"Kamal
Abdullanın bütün yaradıcılığı
sirdir"
Lyudmila Bejenaru: "Qobustan mənim mühazirələrimin
və tələbələrin referatlarının
mövzusudur"
Budəfəki müsahibə mənim
üçün daha əlamətdardır. Çünki ilk dəfədir
əcnəbi şəxslə həmsöhbət olmuşam.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq
yazıçısı Kamal Abdulla Lyudmila Bejenaru barədə
danışanda onunla söhbətləşmək arzusu yaransa
da, rumıniyalı ədəbiyyatşünasla hansı dildə
ünsiyyət quracağım barədə fikirləşdim.
Kamal müəllim Lyudmila xanımın rus dilində sərbəst
danışdığını bildirdi. Sözügedən
dildə danışılanları anlasam da, fikrimi sərbəst
ifadə etməkdə çətinlik çəkirəm. Nəhayət,
ADU-nun Doktorantura şöbəsinin müdiri, pedaqogika üzrə
fəlsəfə doktoru Nərgiz Qarayeva və həmin
universitetin Rusiyaşünaslıq mərkəzinin elmi
işçisi Tamilla Naibovanın vasitəsilə Lyudmila
Bejenaru ilə həmsöhbət oldum.
- Lyudmila Bejenaru, özünüz haqqında kiçik
məlumat verməyinizi istərdim...
- Mən Rumıniyanın Yassı Dövlət
Universitetinin dosenti, filologiya elmləri doktoruyam. Universitetdə
"Rus mədəniyyəti və sivilizasiyası", eləcə
də "Sintaksis", "Rus ədəbiyyatı" fənlərindən
dərs deyirəm, Rumıniyadakı Azərbaycan Multikulturalizm
Mərkəzinin rəhbəriyəm. Universitetimizdə
yaradılan mərkəz 2022-ci ilin noyabrın 10-da Azərbaycan
Dillər Universitetinin dəstəyi, Azərbaycanın
Rumıniyadakı səfiri Qüdsi Osmanov və hörmətli
Kamal Abdullanın iştirakı ilə açılıb.
- Azərbaycana indiki səfərinizin səbəbi nədir?
- Bu səfərim "Heydər Əliyev və
multikulturalizm" mövzusunda VII konfransda iştirakla
bağlı idi. Bu dəfə də Azərbaycana əliboş
gəlməmişəm. Kamal Abdullanın "Unutmağa kimsə
yox" romanının rumın dilinə tərcümə
edilmiş nəşrini də özümlə gətirmişəm.
Bu nəşr müəllifin rumın dilinə tərcümə
etdiyim üçüncü kitabıdır. Siz bilirsiniz, ya
yox, mənim sevimli müəllifim Kamal Abdulla bu romana qəzetinizlə
bağlı tarixləri daxil edib. Romanda başqa qəzetlərin
adları da çəkilir. Çox şadam ki, məhz bu qəzetdəki
müsahibəm Kamal Abdullanın yaradıcılığı
haqqında oxucuların biliklərini tamamlayacaq.
- Aydın məsələdir ki, Kamal müəllimin
yaradıcılığı ilə tanış olana qədər
ölkəmiz barədə məlumatınız olub.
Maraqlıdır, sizdə Azərbaycana sevgi nədən
qaynaqlanır?
- Deyə bilərəm ki, Azərbaycana marağım
məktəb və tələbəlik illərində müxtəlif
respublikaların ayrı-ayrı tədbirlərində,
festivallarında iştirak etdiyim vaxtlardan yaranmağa
başlayıb. O zaman bizim sinif Azərbaycan
Respublikasını təmsil edirdi. Azərbaycana həsr
olunmuş albomu özüm hazırlamışdım və
ensiklopediyadan müxtəlif materiallar
köçürmüşdüm. Mənim dostlarım
şeir oxuyurdular, rəqs edirdilər. Sonra elə oldu ki,
müxtəlif festivallarda bəzi mahnıları ifa etdim.
