O ağ işıq
taleyindən tumardı...
Bu günlərdə 80 yaşı tamam olan
tanınmış yazıçı-publisist Qədir Aslan
haqqında kitaba ön söz əvəzi
Möhsümə telefonda deyirəm ki, 4-5 arası gedəcəm
sizə.
- Namiqin telefonunu göndərmişəm də sənə?
- Hə, - deyirəm.
- Çətinlik olsa, yolu tapmasan, zəng elə.
- Bəlkə deyim, mənə "məkan"ı
göndərsin?
- Özüm indi göndərərəm. Sən get,
Namiq də işdən çıxıb gələcək, -
deyir.
Heç 5-10 saniyə çəkmir, Möhsüm
Kiyevdən "Gənclik"dəki qardaşı evinin yeriylə
bağlı bildirişi göndərir. Texnologiya indi hər
şeyi asanlaşdırıb və mənim Kiyevi məxsusi
qeyd eləməyimin yalnız bir səbəbi var,
Möhsüm hansı coğrafiyada olur-olsun, fikri həmişə
ailəsinin, qohum-qardaşının, dostlarının, Vətəninin
yanında olub və biz əslində onu heç vaxt kənarda
bilməmişik. İndi artıq qəzetçi,
televiziyaçı mühitində hamının yaxşı
tanıdığı Möhsüm Aslanovla eyni dövrdə,
o qarışıq, çətin 90-cı illərdə Bakı
Dövlət Universitetində oxumuşuq. Sonradan
tanışlıq münasibətlərimizin dostluğa
çevrilməsinin səbəbkarı Rafiq Həşimov
olub. Qısa bir müddət AzTV-də bir yerdə də
işlədik.
Sonra Möhsüm həyatını Kiyevlə
bağladı. Jurnalist, xüsusi müxbir və Dövlət
Televiziyasının "Ukrayna və Şərqi Avropa ölkələri
üzrə müxbir postu"nun rəhbəri oldu. Cari
telejurnalist işi öz yerində, o qədər böyük
və başqa işlər gördü ki, Möhsüm. Azərbaycan
naminə, Azərbaycanın maraqları naminə yüzlərlə
layihənin - tədbirlərin, mitinqlərin, ədəbiyyat və
mədəniyyət günlərinin, nəşr olunan
kitabların, keçirilən sərgilərin, filmlərin ərsəyə
gəlməsində birbaşa iştirakı, dəstəyi
oldu. İmkanlarını, əlaqələrini ölkəsindən,
dostlarından müzayiqə eləmədi. Nə qədər
xəstələrin müalicəsinə, nə qədər dərmanların
alınmasına, nə qədər vacib insanların
görüşlərinə səy etdi. Harda oldusa, Vətənini
də özüylə apardı, özü qədər, qəlbi
qədər. Çünki Qədir əminin oğluydu. Qərbi
Azərbaycanın yorulmaz salnaməçisi, məqamları
uca olsun, əziz şəhidlərimizin həyat tarixçələrinin
yorulmaz araşdırıcısı, Azərbaycan tarixinin bir
çox faciələrini öz canında hiss edən
yazıçı-publisist, jurnalist Qədir Aslanın.
İndi maşında, onun böyük qardaşı
Namiqin evinə gedə-gedə, xatırlayıram ki, düz 27
il əvvəl, 1997-ci ilin fevralında Rafiq mənə dedi ki,
Möhsümün atası Qədir əminin kitabı
çapa hazırlanır, onun dizaynına kömək etmək
lazımdır.
Kitab çap olundu və bu iş həm də mənim
tanınmış jurnalist, yazıçı-publisist Qədir
Aslanın bioqrafiyası və yaradıcılığı ilə
ilk əsaslı tanışlığım oldu.
