Uğur mələyi,
incə sənət əsəri...
Esse
Allah qadını özü qəsdən belə
gözəl yaradıb ki, kişinin onu sevməkdən
başqa heç bir çarəsi qalmasın.
Ən güclü kişinin belə dözə bilməyəcəyi
ağrılardan doğulmuşuq. Bizi dünyaya gətirən
- incə və cəsur qadınlığın
yaradıcı ağlı və doğurucu gücüdür.
Yaradıcı ağıl demişkən. Qadın
ağlı kişi ağlından zəif deyil, sadəcə,
fərqlidir. Bütün ağıllı adamlar bunun fərqindədir.
Qadını necə təsvir edim?! Qısaca,
"hüzur" deyərdim.
Sakit, həzin düzən çayı.
Düzənlik çayı dərin olur, bilirsiniz.
Dağ çayının hövsələsiz dramatik
kürlüyünə tərs. Dərin, həlim, hüzurlu.
Öz gövrək florası, ürkək faunası ilə
dinclik duyğusu saçan. Öz axınının lirik,
yumşaqca ritmik melodiyası ilə ruhu titrədən.
"Boğacaqsa" da, dərində, səmirsiz
"boğar". Öz ağuşunda. Sevərək,
oxşayaraq. Dağ çayı kimi vurub-qırıb,
parçalamaz.
Sıldırımlardan qopub gəlir, qayalara,
daşlara çırpılır, yarğanları titrədir
deyə, dağ çayı daha güclüdür?! Yox. Dərinliyin
də öz gücü var. Hərənin axım tərzi,
ağıl parametri və güc ölçüsü fərqlidir.
Bu fərq bir-birini tamamlama ehtiyacı yaradır. Bir-birindən
fərq birinin üstünlüyü və ya zəifliyi demək
deyil.
Əgər üstünlük axtarmaq lazımdırsa,
o da yəqin, gözəllikdir (ki, ilahidən qadının nəsibidir).
Allah qadınları bütün talantı ilə yaradıb,
bizi isə bir az, deyəsən, yola verib.
Bir sirr də açımmı?!
Allah qadını özü qəsdən belə
gözəl yaradıb ki, kişinin onu sevməkdən
başqa heç bir çarəsi qalmasın.
Çünki...
Çünki qadın özü özlüyündə
kişi üçün bir çarədir. O üzdən,
fikir vermisinizsə, qadınını itirən kişi
biçarə qalır. Hansı yaşda olursa-olsun, fərq
etməz.
Kişiləri ara-sıra cırnadan bir gerçək
də var: elm qadınların kişilərdən uzun
yaşadığını deyir. Elə statistika da. Bu
yaxınlarda bir maraqlı statistik məlumata da rastladım. Sən
demə, ölkəmizdə yüz yaşını
keçmiş 288 nəfər var. Onlardan 244 nəfəri
qadınmış.
Fərqi gördünüz!
Çağdaş alman alimlərinin elmi hipotezinə
inansaq, bu fərqin səbəbi, məncə, qadınların
güzgüdə özünə daha çox
baxmasıdır. Hərçənd İsveç alimləri
deyir, yox, kişilər daha çox baxır aynaya. Ancaq
çeşidli sorğular və eksperimentlər, alman alimləri
haqlı çıxarır: qadınlar güzgüyə daha
çox baxırmış!
Ancaq hətta isveçli alimlər haqlı olsaydı
belə, bu, situativ və sonuc olaraq heç nəyi dəyişmir.
Niyə?!
Niyəsi başqa bir sualda "gizlənib":
güzgüyə baxanda kim kimi və necə görür?!
Təbii ki, qadın güzgüyə hər
baxdığında gözəllik görür (əgər təbii
gözəlliyini tamahkar və naşı cərraha məxsus
estetik əməliyyatın masasında buraxmayıbsa). Kişi
isə aynaya bəlkə də heç baxmasa,
yaxşıdır...
Zərif cinsə elmin marağı bununla da bitmir.
Çoxu kişi cinsindən olan həmin o alman elm adamları
beş illik araşdırmalardan sonra bu nəticəyə gəliblər
ki, gözəl xanımlarla ünsiyyət, onların gözəlliyinə
tamaşa etmək kişilərdə infarkt və insult riskini
azaldır, kişilərin ömrünü 3-4 il uzadır.