Bunlar sizin misilsiz Müslüm Maqomayevin mahnıları idi.
Xatırladığım qədər, bu, mənim Azərbaycanla
ilk tanışlığım idi.
- Bəs Xalq yazıçısı Kamal Abdulla ilə
tanışlığınızın tarixçəsi nə
vaxta təsadüf edir?
- Yassı Universitetində müəllim kimi 10
aylıq təqaüd qazandım və sizin Bakı Dövlət
Universitetini seçdim. Oktyabr ayında Bakı Dövlət
Universitetinə gəldim və həmin vaxt Kamal Abdulla ilə
tanış oldum. Sonra Bakıya gələn müəllimlər
rektora təqdim olundu. Məhz elə o vaxt, Beynəlxalq
Əlaqələr Departamentinin o zamankı direktoru İrina
Kunina ilə görüş oldu. Tədqiqat işim "Milli ədəbiyyatların
dialoqunda kiçik diyar anlayışı" mövzusu
olduğu üçün eyni vaxtda Kamal Abdullanın
yaradıcılığını da
araşdırmışam. 2013-cü ilin dekabr ayında
Bakı Slavyan Universitetinin keçirdiyi konfransda iştirak edərkən
Kamal Abdulla mənə bir neçə kitab verdi. Bu kitablar
müdafiə mövzuma uyğun olduğu üçün
onları oxumağa başladım. Sonra 2014-cü ildə
BDU-da olarkən "Literaturniy Azerbayjan" jurnalına bir məqalə
göndərdim. Məqalə Kamal Abdullanın
yaradıcılığı haqqında idi. Təəssüf
ki, "Literaturniy Azerbayjan" jurnalından məqalənin
çap olunub-olunmayacağı barədə heç bir xəbər
almadım. Bu barədə, demək olar ki, unutmuşdum. Amma
2016-cı ildə Kamal Abdullanın köməkçisindən
elektron məktub aldım və o, məktubda Kamal Abdullanın
bu yazını oxuduğunu, məni Bakıya dəvət
etdiyini bildirdi. Keçən il bir-birimizi
tanımağımızdan 10 il vaxt keçməsinə
baxmayaraq, yalnız 2016-cı ildə Kamal Abdulla ilə əməkdaşlıq
başladı. Bakıda keçirilən konfransda olarkən mərkəzə
rəhbərlik üçün mənim də namizədliyimi
təklif etdilər və mən Azərbaycan Multikulturalizm Mərkəzinin
açılmasını xahiş etdim. Mənə o vaxt dedilər
ki, mərkəzin təsis edilməsi hələ mümkün
deyil. Amma biz Bakıdakı Multikulturalizm Mərkəzi ilə
birlikdə bu sektoru yarada bildik. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin Rumıniyadakı nümayəndəsi
kimi təsdiq olundum. Daha sonra Azərbaycan multikulturalizmi ilə
bağlı bu kursu universitetdə tədris etməyə
başladıq.
- Həmkarınız Liviya Kotorça Kamal müəllimin
şeirlərini rumın dilinə tərcümə edib...
- Aprel ayında Yassı Dövlət Universitetinin alimi
Liviya Kotorça tərcüməsi ilə Kamal Abdullanın
"Gizli nəğmələr" adlı şeirlər
kitabı Rumıniyada işıq üzü görüb.
Kitaba "Aydınlıq və dua arasında" giriş məqaləsini
də Liviya Kotorça yazıb. Şeirlər də müəllifə
layiq şəkildə oxucuların diqqətinə
çatdırılıb. Liviya Kotorça Kamal Abdullanın
poetik nümunələrinin bütün əhval-ruhiyyəsini
rumınca ifadə etməyi bacarıb.
- Siz isə sistemli şəkildə Kamal Abdullanın
yaradıcılığının tədqiqi və əsərlərinin
tərcüməsi ilə məşğul olmusunuz..
