Fənn kurikulumlarındakı yenilik və təkmilləşdirmələr nə vəd edir?

 

2021-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı və buna uyğun olaraq elm və təhsil nazirinin əmrinə əsasən, ümumtəhsil müəssisələrində tədris edilən fənn kurikulumları yenilənir. İlk növbədə proses təbiət fənləri və riyaziyyatdan başladılıb. Artıq bir neçə fənn üzrə kurikulumlar hazırdır və bu ilin fevral ayında nazirin əmri ilə təsdiq edilib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov deyir ki, hazırda təkmilləşdirilmiş 4 fənn kurikulumu - riyaziyyat, kimya, biologiya, həyat bilgisi fənn kurikulumları, o cümlədən, yeni yazılmış fənn kurikulumu elm və təhsil nazirinin əmrilə təsdiq olunub. 2024-2025-ci tədris ilindən etibarən riyaziyyat I-V siniflərdə,  kimya və biologiya VII sinifdə, təbiət V-VI siniflərdə, həyat bilgisi I-II siniflərdə tətbiq ediləcək: "Zaman dəyişir, elm və texnologiya sürətlə inkişaf edir. Dərsliklər, müəllimlər, məktəblər bu prosesə hazır olmalıdır. Bu hazırlığı ilk növbədə təhsil proqramları və standartları təmin edir. 2013-cü ildən təsdiq edilən fənn kurikulumları üçün dəyişikliyin vaxtı idi. Yəni bu təkmilləşdirmə 10 il sonra həyata keçirilir. Düşünürük ki, 10 il dəyişiklik üçün kifayət qədər uzun müddətdir və təhsil proqramlarının yenilənməsi bu qədər uzun çəkməməlidir. Cəmiyyətin buna hazır olmadığını, tətbiqinin hələ tez olduğunu düşündüyümüzdən bəzi dəyişiklikləri etmədik. Bunları növbəti mərhələdə həyata keçirməyi planlaşdırırıq".

