"Onlar bizim bu
kiçik dünyamızın böyük
insanlarıdır"
"Şəhid ailələrini tanıdıqca, qəhrəmanlarımızın
keçdiyi həyat yoluna nəzər saldıqca, dünya mənə
çox kiçik göründü"
Sosial şəbəkələrin maraqlı tərəflərindən
biri də vaxtından, zamanından asılı olmayaraq,
müxtəlif səpkili məlumatları istifadəçinin
qarşısına çıxarmasıdır. Bir müddət
öncə "AzərTac"ın ötən ilin sonunda
yaydığı bir yazı ilə qarşılaşdım.
Marağıma səbəb olan başlıq yazını
oxumağa vadar etdi və məlumatda artıq mənə
tanış olan bir ad diqqətimi çəkdi. Çünki
iki ay öncə bir həmsöhbət müsahibəsində
həmin adı vurğulamışdı. Həmin adın
sahibi Azərbaycan əsilli Türkiyə rəssamı,
Atatürkün portretini ilk çəkənlərdən biri
İbrahim Safi idi. Amma bu dəfə onun haqqında yazılan
bir kitabın Stokholmda təqdimatının keçirilməsi,
həm müəllifi, həm də onun qəhrəmanını
yaxından tanımaq istəyi məni çox maraqlı bir
insanla tanış etdi. Və bu tanışlığın
arxasında maraqlı olduğu qədər də, zəhmətkeş,
Vətənini, xüsusən milli-mənəvi dəyərlərin
təbliğinə görə dünyanın istənilən
nöqtəsinə getməkdən belə, usanmayan azərbaycanlı
bir xanım dayanmışdı. Bunları isə iki
saatlıq ünsiyyətimizdən sonra öyrəndim. Onunla əlaqə
yaratmaq o qədər də çətin olmadı. Bu gün dəyərli
oxucularımızı ictimaiyyətdə kifayət qədər
tanınan, 9 kitabın müəllifi, filologiya üzrə fəlsəfə
doktoru, tədqiqatçı alim, yazar, "Milli mədəniyyətin
təbliği" İctimai Birliyinin sədri Jalə Cəfərova
ilə görüş gözləyir.
- İlk növbədə özüm sizi tanımaq
istədim...
- Elə isə özümü yazarlar aləmində
tanınan bir imza ilə tanıdım. Mən maraqlı və
çətin həyat yolu keçən, indiki Bakı Dövlət
Universitetində ilk açılan Jurnalistika fakültəsinin
həvəsinə Naxçıvanda ali təhsilini
yarımçıq buraxaraq paytaxta gələn və arzusuna
çatan, jurnalist, şair, yazıçı-publisist Cavad
Cavadlının qızıyam.
- Deməli, ot kökü üstündə bitib...
- Dediyiniz həmin kökə o qədər minnətdaram
ki... O, mənə milli-mənəvi dəyərlərimizi
tanıdıb və sevdirib. 5 yaşından əlimdən
tutaraq məni teatrla tanış edib. Elə tamaşa yox idi
ki, onu görməyim. Böyüdükcə tamaşaların
repertuarı da dəyişirdi. Mən Şəfiqə Məmmədova
və Mehdi Məmmədovun iştirakı ilə "Xəyyam"
tamaşasına o qədər baxmışdım ki, əsəri
başdan-ayağa əzbər bilirdim. İki göz
otağımız vardı. Ayda bir-iki dəfə qələm
əhli bizə toplaşardı. O kiçik evdə mən Məmməd
Arazı, Xəlil Rza Ulutürkü, Turan Cavidi
görmüşəm. Yaşayıb gördüklərimin
hamısı müsbət tərəfdən həyatıma
sirayət edib. Və nə yaxşı o, mənim atam olub.
- Onda qələm öz işini kiçik
yaşlarınızdan görüb...
- Hələ orta məktəbdən kiçik
şeirlər yazırdım, amma heç kimə göstərmirdim.
