Çaparaq notar
"Amma" və "isə"... birlikdə ola
bilməz
Bəlkə də dilçi olmayanları başa
düşmək olar. Amma sırf dil mütəxəssislərinin
yazılarında qarşılaşdığımız bəzi
səhvlər təəccüb və təəssüf
doğurur. Uzun-uzadı danışıb vaxt almaq istəmirəm.
Konkret olaraq mətləbə keçmək istəyirəm:
"amma" bağlayıcısı və "isə" sözü eyni bir
cümlədə işlənə bilməz. Məsələn,
yazılarda bu tipli cümlələrə tez-tez rast gəlirik:
"Mən onu eşitməmişəm, amma o isə məni
çağırırmış".
Cümlə ya belə olmalıdır: "Mən onu
eşitməmişəm, o isə məni
çağırırmış". Və yaxud cümlə
bu cür olmalıdır: "Mən onu eşitməmişəm,
amma o, məni çağırırmış".
Sözün qısası, "amma" ilə "isə"
bir cümlədə eyni vaxtda işlənə bilməz. Ya
"isə" olmalıdır, ya da "amma" (ancaq, lakin,
fəqət).
Vəssalam.
P.S. Yeri gəlmişkən,
"isə" sözü dilçilik ədəbiyyatında
müxtəlif vaxtlarda müxtəlif cür, məsələn, "bağlama", "köməkçi
söz", "köməkçi feil", "hissəcik",
"ədat", "qarşılaşdırma
bağlayıcı" və s. adlarla ifadə olunmuşdur.
Janrlar haqqında
Ədəbi janrlar haqda çoxdan yazdığım
qeydlərdən:
"Hesab edirəm ki, nəsr (proza) ədəbiyyatın
ən aparıcı janrıdır. Ciddi
yazıçıların əsərləri getdikcə
konkret, ölçülü-biçili paradiqmalara əsaslanır
və bu mənada nəsr elmə yaxınlaşmaqdadır.
Dünyada hələ nəsrə bir maraq yaşanmaqdadır.
Tərcüməçilər reklamı olan romanları
çevirmək üçün növbəyə durublar.
Dramaturgiya isə zaman keçdikcə kino ilə
qovuşmağa üstünlük verməkdədir. Elə bu
səbəbdən də müasir tamaşalarda kino elementləri
fasiləsiz olaraq artmaqdadır. Pyesin oxucusu həmişə məhdud
sayda olub.
Poeziya bir janr kimi musiqi ilə daha çox çulğaşmaqdadır.
Poema isə artıq bir poetik janr kimi aradan
çıxmaqdadır. Əsasən bu gün musiqi bəstələnən
mətnlər öz mövcudluğunu qoruyub saxlamaqdadır.
Poeziya daha çox milli hadisədir. Elə bu səbəbdəndir
ki, bütün dünyada tərcüməçilər bu sahəyə
az diqqət yetirirlər.
Ədəbi tənqid... Bu, sırf rus "hadisəsidir".
Dünyada belə bir janr yoxdur. Əvəzində ədəbiyyatşünaslıq,
esseçilik var..."
Əlbəttə, bütün bunlar ədəbiyyat
müstəvisinə ümumi, qısa bir baxış hesab
oluna bilər.
Axı ədəbiyyat haqda yalnız fikir söyləmək
olar, hökm verməksə, olmaz...
Hamı kimi olmaq faciəsi...
Az qala, hamı hər yerdə (kimin əlinə
hansı kürsü keçirsə, orada) danışır.
Az qala, hamı kimisə ittiham edir.
Az qala, hamı hamını günahkar bilir...
Maraqlıdır, nəyə görə "təqsir
onda yox, məndədir" - deyən adama təsadüf olunmur
və ya çox az təsadüf olunur? Niyə bu
"hamının" içində özünü
günahkar bilən şəxs(iyyət)lər yox kimidir?