- Mən Bolqarıstanda "Milli ədəbiyyatların
dialoqunda kiçik diyar anlayışı" mövzusunda
doktorluq dissertasiyası müdafiə etdikdən sonra Kamal
Abdullanın yaradıcılığı ilə bağlı
ilk monoqrafiyamı çap etdirdim. Monoqrafiya "Kamal Abdulla:
Bütövlüyün fəlsəfəsi" adlanırdı.
Təkcə Rumıniyada deyil, başqa ölkələrdə
çap olunmuş 20-dən çox məqalə
yazmışam. Onun yaradıcılığı ilə
tanışlıqdan sonra əsərlərinin tərcümələrinə
başlamışam. Əvvəlcə Rumıniyada çox
böyük rezonans doğuran və müxtəlif məkanlarda
təqdim olunan "Sehrbazlar dərəsi"ni tərcümə
etdim. Kitabın Kişinyovda tərcümə festivalı
çərçivəsində təqdimatı keçirilib
və mənə buna görə "Ən yaxşı tərcüməçi"
diplomu verilib. "Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi"
kitabının təqdimatı isə universitetimizin Mixay
Eminesku kitabxanasında keçirilib. Bu kitabı professor Liviya
Kotorça və şair Danel Korbu ilə birgə təqdim
etdik. Kitabxanamızla birlikdə çox maraqlı sərgilər
təşkil olundu. Azərbaycan şair və
yazıçılarının rumın dilinə tərcümələrindən
ibarət sərgi keçirdik. Eyni zamanda "Azərbaycan
başqalarının gözü ilə" adlı foto sərgisi
təşkil edildi. Sərgidə müxtəlif vaxtlarda Azərbaycanda
olmuş bütün müəllim və tələbələrimizin
fotoşəkilləri var idi. Onların Bakı və Azərbaycan
haqqında fərqli fikirləri fotolarda əks olunmuşdu.
- Siz Kamal müəllimin bəzi pyeslərini də tərcümə
etmisiniz. Onların arasında Rumıniyada səhnələşdirilənlər
oldumu?
- Təbii ki... Rumıniyada ilk dəfə olaraq Kamal
Abdullanın "Bir, iki, bizimki" tamaşasının
nümayiş olunduğu yaradıcılıq gecəsi
keçirildi. Müəllifin razılığı ilə
tamaşaya "Kişi və qadın" adını verdik.
Yoxsa bu tamaşanın niyə "Bir, iki, bizimki"
adlandırıldığını başa düşməzdilər.
- Kamal Abdullanın "Unutmağa kimsə yox"
romanı haqqında nə deyə bilərsiniz. Bu kitab sizdə
hansı təəssüratları yaratdı?
- Bu romanda müəllif özünü əks etdirib.
Burada personajlardan birinin adı altında müəllifin
özü çıxış edir. Digər tərəfdən,
romandakı hadisələr bir neçə plan əsasında
yüksək səviyyədə və bir çox istiqamətlərdə
cərəyan edir. Fikrimcə, bu romanda çox müdrik həyat
fəlsəfəsi var. Deyə bilərik ki, bu, təkcə
hansısa tapıntının axtarışı deyil.
Çoxları bunun sadəcə yazının dekodlanması
olduğuna inanır. Bir tərəfdən mağaradakı
yazının dekodlanması (aşkar edilməsi), digər tərəfdən
isə kənd həyatının təsviri göstərilib.
Əsərin qəhrəmanı Bəhram, sanki, kəndin, kənd
həyatının, mağara həyatının bilicisi və
keşikçisidir. Əsərdə sevgi
üçbucağını görməmək olmur:
Mübariz, Bəhram və Gülsüm. Hər
üçü çox maraqlı dostluq səhnələri
ilə təsvir olunub. Çünki nə Bəhram, nə də
Mübariz dostluq səddini keçib aşiq ola, Gülsümə
sevgilərini göstərə bilirlər. Müəllifin o
dövrün akademik mühitinin təsvirində də
maraqlı məqamlar çoxdur. Hətta Kamal Abdullanın təbiətə,
qarağac bitkisinə münasibəti də əsərdə
yer alıb. Bilirsiniz ki, Kamal Abdullanın
yaradıcılığında qarağac ən mühüm
ağacdır. Birinci romanda əkilir, ikinci və
üçüncüdə çiçəklənir, digər
hissələrdə isə biz artıq bu qarağacın
altında personajları asanlıqla görə bilirik. Onlar
öz həyatlarını yaşayırlar. Kamal Abdullanın əsərlərində
əsas süjet xətti kimi qarağacı görə bilirik.