Tələbə vaxtı bir şeir yazdım. Rəfiqəm həmin
şeiri götürdü və institutun divar qəzetinə
verdilər. Sevgi haqqında şeir idi. Tələbələr
arasında yayıldı ki, Jalə şeir yazır. Elə o
vaxtdan söz verdim ki, heç kəsə
yazdığımı göstərməyəcəyəm.
İnstitutun böyük tədbirləri haqqında
yazardım və o zaman "Azərbaycan müəllimi" qəzetində
çalışan atam həmin yazıları orada dərc
etdirərdi. Belə-belə imzam görünməyə
başladı. Zamanla bir neçə mətbu orqanında
çalışdım. Hazırda yazılarım
"Bakı xəbər" qəzetində işıq
üzü görür. Amma bir xüsusiyyətimi də deyim,
yazdıqlarımı özümdə daha çox
saxlayıram. Buna görə atam həmişə məni
danlayardı ki, bu nə vərdişdir səndə,
yazırsan-yazırsan, lakin özündən başqa kimsənin
bundan xəbəri olmur. Atam dünyasını dəyişəndən
sonra sanki bir əl məni silkələdi. Necə deyərlər,
əlimdə-ovcumda gizlətdiklərimi həm atamın xatirəsinə,
həm həyat yoldaşımın yubileyinə hədiyyə
olaraq, "Unutmadıqlarım" adlı ilk kitabımı
çıxardım. Həmin kitabda Barat Şəkinskaya,
Hamlet Xanızadə haqqında
yazılar, Cavad Heyət, Azad Mirzəcanzadə, Elmira Rəhimova
ilə müsahibələrimə də yer ayırdım.
Bununla sanki bir ata vəsiyyətinə əməl etmiş kimi
oldum və həmin kompleksi qıra bildim. Bir həvəskar
kimi mahnılarım da var. Onlardan yalnız Elçibəyin
xatirəsinə həsr etdiyim mahnını Flora Kərimova
ifa edib və bir də şəhidlərimiz ruhuha ehtiramla
andığım bir mahnı səslənib. Sonra təbiətimə
yad olan bir halla qarşılaşdığımdan bəstələrimi
üzə çıxarmağıma qadağa qoydum.
- Amma ilk kitabınız axarlı oldu...
- Bəli, axarlı oldu, lakin ikinci kitab mövzu olaraq həmişə
aktual olaraq qalsa da, çox ağır, həssas, kövrək
notlara söykənib. "Əbədi yaşayanlar" adlanan
bu kitab 8 igid şəhid kəşfiyyatçı
haqqındadır. Onlar haqqında doğmalarının,
döyüş yoldaşlarının xatirələrini
ürəkağrısı ilə toplayıb kitabı ərsəyə
gətirmişəm. Bu kitabın türk versiyası "Yeddi
şəhid bir şahid" adı altında
üçüncü çap məhsulum oldu. Şəhidlər
haqqında daha bir kitabım "Kiçik dünyanın
böyük insanları" adlanır ki, orada da I Qarabağ
savaşından 20 nəfər, Vətən müharibəsindən
9 nəfər şəhid haqqında məlumatlar var.
Bütün şəhid ailələrini bir-bir gəzərək,
onları tanımağa və tanıtmağa
çalışmışam. Bu kitabın adı ilə
bağlı mənə tez-tez suallar verirlər. Mən şəhid
ailələrini tanıdıqca, onları tanıyanların
vasitəsilə bu qəhrəmanlarımızın
keçdiyi həyat yoluna nəzər saldıqca, bu dünya mənə
çox kiçik görsəndi. Məhz onlar bizim bu
kiçik dünyamızın böyük insanlarıdır.
