Şəbəkə  

 

 

ÜÇ QƏLBİN HARAYI - ÜÇ HƏQİQƏT

 

İllər ötdükcə, yaşa dolduqca insan necə deyərlər, ağıllanır, əvvəllər ona rəngbərəng görünən dünya öz mübarək libasını soyunub əslində necə var elə görünür və sən də anlayırsan ki, bu vaxta qadər aldana-aldana, özünü aldada-aldada yaşamısan.

Həmişə eşqi tərənnüm edən müdrik Füzulinin qəfildən diksinib aşağıdakı misraları yazması heç də təsadüfi deyildi:

 

"Dust bipərva, fələk birəhm,

dövran bisükun,

Dərd çox, həmdərd yox,

düşmən qəvi, tale zəbun".

 

Yəqin buna görə həmişə həyat eşqi ilə dolu nikbin şeirlər, gözəlləmələr yazan Vaqif sonda ağıllanaraq Azərbaycan poeziyasının şah misralarından birini yazdı:

 

Mən cahan mülkündə

mütləq doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm,

özgə babət görmədim.

 

Və ağıllanmış Zakirin həm də ağıllandıran harayı:

 

Dost yolunda cəfa çəkdim, can üzdüm,

Yetişmədim bir məkana, ay mədəd!

 

Zakir, təbii ki, "ay mədəd" deyəndə daha adamlardan yox, Allahdan kömək istəyirdi...

Çünki artıq başa düşmüşdü ki, dünyada insanın yeganə dostu Allahdır!

 

 

MUSİQİNİN GÖYLƏRƏ ÇATAN BOYU

 

Musiqi var ki, duyğularını təlatümə gətirib, səni coşdurur, nəyəsə səfərbər edir; musiqi var ki, az qala iliyinə işləyib ən kövrək və mübhəm duyğularını titrədir, səni əməllicə onu kövrəldir...

Musiqi də var ki, nə coşdurur, nə kövrəldir, nə ağladır, nə də...

Sadəcə hardansa məchul bir ünvandan (bəlkə kosmosdan?) axıb gəlir, ruhunun ağrısını canından qoparıb səni də özü qanadlarına alıb göylərim maviliyində gəzdirir - geri dönüşündə görürsən ki, yenidən doğulmusan..

 

Bəstəkarlar çox vaxt bir növ çiçəklərin şirəsini bala çevirən arıların işini görürlər - xalq musiqisinin hamımın əli çatmayan şirəsini iksirə çevirib ruhumuza səpirlər ki, göylərin maviliyində yenidən dolaq...

 

İIlah da ki, o musiqi xalq mahnılarının, muğamların ladlarında nəfəs alsın!!!.

 

BAKIDA QADIN DƏNİZİ

 

Artıq xeyli vaxtdır ki, hər gün evdən sübh tezdən çıxıram ki, həm tıxaca düşüb işə gecikməmək üçün birinci avtobusa minim (maşın sürə bilmirəm), həm də işə vaxtından əvvəl gəlim, sakitlikdə oturub yazı-pozumla məşğul olum. Son günlərdə əvvəllər fikir vermədiyim qəribə bir mənzərə müşahidə edirəm - dayanacağı kəsdirib mənim kimi birinci avtobusu gözləyənlərin, eləcə də sərnişin yığa-yığa gələn həmin avtobusda əyləşmiş sərnişinlərin böyük əksəriyyəti - təxminən 90-95 faizi qadınlardır (!). Əsasən orta və ondn yuxarı yaşda olan sadə geyimli bu qadınların üz-gözündən yuxu əvəzinə fikir, qayğı tökülür, gözlərini bir nöqtəyə, yaxud pəncərəyə dikib nə barədəsə fikirləşirlər: elə bil bütün dünyanın dərdi onların çiyinlərindədir.

 

Bir dəfə səhər saat 06.00-da "Şamaxinka" deyilən yerdə 65 nömrəli avtobusun qapısına hücum çəkən qadınları irəli buraxıb axırda salona daxil olandan sonra isə təəccüb və heyrətdən ayaqlarım az qala yerə yapışdı: ağzınacan dolmuş avtobusda kişi cinsindən olan yeganə şəxs mən idim (!!),

 

Düzü, bu vaqeə məni bir az kədərləndirdi...

Dədə-babadan eşitmişik ki, evin qapısını birinci evin kişisi açıb ruzi dalınca gedər. Bəs onda bu qadınların xanımlıq etdikləri evlərin kişiləri hanı?

 

Bəlkə avtomobilləri ilə dayanacaqlarda lövbər salıb 1 manatlıq "klient" axtaran sürücülərdir o kişilər?

Əgər belədirsə, yenə də şükür!

Amma sübh tezdən Bakı getdikcə daha vüsətlə qadın dənizini xatırladır...

