Aktrisanın şirin-acı həyat hekayəti  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Səni təbiət, öz valideynlərinin köməyi ilə yaratmışdır. Təbiət görünür, mən hələ dünyaya gəlməmişdən, bir fağır bəndə kimi mənim arzumu da nəzərə almışdır və səni həyata gətirmişdir. Sonra aktrisa olmusan, biz tanış olmuş, həqiqi sevgimizin əsasında, bəlkə də belə şiddətli məhəbbətin nadir nümunəsi kimi biz ailə qurmuşuq. Çoxları bizim ailə xoşbəxtlimizə həsəd aparır. Piqmalion Qalateyanı həyata gətirdiyi kimi, etiraf etməliyəm ki, tanışlığımızdan sonra sən də məni həyata gətirmisən. Sən mənə yeni nəfəs, yeni həyat vermisən. Ona görə biz qocalanda da bir-birimizi odlu məhəbbətlə sevəcəyik. Qarşılıqlı sevgimiz bizi hər cür bəlalardan qoruyacaq,  ömrümüzün qalan hissəsində də, yəqin ki, məhəbbət haləsindəki xoşbəxtliyimizə xələl gəlməməsi ilə, taleyimizə bu günə qədər çətir salan xilasedici mərhəmət əvvəlki tək davam edəcəkdir. Biz var-dövlət dalınca qaçmayacağıq, yeganə arzumuz bir aktrisa kimi sənin öz şərəfini və zəfərini bir an da olsun itirməməyin, mümkünsə yüksəltməyin olacaqdır. Qalan ömrümüzün yeganə leytmotivi də, dilə gətirdiyim bu arzudan əlavə, bizə sevinc bəxş edən uşaqlarımızın xoşbəxtliyindən ibarət olacaqdır.

Rafiq imkanlarına və nəzakətinə görə çox sayda qadınların xoşuna gəlir. Mən bunlardan haliyəm, lakin Rafiqin sədaqətinə inandığımdan qətiyyən təşviş keçirmirəm, bilirəm ki, o, məni dünyanın nadir gözəlinə də dəyişməz. Bizim sevgimiz elə möhkəmdir ki, ona antropoloji bir kataklizm heç nə edə bilməz. Biz ailəmizi ən yüksək maqnitudalı sosial zəlzələyə belə davam gətirən materialdan tikmişik. Hər halda bu, bizə belə gəlir və indiyədək bizi həyəcanlandıran bir silkələnməyə də rast gəlməmişik. Qadınlar isə öz arzularını həyata keçirmək barədə düşünür, bunun naminə bütün vasitələrə əl atırlar, ailələri dağıtmaqdan belə çəkinmirlər. Onları qınamıram, hər kəs öz xoşbəxtliyini axtarır, bunun hansı yollarla əldə edilməsi isə elə bir əhəmiyyət kəsb etmir. Təki planlaşdırılan baş tutsun.

Bizim truppaya İstanbulda universiteti bitirmiş bir gənc aktrisanı qəbul etmişdilər. O, olduqca gözəl idi, iri ala gözləri, uca qadın boynu var idi, yaraşıqlı fiquraya malik idi. Səhnədə gözəl xanımları, təbii xüsusiyyətlərinə görə yaxşı oynaya bilərdi. Aktyorların əksəriyyəti daim onu vurğun baxışlarla süzürdü. Mən özüm də cavanlıq dövrümü nəzərə alıb, ona xoş münasibət bəsləyirdim. Səhnədə isə hələ özünü göstərə bilməmişdi. Həm də mənə məlum idi ki, təzə aktrisa ilk gündən Rafiq ilə yaxından maraqlanır, hər vəchlə onu ələ keçirməyə can atır. Bir axşam tamaşadan sonra ona yaxınlaşıb, ərklə soruşmuşdu:

- Cavan aktrisalara niyə heç diqqət vermirsiniz? Ax sizin arvadınızı da tam təravətli xanım saymaq olmaz. Elələri əri çox tez qocaldır.

- Xanım görürəm ki, arvadımla  maraqlanırsınız. İş yoldaşları, əlbəttə, bir-birini yaxşı tanımalıdır. Lakin rəğbətdən kənar maraq təhqiramiz xarakter daşıyır, istərdim ki, siz bu cəhəti nəzərə alasınız. Mən sənin sualına cavab vermirəmsə, bu, ən yaxşı cavabdır. Çox maraqlandığınıza görə isə cavab verməyə məcburam.