Burdan belə nəticəyə gəldim: kişilər
xanımlara "ömrüm", "canım", "həyatım"
deyəndə əslində kompliment söyləmiş
olmurlar, həqiqəti dilə gətirmiş olurlar. Əlbəttə,
sevən kişiləri deyirəm; bu kəlmələri ürəkdən
deyənləri...
O halda, deməli, subay kişilərin
sağlamlığı, hətta həyatı yumşaq risk
altında qalır.
Bizdə bir söz var, deyirlər: "Subaylıq -
sultanlıqdır".
Doğrudan?! Nə danışırsan?!
Əcəb sultanlıqmış! Tarixdən
tanıdığımız sultanların hərəmində
iynə atsan, yerə düşməzdi. Bunun, əlbəttə,
kardioloji səbəbləri də vardı. O dərinliyə
heç varmayım. Tarix tarixdə qalıb. Hərçənd
elə indinin özündə - ilin-günün bu vaxtında
Bruney sultanının üç zövcəsi var.
Sultanlıq, əslində, sadəcə, dövlət
vəzifəsi deyil; bir mənasında eşq məqamıdır.
Sultanlıq məqamı sevgidən başlar, sevgisizlikdə
bitər. Sevilirsənsə, hə, sultansan. Özün sevirsənsə,
bu, sultanlıqdan da ötədir; dünya sənin ətrafında
dolanır...
"Subaylıq - sultanlıqdır" yalanını
əslində əsl həqiqətdən "gizlənmək"
qəflətinə uymuş zəif kişilər uydurub. Hərçənd
hər insanın gücünün sərhədləri həqiqətə
sevgisi boydadır. "Kişi gücü" dediyimiz də həmçinin.
Elədirsə, doğrudan da, qadına görə
sevginin duyğu tutumu, emosional yüzölçümü
kişi gücünün yarımyabanı nəvazişidir.
"Gücün nəvazişi" bəlkə qəribə
səslənir. Ancaq zərif cins üçün xoşbəxt
intim - kişi eqosunun qadın qürurunu fiziki
"sınaq"larla sığallamasıdır.
Ədəbiyyatın əbədiyyət
sandığında qadınlığın bitib-tükənməyən
- bir-birinə bənzəməyən, bir-biri ilə mehribanca
"dalaşan" ruh halları, hər cür duyğu şəkillənməsi
var. Dünyanın bəzən ən güclü qadın ismi
də "verbal tumarın" və fizioloji həzzin ən zəif
feilinə "yenik düşər". Amma bu, heç də
qadın gücünün zəifliyi deyil, qadın zərifliyinin
gücüdür. Qadına əl qaldıran, yaxud dil uzadan
kişi güclü olduğunu - qalib gəldiyini
düşünə bilər. Öz yalanına
özünü inandırmaq istər. Gerçəkdə isə
o kişi elə özünə uduzur; öz qolunun
gücünə, ruhunun gücsüzlüyünə məğlub
olur.
Ruh halları, duyğu şəkillənmələri
dedik. Ədəbiyyat dedik. Güc, məsələn, çox
çeşidli formalarda, hətta fərqli-fərqli məzmunlarda
ədəbi qavrayışımızın qapısını
döyəcləyib Bax, Milan Kunderadakı
"Anyes"sayağı ahıl ağayanalığın
yaşından cavan təbəssümü - güc! Floberin
amansız yasaq eşqlə sınadığı
"xanım Bovari"nin utancaq günahkarlığı -
güc! Yaxud bədii mətnin "6-cı mərtəbəsi"ndə
"yaşayan" Anarın hamının gözü
qarşısında gizlətdiyi "Təhminə"nin
üsyankarlığı - güc!
Güc təkcə fiziki-riyazi olan deyil, həm də
hissi ölçüsü olan nəsnədir. Kişinin
öz gücünə güvəni bəzən elə
qadınla bir duyğu təmasından atəşlənər.
Bəzən bir "günahsız" baxışla, bir
"ümidsiz" gülüşlə, bir qəfil
toxunuşla, bir ürkək öpüşlə başlar
heyranlıq. Sonra ürəklər, ömürlər, əllər
birləşər. Çox zaman uğurlu kişi elə həmin
an başlar...
