Mən də qəmin saçını hördüm, a qoca dünya!  

 

 

Bu gün - may ayının 23-ü Vaqif Bəhmənlinin doğum günüdür. Onilliklər boyunca fəlsəfi fikir və duyğusal yaşantıları poeziya dilinə çevirən şair ənənəsinə sadiq qalıb, son vaxtlar qələmə aldığı şeirlərdən bir qismini qəzetimizin elektron ünvanına yollayıb.

Qeyd edək  ki, bu təravətli, məzmunlu əsərlər şairin son iki il ərzində reallaşan yaradıcılıq axtarışlarının, xüsusən, “Azərbaycan” jurnalında gedən “Ana yuxu” poemasının  (¹2, 2023), yenə həmin jurnalın builki 2-ci sayında dərc olunmuş “Könlüm üzübərkdi, şüşə olsa da”, “Ədəbiyyat qəzeti”ndə çıxan “Tanrı sovqatıdır gəzdirdiyin can” (1 aprel, 2023 ), “Anadan lal doğulubdur həqiqət” (4 may, 2024) silsilələrinin, habelə artıq 7-ci cildi oxucuların ixtiyarına verilən “Vaqif Bəhmənli. ƏSƏRLƏR. Axırdan əvvələ” çoxcildliyinin layiqli davamıdır.

“525-ci qəzet”in oxucularının, yaradıcı kollektivinin məxsusi rəğbət bəslədiyi sadə insan, təbii şair Vaqif Bəhmənlinin yeni yaşını təbrik edir və deyirik: yorulma, şair, ilham bulağın hər zaman çağlar olsun!

 

 

 

Kişi ol

 

Gücün yetməsə birə,

yüz kişidən biri ol!

Göz dikmə yad təndirə,

ac ol, amma kişi ol!

 

Ağ ayran olma itə,

Qarışar, qanın itər!

Uyma xaraya, çitə -

ac ol, amma kişi ol!

 

Quru daş kimi çat ver,

Çolaq yolçuya at ver!

Qopart canından ət ver,

ac ol, amma kişi ol!

 

Yaradan qıysa, bəsdi;

Dərini soysa, bəsdi,

Qeyrətin doysa, bəsdi,

ac ol, amma kişi ol!

 

Dözüm qidadı cana,

Fələyin fəndi fəna –

Daşlar yağsa qafana,

ac ol, amma kişi ol!

 

Yüz yerdən qalxsa hədə

Haqqı danma, nə badə!

Ellər and içən, sadə

məzarın baş daşı ol,

daş olsan da, kişi ol!

 

2024

 

Yiyə

 

Nə sübh, nə danın olmaya,

bəhərsiz anın olmaya...

Lənət o günə, olasan –

yiyə duranın olmaya!

 

2023

 

Qoca dünya

 

Doqquz ay, doqquz gecə ana bətninə dustaq –

Doğuldum alnımdakı yazının yalanına.

Bələyə sildim qanı;

    bir az cəld, bir az asta –

baş vurdum taleyimin tininə, dalanına,

Dar yoluna mar kimi girdim, a qoca dünya!

 

Sünbülüm həşəm olar...

    zikr elədim hər sabah,

Dərd əkdim tarla-tarla,

    erkən qalxdım biçinə.

İlləri yasəməntək qırıb budaqdan şax-şax

ayaqların altına, alçaq yolun içinə

təzim çiçəkləritək sərdim, a qoca dünya!

 

Alıb aparan məni, sadədil, hərif bildi,

haçan ki, baha canı qoydum ucuz hərraca.

Öz-özümə nur saçdım,

    gördüm işığım seldi,

Halal nurdan özümə saxlamadım zərrəcə -

nə odum var yolunda verdim, a qoca dünya.

 

Çürüdüm daxmalarda, qısıldım çörəyimə,

Hansı cəhənnəmdəyəm,

    harda itdim, bilmədin.

Əl çəkmədin bircə yol göynəyən kürəyimə,

Gözlərimi bürüyən acı yaşı silmədin,

Beləymiş etibarın... gördüm, a qoca dünya!

