Limana göz vuran pəncərəni
döyəcləyir Qərb küləyi.
Masada kəklikotulu çay,
Şərq mürəbbəsi,
bir də yorulmaq bilməyən
bir şərqlinin nəfəsi...
Gözəl mənzərədir, elə deyilmi?!
- Ey cənublu rəssam,
bu şeirin rəsmini çək,
içində şimallı sevgilim də olsun,
qoy sevincdən
mavi gözləri dolsun,
baxışlarından sevinc əskik olmasın...
Amma sən onu
Mütləq
Qütb ulduzunun ahəngində çək...
Çək...
...mənimsə çayım soyuyur,
yol çəkən gözlərim yorulub,
artıq uyuyur...
lll
Coşub dənizin dalğası
iştahayla öpür qumlu sahili...
Ay - tənhalıqdan şikayətçi...
Ay...
...Onun da dünyada yox bir kimsəsi...
lll
Gəmilər lövbər atdı gecənin səssizliyinə,
Gəmilər əldən-ayaqdan
düşmüş...
Ay payıza elə qarışıb ki,
şeir yaradır laylay əvəzinə...
Dəniz gözlərin qədər gözəl,
Gözlərin qədər dərin...
Baxır və...
həsrətdən yol çəkir...
Uzun... uzun...
lll
İtər gözlərdən aldanmış adamlar,
itər xatirələrdən,
itər tənginəfəs gecələrdən.
İtər sən itdiyin kimi...
Yaxşı, de görüm,
İndi hardasan?...
lll
Soyuducuda bir qədəhlik şərab,
bir də yarım çiy toyuq
o da payız qədər tənha, soyuq...
Amma otağımda
şənbə gecəsinin payı, sovqatı,
dodağı cinas bayatı,
bir də gecə pərisi...
Aləmi yandırıb yaxacaq
bir eşq dəlisi...
Sənin şərəfinə, şənbə
qonağı,
Mən sənin şərəfinə
gəldim.
lll
Ulduzları saymayın,
yuxuları yozmayın,
rahat buraxın yuxuları.
Yuxular yozulduqca,
dünya pozulduqca
gündən-günə ələnir
təqvim...
Fəsillər keçməsə də...
lll
Mart günəşinin hərarətinə köklənib
torağayın nəğməsi.
Bu gün bayramın son çərşənbəsi.
Uçmaq istəyirəm misralarda,
Ayaqyalın, başıaçıq.
Misralar şəkərbura dadında...
Uçub buludlara papaq atmaq,
o mavi masa arxasında
ayaqyalın, başı açıq
Tanrı ərmağanını dadmaq...
- Tələs, pəncərəni aç,
göy üzünə bax.
Bax, oğrun baxışlarla yola sal məni.
Uçdum, darıxma, qayıdacağam...
Qayıtmasam da...
Qoy indidən deyim:
Bayramın mübarək...
Əzizim...
lll
Sarışın Ay
gecəyarısı mahnı oxuyan zaman
gecə yeni nağıla başlayar
yorğun durna qanadında...
Sarışın Ay
gözdən, könüldən itəndə
göydən bir ulduz düşər
sürgündəki hücrəyə...
lll
Payız ovqatı
- ilk ibadətdi...
İlk öpüş
çilələrdən yük atmaqdı.
Halbuki yarpaqlar
Payızdan deyil, dərddən saralar...
lll
Görüşə çıxmışam bu gün
qızla deyil,
Yağışla...
Görüşə çıxmışam
Günəşi taxıb yaxama...
Nazim ŞAH
525-ci qəzet.- 2024.- 24 may,№91.- S.14.