Görünür, heç nə elə-belə deyilmiş,
indi Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
"Qızıl Qələm" mükafatı laureatı,
Türkiyə, Ukrayna, Moldova, Belorus, Özbəkistan və
başqa bir çox ölkələrdə fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının,
həmin ölkələrin bir çox rəsmi
qurumlarının nüfuzlu ödülləri, diplomları ilə
təltif olunmuş Qədir Aslanın 80 illik "hesabat
kitabı"nı hazırlamalıyam (Möhsümün bu təklifini
böyük məmnuniyyətlə qəbul etdim və bunu
özüm üçün şərəf bildim), bu yol, sən
demə, mənim üçün 27 il əvvəl
başlayıb.
Qədir Aslanın 80 illik ömrünün "hesabat
kitabı" isə, necə deyərlər, "janrın tələblərinə
uyğun" olaraq düşünülüb. Əsasən
onun şəxsiyyəti və 54 illik fədakar, zəhmətkeş,
vətənsevər jurnalist, yazıçı-publisist fəaliyyəti
barədə görkəmli alim və
yazıçılarımızın, millət vəkilləri
və ictimai xadimlərin, naşir və jurnalistlərin, bir
sözlə, onu yaxından tanıyan insanların
danışdıqları, bəzən kitablarına
"ön söz", bəzən isə təbrik kimi məxsusi
yazdıqları məqalə və yazılardan ibarətdir; o
yazıların kiçik bir qismi daha əvvəl çap
olunub. Həmçinin hörmətli oxucular daha yaxşı
tanısınlar və bilsinlər deyə onun ilk və
sonrakı qələm təcrübələrindən bəzi
nümunələr, ömrünün müxtəlif dövrlərini
əks etdirən fotolar, diplomlar da kitaba daxil edilib.
Bəzi dəqiqləşdirmələr
üçün növbəti dəfə Qədir əmi ilə
görüşməliyik, odur ki, 33 ildi
tanıdığım oğlu, dostum Möhsümün vasitəsi
ilə həmin görüşə gedir, mənzil
başına çatıram.
Sürücüyə ünvanı unutmamağı,
saat səkkiz, doqquzun yarısında gəlməyi
tapşırıram. Darvazanın ağzında Bakir
qarşılayır məni, Qədir əminin ortancıl
oğlu. Ciddiyyəti və mülayimliyi sanki dərində,
bilərəkdən gizlənmiş Bakir; səbəbi ilə
bağlı sonradan bu qənaətə gələcəkdim:
Bakir hüquq-mühafizə orqanlarında işləyir,
polisdir deyə şəxsi emosiyalarını daim "nəzarətdə
saxlamaq", görünür ki, peşəkar vərdişidi.
Elə çöldəcə söhbət edirik, eyni zamanda
siqaretimi çəkib bitirirəm. Həmin qısa söhbətdə
Bakirlə bağlı daha bir qənaətim də
formalaşır: ədalət hissi, ata "kultu"
güclüdür.
Qədir əmini çox gözlətmək olmaz,
içəri keçirik.
Gəlişimin əsas məqsədi kitab
üçün şəkil seçmək, "şəkilaltı
yazıları" qeyd eləməkdi. Həmişəki kimi
səliqəli, təmiz geyimli, kübar, ləngərli
davranışlı və gözlərinin dərinliyindən
sonsuz mehribanlıq yağan, ağsaçlı Qədir əmiylə
üz-üzəyik: "Xoş gəlmisən, qadan
alım".
Qucaqlaşıb görüşürük.
- Bir çay iç hələ, - başının
ustufca hərəkəti ilə Bakirə "göstəriş"
verir, Bakir də zabit hazırlığı ilə "əmri"
ötürür.
- Narahat olmayın, Qədir əmi, içərik,
çay qaçmır ki... Şəkilləri
hazırlamısız?
- Narahat deyiləm, qadan alım. Öz evindi. Rafiq də
burda çox olub.
- Hə, bilirəm.
- Çay iç, çay iç. İndilərdə
Namiq də gələcək. Bir yerdə yemək də yeyəcəyik.