 

Azca qalxmaq istədim, boynum kəməndə keçdi,

Sən ovçusan, mən şikar – hardan olsun barışıq?

Qəhr oldu sevgi qəsri, hər yoldan ötən keçdi.

Şahlar hülya başını üzdü hörük qarışıq,

Mən də qəmin saçını hördüm, a qoca dünya!

 

Heç xəbərim olmadı, əridi damla-damla

başımı sığallayıb əlimə verdiyin şam.

Yarıma əl çatmadı, hünər yetmədi tama,

Qurtuluşa güman yox, hanı çöp, hanı saman?

Aramızda nə oldu, nə sən bildin, nə adam,

Mənimlə gora gedən dərdim, a qoca dünya!

 

Cavanlığı boşuna, qocalığı didərgin –

Tanrı yaratdığını qoyarmı heç nəzərsiz?

Bəhmənli, səbrini bas; qəm də, kef də gedərgi...

Dörd yanımdan xəbərsiz, dörd yan məndən xəbərsiz –

Bax beləcə, bir ömür sürdüm, a qoca dünya!

2024

 

 

 

Müdrik önündə

 

Məhəmməd Füzulinin müqəddəs ruhuna      

 

Fikir zəncirini hörmək hünərdi –

çilingər dəzgahın görün önündə!

Dəmirçi dəmiri əyə bilərmi

ərsin qızarmasa körük önündə?

 

Yarpızı görəndə şahmar baş əyir,

Bağbanın çiyninə şaxlar baş əyir,

Şahzadə dizinə şahlar baş əyir,

Sultanlar qıvrılır hörük önündə!

 

Ahıl yaş – son savaş, tükənir insan,

Özü öz canına yük olur insan!

Qocalıq ki, gəldi... bükülür insan;

Adətdi baş əymək müdrik önündə!

 

2023

 

 

Qoşa xətt

 

Var olan hər nə ki var, bilginən, ondan ikidi,

Qoşadı ruh tən ilə, tək deyil insan, ikidi!

 

Kisə vermiş canı Rəbb, doldura bilsən içini,

Yaradansan deməli, bəxti yaradan ikidi.

 

Qırmızı, ağ kürəcik meydanıdı hər diri can,

Damarınca köpürüb buğlanan al qan ikidi.

 

Ora bax, Allahı gör, Göy üzünün sultanı tək,

Ata var, həm də ana – Yerdəki sultan ikidi.

 

Alnımızda qoşa xətt – orda “xeyir”, “şər” yazılıb,

Xilqəti xəlq eləyən bəlli nam-nişan ikidi!

 

Dəmbədəm “bəli”, “xeyir” hasil edən dil haçadı,

Varı yoxdan ayıran dar macal, imkan ikidi!

 

Kamalın varsa əgər şəxsini tut dərgaha tay,

Biri sən, bir də fəza – küllü -kəhkaşan ikidi.

 

Çoxluğu qoy qırağa, tünlük hələ məna deyil,

ananı, qanmazı var, əhli-müsəlman ikidi!

 

Dikilib yar yoluna şeh sala sübhdən şamacan,

Ağı dibdən saralan gözdəki giryan ikidi!

 

Bağlıyıq başdan, ayaqdan, fələyin çarmıxına,

Cəhənnəm, cənnət ara; gorda da zindan ikidi!

 

Yaşayır cədd əbədi, qəm yemə taxt-tarac olur,

Bitmir əfsanələri – təxti-Süleyman ikidi.

 

Xain oxdan yaralı, qəlbi qırıq, taleyi kəm,

Köksünü Araz bölən Azəribaycan ikidi!

 

Həmdəmi qeyb olalı badə süzür cüt Vaqif,

Dərd içir dost yerinə... onda istəkan ikidi!

2023

 

 

 

Qoşma

 

Yaman tez qocaldıq, çatdı qış fəsli,

Çovğuna tablayan hey hanı bizdə?