Bizim ailə barədə təsəvvürünüz bir qədər yanlışdır, arvadımı mən çılpaq zirvə yaxınlığında bitən və dağ havasının onun yaşıllığını soldurmadığa qoymayan edelveys hesab edirəm. Digər tərəfdən, hər kəsin öz zövqü vardır. Evlənəndən arvadıma demişdim ki "Səndən başqa heç kəs!" Prinsipimə daim əməl edən bir insanam. Nədənsə uşaqlığımdan qarpızı sevmirəm, onu yemirəm, bunun başqa səbəbi də vardır. Farslar qarpıza "xərbuz" deyirlər, bu, "eşşək buzu" mənasını verir, Həmin dildən isə bu söz Azərbaycan dilinə "qarpız" kimi, rus dilinə isə "arbuz" kimi keçmişdir. Bir nəfəri sevdiyimə görə, mən başqa qadınları nə çox, nə az, yalnız sırf fars deyimində "xərbuz" hesab edirəm. Qoy buna görə heç kəs məndən inciməsin. Mən "xərbuz" azarkeşi deyiləm və olmayacağam da. Buna əmin ola bilərsiniz. Arvadıma gəldikdə, o, mənim üçün həmişə təravətli olacaqdır.

İnciməsəniz, yeri gəlmişkən sizə bəzi məsləhətlərimi verərdim. Qaya kimi möhkəm olan qəsri məhv etmək çətindir, mən öz ailəmi nəzərdə tuturam. Qayanı təbii kataklizmlər də məhv edə bilmir, o ki qaldı insanların cəhdlərinə. Mən cavan adamların eşq yaşamaq yanğısını başa düşürəm. Susuzluq, yanğını söndürmək istəyi adamı cəsarətli hərəkət etməyə həvəsləndirir. Bunun üçün nə olursa olsun, su tapmaq tələb olunur. Səhrada belə susuzluq baş verdikdə, adamlar az qala ağlını itirir, ilğımın arxasınca düşüb, qaçmağa başlayır ki, qoy suyu tez tapsın. İlğım təkcə tək-tək adamları deyil, bütöv karvanı məhv edə bilir. Sevgi hədəfinə tərəf də heç nəyi nəzərə almadan, başı itirib qaçmaq buna bənzəyir. Dövlət çevrilişi baş verdikdə, prosesə başçılıq edən yıxılanın yerini tutur. Napoleon da bu yolla hakimiyyətə gəlmişdi. Ailə isə məhz belə bir sınaqda dövlətdən daha möhkəmdir, onu çevrilişlə dağıtmaq mümkün olmur. Qayanı uçurub, onun yerində öz komanı tikmək çətindir, əslində baş tutan deyildir. Mən qarşılıqlı sevginin nəticəsi kimi meydana gələn möhkəm ailələri nəzərdə tuturam. Onu dağıtmaq, uçurmaq cəhdi əbəs olacaqdır. Siz öz ailənizi yaratmaq üçün, başqasınınkını uçurmaq istəyirsiniz. Hətta Misir faraonları belə hərəkət etmirdilər, özlərindən əvvəlki piramidalara əl vurmurdular, əksinə, onları qoruyur, sonra öz piramidalarını tikməyə başlayırdılar. Bizim müqəddəs kitabımız olan Quranda isə onlar qəddarlıq simvolu kimi təsvir olunurlar.

Mən bütün cavan qızlara, onları başa düşən bir insan kimi, ailə səadəti arzulayıram, həm də istərdim ki, onlar gözlərini ailəli kişilərdən yığsınlar, nə qədər cavan oğlan vardır, qoy onlarla nikaha girsinlər və gənc, xoşbəxt ailə qursunlar. Sevgi əsasında bağlanan nikaha sevinməyənləri mən mizantrop adlandırardım, çünki onlar yalnız adamların bədbəxt olmalarını arzulayırlar, başqalarının xoşbəxtiyi onlar üçün dərd mənbəyinə çevrilir. Cavan qız, sizə gəldikdə, tələsmənizə ehtiyac yoxdur, tələsiklik səhv etməyə səbəb ola bilər. Sizə layiq olan oğlan sizi tapacaq və teatr kollektivi yeni bir ailənin yaranmasına həsr olunmuş şənlikdə, sizin toyunuzda iştirak edəcəkdir. Arvadımla birlikdə mən də sizin şəxsi həyatdakı uğurunuza sevinəcəyik. Truppada isə ailəli cavan aktrisaların sayı artacaqdır.

Bu sözlərdən sonra narazılığını gizlətməyən qız onu tərk edibmiş. 

Belə deyirlər ki, qədim perslər, xüsusən istedadlı hökmdar I Daranın dövründə imperiyada uzun yollar çəkir və onların ox kimi düz olmasına çalışırdılar. Bunda məqsəd müharibə vaxtı döyüşçülərə hərbi sursatı və qidanı daha surətdə çatdırmaq idi. Qədim yunanlar isə yolun düz istiqamətdə çəkilməsindən imtina edirdilər, bunu da yolun təbiətin bir hissəsi olduğu ilə izah edirdilər. Ona görə də yunanların yolu dağlara qalxır, dərələrə enir, təpələri dolaylarla keçir. Bunlar yoldakı yolçunu seyr etdiyi mənzərələr hesabına yormağa qoymurdu. Düz yol isə yeknəsəqlik hissi yaratdığından, gözü və hərəkət orqanlarını da yorur. Düz yol həm də Persiyanın m.ə. IV əsrdəki ağır məğlubiyyətinə şərait yaratdı, Makedoniyalı Aleksandr Asiyanın qüdrətli imperiyasını qısa müddətdə məhv etdi.

