Ürəkdə sevgilər

 

Yatmağa tələsmir Ay da bu gecə,

Hava da ətrinə yovşan qatıbdı.

Mənimlə yol gələn sevgim gizlicə

Gecənin köksünə kəmənd atıbdı.

 

Bu həsrət qızışıb nədən söz açır?

Əlindən iş gəlmir, küydən savayı.

Gecənin gözündən yuxusu qaçır,

Suçlayır çiçəyi, gülü havayı.

 

Hər görüş, hər baxış savab, qənimət,

Şirin arzuların gözü, könlü tox.

Ürəkdə sevgilər gurtlayır, fəqət

Halalına haram qatan halı yox.

 

Yatmağa tələsmir Ay da bu gecə,

Hava da ətrinə yovşan qatıbdı.

Mənimlə yol gələn sevgim gizlicə

Gecənin köksünə kəmənd atıbdı...

 

 

...İş başında

 

Sükut çapır atını,

İçi yanır yaşın da.

Eşir qazan altını

Həsrətlər iş başında...

 

Yuxu yatmır tək səbir,

Nalbəndi yox atların.

Çiçəkləmir boş qəbir,

Rəngi solur otların.

 

Bayatı da ovutmur

Ovcunda nəm havanın.

Ayaqları yer tutmur

Qurtarsa da davanın.

 

Sükut çapır atını,

Gözü yaşdı daşın da.

Eşir qazan altını

Həsrətlər iş başında...

 

 

Bu torpağın

 

Hər sevincin öz işığı, öz şamı,

Bu torpağın yoxdur qədir-qiyməti.

Ay-ulduzlar gecələrin, axşamın,

Alın təri bu torpağın sərvəti...

 

Çal-çağırlar mat eyləmir tək məni,

Yolçuların əllərində tər çiçək

Dil biləndi bənövşəsi, süsəni,

Bu yerlərə bir də qayıdam gərək.

 

Buludunun sovqatı da bir inci,

Qurda-quşa sıxınacaq - meşələr.

Səhər şehi kol-kosların muncuğu,

Göz yaşıtək dumdurudu çeşmələr.

 

Can dərmanı - yemlikotu, qulançar,

Günəş gülür gözlərində güllərin.

Burda haqqa çatmaq olar - bir şərt var:

Halallıqdan üzülməsin əllərin.

 

Hər sevincin öz işığı, öz şamı,

Bu torpağın yoxdur qədir-qiyməti.

Ay-ulduzlar gecələrin, axşamın,

Alın təri bu torpağın sərvəti...

 

 

Təkliyin

 

 

Kirpiklərdən üzülər,

muncuq-muncuq düzülər,

bükülüb dərdlərinə

öz içinə süzülər

təkliyin.

 

Susayan yarpaqlar

budağından düşər,

əsən külək taqətdən.

İt itliyindən bezməz,

köləlik itaətdən.

 

Təkliyin içində

təklik özü təkləyir təki,

Haqqa sığınan təkin

kürəyində təkin əli,

təki!..

 

Sevənlərə...

 

Sevənlərə yaşın-zadın fərqi nə?

Yaşda deyil, vallah, ağıl başdadı.

Çönüb baxmır həsrət, vüsal fərqinə

Leyli, Məcnun hələ sevən yaşdadı.

 

Külək olub yaşamadım həyatda,

Əylənməyə künc-bucaq da gəzmədim.

Keçməsə də günüm kefdə, büsatda

Məhəbbətin duz yükündən bezmədim.

 

Şirin ağız, yumşaq damaq, haqq dadı

Sevgi, sevinc bir ömürün zinəti.

Leylilərin, Məcnunların haqqıdı,

Sevə-sevə qocalmağın ləzzəti.

 

 

Nə can qalır, nə canda bir heyimiz,

Araz axır dibi dolu lililən.

Heç sahilə çıxartmayır beynimiz,

Varmı eşqi Füzulidən baş bilən?!

 

Bir ömürçün yaşın-zadın fərqi nə?

Yaşda deyil, billah, ağıl başdadı.

Sevən varmır heç vaxt yaşın fərqinə,

Leyli, Məcnun yenə həmən yaşdadı.

 

Ramiz ORSƏR

525-ci qəzet.- 2024.- 24 may,№91.- S.14.