Həyat fəlsəfəsinin hikməti və Kamal
Abdullanın kamillik fəlsəfəsi kimi qarağac,
mağara, təbiət və eşq üçbucağı,
kəndin bilicisi kimi Bəhram və akademik mühitdə əlaqələr
də oxucunu bu kitab haqqında düşünməyə vadar
edən çox maraqlı məqamlardır.
- Kamal Abdullanın "Yarımçıq əlyazma"
romanının tərcümə prosesi maraqlıdır. Bildiyimiz
kimi, həmin roman irihəcmlidir və zənnimizcə, tərcüməsi
böyük zəhmət tələb edir. Bu roman sizi hansı
xüsusiyyətləri ilə cəlb etdi?
- Bilirsiniz ki, Kamal Abdullanın əsərlərini rus
dilindən tərcümə edirəm.
"Yarımçıq əlyazma" ən geniş metomətnə
malikdir. Metomətn nədir? Bu mətnə əlavə olunan
izahatlar, qeydlərdir. Bu da başqa tərcüməçinin
işini asanlaşdırmaq üçündür. Mən
özüm rumın dilinə tərcümə
üçün müəyyən bir metomətn yaratdım.
Burada 83 keçid, müəyyən biobiblioqrafiya və ən
nəhayət, tərcüməçinin sözardı var. Bu
da mətni anlamağa kömək edir. Amma bu romanı tərcümə
etmək çox çətin idi. Çünki birincisi,
romanda çoxlu tarixi adlar və çoxlu toponimlər var ki,
onları özünəməxsus şəkildə tərcümə
etmək lazım gəldi. Çünki Kamal Abdullanın əsərində
bu izahatlar çoxluq təşkil edir. Bu, tərcümə
prosesini çətinləşdirdi. Əsərdəki tarixi məqamları
tərcümə etmək üçün bu şəxsiyyətləri
dərindən öyrənmək lazım idi. Tərcümə
etməzdən əvvəl onlar haqqında oxuyub onlarla
tanış oldum. Tərcüməyə başlamazdan əvvəl
sənədləşməyə ehtiyac var idi. Bu, böyük
bir iş hesab edilir. Hətta bir faktı da deyim ki, rumınca
bu əsərin adını "Manuskrusil inkomplet" kimi tərcümə
etmək fikrindəydim. Mən bunu belə başa
düşürdüm. Məsləhətləşdiyim həmkarlar
dedilər ki, yox, "Manuskrusul nederminat" olmalıdır.
Rus müəlliflərinin məqalələrində
romanın adına "Natamam əlyazma" kimi rast gəlinir.
Roman bu adla nəşr olunub. Rus ədəbiyyatında
"Tamamlanmamış əlyazma", "Natamam əlyazma"
kimi də rast gəlmək olar. Bunlar əsərin
adının sinonimi deyil, əsl tərcüməsi
"Yarımçıq əlyazma" kimi olmalıdır.
Kamal Abdulla özü gələnə qədər
çaşqınlıq içində idik. Nəhayət, dəqiq
soruşdum və o, konkret olaraq dedi: "Yarımçıq əlyazma"dır
romanın adı, yəni "Manuskrusil inkomplet". Baxın,
bu əlyazmada nəsə çatışmır. Bu o deməkdir
ki, o nə natamamdır, nə də tamamalanmamış, məhz
"Yarımçıq əlyazmadır". Bu cür
nüanslar vacibdir. Bütün buna bənzər
nüansları yaxşı bilmək, roman haqqında başqa
biliklər tərcümədə mühüm rol oynayır. Tərcüməçi
bundan yararlanmalı və tərcümə fəaliyyətinin
tələblərinə əməl etməlidir.