Yəqin bu, ondandır ki, bizdə fərdlər,
individlər, təklər azdır.
Yəqin bu, onunla bağlıdır ki, bizdə az qala
hamı elə "hamı" kimidir...
Sanki hamı bir konveyrdən, bir surətçıxarma
aparatından çıxıb.
Sanki hamı tirajlanıb.
Sanki hamı hamının "dublikatıdır".
Hamı kimi olmaq faciədir.
Hamılaşmaq bir ağır mərəzdir.
Çalışın, özünüz olun,
"hamı" kimi olmayın.
Bəlkə düz mülahizə deyil?
Şərq və Qərb
(dixotomiya)
Cozef Redyard Kiplinq (1865-1936) deyirdi ki, Şərq Şərqdir,
Qərbsə Qərbdir.
Stop.
Əslində Şərqlə Qərb arasında
Çin səddi yoxdur. Amma, ancaq, lakin və fəqət...
Arada bəzi fərqli məqamlar var.
Ötənlərdə Qərb Şərqdən
öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən
öyrənir.
Qərbdə rasionallığa, Şərqdə isə
nağılçılığa meyl güclüdür.
Qərb ağla söykənir, Şərq qəlbə.
Qərb beşiyə təzim edir, Şərqsə qəbrə.
Qərb bu günlə yaşayır, Şərqsə
dünənlə.
Qərb rasionaldır, Şərqsə irrasional.
Qərbdə şəxsiyyət güclüdür,
Şərqdə isə şəriət.
Qərb sıçrayışlarla irəliləyir,
Şərq isə inersiya ilə.
Qərbdə fərdi düşüncə
hökmrandır, Şərqdə kütləvi
düşüncə.
Qərb adamı cəmiyyətlə daha çox təmasda
olur, Şərq adamı isə daha çox təbiətlə
təması sevir.
Qərb öz keçmişindən gülərək,
Şərqsə ağlayaraq ayrılır.
Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə
daha çox dinə arxalanır.
Qərbdə soyuq rənglər, Şərqdə isti
rənglər dominantdır.
Qərbdə qanunlar, Şərqdə isə ənənələr
hökmrandır.
Qərbli gördüyünə, şərqli isə
eşitdiyinə daha çox inanır.
Qərbdə cəmiyyət, Şərqdə isə
ailə kultu güclüdür.
Qərb analizə, Şərq sintezə
üstünlük verir.
Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib
postulatlara isnad edir.
Qərbdə hiylə ağıl əlaməti kimi,
Şərqdə isə ağıl hiylə əlaməti kimi
qəbul edilir.
Qərb intellektual tələbata daha çox vəsait
ayırır, Şərq həzlərin təmin edilməsinə.
Qərbdə din daha çox mədəniyyət
elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi
kimi.
Qərbdə sadə görünən çox
şey, Şərqdə mürəkkəb təsir
bağışlayır.
Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə
isə hökmranlığın pula tabeliyi daha aydın
duyulur.
Qərb Şərqə heyrətlə, Şərq isə
Qərbə riqqətlə yanaşır.
Qərbdə istehsal, Şərqdə isə istehlak
hissi güclüdür.
Qərb savaşa sənət, Şərq sənətə
savaş kimi baxır.
Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq
Qərbdən pulla geri alır.
Vaxtilə Şərq Qərbə yürüş
etmişdi, bu gün Qərb Şərqə hücum edir.
Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran
sədlər Çin səddi qədər enli yox, olsa-olsa
Çin kağızı qədər nazikdir.
Qərbi Şərqdən fərqləndirən amillər
arasında coğrafi mühitin rolu böyükdür.
Şərq və Qərb eyni ağacın
budaqlarıdır. Budaqların birinə göyərçin
qonub, o birisinə bülbül.
02.05.2002
Genlər haqqında
Gen məsələsinə münasibət
Öz fikrimi elmi mülahizələr və şəxsi
müşahidələr kontekstində qısa şəkildə
formulə edə bilərəm; zatən bu məsələyə
münasibətdə fikir və rəy yekdilliyi olmasa belə...