Hanı Mirzə Cəlil, Üzeyir nəsli,

Sözü qanun olan bəy hanı bizdə?

 

Başından dağ çürük, dibindən dərə,

Bir miskin qismətin quludu hərə!

Dikələn başımız soxulmuş yerə,

Dikəlib baxmağa Göy hanı bizdə?

 

 

Nə əhd, nə etibar, nə hünər qalmış,

Nə xiridar qalmış, nə gövhər qalmış!

Dərin bataqlığı bürümüş qamış,

Qamışdan yonulan ney hanı bizdə?

 

Dünya qat-qarışdı; axmağı çoxdu,

Aqili möhtacdı, səyləri toxdu!

Şəksiz, əcdadından xəbəri yoxdu,

Biri durub desə, - “səy” hanı bizdə?!

 

Bu da bir qismətdi, nə qorx, nə üşən,

Qəzanı fəhm elə, bizi də düşün!

Qabanı gəbərdən, donuzu deşən

Ox hanı, gərilmiş yay hanı bizdə?

 

Deyəsən, bir azca uzandı lafım,

Həm də sərt danışdım, nədən ki, safam!

Ucanı alçaldan pisin, əclafın

başına çırpmağa şey hanı bizdə?

 

2024

 

Dilək

 

Hökmü-rəvansan, Allah, lütfünü dövrana səp,

Seldi, sudu dağların, qətrəni səhrana səp!

 

Qəfəsdəki qumrunun çöldədirsə naləsi,

Dənləməz, qənşərinə zər çilə, dürdanə səp!

 

Bazar bəlli bazardı, kimdi orda dərd alan? –

İstəyirsən çeşminin yaşını dörd yana səp!

 

İfrat görüş azdırır aşiqi haqq yolundan,

Ölüm hökmüdür vüsal, səbrini hicrana səp!

 

 

Ömür nədi, ocaqdı, var külündə közərti,

Xışmala son tüstünü, hirsini qəlyana səp.

 

Heçdi işin əvvəli, heçdi son nədən, Allah,

Haram toxum cücərməz, lap cənnət-məkana səp!

 

 

Zaman zalım əjdaha, əzir məğrur başları,

Hünər ver zəiflərə, qeyrəti meydana səp!

 

Sən ki, səxavətlisən, boldu havan, işığın...

Haqqa məhkumdu Vaqif, nurunu zindana səp!

 

2023

 

Azan yada salır...

 

İlahi, sən səsdə məlahətə bax,

Elə bil yüksəlir göydən enən Səs...

Ağzı qova dəyir, alışır çaxmaq;

Bu sayaq hikmətin sirri nədir bəs? –

Azan yada salır müsəlmanlığı!

 

Otluqda mil durur qurbanlıq dana

dan üzü, günorta, şər-axşam çağı!

Cəllad baltasını atır bir yana,

Daxılda gizlədir qəssab bıçağı –

Azan yada salır müsəlmanlığı.

 

Quş kimi dikəlir yerindən mitil;

Göyləri bəzəyir qanadın izi.

Alnına dirəyib silahı qatil

özü öz başına sıxır gilizi –

Azan yada salır müsəlmanlığı.

 

Çin olur bir mağmın gəlin diləyi,

Quruyur dəsmalda gözündəki yaş.

Daha içməyəcək... tövbə eləyib

divarda sındırır badəni əyyaş –

Azan yada salır müsəlmanlığı.

 

Keçidlər genəlir, su gəlir arxa,

örtür quraq yerin çatqınlığını.

Kələkbaz kələyə çevirir arxa,

satqınlar tərgidir satqınlığını –

Azan yada salır müsəlmanlığı.

 

Rişəsi çürüyür həyazsızlığın,

Göylər abır səpir, pərdə göndərir.

Qaytarır yoluna çapqın azğını,

Əbləhi, namərdi mərdə döndərir –

Azan yada salır müsəlmanlığı.

 

Dolur pürkamala dünənki dəli,

gopçu, yalançının dili quruyur.