2022-ci ildə Rumıniyadakı Azərbaycan
Multikulturalizm Mərkəzinin açılışı
zamanı Kamal Abdullanın gəlişi ilə əlaqədar
universitetimizdə yazıçılarla görüş təşkil
olunmuşdu. "Sehrbazlar dərəsi" əsəri və
"Yarımçıq əlyazma" romanı da həmin
gün oxuculara təqdim olundu. Sual-cavablarla zəngin
görüşdə ədəbi ictimaiyyətimiz
yazıçı və onun əsərləri haqqında daha
geniş bilgilərə sahib oldular.
Bundan əlavə, digər bir faktı qeyd etmək istəyirəm.
2023-cü ildə "Tərcümə
ensiklopediyası"nın ikinci cildini nəşr etdik. Bizim
belə bir layihəmiz var. Bu layihədə 100-dən çox
tədqiqatçı iştirak edir və mən də o tədqiqatçılardan
biriyəm. İkinci cildə Azərbaycan ədəbiyyatı
haqqında bütöv bir məqaləni və ən çox
tərcümə olunan iki müəllifi - Kamal Abdulla və
Çingiz Abdullayevi daxil etdim. Bu şəxsiyyətlər
Rumıniyada ən çox tərcümə olunan müəlliflərdir.
Çingiz Abdullayevi Buxarest Universitetinin professoru Dimitru Balan tərcümə
edir, Kamal Abdulla isə bütün tərcümə
hüquqlarını mənə həvalə edib. Beləliklə,
biz təkcə Azərbaycan multikulturalizmi kursunu
populyarlaşdırıb öyrətmirik, sizin peşələrinizi,
adət-ənənələrinizi və s. də bura daxil
etmişik.
- Söhbətimizin əvvəllərində qeyd
etdiyiniz kimi, 2014-cü ildə "Kamal Abdulla:
Bütövlüyün fəlsəfəsi" adlı fundamental
monoqrafiyanızı tamamlamısınız. Bu xəbər Azərbaycanda
maraqla qarşılandı. "Taleyin labirintlərində sirr
oyunları" kitabınızda da Kamal Abdullanın bədii
porterini yaratmısınız. Lyudmila xanım bu kitabla
rumın oxucusuna nəyi aşılamağa
çalışır?
- Bayaq qeyd etdiyim kimi, 10 ildən artıqdır ki, Kamal
Abdullanın yaradıcılığının tədqiqi ilə
məşğulam və bu işi bir vətəndaşın,
yazıçının, alimin, rektorun və sadəcə bir
insanın həyatından ibarət müəyyən bir
mozaika kimi təsəvvür etmək olar. Hamıya məlumdur
ki, Kamal Abdulla dilçi, filologiya üzrə alim və Azərbaycanın
ən kreativ rektorudur. O öz ideyaları ilə hər kəsi
cəlb etməyi bacaran və daxilən güclü
insandır. Bu fərdilik onu sirrini açmaq istədiyiniz
xarizmatik şəxsiyyətə çevirir. Məncə, siz
Kamal Abdullanın yaradıcılığını öyrənməklə,
deşifrə etməyə çalışmaqla onu dəqiq
şəkildə aça bilərsiniz və məhz bunun əsasında
Kamal Abdullanın yaradıcılığının
görünən və görünməyən tərəflərini
öyrənə bilərsiniz. Onun
yaradıcılığından bəhs etdiyim kitabımı
"Taleyin labirintlərində sirr oyunları"
adlandırmışam, onu müasir ədəbiyyatın ən
böyük ustadlarından birinə - Kamal Abdullaya həsr
etmişəm. Bunlar çox güman ki, ustad rəssamın
portretinə toxunan cizgilərdir. Bu, düşünən
oxucunun Kamal Abdulla mövzusu ilə bağlı fantaziyalarına
fərqli baxışıdır. Çünki Kamal
Abdullanın əsərlərini fantaziya adlandırmaq olar. Bu,
çox güman ki, Kamal Abdullanın şəxsiyyətinin və
yaradıcılığının görünməyən tərəfidir,
məncə, onun yaradıcılığı əsərlərindəki
sirləri açmaqla araşdırılmalıdır. Kamal
Abdullanın bütün yaradıcılığı sirdir.