Onun sözlərinə görə, təkmilləşdirmə prosesində əsas hədəflərdən biri, ümumiyyətlə, kurikulumun mənimsənilməsini asanlaşdırmaq oldu: "Kurikulum" sözünə qarşı cəmiyyətdə formalaşan mənfi rəyi dəyişməyə çalışdıq. Ona görə də ilk hədəf kurikulum istifadəçiləridir. Çalışdıq ki, kurikulumlar fənni tədris edən müəllim və dərslikləri hazırlayan müəlliflər üçün faydalı olsun. İkinci hədəf təhsil proqramlarının istifadəçiyönümlü olması idi və bu məqsədlə həcmin ciddi şəkildə optimallaşdırılmasına gedilib. Ümumi yazılan cümlələr vardı, biz onları ixtisar etdik, məzmunu konkretləşdirdik. Təhsil cəmiyyətinin, xüsusən müəllimlərin aşina olduğu məqamlar vardı, hesab etdik ki, onları ixtisar etsək də olar.  Anlaşılmaz olmasın deyə sənədin strukturu sadələşdirilib. 100-dən artıq səhifəsi olan proqramlar 55 səhifəyə düşüb. Lakin ümumi səhifələrin sayı azalsa da, məzmuna ayrılan hissə artıb. Əsas həcmi standartların düzgün anlaşılmasına ayırdıq. Bu da yuxarıda qeyd etdiyimiz anlaşılırlığı artırmaq məqsədi ilə edilib, yəni faydalı artımdır. Belə ki, bu hissədə həcm artsa da, məzmun yumşalıb, xüsusən, alt standartlar aydınlaşıb. Bəzi siniflərdə bəzi məzmun xətləri üzrə standartlar artıq yoxdur. Məsələn, müəllimlər üçün xüsusilə maraqlı olacaq bir nümunə deyim. Riyaziyyatın tədrisi ibtidai təhsil səviyyəsində 5 məzmun xətti ilə başlayır. Ümumi orta təhsil səviyyəsində məzmun xətti 4-ə enir. Burada ölçmə məzmun xəttinə aid standart artıq yoxdur. Halbuki 10 il əvvəl vardı. Qoyulan qayda bu idi ki, məzmun xətti kəsilə bilməz, hər sinif üzrə bu, davam etməlidir. Bu da sünilik yaradırdı, biz süniliyi ortadan qaldırdıq. Məsələn, ölçü məzmun xəttində standart tapmadığımızdan həndəsədən, yaxud cəbr məzmun xəttindən standartları ora transfer etmişdik. Nəticədə qeyri-müəyyən standartlar yaranmışdı. Standartı olmayan məzmun xətləri üzrə dərslik hazırlayarkən müəlliflər məcbur olub oxşar standarta əsaslanırdı, nəticədə anlaşılmazlıq yaranır, müəllim də, müəllif də çətin vəziyyətdə qalırdı". M.Məhərrəmov bildirir ki, təkmilləşdirmədən sonra bəzi fənlərdə məzmun xətlərinin adları da dəyişib. Kurikulum təkmilləşdirmə komandalarının önəm verdiyi hissə məzmunla bağlıdır. Daha çox məzmunun yenilənməsinə, uyğunlaşdırılmasına əhəmiyyət verilib: "İlk növbədə, ölkə ictimaiyyətinin ən çox şikayətləndiyi hissə - şagirdlərin yüklənməsi ilə bağlı narahatlıqlara son qoymağın yollarını tapmağa çalışdıq. Həqiqətən də, fənlərin məzmununda ciddi yüklənmə vardı. İlk işimiz o oldu ki, məzmunda ümumiləşdirmələr apardıq, ciddi ixtisarlar etdik və bu, özünü ayrı-ayrı fənlərdə fərqli göstərdi. Məsələn, riyaziyyatda triqonometrik bərabərsizliklərin tədrisini dayandırdıq. Həm üzvi, həm qeyri-üzvi kimyanın VII-IX siniflərdə tədrisində uşaqların çox çətinlik çəkdiyi ciddi reaksiyalar, tənliklərin 70 faizi tədrisdən çıxarıldı. Biologiyada əzbərçiliyə əsaslanan bir çox məqamlar - adlar, terminlər üzərində mümkün olan yüngülləşdirmələr apardıq. Bəzi anlayışlar tamamən çıxarılmasa da, qismən ixtisar olundu. Aktuallığını itirən, artıq elm və texnologiyada istifadə olunmayan mövzuları tədrisdən çıxartdıq. Onun yerinə günümüzün tələbinə uyğun mövzular saldıq. Məsələn, NANO texnologiyalardan, Marsa getməkdən danışırıqsa, dövrümüzün bu tələbləri müvafiq fənlərin məzmununda da öz əksini tapmalıdır, deyə düşündük. 10-20 il sonranın tələbini mümkün qədər nəzərə alaraq yenilik etməyə çalışdıq. Məsələn, XXI əsr bacarıqlarının şagirdlərdə formalaşması üçün nə edə biləcəyimizi araşdırdıq. Həm mövzu olaraq, həm bu bacarıqların formalaşması üçün edə biləcəklərimizi nəzərdən keçirdik. Kurikulum sənədində indiyədək olmayan fəaliyyətlər tövsiyə olunub. STEAM-ın inteqrasiyası da nəzərə alınıb ki, əsas məqsədlərimizdən biri də bu idi. Bu da bir yenilikdir. Başqa bir yenilik isə odur ki, indiyədək müəllimlərə hər standartın reallaşdırılması üçün sinifdaxili fəaliyyət haqqında tövsiyə xarakterli məlumat verilmirdi. İndi müəllim üçün vacib olan hər şey kurikulum sənədində öz əksini tapıb".