Sonrakı üç kitab - "Rəngləri
danışdıran adam", "Rəngləri solmayan rəsmlər"
və "İşıq adam" kitabları əslən
Naxçıvandan olsa da, türk rəssamı kimi tanınan
İbrahim Safiyə həsr olunub. "Səni belə
xatırladıq" kitabı böyük, fədai, deyərdim
ki, şəhid sənətkar Hamlet Xanızadəyə ithaf
etmişəm. Yaxınlarının, ailə üzvlərinin,
sənət dostlarının onların xatirəsində
yaşayan sənətkar haqqındakı söhbətləri,
eyni zamanda öz düşüncələrim kitabda
toplanıb. "Dünyanı yaxşılar gözəlləşdirir"
adlı sonuncu kitab türk dünyasının sufi şairi,
mütəfəkkiri Yunis Əmrə haqqındadır.
- Keçək əsas mətləbə, yəni sizi
axtarıb tapmağa təkan verən İbrahim Safi adına...
- Ən əvvəl İbrahim Safi azərbaycanlıdır. Daha sonra
onun milli-mənəvi dəyərimiz olub da, bu gün bizə
aid edilməməyi, Azərbaycan rəssamı kimi
tanınmaması mənə çox ağır gəldi.
Dünyasını dəyişənə qədər onun
kimlik sənədində: "Qafqazlardan gələn" kəlməsi
yazılmışdı. Təkcə azərbaycanlılar idimi
Qafqazdan gələn? Bu, gürcü də ola bilər, o
üzdəniraqlardan da. Həmin iki kəlmə içimi o qədər
tərpəddi ki... İbrahim Safi əslən
Naxçıvandandır, türkdür və bunu hamı belə
də qəbul etməlidir. Məhz bu fakt məni bir həmyerlimin
tədqiqatçısına çevirdi. İbrahim Safi bu gün adı çəkilən
tanınmış Azərbaycan rəssamlarının cərgəsində
dayanmağa layiq olanlardan biridir. İbrahim Safi Atatürkün
portretini naturadan çəkən sənətkar olub. 2019-cu
ilin aprel ayının sonunda ilk dəfə onun haqqında
eşitdim və o vaxtdan başlanan tədqiqat və
araşdırmalarım bu günə qədər davam edir.
- Və nəticədə İbrahim Safiyə
üç kitab həsr etmisiniz...
- "Rəngləri danışdıran adam"
adlı ilk kitab ən böyüyüdür və 3 dildə
çap olunub. İkinci kitab İbrahim Safinin Avropa həyatından
bəhs edir. Fransaya, Almaniyaya, Yunanıstana getdim. Orada
araşdırma və tədqiqatlarımı davam etdirdim,
çünki üst-üstə 13 il İbrahim Safi bu ölkələrdə
yaşayıb. Orada rəssam haqqında yazılan məqalələri
topladım, auksionlarda onun əsərlərinin
satıldığının şahidi olduğumdan,
bütün bunları "Rəngləri solmayan rəsmlər"
adlı kitaba daxil etdim. "İşıq adam"
kitabında isə rəssamın özü haqqında
dünya və eləcə də, bizdə yazılan məqalələr,
ilk kitabım haqqında deyilən fikirlər öz əksini
tapıb.
- Bildiyimə görə, İbrahim Safi 85
yaşında dünyasını dəyişib. Amma siz onun
yaxından tanıyanlarla da görüşüb söhbətləşmisiniz...
- Mən qısa da olsa İbrahim Safi haqqında məlumat
vermək istərdim, bəlkə oxucular arasında bu adı
ilk dəfə eşidənlər ola bilər.
- Buyurun...
