Mütaliə
Esse
Elfrida Yelinek 1946-cı ildə Avstriyanın Myürsuşlaq şəhərində
anadan olub. Romanlar müəllifi, şair, dramaturq və ədəbiyyat
tənqidçisi kimi dünya şöhrəti qazanıb. Bir
sıra nüfuzlu ədəbi mükafatlara sahib olan E.Yelinek
2004-cü ildə ədəbiyyat üzrə Nobel
mükafatına layiq görülüb.
Mənə elə gəlir ki, həmişə
mütaliə edirəm. Sanki oxumağı öyrənəndən
bəri bu məşğuliyyətdən kənarda
özümü təsəvvür edə bilmirəm. Digər
bütün məşğuliyyətlər isə mənim
üçün hədər yerə vaxt itirməyə bərabərdir.
Mütaliədən savayı, hər şeydə elə bil
ki, möhkəm nə iləsə (xüsusən də
insanlarla münasibət zamanı) toqquşuram. Və belədə
yalnız özümü günahkar hesab edirəm. Ona görə
ki, oxuyuram. Oxuyuram ki, həyatım mənasız keçməsin
(elə bu səbəbdən həm də yazıram).
Çoxluca detektiv əsərlər mütaliə edirəm.
Bu kitablarda insan həyatı çox hallarda zamanla kəsişir.
Mənə elə gəlir ki, detektiv kitabları mütaliə
etdikcə, özüm də zamandan ayrı düşürəm.
Detektivdən savayı, həm də vulqar, bayağı
kitabçalar, ciddi məzmundan və bədii keyfiyyətdən
məhrum, adətən oğruların,
fırıldaqçıların, avantüristlərin və
digərlərinin həyatını təsvir edən romanlar
da mütaliə edirəm. Nə edəsən? Yaxşı bir
bədii ədəbiyyat nümunəsinə rast gəlmədiyin
təqdirdə məcbursən ki, qarşına çıxan
hər hansı cızmaqaranı əlinə
götürüb vərəqləyəsən. Qısası,
mütaliə həyatımın qəşəng donudur və
həmişə mənimlədir. Onsuz heç yerə getmək
mümkün deyil. Bu donu geyinmək isə çox
rahatdır, bədənə də yaxşı
yapışır. Bu halda insanların nəzər-diqqəti
adamın üstündən əskik olmur, lap məhv edilmək
təhlükəsi də yarana bilir. Bununla belə, sağ
qalmaq şansı da var: bunun üçün hərflərlə
yazılmış yalana, iftiraya nəzər yetirmək kifayətdir.
Zamanın hökmü belədir. Əgər sən yalnız
rəqəmləri görürsənsə, bu halda digərləri,
o cümlədən, yaxın məsafədə heç bir əhəmiyyət
kəsb etməyənlər belə səni görə bilmirlər.
Bu mənada deyim ki, mən atama çəkmişəm.
Bütün ömrüm boyu həmişə onu
gözünü kitabdan və yaxud da qəzet səhifəsindən
ayırmayan vəziyyətdə görmüşəm. Mənə
elə gəlir ki, insanların bir qismi daim nə iləsə
məşğuldur, digər bir qismi isə yalnız mütaliə
edir. Əslində mən də heç nə etmirəm, əvəzində
isə mütaliə ilə məşğul oluram. Və bu o
demək deyil ki, məni mütaliə etmirlər. Çox qəribədir:
nə isə oxuyarkən, bəzən mənə elə gəlir
ki, mətnin diqqətlə oxunması onun müəllifinə
bəslənilən hörmətdən asılıdır. Kim
nə deyir-desin: asılılıq çox əcaib şeydir.
Fəlsəfi kitablarla rastlaşanda, onların üstünə
mən lap leşyeyənlər kimi atılıram. Bir də
baxıram ki, kimsə səhifəni səhifənin ardınca
vərəqləyir, qəfildən anlayıram ki, bu "kimsə"
elə mən özüməm. Elə o dəm səssiz
qışqırıqla hansısa bir fikrin, mənanın
üzərinə düşərək, qanlı vəziyyətdə
ondan yapışıb uduram, müdriklik şərbətindən
içirəm. Əlbəttə, mənzərə siz deyən
qədər iştahaçan olmasa da, növbəti anda davam
etməyə tələsirəm (çünki şimşək
belə erkən çaxarkən, yenə ən azından bir dəfə
üzə çıxmalıdır və məhz bundan sonra
o, ola bilsin ki, mənimlə qalsın). Baxıram görüm
mənim ovum, yəni özgəsindən əxz etdiyim fikir nəyə
vəcə gələ bilər və onu öz mətnimin
içərisinə daxil edərək üstünü
suvaqlayırm. Qədim dövrlərdə hər hansı
canlı məxluqu yeni tikilən binanın təməlinə
məhz bu cür qoyaraq hörürdülər. Yəqin ki,
bu, tikilinin uzun müddətə dayanmasından ötrü
edilirdi. Mətnlərimin uzun
yaşamaq ehtimalı olmasa da, mən onlararı Xaydeqqerin
(Martin Xaydeqqer, alman filosofu - A.B.) və Nitsşenin (Fridrix
Vilhelm Nitsşe, alman filosofu və klassik filoloq - A.B.) canlı
cismi ilə hörmüşəm. Həm də onları
suvaqlayarkən heç də bunu qorxu-hürkü hissi
keçirməklə etməmişəm, hərçənd
ki, hördüklərimin çoxu oğurluqdur. Ədəbiyyatşünaslar və
tənqidçilər itin harada basdırıldığı
yeri sonradan qoy ha axtarsınlar. Əlbəttə ki, onu
axtarmağa dəyməz. Amma eybi yox, onlar axtarmalarında
olsunlar. Bu, bəlkə də ondan irəli gəlir ki, mən onları
öz əlləri ilə şappıldayıram.