Çay içə-içə bir gözümlə
şəkillərə baxır, həm də Qədir əminin
şəkillərdə həkk olunmuş, fotonun əbədiyyətin
pəncəsindən qoparıb saxladığı anlara -
ömrün şövqlə yaşanmış
parçalarına yenə də şövqlə necə
baxdığını gözdən qoymamağa
çalışıram. İki fərqli şəkil diqqətimi
çəkir. Birində gəncdi. Hər ikisində qarmonu sinəsinə
basıb.
- Qarmon çaldığınızı bilmirdim...
- Göyçəli olub musiqini sevməmək
mümkün deyil. Xalq mahnıları, saz havaları bizim
qanımızdadı. Qarmonu uşaqlıqdan çalıram.
Sonradan çox dadıma yetdi. Qarmon ağır, dərdli, elə
sevincli günlərimin də ən sadiq yoldaşı olub. Dindirməsən,
dinməyib. Dindirəndə də ürəyini oxuyub, ürəyincə
danışıb. Şirmayı dilləri çox ovudub məni.
- Kəndinizi necə xatırlayırsız?
- Mən Göyçə mahalının Basarkeçər
rayonunun Nərimanlı kəndində anadan olmuşam. Kəndimiz
Nəriman Nərimanovun adını daşıyırdı.
Əvvəlki adı Əliquluağalı idi. El arasında,
Göyçə mahalında bizim kəndi Göyçənin
akademiyası adlandırırdılar. Neçə-neçə
savadlı insanlar, professorlar çıxmışdı - Səfiyar
Musayev, Qurban Bayramov, Maksim Musayev, Talıb Musayev, Qəmbər
Bayramov, Yusif Bayramov, Maqsud Cəlilov, Rasim Məmmədov,
akademik Nuru Bayramov. 200 nəfər Tibb Universitetinin müxtəlif
fakültələrini bitirmişdi. Başqa sahələrdə
də irəlidə olanlar vardı: Əməkdar incəsənət
xadimi, aşıq İslam Yusifov, şair Bəhmən, Xəstə
Bayraməli, Maşallah, aşıq Fətulla Alıyev. Bir
neçə il əvvəl Fətulla Alıyev Prezidentin sərəncamı
ilə Əməkdar mədəniyyət işçisi fəxri
adına layiq görüldü. Gəncə Aşıqlar
Birliyinin rəhbəridir. Kəndimizdən olan
tanınmışları sadalamaqla qurtarmaz. Kənddə 480 ev
var idi. Hər ailədə 8, 10, 12 uşaq. Demək olar ki,
hamısı çoxuşaqlı ailələr idi. Bizim kənddən
dünyada yoxdu. Dağlarla əhatə olunmuşdu. Kəlbəcərə
yaxın idi. Bir tərəfdən də Göyçə
gölünə yaxın idi. Bağ-bağat, hamının həyətində
meyvə ağacları, gül-çiçək, bir sözlə,
cənnət bir guşə idi.
- Atanızdan danışın. Kim idi? Neçə
uşaq idilər?
- Atam Təyyar kişi İkinci Dünya müharibəsi
iştirakçısı idi. O, xüsusilə Moskva ətrafında
gedən döyüşlərdə yaxından iştirak eləyib,
orden-medallara layiq görülmüşdü. Dörd
qardaş olublar. Əmilərimin hamısı müharibədə
iştirak edib, sağ-salamat da qayıdıblar. Kiçik əmim
Əvəz Aslanov "Poçetnıy qrajdanin Leninqrada"
("Leninqradın fəxri vətəndaşı") olub.-
Atanız təhsilli adam idi?
- O, İrəvan Kənd Təsərrüfatı
Texnikumunu bitirmişdi.
- Baytardı, ya aqronom?
- Aqronomdu.
- Siz ailədə neçə uşaq idiniz?
- Dörd qardaş, iki bacı. Eldar, Eyyub, Yavər.
Bacılarımız da Elmira, Leyla.
- Qədir müəllim, ananız haqqında
danışın, Allah rəhmət eləsin, Zümrüd
xanımı necə xatırlayırsız?
