İslam dinində
elmə və təhsilə təşviq
Müasir dünyada bir milyardan çox insanın etiqad
etdiyi İslam dinində elmə və təhsilə yüksək
qiymət verilir. Müxtəlif mənbələrdən istifadə
etməklə hazırladığımız bu yazıda
mövzuya əsaslı şəkildə aydınlıq gətirməyə
çalışacağıq.
İslam dininin təməl qaynağı olan Qurani-Kərimdə
və hədis ədəbiyyatında elm və təhsilin əhəmiyyətini
izah edən, insanları elm öyrənməyə, öyrətməyə
və təhsil almağa səsləyən yüzlərlə
ayə və hədis mövcuddur.
Məsələn, "Taha" surəsində (ayə
114) deyilir: "Ey Rəbbim! Mənim elmimi artır!"
"Mücadələ" surəsində (ayə 11) oxuyuruq:
"Allah da sizdən iman gətirənlərin və özlərinə
elm verilmiş kimsələrin dərəcələrini
ucaltsın". Çoxsaylı hədislərin birində isə
belə deyilir: "Elm Allahın yer üzündə
qoyduğu əmanət, alimlər isə onun elminin əmanətdarlarıdır".
İslamda elm və bilik imanın önəmli
qaynaqlarından hesab olunur. "Ali-İmran" surəsində
oxuyuruq: "Elm və məlumatı daha çox olanların təslimçiliyi
və imanı daha çoxdur". Məhəmməd Peyğəmbərin:
"Bütün fəzilətlərin, üstünlüklərin,
yaxşılıqların, bütün bəyənilmiş
xüsusiyyətlərin hamısının kökü və
bünövrəsi elmdir" - söylədiyi bildirilir.
Hz.Əli isə buyurub: "Elm maldan xeyirlidir. Çünki
malı xərclədikcə azalır, elm isə xərcləndikcə
çoxalır".
İslam dinində elm öyrənmək böyük
savab sayılır və Uca Yaradanın əmri hesab olunur. Bu mənada
Peyğəmbərə ilk nazil olan ayənin "Oxu" əmri
olması təsadüfi sayılmamalıdır (Sinonimlər
lüğətində "oxu" sözünün
qarşılığı "öyrənmək" kimi
verilir).
Elm, bilik öyrənmək üçün sərf
olunan zəhmət Allah yolunda sərf olunmuş zəhmət
hesab olunur. Müqəddəs Kitabda Allah bilənlərlə
bilməyənlərin eyni tutulmasının düzgün
olmadığını bildirir, elmlə məşğul
olanlara, elm öyrənənlərə yüksək qiymət
verir, onları xüsusi fərqləndirir. "Zumər"
surəsinin 9-cu ayəsində deyilir ki, "Heç bilənlərlə
bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl
sahibləri ibrət alar!" "Mücadələ" surəsində
o da qeyd olunur ki, Allah elm dalınca gedən insanların dərəcələrini
yüksəldəcəkdir.
Quranda elmlə bağlı çoxlu ayələr
olmasına baxmayaraq, oradakı detalların (Allahın sirlərinin)
izahını və təsvirini indiki elmi əsərlərdə
və dərsliklərdə olan kimi axtarmaq absurddur. Quran
riyaziyyat, fizika və kimya düsturlarını, biologiyanı,
tibbi, bəşəriyyətin tarixini, nüvə
fizikasını, psixologiyanı, sosiologiyanı, informasiya
texnologiyalarını və sairi öyrətmir, bunu gözləmək
də düzgün deyil.
Qurani-Kərim Allahın bizə rəhbər kimi nazil
etdiyi kitabdır, o, doğru yolu göstərir, elmi gerçəklərə
toxunur və bu yöndə ipucu verir. İnsanları
Allahın yaratma sənətindəki detalları və
dünyanı necə yaratdığını bilmək
üçün öyrənməyə və
araşdırmağa təşviq edir. İnsanlar göylərin,
yerin, dağların, ulduzların, bitkilərin, toxumların,
heyvanların, gecə ilə gündüzün əmələ
gəlməsi, özlərinin doğuluşunun, dillərinin və
rənglərinin müxtəlif olmasının,
yağışın və yaradılmış daha bir
çox varlığın üzərində
düşünməyə və bu varlıqları tədqiq
etməyə dəvət edilir. Başqa sözlə, İslam
dini, elmi Allahın yaratma sənətindəki detallara
yetişməkdə bir yol kimi qəbul edir. Bu detallara
yetişmək üçün isə hər bir insan elm və
ürfan sahibi olmalıdır.
Allahın yaratdıqlarını düşünməyə,
öyrənməyə və araşdırmağa cəhd edənlər
haqqında Peyğəmbər hədislərdən birində
buyurur: "Elm axtarışında olmaq hər bir müsəlmana
vacibdir. Həqiqətən, Allah elm axtaranları sevir".