Yaltaq adamların qırılır beli,

rüşvət alanların əli quruyur –

Azan yada salır müsəlmanlığı.

 

Yer tapmır əlinə cibəgirənlər,

Sola meyl edənlər sağda dayanır.

Haram ağaclardan sərvət dərənlər,

axırda beş arşın ağda dayanır;

Azan yada salır müsəlmanlığı.

 

Azan... Ətir verir tər nanə kimi,

Sonuncu nəfəsdi, müqəddəsdi o.

Uçur çevrəmizdə pərvanə kimi,

Tanrı varlığından qopan səsdi o –

Haçan azan səsi yüksəlsə, bilin,

Allah yada salır müsəlmanlığı!

 

2023

 

 

Bitərəf

 

Hüdudsuz fəzalar, qalaktikalar,

Kosmik məsafələr, müdhiş kainat...

Dünya dedikləri – havalı bir şar;

Xaliqdən xilqətə budur mükafat!

 

Təndirində həyat qızardan kürə

gəlinə cehizdi, oğlana yurddu!

Bəs nədən Yaradan göz qoymur Yerə,

Həftəlik əcrini nə tez unutdu?

 

Haqdı təməlqoyma – bünyadı çətin:

Palçıq övkələyib can yoğurmaqdı,

Sonra yapışdırmaq sümüyə əti,

sonra can tərindən qan yoğurmaqdı!

 

Hanı, gözə dəymir, zillənmə Göyə,

Minbərdən qalxan səs boşuna səsdi.

Onu lap yaxından görmüşdü deyə

Yaradan şeytanın ipini kəsdi –

Şeytan yuva saldı adamda, Yerdə,

heç vaxt Göy üzünə qalxmadı bir də.

 

Görünmür, eşitmir; qeybdir adı,

Yaxşı, görünməsin, öz qərarıdı,

Yaxşı, eşitməsin, öz qərarıdı,

barı, maraqlana, işə qarışa,

zühr edə dan üzü, gecə yarıda,

adam arasına düşə, qarışa!

 

Di gəl ki, heç nəyə qarışmır Allah,

Bir yol halımızı soruşmur Allah!

 

Paydan pay kəsənin kələyin tutmur,

soxmur qıyıq gözə əyri dilimi.

Baltalı cəlladın biləyin tutmur,

kəsmir yalançının əyri dilini,

dikəltmir yaltağın əyri belini!

 

Ondan nə nişan var, nə də xırda iz,

Bürüyüb toz kimi asimanı ah!

Allah siyasətə qarışmır, şəksiz,

mən bilən heç nəyə qarışmır Allah...

 

Doğub törəyənin çoxu səfil, ac,

Cəmi acgözlərin gödəni toxdu.

Məqsədi istehsal, məramı ixrac,

Tanrının idxalla arası yoxdu!

 

Divana çəkilir ədalətlilər,

Hakimi tamahla barışdırır kim?

Abidi günahla barışdırır kim?

Əgər nadandırsa ədavətlilər,

aranı bir az da qarışdırır kim?

 

Əyir düz işləri fitnəkar əllər,

Talanır yığılan dırnaqla, dişlə.

Yerə dizlər çökür, sifətə şillə,

Bədəndən baş qopur, çənədən dişlər –

Allahın tükü də tərpənmir... heç nə!

 

Nəşəli qafalar donuq, halbahal;

Deyir: - Mənlik nə var, xaşxaş eləyir.

Saxlama müddəti bitəni dərhal

Qurbanı olduğum çıxdaş eləyir!

 

Üyüdüb un edir iriltdiyini,

Ucu yox kələfdi Tanrı düyünü.

İşi öldürməkdi diriltdiyini,

Sonra diriltməkdi öldürdüyünü.

 

 

Alan da Allahdı, verən də Allah,

Nə fayda, qarışmır Yer işlərinə.

Bəlkə də utanır görəndə Allah

tısbağa, qarışqa yerişlərini,

havaya sovrulan yel işlərini!