 

ƏNƏNƏ VƏ NOVATORLUQ

 

Mən həmişə köhnə ənənələrin inkarının yox, yeniyə qovuşub yaşamasının, öz ömrünü davam etdirməsinin tərəfdarı olmuşam.   Bu əfsanəvi "Qaya" vokal kvartetinin bir ifası ənənə və novatorluğun vəhdətinə, köhnə ilə yeninin uğurlu sintezinə parlaq nümunə ola bilər. "Qaya"nın unudulmaz üzvləri əyinlərində o dövrün ən müasir dəbdə tikilmiş kostyumları, boğazlarında qalstuk sanki zaman maşınında bir neçə yüz il geriyə qayıdıb ənənəvi musiqi incilərimizdən olan "Almanı atdım xarala" mahnısınını oxuyur, hələ üstəlik, rəqs də edirlər. Özü də necə? Elə həmin o keçmişin köhnə, aristokrat kişilər kimi. Onların ölçülü-biçili əl-qol jestləri, ayaq hərəkətləri teyxa millidir, amma bu millilik estrada musiqisinin qanadlarında nəsillərin mədəni dəyərlərinin, zövqünün bir məcrada bir-birini gözəlləşdirməsi kimi yeni, bənzərsiz estetik hüzn qazanır.

 

Bu gün adına "popfolk" deyilən janrın ən mükəmməl nümunəsini sən demə, "Qaya" 45 il əvvəl yaradıbmış!

Vokalçıların milli koloritlə cilalanmış xoreoqrafik jestləri bir yana, ifanın şirin yerində tütəyin dil açıb estrada alətlərinə meydan oxuması nəyə desən dəyər!

 

 

MƏNİ ANALI GÜNLƏRİMƏ QAYTARAN DUET

 

 

Fikrət Əmirovun "Gözün aydın" operettasında Nargilə (Nəsibə Zeynalova) və Qəhrəmanın (Lütfəli Abdullayev) məşhur duetini təxminən yarım əsr əvvəl  Göyçayda eyvanımızın divarından asdığımız radiodan anamla birlikdə dinlədiyim anların sevinci hələ də mənimlədir. Anam bu dueti çox xoşlayır və hər dəfə də ifa başa çatanda gülməkdən yaşarmış gözlərini silə-silə eyni sözləri deyirdi: "Görəsən, bunlardan sonra camaatı kim güldürəcək?"

 

Mənim sadəlövh anam həmişəki kimi yenə də haqlı idi!

Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Əliağa Ağayev, Səyavuş Aslan, Fazil Salayev, Yaşar Nuri kimi korifeylərdən sonra vulqar ifadələrlə, arvad paltarı geyməklə, üz-gözlərini əyməklə konyukturaya nökərçilik eləyənlərin meydan suladığı çağımızda əsl, sağlam gülüşə tamarzı qalan biz deyilikmi?

Nə isə...

Hər dəfə bu dueti dinləyəndə o, məni xoşbəxt olduğum o analı günlərə qaytarır və anamın bir az fikirləşib dediyi növbəti sözlər də qulaqlarımda səslənir: "Gör nə gözəl səsi var canı yanmamışı!"

 

Söhbət unudulmaz Nəsibə Zeynalovadan, onun səsindən gedirdi...

O ki qaldı musiqiyə Fikrət Əmirov hər janrda, hər melodiyada da dahidir! 

 

DƏLİ MUSTAFANIN TOY MACƏRASI 

 

Göyçayda bir vaxtlar Mustafa adında məzəli bir kişi yaşayırdı. Nəyə görəsə hamı ona "Dəli Mustafa" deyirdi. Furqonlu bir motoskli vardı və icazəsiz balıq ovlamağın, qeyri-qanuni balıq alverinin qadağan olunduğu illərdə Mustafa kişi həmin o motosikllə Göyçayın küçələrini gəzərək balıq alveri edirdi.

Ötən əsrin 70-ci illərinin əvvəllərində mən bir neçə dəfə onu balıq almaq istəyən qonşularımızla qiymət üstündə çənə-boğaz eləyən yerdə görmüşdüm və belə qənaətə gəlmişdim ki, alıcılar pul gətirmək üçün evə gedəndə öz "dəliliyini" mükəmməl şəkildə nümayiş etdirmək üçün çırtıq çala-çala rəqs edib uşaqları əyləndirməyinə baxmayaraq, Mustafa kişi dəli-zad deyil, sadəcə dəli rolunu oynayır ki, lazım gələndə sudan quru çıxa bilsin (Əgər səhv edirəmsə, qoy ruhu məni bağışlasın).