İslamda elmdən söhbət gedəndə bəziləri
ancaq dini elmləri nəzərdə tuturlar. Bizcə, bu,
tamamilə yanlış düşüncədir. Quranda və
hədislərdə "dini və dünyəvi elm" deyə
bir şey yoxdur. Sadəcə elm anlayışı var ki, bu da
faydalı olan hər bir elmi ehtiva edir. Tədqiqatçıların
fikrincə, Quranda olan ayələr, ilk cərrahi əməliyyatdan
tutmuş, cəbr, həndəsə, coğrafiya, kimya,
astronomiya və sair elmlərdə olan kəşflərin,
dövrümüzə qədər aktuallığını
saxlayan bir sıra elmi nəzəriyyələrin müsəlmanlar
tərəfindən irəli sürülməsi və tətbiq
edilməsi, klassik elmi biliklərin yunan, Çin, sanskrit, fars
dillərindən ərəb dilinə tərcümə
olunması, zəngin kitabxanalar və sair, İslam dininin
bütün faydalı elmlərin (o cümlədən,
dünyəvi elmlərin) öyrənilməsinə xüsusi
önəm verdiyini göstərir.
İslam dininin heç vaxt elmlə ixtilafı və
ya qarşıdurması olmayıb. Elm də heç vaxt
İslam dinini təkzib etməyıb. Faktlar göstərir ki,
Allahın kainatı necə yaratdığını görmək
istəyi tarixdə bir çox elm adamlarının ən
böyük motivasiya mənbəyi olub. Məsələn,
J.Kepler Allahın əsərlərindəki ləzzəti
duymaq üçün elmlə maraqlandığını,
görkəmli elm adamlarından İ.Nyuton elmi
araşdırmalar aparmasının səbəbinin Allahı
tanımaq istəyi olduğunu söyləyib. Yerin günəşin
ətrafında hərəkət etdiyini kəşf edən
Əbu-Reyhan Biruni isə deyirdi: "Mənim elmlə məşğul
olmağımın başlıca səbəbi
"Ali-İmran" surəsinin 191-ci ayəsidir".
A.Eynşteyn bu həqiqəti "din duyğusu itərsə,
elm ilhamı olmayan bir təcrübəyə dönər"
şəklində ifadə etmişdi.
Tədqiqatçılar göstərirlər ki,
İslam dinindəki həqiqətlərə əsaslanaraq
istiqamətləndirilən elmi araşdırmalar çox
sürətli və dəqiq nəticələr verir. Başqa
sözlə, dindən - doğru nöqtədən
başlayaraq aparılan araşdırmalar kainatın və
canlıların əmələ gəlməsinə aid sirləri
ən qısa zamanda, ən az əmək və enerji sərf
edərək aşkara çıxarır. Elm və etiqad vəhdətdə
möhtəşəm işlər meydana gətirir. Görünür, "Elm dindən
ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa,
xurafatdır" yanaşması əbəs yerə meydana
çıxmayıb.
Onu da qeyd etmək lazımdır ki, İslam dini, elm
axtarışında yer, zaman, yaş, cins, dil
ayrı-seçkiliyi etmir. Təsadüfi deyil ki, hədislərdə
deyilir: "Elm Çində də olsa, dalınca gedin",
"Beşikdən məzara qədər öyrənin".
Quranda elm adamlarından ciddi məsuliyyət tələb
olunur. İslama görə, elm adamları möminlərin məsuliyyətini
və cavabdehlik hissini artıran, insani vəzifələrin dərk
olunmasına səbəb olan elmlə məşğul
olmalıdırlar. Onların elmi fəaliyyəti cəmiyyətdə
quruculuğa və inkişafa yol açmalıdır.
İslamın qəbul etdiyi elm də məhz bəşəriyyətin
ülvi məqsədlərinə xidmət edən və onu
kamilliyə doğru istiqamətləndirən elmdir. Həzrət
Əlinin dediyi kimi, "Elmin ən yaxşısı fayda verəndir".
Quran ayələrində və hədislərdə elm
və bilik sahibi olmağın üstünlükləri də
aydın şəkildə göstərilir. Göstərilir
ki, elm sahibi olanların imanları artır, Allahın
rizasını və sevgisini qazanırlar. Onlar kainatın və
təbiətin sirlərinə vaqif olurlar. İslam əxlaqına
uyğun yaşayır və bu əxlaqa zidd ideologiya, o
cümlədən, fanatizmlə daha fəal mübarizə
aparırlar. Quran əxlaqını daha yaxşı təbliğ
edirlər. Geniş dünyagörüşünə malik
olurlar. Baş verən hadisələri daha doğru qiymətləndirə
və problemlərə daha tez və səmərəli həll
yolları tapa bilirlər.