 

Amma sən, Yer oğlu, nə küs, nə darıl,

demə ki, Tanrıdan gen düşüb dünya.

Torpağa, havaya, atəşə sarıl,

Şükr elə gözünə yığılan suya!

 

Ətək ələ gəlmir, göylə gedirsən,

Allah, öz xətrinə ordan düş hərdən!

Amma yox, Yer şarı göy cismidirsə,

Göyün üzündədi, demək, bəşər də!

 

Anlayaq, zərrədi Adəmin yurdu –

Səma şahlığında qeyb olur hərdən.

Gecə var, gündüz var, “Süd yolu” nurdu,

Dərgah aralıdı, səs çatmır Yerdən!

 

Yükləmə çiyninə fani suçunu,

Nə bilək Yaradan qarışmır işə.

Bəs kimdi solduran ağrı-acını,

kimdi Göy üzünə tutub ovcunu

qoymur təpəmizə meteor düşə?

 

Allah necə tutsun yarasa səsi;

Haraylı-həşirli milyon qatı var.

Üstəlik, o boyda qalaktikası,

Dərdinə qalmalı kainatı var!

 

Belə... qoca dünya, göz dikmə Göyə,

Kəhkəşan şir ağzı – tək Odur pənah!

Hərə öz başını saxlasın deyə,

kimsənin işinə qarışmır Allah!

 

2024

 

Dəli

 

Ağzını üzügünə tutub

hara getdiyinin fərqinə varmadan,

özü-özüylə danışan bir kəs,

əlbəttə, gülməlidi.

Qıraqdan baxan düşünür dərhal:

Yaman günə qoyub zaval,

ya xəstədi, ya dəlidi!

O isə gedir,

umuruna deyil dalan, tin...

Mənsə düşünürəm: dəli deyil o,

xalq artistidi məmləkətin –

Məşq eləyir Kefli İsgəndərin,

Hamletin monoloqunu.

Ha çalışır yadına sala bilmir

Dezdemonanı boğanda

Yaqonun söylədiyi

Məlum nitqin sonunu!

Kefli İsgəndərdi,

Hamletdi, ya bəlkə Yaqo?

Məncə, dəli deyil o...

 

2024

 

 

 

Kök adamlar

 

(Yarızarafat)

 

Kökdən gələn dib su ən yaxşı sudu –

Tanrı qismətidi boy-buxun, çəki.

Kök adam adamın ən yaxşısıdı,

Çünki öz yükünü, o, özü çəkir!

 

Candan ruh da atır çəki atanlar,

Kim bilir nə dərdi yüklənir köklər.

Qamış qamətiylə bəbəyə batan

diklər tərəfindən təklənir köklər.

 

Kütlənin rişxəndli köhləni köklər

dərdi aşkar çəkir, büküb-bələmir.

Yükünü arığa yükləmir köklər,

Yüngül adamlardan imdad diləmir.

 

Dərələr ruhunda, dağ içindədir,

Köklərin ürəyi yüklü buluddu.

Ciyəri, böyrəyi yağ içindədi,

qarnı tar çanağı, ya bəlkə uddu?

 

Baxma ki, arıqdı; adamı tanı –

tondan ağır gələr içi şər bəlkə!..

Yüngül adamlara baxıb utanır

köklər xəcalətdən şişirlər bəlkə?

 

Can şişir qınaqlar aşanda həddən,

Yol itir, cığır da tükənir bəzən.

Uşaqlar sərvətdən, qadınlar dərddən,

kişilər hiddətdən kökəlir bəzən!

 

Kök adam qılıncdı, sıxılır qında,

Haçansa sıyrılmaq ehtimalı var.

Təngnəfəs gombulun fısıltısında

Tanrı lənətlənir... nə bilmək olar?!

 

Çəkinin nə fərqi, dərd çəkən çəkir,

Adbaad bölünüb yük adamlara.

Dizim cüt öküzdü – dərdi tən çəkir,

arıq canım qurban kök adamlara!

