"Füzulinin portreti"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Firuzə
Ağayevadır. Onunla Xalq rəssamı Tofiq Ağababayevin
"Füzulinin portreti" əsərindən
danışmışıq.
Bakının ilk baş rəssamı Tofiq
Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi
ailəsində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirəndən sonra Sankt-Peterburqda
keçmiş V.Muxina adına Ali-Sənaye Rəssamlıq Məktəbinin
Keramika-şüşə fakültəsində
aldığı təhsil rəssamın
yaradıcılığında böyük rol oynayıb. Qeyd
edək ki, Dövlət Statistika Komitəsinin, Memarlıq və
İnşaat Universitetinin idman salonunun mozaik işləri də
Tofiq Ağababayevə məxsusdur.
- Tofiq Ağababayev yaradıcılığında
Füzuli obrazını necə xarakterizə edərdiniz?
- Usta sənətkar boyakarlıq, qrafika, dəzgah rəngkarlığı
və monumental dekorativ-tətbiqi sənət janrında bir
çox əsərlər yaradıb. Tofiq Ağababayevin öz
əsərlərində Azərbaycan mədəniyyətinə
və tarixinə xas xüsusiyyətləri əks etdirməsi,
onun vətəninə və xalqına sıx bağlı
olması ilə əlaqədardır. Biz onun bütün əsərlərində
milli koloriti, əsl azərbaycanlı ruhunu duyuruq. Tofiq Ağababayevin
yaradıcılığında "Məhəmməd
Füzuli" obrazı da xüsusi yer tutur. Sənətkar
Füzuli obrazını portret janrında üç dəfə
təsvir edib. Onlardan yalnız biri Azərbaycandadır. Biri
amerikalı Füzulişünas tərəfindən, digəri
isə milliyətcə rus olan sənətsevər tərəfində
satın alınıb.
- Əsərin kompozisiyası haqqında nə deyə
bilərsiniz?
- Rəssam Məhəmməd Füzulinin daxili zənginliyini
xarici görkəmi ilə vəhdətdə təsvir edib.
Əsərin koloritində rəssam şairin ədəbi fəaliyyətindəki
rəngarəngliyi kətan üzərinə
köçürüb. Burada hər bir kiçik detal belə
Füzuli ruhu ilə həmahəngdir. Tofiq Ağababayev rəbbinə
dərin məhəbbətini hər məqamda, həmçinin
əsərlərində də ifadə edən Füzulini
Allahın hüzurunda diz çökmüş və əllərini
qaldıraraq dua edən formada təsvir edib. Rəssam
Füzulinin dizlərinin üstündə vərəq və qələmdən
lələyi təsvir etməklə şairin
yaradıcılığına işarə edir.
- Məhəmməd Füzuli obrazına müraciət
edən rəssamlardan danışarkən ilk ağla gələn
adlardan biri də Azərbaycan müasir mənzərə rəngkarlığının
banisi Səttar Bəhlulzadədir. İstərdim Səttarın
Füzulisi ilə sözügedən portretin oxşar və fərqli
cəhətlərindən danışaq.
- Səttar Bəhlulzadənin M.Füzuli obrazı ilə
Tofiq Ağababayevin M.Füzuli obrazının oxşar cəhətlərindən
biri daxili vəziyyətin əksidir. Çünki hər iki sənətkarın
əsərlərində qəhrəmanın psixoloji aləmi,
ruh dünyası prioritet məqam kimi daxili vəziyyəti əks
etdirdiyindən Füzuli obrazı çox uğurlu
alınıb. Hər iki obraza baxarkən şairin mənəvi
dünyasına açılan pəncərə
görürük
Məhəmməd Füzuli portretlərinin fərqli xüsusiyyətləri də
var. Həmin fərqlərdən biri əsərin koloriti ilə
bağlıdır. Səttar Bəhlulzadə əsərin
koloritində məhdud rəng seçimindən istifadə etməsi
əsərin bədiiliyini artırır. Rəssam ilahi eşqə
ac olan Füzulini baxışları izləyicilərə
tuşlanmamış, sadə və duyğulu təsvir edib.
Şair sanki səyahət zamanı əbədiyyəti
gözləri qarşısına gətirir. Onun səyahəti
fikir səyahətidir və bu, əbədiyyətə qədər
davam edəcək.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsərə baxdıqda rəssamın
özünəxas üslubunu açıq-aşkar görə
bilirik. Rəssam fəlsəfə ilə kədəri,
müdrikliklə hüznü çox gözəl sintez edib.
Tofiq Ağababayev M.Füzulinin portreti haqqında deyir: "Mənim
üçün bu əsərlə Füzuli
dünyasını, Füzuli poeziyasını duymaq olur".
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 22 may,№89.- S.9.