- Bakıda vəfat elədi anam... (susur)... Bir hadisə
danışım sizə. Mənə də
danışıblar, özüm xatırlamıram. Çətin
vaxtlardı, çörək tapılmırmış,
qonşuda bir imkanlı adam çörək bişirirmiş,
bilmirəm anam nəyə görəsə ora gedib, məni də
kürəyinə şəlləyibmiş. Qonşu
çörəkdən bir xeyli kəsib anama verir, ancaq
baxır ki, anam çörəyi yemir, qoltuğunun altına
qoyur. Soruşur ki, ay Zümrüd, sən çörəyi
niyə yemədin? Anam da deyir ki, Qədirə saxlayıram,
acanda verəcəm. Sonra ona ayrı bir çörək də
verirlər, deyirlər, bu da Qədirin payı. Anadı da...
(gözləri dolur)... Belə idi mənim anam. Uzun illər
rayon yerində, kənd yerində, kolxozda heyvandarlıq sahəsində
sağıcı işləyib. Bizdə
tütünçülük də var idi,
tütünçü olub. Həmişə zəhmət
çəkib. Atamla çiyin-çiyinə
çalışıb. Bakıya gələnə qədər
işləyirdi. Yay olanda da mal-heyvanı götürüb
gedirdik Kəlbəcər tərəfə, yaylağa çıxırdıq.
Yaxşı yaylaqlarımız var idi. Avqustun axırında
mal-heyvanatla, yaxşı məhsulla geri qayıdırdıq.
- Siz evdə böyük uşaq olmusuz?
- Xeyr, məndən böyük uşaq körpə ikən
tələf olub.
- Məktəbi kənddə oxumusuz?
- Bəli. Nərimanlı kənd orta məktəbində.
- Onillik idi?
- Bəli. Hətta qonşu kəndlərdən gəlib
bizim məktəbdə oxuyurdular ki, oranı qurtaranda mütləq
ali məktəbə daxil olsunlar.
- Qardaş-bacılarınız təhsil alıb?
- Bəli. Hamısı ali təhsil alıb. Rəhmətə
gedən qardaşım həm Bakı Dövlət
Universitetini, həm də Ali Partiya Məktəbini
bitirmişdi. Mən özüm Jurnalistika fakültəsini,
bir qardaşım Xalq Təsərrüfatı İnstitutunu,
kiçik qardaşım da Bakı Dövlət Universitetinin
Filologiya fakültəsini bitirmişdi.
- Siz Bakıda təhsil almısız?
- Bəli, Bakı Dövlət Universitetində.
- Deməli, orta məktəbi bitirən kimi Bakıya gəlmisiz.
Sonra təzədən kəndə qayıtmısız, yoxsa
Bakıda qalmısız?
- Xeyr, rayona qayıtmışam. Rayon komsomol komitəsində
təşkilat şöbəsinin müdiri işləmişəm.
- Hansı rayonda?
- Basarkeçər rayonunda. Ermənilər son illər
oranın adını dəyişib Vardenis eləmişdilər.
Prezident İlham Əliyev Kəlbəcərə gedəndə
əli ilə oranı göstərib dedi ki, Basarkeçərin
adını Vardenis qoyublar.
- Deməli, siz raykom komsomolda (rayon komsomol komitəsində)
işləmisiz...
- İki il yarım raykom komsomolda təşkilat
şöbəsinin müdiri, sonra iyirmi il fasiləsiz olaraq
"Bolluq uğrunda" rayon qəzetində əvvəlcə
ədəbi işçi, sonra kənd təsərrüfatı
şöbəsinin müdiri, məsul katib vəzifələrində
işlədim. Sonralar ermənilər qəzetin də
adını dəyişib "Vardenis" eləmişdilər.-
Həftəlik qəzet idi?
- Xeyr, həftədə üç dəfə
çıxırdı. Hətta yeganə mətbuat
işçisi oldum ki, işlədiyim müddətdə
SSRİ Jurnalistlər İttifaqının üzvü
seçildim.