 

2023

 

Şərabnamə

 

(Zarafat)

 

Yaxın qoyma, yad oğlunun yadıynan içmək olmaz,

Vur Doğunun doğmasıyla, Batıynan içmək olmaz.

 

Təvəqqem budu səndən, məclisi tanı dən-dən –

oğruynan, başkəsənnən, lotuynan içmək olmaz!

 

Çöl gəzib daban-daban, şaddı ovunu tapan,

Haramdı donuz, qaban... ətiynən içmək olmaz!

 

Söyüdlə göyrüş duldu, tut ağacı bara quldu,

Tutun arağı qəbuldu, tutuynan içmək olmaz.

 

Sarı sim nə deyir ki, ya həkim nə deyir ki,

Yüzə kim nə deyir ki, qutuynan içmək olmaz.

 

Tükənmir meylə savaş, can axır yavaş-yavaş,

Bir deyən yoxdu, qardaş, qətiyyən içmək olmaz!

 

2024

 

                

 

Yoxluğun şəkli

 

Səndən, məndən özgə, de, kim bilər, dost,

Nələri andırır şəkilin mənə?!

Guya, günahkardı qərinələr, dost;

Zaman müttəhimdi, vəkili mənəm?..

 

Can koğuş balıdı, arısı çoxdu,

Qismət gizlin şəkil, düyümlü dükçə.

Bəklə buna görə şəkilin yoxdu

mənimlə... kollektiv, nə də ki təkcə?

 

Əriyib dönmüşük suya səninlə,

Bəs nədən nəm şəkil bu həddə yanıb?

Şəkil çəkdirmədim heç vaxt səninlə

Onçun da böyrümdə... həsrət dayanıb!

 

Eşqin tənhalıqdan başqa adı yox,

Şəkiləm, əlimdə solmuş çiçəksən.

Qoşa şəklimiz yox, tənha şəklin çox,

Necə ki dünyada sən özün təksən!

 

 

Dörd cəhət çərçivə, bizsə yersizik

Öndən baxmalıydıq sonumuz yoxdu.

Şəkildə düşməyə məkan gəzirik,

Dünya darmadağın... fonumuz yoxdu.

 

 

Firqət sərgisinə cüt gedək, təkmi –

Bəlkə, sol qoluma girəsən orda?!

Hansı salondadı yoxluğun şəkli,

Giriş sərbəstdirmi görəsən, orda?

2024

 

 

 

Misilsiz

 

Canıma toy tutan əllərdən keçsəm,

bəylik kəcavəmi udsa da dərə,

kükrəyən,

    qorxulu sellərdən keçsəm,

səni qucağımdan qoymaram yerə!

 

 

Məni göylər salıb çətin oyuna –

Bu dünya mağardı,

         hər cür toy olur!

Dik başım qurbandı bəstə boyuna,

 

Mən bilən,

    Tanrı da bəstəboy olur!

 

Yansam cəhənnəmin alov düzündə

Qaçıb cənnətində haqlaram səni.

Fanidə nə dərd var, düşər gözümdən,

Gözümün üstündə saxlaram səni!

 

Vecimə almaram Nuh aləmini,

Qocaman sevgimiz ölə, ağlaram.

İçəri gülərəm vüsal dəmini,

hicrini gizdincə çölə ağlaram!

 

Qorxum yox, tikəyə möhtac olaram,

Hüsnünlə toxtayar sərasər əsən.

Yolunun üstündə ağac olaram

kölgəmdə bir hovur nəfəs dərəsən!

 

Qeybə çəkilsən də, nəzərimdəsən –

Surətin görünür qəlbi dağ kimi.

Qədəmin hayana dəysə,

             o yerdən

çağlaram gur sulu saf bulaq kimi...

 

Yadımda min ad var, şükür, başdayam,

Bizsiz bu aləm boş, bərbad küçədi.

Yalnız sən bilirsən neçə yaşdayam,

Heç kəsə söyləmə yaşım neçədi...

 

2023

 

Vaqif Bəhmənli

525-ci qəzet.- 2024.- 23 may,¹90.- S.12-13.