir vəzifə görmüş və akademik dünyada böyük əks-səda doğurmuşdur. İrfan Murat hələ tələbə ikən səksəninci illərdə Yavuz Akpınar, İbrahim Bozyel, Zeynəlabidin Makas kimi türk dünyası ədəbiyyatını bilən alimlərlə yol yoldaşı olmuş, jurnalda məqalələr yazmışdır.

“Kardaş ədəbiyatlar” jurnalı, ustad Yavuz Akpınarın təbirincə desək, dəmir pərdənin ardınca bir mədəniyyət boşluğu açmışdı. 1970-ci illərdə başlayan siyasi yumşalma sayəsində Türkiyə və digər türk ölkələri ilə yaxınlaşma və mədəniyyətşünaslıq Yavuz Akpınar və İrfan Murat kimi akademiklərin prioritet iş sahələrinə çevrildi.

İrfan Murat Yıldırımın hələ tələbə ikən 1983-cü ildə “Kardaş ədəbiyatlar” jurnalı üçün yazdığı “Azərbaycan ədəbiyyatı tarixinə bir vaxış” əsəri onun gələcək akademik işinin istiqamətini müəyyən edəcəkdi.

Şəhriyar, Əhməd Cavad, Məmməd Aslan və daha sonra müasir Azərbaycan ədəbiyyatı haqqında məqalələr yazan İrfan Murat Yıldırım bəlkə də taleyin bir döngəsi kimi 1990-cı ilin 20 Yanvarında Bakıda törədilən qətliamın şahidi olacaq və şair Qabilin “Qara Yanvar” elegiyasını Türkiyədə çap etdirəcəkdi. Türkiyədə və dünyada 20 Yanvar qətliamını daha yaxşı anlamaq üçün müxtəlif mitinq və simpoziumlarda fəal iştirak edən İrfan Murat universitetdə magistratura və doktorantura təhsili müddətində Azərbaycan ədəbiyyatına diqqət yetirəcəkdi.

Bu mövzuda ardıcıl yazılar dərc etdirən İrfan Murat, Yavuz Akpınar və Səbahəddin Çağanla birlikdə “Azərbaycan Cümhuriyyəti”, “İran Türkləri”, Qafqaz Türkləri”, “Qafqazdan İstanbula xatirələr”, “Salam Türkün Bayrağına” kimi mühüm kitablar çap ettirdi.

Varşava Universitetindəki vəzifəsi ilə əlaqədar olaraq “Polşada Türkologiya Araşdırmaları” mövzusu ilə məşğul olan və nəşr etdirən İrfan Murat, orada Azərbaycanla bağlı fəaliyyətlərinə davam edir, dostları ilə birlikdə “Xudafərin körpüsü” jurnalına yazılar yazır, Varşavada Azərbaycan ədəbiyyatını, onun siyasi kursunu avropalılara izah edirdi

 

Azərbaycan istiqlal hərəkatı zamanı şeirləri, igidliyi və mübarizəsi ilə könlümüzü fəth edən Xəlil Rıza haqqında da əsərləri olan İrfan Murat, onun şeirlərini təhlil edərək türk oxucusuna çatdırırdı. Türkiyə Araşdırma İnstitutu jurnalında Yusuf Vəzir Çəmənzəminlinin hekayələri ilə bağlı on səhifəlik məqalə dərc etdirən İrfan Muratın iki məqaləsi də Azərbaycandakı mətbuat araşdırmalarına həsr olunmuşdu.

Bakıda, İzmirdə, İstanbulda, Varşavada və Den Haaqda türkologiya və xüsusilə Azərbaycan ədəbiyyatı ilə bağlı onlarla konfrans və simpoziumda iştirak edən İrfan Murat Yıldırım da tələbələrini bu araşdırmalara istiqamətləndirirdi.

Onun bütün arzusu Türkiyə ilə Azərbaycan arasında yüz ildən artıqdır bir-birindən ayrı düşmüş mədəni əlaqələrin yenidən canlanması və birləşməsi idi.

Uzun illər Manisa Cəlal Bayar Universiteti Ədəbiyyat Fakültəsində “Çağdaş Türk Ədəbiyyatı” mövzusunda mühazirələr oxuyan, həm də zaman-zaman şeirlər yazan İrfan Murat çox duyğulu, şən, xalqının sevgisini hər şeydən üstün tutan vəfalı bir insan idi.

Onun ölümü türk dünyası, xüsusən də Türkiyədəki Azərbaycan ədəbiyyatı üçün böyük itkidir. Xəbəri ilk eşidəndə göz yaşlarına boğulan üstad Yavuz Akpınar, onun işinin qədrini ən çox bilənlərdən biriydi.

Əvəzolunmaz dostum və mehriban qardaşım İrfan Murat Yıldırımın ruhu şad olsun.

 

Orxan ARAS

525-ci qəzet.- 2024.- 21 may,¹88.- S.11.