Azərbaycan-İran münasibətlərində
yeni mərhələ
Azərbaycanla İran arasında münasibətlərdə
yeni mərhələ başlamaqdadır. Mayın 19-da Araz
çayı üzərində inşa edilmiş "Xudafərin"
hidroqovşağının istismara verilməsi və
"Qız qalası" hidroqovşağının
açılışı iki ölkənin əməkdaşlığının
inkişafında mühüm bir hadisədir. Bu, bir daha onu
göstərir ki, münasibətlərdə zaman-zaman
hansısa problemlər, gərginliklər yaransa da, tarixi
bağlara, yaxın qonşuluq əlaqələrinə malik
olan iki dövlət bu problemləri dəf etmək və irəli
baxmaq iqtidarındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin və İran
İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin
Azərbaycan-İran dövlət sərhədində
görüşləri və verilən bəyanatlar bir daha onu
göstərdi ki, həqiqətən də Prezident İlham
Əliyevin söylədiyi kimi, Azərbaycan-İran sərhədi
dostluq sərhədidir. Xudafərin körpüsü Azərbaycan-İran
dostluğunun rəmzidir.
Qeyd edək ki, Vətən müharibəsi ilə
işğal altında olmuş Azərbaycan-İran dövlət
sərhədinin 132 kilometrlik hissəsi azad olundu, bununla da Azərbaycan-İran
sərhədi tam bərpa edildi.
Təəssüf ki, mayın 19-da baş tutmuş belə
əhəmiyyətli tədbirdən sonra məlum helikopter qəzası
baş verdi. Helikopterin qəzaya uğraması nəticəsində
İran Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət
edən şəxslər faciəli şəkildə həlak
oldular.
Prezident İlham Əliyev İranın dövlət
başçısının olduğu helikopterin qəza
enişi etməsi ilə bağlı xəbərlərin
yayılmasından dərhal sonra X sosial şəbəkəsindəki
rəsmi hesabında paylaşım edərək
narahatlığını ifadə etdi: "Bu gün İran
İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə
dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə
heyətini daşıyan helikopterin İranda qəza enişi
etməsi barədə xəbər bizi ciddi şəkildə
narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi
və onu müşayiət edən nümayəndə heyəti
ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan
Respublikası hər cür dəstək göstərməyə
hazırdır".
Təəssüf ki, mayın 20-də helikopterdə
olan bütün heyətin - Prezident Seyid İbrahim Rəisinin,
xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və
digərlərinin həlak olmaları rəsmi şəkildə
təsdiqləndi.
Prezident İlham Əliyev dost və qardaş İran
xalqına üz vermiş ağır itki ilə əlaqədar
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə
başsağlığı məktubu ünvanladı. Dövlət
başçısı eyni zamanda, dünən İranın
ölkəmizdəki səfirliyində olub və helikopter qəzası
ilə bağlı başsağlığı verib.
Həmçinin, ictimaiyyət nümayəndələri
səfirliyin qarşısında yaradılmış
güşəni ziyarət edərək, həlak olanların
xatirəsini yad edir, gül dəstələri, əklillər
qoyurlar.
Azərbaycan-İran sərhədində verilmiş
mesajlar, bəyanatlar iki ölkənin əməkdaşlığının
dostcasına davam edəcəyini göstərir.
Yada salaq ki, Araz çayı üzərində
inşa edilən "Xudafərin" və "Qız
Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və
suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri
Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin
oktyabrında imzalanan razılaşma əsasında
hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində
yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan
ərazisinin 20 faizi Ermənistan tərəfindən
işğal edilməsi nəticəsində dayandırılsa
da, sonrakı dövrlərdə tikinti işləri yalnız
İran İslam Respublikası tərəfindən
aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində
Azərbaycanın torpaqları, o cümlədən,
hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib.
Araz çayı üzərində "Xudafərin" və
"Qız Qalası" hidroqovşaqlarının və su
elektrik stansiyalarının tikintisinin davam etdirilməsi,
istismara qəbulu ilə əlaqədar bəzi məsələlər
barədə Sərəncama əsasən, 2021-ci ildə
"AzərEnerji" ASC Azərbaycan Respublikası tərəfindən
sifarişçi kimi müəyyən edili.
Araz çayının su ehtiyatlarından səmərəli
istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin
sahələrinin su təminatının
yaxşılaşdırılmasına xidmət edəcək
"Xudafərin" və "Qız Qalası"
hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə
işlər tamamlanıb, su anbarlarının doldurulması
işlərinə başlanılıb. Hazırda "Xudafərin"
su anbarında 503 milyon kubmetr, "Qız Qalası" su
anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu
da ümumi tutumun 40 və 85 faizini təşkil edir.
Prezident İlham Əliyev layihənin
açılışının əhəmiyyətini qeyd edərək
deyib: "Biz ta qədimdən gələn ulu əcdadlarımızın
arzularını indi həyata keçiririk. Əminəm ki,
bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda
yaşayacaq, böyük bir layihə həyata keçirilib və
bu, iki xalq üçün çox uğurlu bir
görüşdür".
Dövlət başçısı İran-Azərbaycan
əlaqələrinin gələcək inkişafını
çox müsbət adlandırıb. Prezident
vurğulayıb ki, İran-Azərbaycan birliyi, dostluğu
sarsılmazdır: "Heç kim bizim aramıza girə bilməz.
Bu səylər əbəsdir və biz bugünkü mərasimlə
bunu bir daha sübut edirik".
