Naxçıvanda
pedaqoji kadr hazırlığı: son 100 ilin faktları və
rəqəmləri
(Naxçıvan Müəllimlər İnstitutu)
(Əvvəli ötən sayımızda)
Azərbaycan SSR Nazirlər Sovetinin 08 aprel 1965-ci il
tarixli 229 nömrəli qərarı ilə Azərbaycan Müəllimləri
Təkmilləşdirmə İnstitutunun Naxçıvan
filialının müstəqil instituta çevrilməsini nəzərə
alan Naxçıvan MSSR Maarif Nazirliyi 3 may 1965-ci il 149 saylı
əmri ilə Azərbaycan Müəllimləri Təkmilləşdirmə
İnstitutunun Naxçıvan filialının ştat vahidlərini
saxlamaqla müstəqil olaraq Naxçıvan Müəllimləri
Təkmilləşdirmə İnstitutuna çevrilməsini rəsmiləşdirdi.
Yarandığı gündən metodik mərkəz və
filial kimi fəalliyyət göstərərək müstəqil
instituta çevrilmiş Naxçıvan Müəllimləri
Təkmilləşdirmə İnstitutunda ayrı-ayrı fənn
kabinələri təşkil edildi. Təkcə 1970-1971-ci tədris
ilində Naxçıvan Müəllimləri Təkmilləşdirmə
İnstitutunda 1125 müəllim təkmilləşmə kursu
keçmişdi. Müəllimlər öz ixtiaslarının
artırılması üçün Bakıya və digər
şəhərlərə ixtisasartırma kurslarına
göndərilirdilər.
Naxçıvanda məktəb sisteminin
inkişafı, məktəblərin və şagird
kontingentinin artması ixtisaslı müəllim kadrlarına
ehtiyacı daha da artırdı. Naxçıvan
ziyalıları, alimləri mütəmadi olaraq mətbuat səhifələrində
səlahiyyətli orqanlar qarşısında regionda ali pedaqoji
təhsil ocağının açılması məsələsini
qaldırırdılar. Nəhayət, 1967-ci ilin iyulunda
Naxçıvan şəhərində keçmiş 1
nömrəli məktəbin binasında 3 ştat vahidi olmaqla
(direktor, tədris işləri üzrə direktor müavini və
metodist) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
Naxçıvan filialı öz fəailiyyətinə
başladı. Bu vəzifələrə müvafiq olaraq Əli
Əliyev, Yavuz Axundov, Mahmud Mahmudov təyin olundular. Filialın
ilk müəllimləri İbrahim Mollayev (pedaqogika-psixologiya),
İzzət Maqsudov (ədəbiyyat), Firuz Rəhimov, Allahverdi
Hüseynov (ümumi tarix), İbrahim Hüseynov (Sov. İKP
tarixi), Əli Həşimov (riyaziyyat) oldular. Sonralar Müzəffər
Nəsirli, Qasım Qasımov, Möhsün Möhsünov,
İbrahim Bağırov, İsmayıl Zeynalov, Zenfira Əhmədova,
Nəriman Orucəliyev filiala saathesabı müəllim kimi dəvət
olundular. İlk tədris ilində üç ixtisas - dil-ədəbiyyat,
tarix və riyaziyyat ixtisasları üzrə müəllim
hazırlığına başlayan filialda sonralar ibtidai təhsil,
coğrafiya və digər pedaqoji ixtisaslar üzrə müəllim
kadrları hazırlanmağa başlandı.
1971-ci ildə filialın ilk buraxılışı
oldu. Ümumiyyətlə isə 1971-1990-cı illərdə
bu institutu 8247 nəfər məzun (5529 əyani, 2718 qiyabi təhsil
üzrə) bitirmişdi. Filial kimi fəaliyyətə
başladığı ilk dövrdə tədris
ocağında bir sıra fənləri tədris etmək
üçün Bakı şəhərindəki ali məktəblərdən
müəllimlər dəvət olunurdu, filialın
özündə isə cəmi 3 nəfər elmlər namizədi
və 1 nəfər dosent işləyirdi.