İslam dinində elmlərin öyrədilməsinə
- təhsilə də böyük əhəmiyyət və dəyər
verilir. Quranda təhsilə və təlim-tərbiyəyə
aid olan oxuma, yazma, qələm, əxlaq, insanın tərbiyəsi
və yetişdirilməsi ilə əlaqədar ayələrin
olması bunun sübutu sayıla bilər.
İslam dini biliyin başqaları ilə
paylaşılmasını vacib bir dəyər olaraq qəbul
edir. Hədislərin birində, biliyi bilməyənlər
arasında yaymaq ən böyük sədəqə hesab olunu.
Məhəmməd Peyğəmbərin fəaliyyətini
izləməklə dinimizdə təhsilə yüksək qiymət
verilməsinə tam əmin olmaq mümkündür. Peyğəmbər
bir hədisdə öz vəzifəsinin mahiyyətini belə
açıqlayır: "Allah məni bir müəllim olaraq
göndərmişdir". İnsanlar hələ o vaxt bir
şeylər öyrənmək üçün onun yanına
gələrdilər. O, hələ Məkkə dövründə
Darül-Əkramı bir təhsil mərkəzi olaraq istifadə
edir, təhsilin yayılması üçün yerlər
müəyyənləşdirir, ehtiyac olan yerlərə
müəllimlər göndərirdi. Hicrətdən sonra Mədinədə
həm də təhsil mərkəzi olan Məscidi Nəbəvi,
onun yanında yataqxanalı
"suffa" adlanan məktəbi
açılmışdı. Bundan başqa, Peyğəmbər
hər məhəllədə bir məscid qurdurmuş,
"Darül-Kurra" adlanan axşam məktəbi
formasında təhsil yerləri açdırmışdı.
İslam dini yayıldıqdan sonra Azərbaycanda da belə təhsil
müəssisələri açılıb. Gəncə,
Şamaxı və digər böyük şəhərlərdə
məscidlərin nəzdində məktəb və mədrəslər
yaradılıb. Məsələn, Şamaxının "Məlhəm"
mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən
biri olub. Burada dini elmlərlə yanaşı, tibb, anatomiya, əczaçılıq,
riyaziyyat, məntiq və sair öyrədilirmiş. Faktlar
göstərir ki, XVII əsrdə Azərbaycanda 1200 məktəb
və 100-dən çox mədrəsə fəaliyyət göstərirmiş.
XVII əsrin məşhur türk səyyahı Övliya
Çələbinin məlumatına görə, 1647-ci ildə
təkcə Təbrizdə 600-dən çox məktəb,
47-dən çox böyük mədrəsə mövcud olub.
Bu təhsil mərkəzləri insanların savadlanmasında
böyük rol oynayıb.
İslam dini müəllimlik peşəsinə
çox yüksək qiymət verir, vurğulanır ki,
başqalarına elm öyrətmək məqsədilə elm
öyrənən kəs Allah yolundadır. İslamda müəllimlik
o qədər yüksək və müqəddəs tutulur ki,
uca Yaradan belə, özünü müəllim
adlandırır. Məsələn, "Bəqərə"
surəsinin 31-ci ayəsində oxuyuruq: "Allah Adəmə
müəllimlik etdi. Ona elm öyrətdi". "Rəhman"
surəsində isə belə deyilir: "Allah insanlara bilmədiklərini
öyrətdi" (ayə 5).
İslam dinində müəllimliklə məşğul
olanların - təhsilverənlərin qarşısında
çox ciddi tələblər qoyulur. Belə ki, onlar hər
şeydən əvvəl yüksək əxlaqi-mənəvi
keyfiyyətlərə sahib olmalıdırlar. Müəllim
daim öz üzərində çalışmalı, oxuyub
öyrənməli, biliyini və peşə səviyyəsini
durmadan artırmalı, elmini tələbələrdən əsirgəməməli,
şagird və tələbələri ilə ədalətli
davranmalıdır. Təhsildə asanlaşdırıcı
metodlara üstünlük verməli, səbirli və
dözümlü olmalı, hirsə və şiddətə
yol verməməlidir. Peyğəmbər özü də
bilik öyrədən və bilik öyrənənlər
arasında xoş münasibəti vacib hesab etmiş, hirsə
və şiddətə qarşı olmuş, müəllimlərə
səbirli və dözümlü olmağı məsləhət
görmüşdü.
İslam dininin mənəvi sərvətləri, o
cümlədən, insanları elm öyrənməyə və
öyrətməyə, təhsil almağa təşviq etməsi
bütün zamanlarda olduğu kimi, bu gün də
aktualdır.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 23 may,№90.- S.11.