Vaxt çatıb vədə yetişəndə hamı kimi Mustafa kişi də bu dünya ilə vidalaşdı. Allah rəhmət eləsin. Amma onun adı ilə bağlı bir çox real əhvalatlar az qala lətifəyə çevrilib dildən-dilə keçə-keçə bu gün də göyçaylıların yaddaşında yaşayır. Birini danışım kefiniz açılsın.

Deməli, Mustafa kişi oğluna toy edir. Toydan sonra siyahıya baxıb görür ki, vaxtilə toyuna gedib toyana saldığı şəxslərdən 20-25 nəfər onun toyuna gəlib borclarını qaytarmayıb. Eləmir tənbəllik, bir yekə qazan bozbaşı, həmin adamların sayı qədər kasa və kiçik stəkanları, nəhayət 5-6 şüşə də arağı qoyur motosiklinin furqonuna, başlayır bir-bir borcluların  qapılarını döyməyə. Ev sahibləri qapını açan kimi tutub yaxalarından soruşur:

- Qardaş, filan tarixdə oğlunun toyunda iştirak edib, bir kasa bozbaşını yeyib, yüz qram arağını içib, 10 manat toyuna yazdırmışam?

"Hə" cavabı alan kimi kasalardan birini bozbaşla doldurub verir ev sahibinin bir əlinə, yüz qram da araq töküb stəkanı ötürür o biri əlinə və deyir:

- Bax, bu, sənin bir kasa bozbaşın, bu da yüz qram arağın. Yeyirsən ye, yemirsən yemə, öz işindir. Amma zəhmət çək 10 manatımı qaytar!

 

ELƏ DANIŞ Kİ...

 

Azərbaycanın televiziya məkanında bir neçə telejurnalist var ki, öz müəllif proqramlarında söhbəti intellektual reportaj (yaxud icmal, analiz) kontekstində qurur, amma çatdırmaq istədikləri mətləbi söz, ibarə oyunu, çarpaz cümlələr, metaforik ştamplarla bəzəyərək estetikləşdirib az qala irrasional düşüncənin məhsulu olan poetik mətnə çevirirlər. Zahirən bu, cəlbedici görünür, aparıcının avazı adama xoş gəlir. Amma mənim fikrimcə, bu, efir, televiziya dili deyil və informasiyanın auditoriya tərəfindən düzgün emal olunub mənimsənilməsində problemlər yaradır.

İnformasiya verilişlərində canlı danışıq nitqi elə səsləndiyi andaca rahat qəbul olunub tamaşaçıların  (dinləyicilərin) beyninə həkk olunmalıdır, çünki hər cümlə bitən kimi yenisi gəlir. Əgər bu cümlələr yuxarıda dediyim səpkidə qurulursa, tamaşaçını onların kodlarını açmaq, yəni müəllifin əslində nə demək istədiyini aydınlaşdırmaq zorunda qoyur, beləliklə, növbəti cümlələr artıq onun qulağına yox, havaya deyilir və nəticədə o, Əlidən də olur, Vəlidən də...

Yazı mətnində olduğu kimi, şifahi nitqdə də fikri yığcam, səlis və aydın şəkildə çatdırmaq xüsusi istedad tələb edir. İnformasiya proqramlarını fəlsəfi traktat üslubunda qurub fikri əsas mətləbdən yayındırmaq, özünü savadlı göstərmək, bunun üçün qəliz terminlərdən, əndrabadi bənzətmələrdən istifadə etmək, bir fikrə nöqtə qoymamış o birinə keçmək ucuz yoldur.

Əsas o deyil ki, sadə bir fikri mürəkkəb quruluşlu cümlələrlə çatdırasan. Əsas odur ki, ən mürəkkəb mətləbləri sadə, anlaşıqlı və ifadəli cümlələrlə ifadə edəsən.

İnformasiya proqramlarının digər bir azarı elə informasiya anlayışının özü ilə bağlıdır. Məlumdur ki, bu terminin tərifi barədə vahid bir fikir yoxdur. Amma bu o demək deyil ki, istənilən xəbər, məlumat informasiyadır. İnformasiya bizim üçün tamamilə yeni olan, bizə lazım olan bilgi bazasını zənginləşdirən, bilmədiyimiz, amma bilməli olduğumuz, maarifləndirən məlumatlardır. Təəssüf ki, bəzi kanallar bu sadə həqiqəti unudur, efirdəki boşluğu doldurmaq üçün mənasız, heç bir idraki dəyəri olmayan olaylardan xəbər düzəldib bizlərə informasiya adı ilə sırıyır. Məsələn, filan yerdə filankəs ərinin başını yarıb, filan rayonda iki nəfər içib sərxoş olub, sonra bir-birini söyüb, nə bilim, filankəs qonşusunun toyuğunu oğurlayıb və s. və i.a.

Belə "informasiya" axını kimə lazımdır?

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2024.- 24 may,№91.- S.10.