Bir çoxları geni "hər şey", bəziləri
isə "boş şey" kimi təsəvvür edir. Bəribaşdan
deyim ki, hər iki baxış natamamdır. Əgər gen
"boş şey" olsaydı, nə biologiya, nə
seleksiya, nə də genetika elminə ehtiyac olardı. Yox, əgər
gen "hər şey" olsaydı, o zaman bu dünyada
heç bir elmə ehtiyac olmazdı; zira hər şey
adamların "başında" əvvəlcədən
"hazır vəziyyətdə" olacaqdı..
Bəli, cəmiyyətin, insanların həyatında
genin rolu var. Bu, inkarolunmaz faktdır. Əgər belə
olmasaydı, bəşər həyatında bu və ya digər
sahələrdə uzun əsrlər boyu davam edən
dominantlıq sıfıra bərabər olardı. Fikrimi sadə
şəkildə izah etməyə çalışım: bir
neçə nəslə mənsub olan sənət, elm,
peşə sahibləri mövcuddur. Yəni elə nəsillər
var ki, ulu baba da, baba da, ata da, övlad da... məsələn bəstəkar
(və yaxud riyaziyyatçı, kimyaçı, rəssam,
saatsaz və s.) olub. Bilirəm, bu fikrə etiraz edib müxtəlif
əsaslı arqumentlər söyləyənlər də
tapıla bilər. Belələri də haqlıdır və mən
ona görə də sözümün lap əvvəlində
qeyd etdim ki, əgər gen "hər şey" olsaydı,
bu dünyada heç bir elmə olmazdı. Axı hər bir
şəxsiyyətin yetişməsində təkcə genlər
yox, təlim, təhsil, tərbiyə, mühit mühüm rol
oynayır.
Beləliklə, genin rolu nə qədər önəmli
olsa da, bu məsələdə sosial mühit daha əsaslı
rol oynaya bilər. Bu, məsələnin birinci (qismən elmi)
tərəfi.
Keçək ikinci "tərəfə". Məsələ
burasındadır ki, "gen məsələsi" həm də
siyasi xarakterli bir nəsnədir. Belə ki, uzun illər geni
hegemon hesab edən nəzəriyyə olduğu kimi, onu inkar edən
baxış da mövcud olmuşdur.
Birinci "nəzəriyyəyə" daha çox
istinad edən siyasətçi Hitler olub. O, Nitsşenin ali irq
(maviqanlılar) haqda mülahizələrini əsas tutaraq
öz siyasi baxışlarını rasizm (irqçilik)
baxışları ilə "zənginləşdirmişdir".
İkinci nəzəriyyənin
ən alovlu tərəfdarı isə Stalin idi. Stalin genetika və
seleksiya elmini qətiyyən qəbul etmirdi, irsiyyət
haqdakı elmi mülahizələri inkar edirdi. Bu mənada
sovet siyasətinin "başbilənləri" uzun illər
irsiyyəti inkar edən Lısenko təliminə isnad ediblər
(Yeri gəlmişkən, akademik Trofim Lısenko bir müddət
Azərbaycanda, Gəncədə çalışıb).
Lısenko öz apardığı "təcrübələrə"
istinad edərək belə bir qənaətə gəlmişdi
ki, təbiətdə genlərin, irsiyyətin rolu
sıfıra bərabərdir. SSRİ-nin "baş
bağbanı Miçurin" də bu nəzəriyyənin tərəfdarı
olmuşdur.
Lısenkovşina uzun müddət sovet elmində
hegemon olmuşdur. Amma maraqlı burasıdır ki, genetikaya
qarşı müharibə edilən dövrdə də bu sahədə
tədqiqatlar davam etmişdir.