- Neçənci ildə?
- 1974-cü ilin avqust ayında.
- Qərbi Azərbaycandan neçənci ildə gəlmisiz?
- 1988-ci il hadisələri başlayan kimi.
- O illər ermənilərlə aranızdakı
münasibətləri necə xatırlayırsız? Zəhmət
olmasa, bu barədə danışın.
- Qeyd edim ki, uzun illər bizim rayonda partiya komitəsinin
birinci katibi azərbaycanlılar olub. Bir vaxtlar Talıb Musayev
var idi, Maqsudun atası. Uzun illər bizim rayon partiya komitəsinin
katibi olub. Sonra Yunis Rzayev. O, sonralar dövlət
üzümçülük və şərabçılıq
komitəsinin sədri vəzifəsində işlədi. Ona
görə ermənilər qorxularından qınından
çıxa bilmirdilər. Amma ermənilər bicdi,
imkanları olmayanda düşmənçiliyi altdan-altdan
edirdilər. İyirmi il qəzetdə işlədiyim müddətdə,
komsomolda işlədiyim vaxtda gənc olsam da, erməni xəyanətini
həmişə hiss eləyirdim.
- Məsələn, nədən hiss eləyirdiz?
- Bax, tutalım, gənc kadrlar var idi, hamısı ali
məktəbi qurtarıb öz doğma kəndlərinə,
rayonlarına dönürdülər, onları get-gələ
salırdılar, iş vermirdilər, rəhbər vəzifələrə
təyin eləmirdilər. Bizi
sıxışdırırdılar ki, çıxıb gedək,
Azərbaycana qayıdaq. Ümumiyyətlə, bu fərq adicə
təminatda belə özünü göstərirdi. Məsələn,
sovetin vaxtında nə gəlirdi, erməni kəndlərinə
verirdilər, ərzağı beşqat verirdilər, ancaq Azərbaycan
kəndlərinə zornan, özü də hər şeyi
çox az verirdilər, kəsirdilər. Hər yerdə
camaatın qarşısına sədd çəkirdilər.
İki faktı deyim. Əslində bu, mənim kitablarımda
da var. Günlərin bir günü bizim görkəmli onkoloq
həkim Əhliman Əmiraslanovun atasını - Tapdıq
müəllimi (o, bizim maarif şöbəsinin müdiri idi)
muştuluqladım, dedim ki, Moskva radiosu Sov.KP MK-nın plenumu
barədə xəbər verdi, plenumda Heydər Əliyev Siyasi
Büroya üzv seçildi. Otaqlara girib iş
yoldaşlarımın, azərbaycanlıların
hamısını bir-bir muştuluqladım. Tapdıq müəllim
də tez telefonu götürüb Bakını sifariş elədi,
Səfyar Musayevlə danışdı: "Ə, bu
"komsomol" (mənə komsomoldan gəldiyim
üçün "komsomol" deyərdi) belə bir söz
danışır, düzdür?" Səfyar müəllim xəbəri
təsdiqləmişdi. O da gəlib mənim üzümdən
öpdü. Bu xəbər bütöv rayona, hər yerə
yayıldı. Mən ondan sonra yarım saatlığa iş
yerini tərk edib poçta getdim, Heydər Əliyevə təbrik
teleqramı vurdum. "Uvedomleniya" ilə
(çatdırılma xəbərdarlığı ilə), mənə
cavab da gəldi. Bütün rayona səs yayıldı ki, qəzetin
əməkdaşı Heydər Əliyevə teleqram vurub,
cavab gəlib. O vaxt hər il Ali Partiya Məktəbinə iki nəfər
göndərirdilər, biri azərbaycanlı, biri erməni. Mən
də rayonda təsdiq olunmuşdum, sentyabr ayında gedəsi
idim. Bu teleqrama görə mənim işimi burdular, getməyə
qoymadılar, yerimə də erməni göndərdilər.