Mən də öz həyat yolumu qədim yunanların dolanbaclarla dolu olan yollarına bənzədirəm. Mənim də illərim heç də yalnız yüksəkliklərlə dolu olmamışdır, dərin dəfələrdən keçmək məcburiyyətində də qalmışdır. Nədənsə mənə eşq elan edənlər də az olmamışdır, ancaq başa düşürdüm ki, onlar ciddi deyildir. Onların heç birinə mən razılıq cavabı verə bilməzdim və verməmişdim. Bu isə məni bəzən qorxulu təhlükələr altına salmışdı. İlk eşqim də uğurlu olmamışdı, sevdiyim oğlan bir az sonra qeybə çəkilmiş, uzun fasilədən sonra mən onu səfil sifətində, xəstə və qocalmış gördükdə sarsılmışdım. Ərim ilə isə mən həqiqi sevgi şəraitində, xoşbəxt yaşamışam və bunu davam etdirəcəyimizlə öyünürəm. Səhnə ilə birlikdə mənim dünyadakı ən böyük sevinc mənbəyim, nemətim və ən qiymətli sərvətim ərim və uşaqlarımdır. Buna rəfiqələrim də əmin olduqlarından, ərimə böyük hörmətlə yanaşırlar.

Mən taleyimin hökmü ilə varlı ailənin gəlini olmuşam və indi də ərimin imkanlı maddi vəziyyəti mənim layiqli səviyyədə yaşamağıma şərait yaratmışdır. Ərim də, mən də dəbdəbəli həyatı sevmirik, yalnız xarici ölkələrə səfər etməyin, muzeylərə baxmağın, öz rayonlarımızda təbiəti seyr etməyin aşiqiyik.

Mən hələ kasıb aktrisa olanda, xaricə getməyi, əsasən, Türkiyənin şəhərlərini gəzməyi sevirdim, lakin maddi imkanlarımın kasadlığı mənim böyük arzularımın reallaşmasına keçilməz sədd çəkirdi. Mən daim Parisdə, Romada, Mexikoda, Buenos-Ayresdə olmağı arzulamışdım. Ərim Rafiq mənim xəyallar dünyama yaxşı bələd olduğundan, bu istəklərimin yüksək qaydada həyata keçməsi üçün hər şeyi etmişdir.

Biz Nyu-Yorkda da, Amsterdamda da, Vynada da olmuşduq. Təyyarənin biznes klassında uçmağım isə məni az qala kraliça səviyyəsinə qaldırırdı, axı mən səhnədə kraliça obrazlarını da yaratmışdım. Mən heç də Allah tərəfindən cəmiyyət üçün seçilən kraliça deyildim, lakin ərim məni hətta ilahə səviyyəsinə qaldırdığından, bunu isə yalnız təbiət bəxş edir, özümü virtual da olsa, kraliçalardan fərqləndirmirdim.

Xarici ölkələrə səfərlərim, müşahidələrim nəticəsiz qalmırdı. Səhnədə müxtəlif obrazlarıma düzəlişlər verirdim.

 Mən bir dəfə söhbət vaxtı ərimə dedim ki, indiki populyarlığımla heç də razı deyiləm, mənə Buenos-ayresli Karlos Qardelin sönməz populyarlığı lazımdır. O, böyük sənətkar idi, gözəl səsi ilə Argentina tanqosunu daha cazibədar edirdi, rəqqasları alovlandırırdı. Tanqo isə Argentinanın simvolu hesab edilir, bu rəqsdə qadın və kişinin bədənlərinin nəyə qadir olduğu özünü göstərir. Qardel avtomobil qəzasında ölsə də, bu günə kimi bir ulduz kimi xatırlanır. Özünü sənətinə bütünlüklə həsr etmiş aktrisa da fiziki ölümündən sonra unudulmamalıdır. Mən Odri Höpbernə həsəd aparıram, onun ekranda yaratdığı şahzadə 70 ildən sonra bu gün də yaşayır, müqayisəsiz qız zərifliyi, kübarlılığı ilə könülləri oxşayır. Onun hər bir hərəkəti həzin musiqi təsiri bağışlayır, hər addımı hədd tanımayan valsda fırlanmaq kimi görünür. Belə şöhrətə nail olmaq istərdim, onda sərhədləri aşan arıya, kəpənəyə, quşa çevrilərdim. Uşaqlarım da, sən də mənimlə tam səmimi qaydada fəxr edərdin. O, gözəl qız dünyanın kumiri olmağı bacarmışdı, biz isə bəzən teatrdan başı çıxmayan adamların vulqar gülüşünə sahib olmağımızla öyünürük. Fərqi yada salanda, yalnız xəcalət çəkmək qalır.

 

(Ardı var) 

Telman ORUCOV

525-ci qəzet.- 2024.- 22 may,№89.- S.14.