- İbrahim Safi Şərur rayonunun indiki Cəlilkənd
kəndində anadan olub. İrəvanda Müəllimlər
Seminariyasında, daha sonra Rusiyada təhsilini davam etdirib. 1918-ci
ildə daşnakların törətdiyi vəhşiliklərin
şahidi olduğundan könüllü olaraq Qafqaz İslam
Ordusuna qoşulur və rusların müdaxiləsindən sonra
Nuru paşanın dəstəsilə birlikdə Vətənini
tərk edir, çünki artıq burada incidiləcəyini
bilirdi. Həqiqətən də İbrahim Safinin tək ailəsi
deyil, qohumları da ondan sonra çox əziyyətlər
çəkdi. O zaman 20 yaşlı gənc olan İbrahim Safi
rəssam Naci Terzinin emalatxanasına öyrənci kimi daxil
olub, oradan rəssam olaraq çıxıb. Onu da qeyd edim ki,
onun əsl adı Rəhman olub. 1923-cü ildə adlarla
bağlı Atatürkün məlum qərarından sonra
İbrahim adını götürüb.
- Qayıdaq əvvəlki suala...
- Elə ilk görüşdüyüm insan da Naci
Terzi oldu. İxtiyar yaşlarında olan bu insan məni məmnuniyyətlə
qəbul etdi. Özü bolşevik rejimindən qaçaraq
Türkiyəyə gəlmiş və ömrünün
böyük hissəsini İzmirdə yaşayıb. Gözəl
rəssam, kolleksioner olan Naci Terzi İbrahimin ən yaxın
dostlarından biri olub. O, söhbətilə İbrahim Safinin
bir portretini yaratdı mənim üçün. Bir
türkçü, bir turançını tanıdım. Daha
sonra Türkiyə yəhudilərindən olan və
İstanbulda yaşayan yazar-jurnalist Moşe Qrosmanla
görüşdüm. İlk dəfə İbrahim Safidən
müsahibə alan bu jurnalistin, rəssam sonra portretini də
çəkib. Nəhayət İbrahim Safinin 60 illik dostu,
şair, rəssam, kolleksioner Həbib Geraz sonuncu müsahibim
oldu. Həbib Geraz yeganə adam idi ki, son illər İbrahim
Safinin əlləri titrədiyindən onun yerinə imza
atarmış. Bu insan da ötən il dünyasını dəyişdi.
- Kifayət qədər məhsuldar araşdırmalar
aparmısınız...
- Həm mənəvi dəyərlərinə
vurğun, həm qarşısına qoyduğu məqsədə
nail olmağı bacaran biri kimi düşünürəm ki,
işimi uğurla tamamladım, kitab üç dildə
çap olundu. İlk təqdimat Bakıda keçirildi. Daha
sonra İstanbulda, Almaniyada, Polşada, Fransada, Stokholmda "Rəngləri
danışdıran adam" kitabının təqdimatları
oldu, eyni zamanda bölgələrimizdə. Onu da
vurğulayım ki, bu kitabla yanaşı, eyni adlı 1
saatlıq film də çəkilib və sosial şəbəkədə
maraqla qarşılanıb. Ötən ilin yayında rəssamın
125 illiyini rəsmi qurumların, ictimaiyyətin iştirakı
ilə İbrahim Safinin doğma məmləkəti
Naxçıvanda yüksək səviyyədə qeyd etdik. Bu
yolda yanımda olan, qapılarını üzümə
açan 15 nəfərə rəhbərlik etdiyim "Milli Mədəniyyətimizin
Təbliği" İctimai Birliyinin mükafatını təqdim
etmişəm. Mən çox xoşbəxtəm ki,
İbrahim Safi adının,
yaradıcılığının ilk tədqiqatçısı,
onun haqqında yazılan ilk kitabın müəllifiyəm.
Tez-tez müxtəlif ölkələrə tədbirlərə
dəvətlər alıram və harada oluramsa, Vətənimin
mədəni irsini, milli-mənəvi dəyərlərini təbliğ
etməkdən usanmıram. Üstəlik də, bütün
bu tədbirlərə qalib bir ölkənin vətəndaşı
olaraq qatılmaq möhtəşəm bir hissdir.
Araşdırmalarım da, tədqiqatlarım da davam edir və
gördüyüm işlərdə bir amalım var - Vətənim,
Millətim, Xalqım.
Tamilla M-zadə
525-ci qəzet.- 2024.- 22 may,№89.- S.8.