Burada siz müəyyən şeirlərlə yanaşı,
Kamal Abdullanın görünməyən tərəflərini
təsvir edən mətnlərdən bəziləri ilə
rastlaşacaqsınız. Bunu bir oxucu kimi, bir tədqiqatçı
kimi və müəyyən dərəcədə Kamal
Abdullanı tanıyan bir şəxs kimi sizə
açıqlayıram. Mövzu ilə bağlı
fantaziyalarda onun fikirlərini tapa bilərsiniz və bu fikirlər
onun sözlərində təcəssüm olunur.
Özünün dediyi kimi: "Çiynimə simurq quşu
qonub". Onun həyatı uğurludur, çünki həyatı
elə sözüdür, o, sözlə yaşayır. Kamal
Abdullanın taleyi sözün ömrünə - dünəninə,
bu gününə, sabahına bağlıdır. Söz Kamal
Abdullanın həyatında əbədidir.
- Kamal Abdullanın dediyinə görə,
Qobustandakı tarixi abidələrlə
maraqlanırsınız. Bu maraq hardan yaranıb?
- Məsələ burasındadır ki, Azərbaycan
multikulturalizm kursuna daxil olduğuna görə, UNESCO-nun
siyahısına salınmış tarixi yerlər,
mühüm əsərlər haqqında tələbələrə
danışmamaq mümkün deyil. Qobustan mənim mühazirələrimin
və tələbələrin referatlarının
mövzusudur. Çünki imtahan zamanı bu barədə
yazılı təqdimat edirlər. Ona görə də mən
tələbələrə söz verdim ki, Qobustana gedəcəm.
Kamal Abdullanın və onun əməkdaşlarının
köməyi ilə mən Qobustana səfər etdim və
Qobustan Arxeoloji Mərkəzinin direktoru ilə
görüşdüm. Əlbəttə ki, bütün bunlardan
sonra mən Qobustana heyran qaldım. Amma onu da deyim ki, dünyada
bu cür arxeoloji abidəyə sahib olan təkcə siz
deyilsiniz. Bizim ölkədə də öz Kukutenimiz var. Bu barədə
muzeyin direktoru və Kamal Abdulla ilə söhbətimiz oldu. Biz
Yassıda Qobustana həsr olunmuş sərgi təşkil etməyi
planlaşdırırıq. Azərbaycanın
Rumıniyadakı səfirliyi ilə artıq
danışıqlar aparılıb. Onlar da Qobustanla
bağlı bu sərginin Buxarestdə keçirilməsində
maraqlıdırlar. Və elə dünən Qobustan muzeyinin
direktoru ilə görüşdüm, bütün detalları,
atılacaq addımları müzakirə etdik.
Düşünürəm ki, oktyabr ayında biz Qobustanla
bağlı sərgi təşkil edə biləcəyik. Sizi əmin
edirəm ki, orada Qobustanla maraqlanan, Qobustan haqqında yazan,
Qobustan haqqında mühazirələrimi dinləyən
bütün tələbələrim olacaq.
- Müsahibə üçün təşəkkür
edirik.
- Minnətdaram, sizinlə tanışlıq çox
xoş oldu.
Söhbətləşdi: Nadir YALÇIN
Rus dilindən çevirdi: Səadət SULTAN
525-ci qəzet.- 2024.- 21 may,№88.- S.10;11.