- Deyəsən, bu barədə oxumuşam...
Əfşan Məmmədin "Göyçənin tərlanı"
kitabında var bu barədə.
- Elədi, qadan alım. Geniş yazıb. Ürəknən.
O kitab 2006-cı ildə çap olunub. "Nurlan" nəşriyyatında.
Təkrar Qədir müəllimin bu təfərrüatçı
yaddaşı məni təəccübləndirir.
- Maraqlıdır, maraqlıdır, davam eləyin Qədir
əmi.
- Bir hadisəni də xatırladım. Rayon mərkəzində
1 nömrəli erməni məktəbi var idi. Orada rus dili
müəlliməsi işləyən bir rus qadın vardı,
azərbaycanlıların xətrini istəyirdi. Bir gün mənə
zəng elədi ki, səninlə işim var, görüşməliyik,
onların içində, telefon ilə danışa bilmirəm.
Məktəbə yaxın, univermağın yanında
görüşdük, dedi ki, bizim məktəbdə Siyasi
Büro üzvlərinin şəkilləri olan böyük
bir lövhə var. İki gündür Heydər Əliyev
Siyasi Büronun üzvü seçilib, ancaq baxıram,
lövhədə şəkli yoxdur. Siz qəzetdə işləyirsiz,
gedin redaktora deyin. Amma mənim söylədiyimi bilməsinlər,
yoxsa məni doğrayarlar. Müəllimənin dediklərini
redaktora söylədim. Baş redaktor Yunus Abdullayev idi. O, məktəb
direktorunu çağırıb dedi ki, belə bir şey
eşitmişəm, sabah mən qəzetin əməkdaşını
göndərəcəyəm, sən belə qələt eləmə,
bilsələr, səni işdən də çıxardarlar,
partiyadan da. Səhəri günü məni o məktəbə
göndərdi, getdim baxdım, gördüm ki, Heydər
Əliyevin şəklini lövhədən asıblar. Məni
də hörmətlə yola saldılar. Gəldim dedim ki, haqq-ədalət
bərpa olundu
Qədir əmi haqqında oxuduqlarımdan bəzi
şeyləri də xatırlayıram. Onun
hazırladığı ardıcıl felyetonlara görə xəstəxananın
baş həkimi, milliyyətcə erməni olan şəxs vəzifəsindən
uzaqlaşdırılmış, töhmətlə cəzalandırılmış,
xüsusən azərbaycanlılara münasibətdə qiymət
pozğunluğuna görə univermağın direktoru Samuel
Madoyan işini tərk etməli olubmuş. Deyilənə
görə, onun məhz bu cür mövqeyinə görə
acıqlı olan ermənilər 1988-ci ildə jurnalist Qədir
Aslanova sui-qəsd də hazırlayıbmışlar. Xoşbəxtlikdən
bu qurğu mümkün olmamışdı...
- Bəs Bakıya gələndən sonra ancaq
"Respublika" qəzetində işlədiz?
- Bura gələndə on il "İşıq" nəşriyyatında
redaktor vəzifəsində işlədim.
- O nəşriyyat, deyəsən, "Malakan"
bağında yerləşirdi.
- Bəli. Yazıçı Qılman İsmayılov
bizim redaktor, Səfalı redaktorun müavini idi. On il orada
işlədikdən sonra, 2001-ci ilin noyabr ayında Teymur
Əhmədov məni "Respublika" qəzetinə dəvət
elədi. O vaxt Heydər Əliyevin təşəbbüsü
ilə Dünya Azərbaycanlılarının Qurultayı
keçirilirdi. Mən də qurultayda iştirak elədim.
Qayıtdıqdan sonra qəzetdə diaspor şöbəsi
yaradıldı və məni həmin şöbəyə rəhbər
təyin elədilər. O vaxtdan bu vaxta qədər qəzetdə
şöbə müdiriyəm.
(Ardı var)
Səlim BABULLAOĞLU
525-ci qəzet.- 2024.- 24 may,№91.- S.12-13.