Dediyim odur ki, bu məsələnin (irsiyyətin, genlərin)
rolu konkret elmi tədqiqatlar kontekstində
araşdırılmalıdır.
Hansısa bir elm sahəsinin siyasiləşməsi isə
həm elmin, həm də siyasətin ziyanına işləyir.
Bunu tarix dəfələrlə sübut edib.
VAQİF küçəsi...
Bir məsələ məni münasibət bildirməyə
vadar etdi...
Mən yer və küçə adlarının
tez-tez dəyişdirilməsinin əleyhinəyəm.
Amma, ancaq və lakin...
İki görkəmli yazıçımız bir
neçə əsəri müştərək yazıb.
Onların birgə yazdığı povest və ssenari -
"Uzaq sahillərdə" isə daha məşhurdur.
Söhbətin yəqin ki, kimdən getdiyini bildiniz. Bəli, səhv
etmirsiz, İmran Qasımov və Həsən Seyidbəyli bizim
sevilən ədiblərimizdir. Amma indiki halda söhbət bu
iki istedadlı qələm adamının
yaradıcılığından getmir...
Bu günlərdə yolum "Nəsimi bazarı"
(heç şairin də bazarı olar?) deyilən yerə
düşmüşdü. Vaxtilə özüm də həmin
ərazidə yaşamışam. Baxdım gördüm ki,
geniş, yaraşıqlı küçələrdən biri
yazıçı İmran Qasımovun adını
daşıyir. Bir az aşağıda isə paralel bir
küçə... Vaqif küçəsi. Öz-özümə
düşündüm: olmaz ki, bir neçə əsərin həmmüəllifi
olan bu iki yazıçının adını daşıyan
küçələr də paralel olsun?
Məsələ təkcə bunda da deyil. Məsələ
həm də burasındadır ki, vaxtilə Vaqifin
adını daşıyan küçə "Baksovetdən"
bir az yuxarıda, Az.Tv-dən bir az aşağıda idi və
həmin məşhur küçədə
"yazıçıların evi" deyilən bina yerləşirdi
- səhv etmirəmsə, ünvan Vaqif-30 idi. Sonralar sovetin
çökməyə başladığı dövrdə
Vaqifin adı oradan götürüldü və həmin
küçə mərhum yazıçının Baksovetdə
işləyən oğlunun təşəbbüsü ilə
oldu Həsən Seyidbəyli küçəsi.
Bu, yaxşı ənənə deyil.
Bizcə, Vaqifin adını yenə "yerinə
qaytarmaq" lazımdır.
Olmaz ki, bir neçə əsərin həmmüəllifi
olan iki gözəl yazıçının - İmran
Qasımovla Həsən Seyidbəyli adını
daşıyan küçələr paralel olsun?
P.S. Həsən Seyidbəylinin nəvəsi də gənc
yazıçıdır və babasının
ad-soyadını daşıyır. Çox sevindirici
haldır.
19.02.12
Kimə necə müraciət etməli?
"Əttökən" xitablar...
Qocamanlara da, ağsaqqallara da hörmətim,
sayğım böyükdür. Amma düzünü deyim ki,
adamlara müraciətən deyilən "ay ağsaqqal" (və
ya "kişi", "ay qoca", "dayday") müraciətlərindən
şəxsən mənim fərdi qaydada heç xoşum gəlmir.
Yəqin ki, qadınlar da "ay arvad",
"xala", "nənə", "ağız",
"bibi" müraciətini yaxşı
qarşılamırlar.
P.S. Nədənsə bizdə vahid müraciət
formasının zəruriliyi ortaya gələndə hər
ağızdan bir avaz gəlir. Halbuki az qala bütün millətlərdə,
xalqlarda vahid müraciət qaydası var. Ki yəni hər cinsə
və hər yaşa malik olan adamlara konkret şəkildə
müraciət etmək formaları mövcuddur.
Firuz MUSTAFA
525-ci qəzet.- 2024.- 23 may,№90.- S.10.