1967-ci ildə APİ-nin Naxçıvan filialı kimi
fəaliyyətə başlayan bu ali təhsil ocağı Azərbaycan
KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 12 iyun 1972-ci il
tarixli qərarı ilə müstəqil instituta
çevrilmişd.
Müstəqil ali məktəbin yaradılması
Naxçıvan Muxtar Respublikasının elmi mədəni
inkişafına, burada ziyalı potensialının
artmasına, maarifçilik hərəkatına müsbət təsir
göstərdi. Pedaqoji İnstitut sonralar, 29 dekabr 1990-cı ildə
Naxçıvan Dövlət Universitetinin təşkili
üçün böyük baza funksiyasını yerinə
yetirdi. İnstitutda təkcə Naxçıvan MR
üçün deyil, Azərbaycanın cənub-qərb
rayonları, eləcə də Ermənistan SSR-nin azərbaycanlı
əhalisi üçün yüksək ixtisaslı pedaqoji
kadrlar hazırlanması nəzərdə tutulurdu. Bunun
üçün institutda tələbə kontingentinin
sayının artırılmasının, professor-müəllim
heyətinin gücləndirilməsi (o zaman filialda 40 nəfər
müəllim işləyirdi. Onlardan 7 nəfəri elmlər
namizədi idi), yeni fakültələrin, kafedraların,
ixtisasların, laboratoriya və fənn kabinələrinin təşkili,
tədris və inzibati binaların tikilməsi və sair tədbirlərin
həyata keçirilməsi təmin edilməli idi.
İnstitutun fəaliyyətini təmin etmək məqsədi
ilə Naxçıvan şəhərinin şimal-qərb
hissəsində yerləşən bir sıra binalar ali məktəbin
sərəncamına verildi. Azərbaycan KP MK və Azərbaycan
SSR Nazirlər Sovetinin "Naxçıvan MSSR-də xalq təsərrüfatının
daha da inkişaf etdirilməsi tədbirləri haqqında"
8 yanvar 1974-cü il tarixli qərarında Naxçıvan
Dövlət Pedaqoji İnstitutu üçün 1976-1978-ci illərdə
5 min kv. metr ümumi sahəsi olan tədris korpusunun tikintisi
haqqında xüsusi bənd daxil edildi.
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun
yaradılması Muxtar Respublika məktəblərini,
bütün mədəni-maarif müəssisələrini
yüksək ixtisaslı pedaqoji kadrlarla təminatının
daha da yaxşılaşdırmasına, ziyalı təbəqəsinin
genişlənməsinə gətirib çıxardı.
1971-1975-ci illərdə institutda 236 nəfər filoloq-müəllim,
197 nəfər tarix, 233 nəfər fizika-riyaziyyat, 142 nəfər
coğrafiya müəllimi hazırlanmış, sonrakı illərdə
tələbə qələbə xeyli genişlənmişdi.
Növbəti beşillikdə instituta 437 nəfər tələbə
qəbul olundu və orada 1971 nəfər tələbə
oxuyurdusa, 1985-1986-cı tədris ilində buraya 450 nəfər
tələbə qəbul olunmuş, tələbələrin
ümumi sayı isə 2079 nəfər təşkil
etmişdi. 1980-ci il ildə buranı 592 nəfər,
1990-cı ildə isə 440 nəfər məzun bitirdi.