Məzmunla bağlı sənəddəki ən böyük yeniliklərdən biri məzmunun təqdimatındakı fərqliliklərdir. Təkmilləşdirilmiş kurikulumda məzmun konkretləşib, qeyri-müəyyənliklər tamamən aradan qalxıb. Bunun üçün alt-standartların izahı üçün  sənədə sütunlar əlavə edilib. İkinci sütunda verilən məlumat fərqli anlaşılmanın qarşısını almağa xidmət edirsə, üçüncü sütunda alt-standartı reallaşdırmaq üçün müəllimə tövsiyə xarakterli fəaliyyətlər əksini tapıb. Yeni sənəd fəaliyyət üzərində öyrənmək üçün şagirdə imkan yaradır. Təkmilləşmiş kurikulum müəllimə kömək edəcək: "Məhz müəllimin kurikulumdan maksimum yararlanmasına nail olmaq üçün təkmilləşdirmə üzərində işləyən işçi qrupun üzvlərini çətinə saldıq. Çalışdıq ki, fənlərə uyğun təlim üsulları seçilsin ki, müəllimlər üçün də effektiv olsun. Bununla həm də mövzuları hansı strategiya əsasında öyrədəcəyini seçməsi üçün müəllimə istiqamət verildi. Odur ki, sənədin həcmini təlim strategiyaları, təlim üsullar ilə artırmağa ehtiyac yox idi. Sadəcə proqramı qısa nümunələrlə dəstəklədik. İnteqrasiya cədvəlini proqramdan çıxartdıq. Hesab edirik ki, müəllimə bir cədvəldə riyaziyyatda hansısa teoremi  fizikada hansı standartla inteqrasiya edəcəyinə dair göstəriş vermək əhəmiyyətsiz idi. Bu şəkildə müəllim inteqrasiyanı reallaşdırmırdı. Ona görə riyaziyyatda hansısa iki mövzunun, yaxud elə riyaziyyatın özünün fizika, biologiya, hətta sənaye ilə inteqrasiyasını tövsiyə etdik. Riyaziyyatın sənayedə tətbiqi də inteqrasiya sayılır. İnteqrasiyanı riyaziyyatda, biologiyada necə edə biləcəklərinə dair yol göstərdik. Eyni zamanda, fəndaxili inteqrasiyada da hansı məzmun xətləri arasında rahat inteqrasiya edə biləcəkləri barədə tövsiyələr verdik. Yəni kurikulumda müəllimə inteqrasiya təmin etməyin yollarını verdik ki, bu da ən böyük yeniliklərimizdən biridir. Əslində, inteqrasiya dərs əsnasında olmalıdır. Bunun nə qədər uğurlu olması həm də müəllimin keyfiyyətlərindən asılıdır".

M.Məhərrəmovun dediyinə görə, kurikulum təkmilləşdirilərkən çalışılır ki, fənnə aid alətlər və üsullardan istifadə edərək şagirdin bacarıqları ölçülsün. Çünki ədəbiyyatda bacarığın ölçülməsi bir, riyaziyyatda tamamilə fərqli ola bilər: "Ona görə burada da qiymətləndirmə nöqteyi-nəzərindən müəyyən tövsiyələr verdik, müəllimə istifadə edə biləcəyi üsullar tövsiyə etdik. Qiymətləndirmə materialına və ya kağızına da bəzi fənlərdə əlavələrimiz oldu. Ümumi qiymətləndirmə konsepsiyası üzərində iş davam etsə də, o sənəd yekunlaşmadan kurikulum sənədinə qoyduğumuz qiymətləndirmə hazırlanacaq sənədlə ziddiyyət təşkil etməyəcək.  Çünki həm konsepsiya üzərində hazırda davam edən çalışmalardan xəbərimiz var, həm də qiymətləndirmə üsullarını fənnə məxsus yazdığımıza görə hər hansı maneə olmayacaq. Bir də ki, müəllim özü dərsini hansı sinifdə necə quracağını hamıdan yaxşı bilir. Alət, üsul, strategiyalarını özü müəyyənləşdirir. Təkmilləşdirilmiş kurikulum sənədi müəllim üçün bir ədəbiyyatdır. Sadəcə jurnal yazarkən nömrəsini götürəcəyi bir sənəd yox, onların həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək. İradlar sonradan yaranmasın deyə ilk növbədə ümumtəhsil müəssisələrindəki müəllimlərlə, daha sonra Dövlət İmtahan Mərkəzinin ekspertləri, AMEA-nın müvafiq institutları, universitetlərin müvafiq kafedraları ilə müzakirələr apardıq, ayrı-ayrı fənlərin tədrisi ilə bağlı rəylər aldıq. Sənəd hazır olandan sonra təsdiqə vermədən bir ay müddətində ARTİ-nin rəsmi internet səhifəsində ictimai müzakirəyə qoyduq. Ordan gələn rəyləri də nəzərə aldıq. Hazırda 5 fənn kurikulumu üçün bu proses tamamlanaraq fevral ayında təsdiq olunub. Bütün kurikulumlarda bu prosesi davam etdirəcəyik".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 24 may,№91.- S.11.