Detektiv və ya ona bənzər kitabları isə sadəcə
əyləncə üçün mütaliə edirəm.
Gör, təəccüblü nədədir: çox hallarda
abzasın sonunda istər-istəməz kitabın əvvəlinə
qayıdır, mütaliə etdiklərimi yenidən nəzərdən
keçirirəm (nə yaxşı olardı ki, adam beləcə
həm də fikirləşməyi, yenidən və yenidən
fikirləşdiklərinə qayıdaraq onları
saf-çürük etməyi bacaraydı). Nəticə
etibarı ilə belə çıxır ki, mən bir mətni
iki dəfə oxumuş oluram, bu isə tamamilə
lazımsız şeydir. Çünki sevdiyim kitabları
(onlar hansılardır - demərəm, bəlkə qoy deyim? -
Yox, demərəm, açıq-saçıqlığın
yeri deyil, həm də açıb-ağartmaq sadəcə məni
karıxdırardı, hərçənd ki, sevdiyim
kitabları tək-tənhalıqda mütaliə edirəmsə,
bu o demək deyil ki, mənim kiminsə yanında hər
hansı bir öhdəliyim var), mən onsuz da bir neçə
dəfə oxuyuram, bəzən də hansınısa bir
oturuşda birnəfəsə iki dəfə oxuyuram.
Yox, bu, heç də unutqanlığın
qarantiyası demək deyil. Sadəcə belə bir həqiqəti
heç vaxt danmaq olmaz: təkrar biliyin anasıdır, elə
deyilmi? Amma bununla belə, sevdiyim kitabları təkrar olaraq
ondan ötrü oxuyuram ki, yaxşı yadımda saxlaya bilim. Dərk
edəndə ki, hansısa şeyləri yadda saxlamaq vacibdir,
bu, məni qorxudur. Həm də elə qorxuram ki, möhkəm
büzüşüb qalıram və onlara baxmağa cürət
etmirəm. Gözlərimi
qaçırdıram, təki yadda saxlamağı vacib
bilinən kitabları görməyim. Halbuki onları görmək
çox vacibdir. Mənsə onlara bir gözlü, ya da
çarpaz nəzərlərlə baxıram və
sütunlarının uçmasından qorxu hissi keçirirəm.
Əgər onlar uçub dağılsa, nəsə
böyük və qaranlıq bir şey məni əzib məhv
edəcək, daha doğrusu, bunu özüm edəcəyəm.
Çünki mən özümə baxarkən aydın bir
şey, yəni dünyada mövcudluğu bilinməyən hər
hansı varlıq görmürəm. Elə ona görə də
çox diqqət çəkən nəyəsə baxmaqdan
qorxuram. Nəzər öldürücü təsirə
malikdir, mütaliəni öldürə bilər. Mütaliəsiz
isə keçinə bilmirəm, bununla belə, burada
böyük ehtiyatlılıq tələb olunur, yoxsa kobud
baxışlara görə şapalaq ala bilərsən. Dəqiq
bilirəm ki, kitabın hansı səhifələrində (məsələn,
3-cü səhifədən 428-ci səhifəyədək)
özümü tamamilə təhlükəsiz hiss edərək,
hər hansı qəzavü-qədərdən uzaq olduğuma
əmin olmaq mümkündür. Yox, əgər nəsə
gözünə düşsə, onda yaxınlıqdakı
birindən xahiş et ki, gözündəki tiri dartıb
çıxarsın. Bu, səni çox ağrıdacaq.
Ətrafda isə, bir qayda olaraq, yaxın bir kimsə gözə
dəymir. Mən özüm də çox istərdim ki,
yaxınlığımda heç kim olmasın.
Elfrida YELİNEK
(Avstriya)
Tərcümə edəni:
Ağaddin BABAYEV
525-ci qəzet.- 2024.- 22 may,№89.- S.11.