Ulu öndər Heydər Əliyev 1974-cü ilin
oktyabrında Muxtar Respublikanın 50 illiyi ilə əlaqədar
Naxçıvanda olarkən NDPİ-yə də baş çəkmiş,
tələbə və professor-müəllim heyəti ilə
görüşmüşdü. Dövlət əhəmiyyətli
bu görüş universitetin tarixi salnaməsində
mühüm yer tutur. Məhz həmin görüşdən
sonra respublikanın rəhbər orqanlarının, Muxtar
Respublika rəhbərliyinin diqqəti instituta daha geniş
miqyasda yönəldildi. Bunun nəticəsi olaraq ali məktəbin
maddi-texniki bazası daha da genişləndi, burada yeni ixtisaslar
açıldı. Naxçıvanda mövcud Pedaqoji
İnstitutun bazasında müstəqil dövlət
universitetini yaratmaq zərurəti haqqında ilk fikirlər də
həmin tarixi görüşdə Heydər Əliyev tərəfindən
irəli sürülüb. Regionda institut yaratmaq
ideyasını Ulu öndər H.Əliyev
Naxçıvanın Muxtar Respublika statusu daşıması,
diyarın özünəməxsus coğrafi mövqeyi,
strateji əhəmiyyəti kimi inkarolunmaz amillərlə əsaslandırmışdı.
Bu da Naxçıvanda universitet yaratmaq ideyasının müəllifinin
məhz Heydər Əliyev olduğunu göstərir.
Azərbaycanın ali məktəbləri ailəsində
özünəməxsus yeri və mövqeyi olan
Naxçıvan Dövlət Universitetinin formalaşması və
inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin
böyük və əvəzsiz xidmətləri vardır. Bu
ali təhsil ocağı özünün müxtəlif mərhələlərindəki
bütün inkişaf və tərəqqisi üçün
bilavasitə Heydər Əliyevə borclu və minnətdardır.
Müstəqil Azərbaycanımızın gələcəyi
olan uşaqların istər məktəbəqədər tərbiyə
müəssisələrində, istərsə də ibtidai, əsas
və tam orta məktəblərdə təlim-tərbiyəsinin
düzgün istiqamətləndirilməsi hərtərəfli
inkişaf etmiş gənc nəslin
formalaşdırılmasına xidmət edir. Bu prosesin
davamı olaraq onların ali təhsil almaları
üçün ölkəmizin müxtəlif bölgələrində
institut və universitetlərin son illərdə şəbəkəsi
xeyli genişləndirildi. XX əsrin sonlarında
Naxçıvanda, "Naxçıvan" universiteti
yaradıldı. Azərbaycan Müəllimlər
İnstitutunun Naxçıvan filialının yaradılması
da bu qəbildəndir.
Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il fərmanına
əsasən Naxçıvan Politexnik Texnikumunun bazasında təşkil
edilən bu təhsil ocağının binası əsaslı
surətdə təmir edilərək yenidən qurulmuş və
maddi-texniki bazası genişləndirilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
26 avqust 2003-cü il tarixli qərarı ilə bu təhsil
ocağı müstəqil instituta çevrilərək
Naxçıvan Müəllimlər İnstitutu adını
alıb.
2000-2001-ci tədris ilində 21 nəfər tələbə
ilə fəaliyyətə başlayan Naxçıvan Müəllimlər
İnstitutunda bu gün 1300 nəfərdən artıq tələbə-bakalavr,
100 nəfər magistr təhsil alır. İnstitutda 2
fakültə, 8 kafedra, fənn kabinetləri və
laboratoriyalar mövcuddur. Burada 15 ixtisas üzrə müəllim
kadrları hazırlanır. Eyni zamanda magistratura şöbəsində
5 ixtisas üzrə kadr hazırlanır. Hazırda intitututda
pedaqogika elm sahəsi üzrə dissertasiya şurası fəaliyyət
göstərir. İnstitutu bitirən kadrlar MR və Azərbaycanın
ümumtəhsil məktəblərində öz fəaliyyətlərini
davam etdirirlər.
Qeyd olunan faktlar və rəqəmlər aydın
sübut edir ki, qoca Şərqin qapısında böyük əzəmətlə
dayanan Naxçıvan Muxtar Respublikasında ötən
yüz ildə təhsil sahəsində böyük uğurlar
qazanılıb.
Rövşən VƏLİYEV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2024.- 22 may,№89.- S.15.