Prezident Seyid İbrahim Rəisi isə Araz
çayının hər zaman İran və Azərbaycan,
xalqlarımız arasında bağ olduğunu vurğulayaraq,
İranın Azərbaycanla olan əlaqəsinin qonşuluq əlaqəsindən
daha üstün olduğunu söyləyib. Deyib ki, bu, qohumluq əlaqəsidir:
"Bu əlaqə və bağ çox möhkəm,
çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki
ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə
söykənir. Təbii ki, bu əlaqə bizim ölkələrin
tarixə dayanan əlaqəsi olaraq xalqlarımızı
bir-birinə birləşdirir".
Qeyd edək ki, yaxın günlərdə Azərbaycanın
İrandakı səfirliyi də fəaliyyətini bərpa edəcək.
Görünən odur ki, yuxarıda qeyd etdiyimiz kimi, iki ölkənin
münasibətlərində yeni mərhələ başlayır.
Prezident İlham Əliyevin söylədiyi kimi, İran-Azərbaycan
əlaqələri bölgəmizdə həm də sabitliyin
önəmli şərtidir.
Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu
ilə bağlı deyib ki, Azərbaycan beynəlxalq hüququn
müstəqil subyekti kimi öz milli maraqlarını rəhbər
tutaraq, qonşu dövlətlərlə münasibətlərin
inkişafında hər zaman maraqlı olub və mütəmadi
olaraq da bu münasibətlərin inkişafı ilə
bağlı yeni tendensiyaları müşahidə edirik,
çünki hər zaman pozitiv mövqedəyik.
O bildirib ki, bu konteksdə cənub qonşumuz İran
İslam Respublikası ilə münasibətlər bizim
üçün xüsusi əhəmiyyət kəsb edir:
"Çünki məsələnin təkcə siyasi,
iqtisadi yox, eyni zamanda tarixi yönü var. Nəzərə
almaq lazımdır ki, Azərbaycan və İran xalqları əsrlərdir
ki qarşılıqlı təmasdadırlar, sosial-mədəni
mübadilə yüz illərdir ki, özünü göstərir.
Cari ilin 19 may tarixində Azərbaycan və İran
prezidentlərinin görüşü baş tutdu və
dövlət başçıları Araz çayı üzərində
"Xudafərin" hidroqovşağının istismara verilməsi
və "Qız Qalası" hidroqovşağının
açılışı mərasimində iştirak etdilər.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, İran bu
kimi layihələrdə dünyanın aparıcı dövlətlərindəndir
və bu dövlətin təcrübəsindən faydalanmaq Azərbaycanın
İranla münasibətlərə və onun mövcud təcrübəsinə
olan hörmətin və hörmət amilinə əsaslanan
yanaşmanın təzahürüdür.
Azərbaycan dövlət başçısı
bildirdi ki, bu layihə Arazın hər iki sahilini birləşdirən
rəmzi layihədir. Əslində Araz çayı üzərindəki
bu görüşün özü belə mühümdür.
Çünki regionda hazırda qlobal siyasi maraqların toqquşması
Cənubi Qafqazın ümumi təhlükəsizlik mühiti
üçün təhdid amilini ortaya çıxararkən,
bu kimi görüşlər iki qonşu dövlətin ortaq
fikirliliyini və qarşılıqlı münasibətlərin
inkişafına olan xüsusi diqqəti bir daha təsdiq edir.
İran prezidentinin "iki ölkə arasında qəlbən
və tarixi bağlılığı var" fikri də bu
dediklərimizi təsdiq edir".
Deputat deyib ki, Prezident İlham Əliyev Arazın
İran tərəfindəki yaşayış obyektlərini
işarə edərək, yaxın zamanda Arazın Azərbaycan
tərəfində də mülki həyatın,
yaşayış obyektlərinin olacağına vurğu etdi:
"Bu vurğunu bir dəvət olaraq da qəbul etmək
mümkündür ki, yəni Azərbaycan Qarabağı
bütövlükdə azad etdi və yaxın zamanda mülki
həyatın geri qayıtması, işğaldan azad
edilmiş torpaqların bütövlükdə Azərbaycanın
digər rayonlarına inteqrasiyası, xüsusilə də
sosial inteqrasiyası üçün son dərəcə qərarlıdır
və bu, yeni geosiyası reallıqların mühüm
parçasıdır. İranda zaman-zaman erməniyönümlü
səslərin özünü göstərdiyini nəzərə
alsaq, bu İran üçün ona görə dəvət
xarakterlidir ki, İran mövcud geosiyasi reallıqlarla
barışsın və Azərbaycanla münasibətlərində
bu amili nəzərə alsın.
Nəticə olaraq qeyd etmək istərdim ki, bu kimi
layihələr təkcə 2 dövlət arasında enerji, kənd
təsərrüfatı, içməli su problemi kimi yox, eyni
zamanda siyasi, sosial konteksdən dəyərləndirilməlidir.
Çünki hər iki dövlət
başçısının xüsusilə
vurğuladığı kimi, Azərbaycan və İran
xalqları qonşu və qardaş xalqlardır və bu
münasibətlər uzun tarixi köklərə gedir
çıxır. Bu nöqteyi-nəzərdən, atılan
addımlar və həyata keçirilən layihələr
eyni zamanda iki dövlət arasındakı münasibətlərin
inkişafını hədəfləməkdədir"
Pərvanə
525-ci qəzet.- 2024.- 22 may,№89.- S.5.