Əbəs yerə deməyiblər: "Hər
uğurlu kişinin arxasında güclü bir qadın
dayanıb". Düşünürəm: hə, deməli,
bu qadın kişinin arxasında dayanıb. Əsas odur,
önünü kəsməyib.
Bir məşhur yazıçı deyir:
"Müharibələri kişilər yox, qadınlar etsəydi,
Yer kürəsinin daşı daş üstündə
qalmazdı". Amma mən bu fikirlə razı deyiləm:
qadınlar da olmasa, kişi olan bir Allah bəndəsi
dünyada bir daşı daş üstünə qoymazdı
axı. Gəlin, kişi kimi boynumuza alaq.
Hər evə kişi lazım, o, ayrı! Amma əvvəlcə
hər kişiyə də ev lazım, doğrudurmu?! O evi yuva
eləyən kimdir?! Qadın.
Kişilər niyə bütün gün
özünü oda-közə vurur?! Çünki
qadınını məmnun etmək zorundadır. Sözün
xoşbəxt mənasında.
Deməli, hər kişiyə mütləq bir uğur
mələyi, ya da, heç olmasa, motivasiya mənbəyi gərəkdir!
Kimsə buna "qadın dır-dırı" deyə bilər.
Qoy, lap elə adı "dır-dır" olsun. Sizi
inandırıram, qadın "dır-dır"ı olmasa, bəlkə
də kişi nə ev alar, nə işini dəyişər, nə
maşını dəyişər, nə karyera yüksəlişi
haqda düşünər. Qadın "başının ətini
yeməsə", qonşuyla, qohumla müqayisə edib,
zor-xoş... "motivə" etməsə, kişi olan kəs
yerindən tərpənməz. Çünki o hər
axşam: "Hamı gedir quş gətirir, Şahqulu
bayquş" gətirir tipli yarımironik xalq yaradıcılığı
nümunələrinə məruz qalmasın deyə
çalışıb çarpışır. Hətta bir dəfə
ən yaxın dostum: "Universitetlərdə ayrıca
"dır-dırologiya" ixtisası açmaq
lazım" demişdi.
Uzun sözün qısas: kişi uğurludursa,
arxasında mütləq ən azı özü qədər
uğurlu qadın dayanıb.
Amma doğrudanmı, hər yerdə qadın
kişinin arxasında dayanır?! Yox! Bu, şəraitə (ya
da şəriətə görə!) dəyişir. Məsələn,
Əfqanıstanda, Yaxın Şərqdə hər salamat
kişinin önündə... ən azı bir güclü
qadın var. Kişini minalanmış sahədən salamat
keçirmək üçün...
Ərəbistanda bəlkə kişilər ona görə
bir evdə öz ibtidai düşüncəsinə görə,
bir neçə qadını "minaaxtaran" kimi
saxlayır. Adını "zövcə" qoyduqlarına
"minatəmizləmə qurğusu" kimi baxır. Hər
partlayışdan sonra fiziki olaraq bir az salamat çıxsa da,
hər dəfə daxilən bir az da ölür.
Amma bizim xanımlar! Nə öndədirlər, nə
arxada. Yanımızdadırlar. Kimsə kimsəni itələmir,
ya da önünü kəsmir. Hərdən kişi futbola
baxanda qadın tozsoranla ekranın önündən keçər.
O qədər! Bu da kişisini futbola
qısqanmağındandır... Ona qalsa, kişi də
xanımını acı bağırsaq kimi uzanan teleseriallara,
ya da bacısının votsap nömrəsinə qısqana bilər...
O da o qədər! Bir də, ümumiyyətlə, ikisi də
bir-birini sevincə, xəfifcə qısqanarlar... Həm də
səmirsiz, aram-aram, zövqlə, üslubunca və qədərində...
Bəli, bizim xanımlar bizimlədir. Sevgisi ürəyimizdə,
adı dilimizdə, özü yanımızda, sözü
qulağımızda, bir əli və iki gözü
üstümüzdə...
O biri əlində telefon var; anası ilə
danışır.
Bizim xanımlar ətimizi yesə də,
sümüyümüzü atmaz; onu da təyinatı üzrə
istifadə edər.
Əlbəttə, burda bir az şirin yumor da var. Sevgi
şarjı kimi. Amma sözün doğrusuna gəlsək, əvvəl
də yazmışdım ki, qadın - incəsənət əsəridir.
Məşhur Amerika yazıçısı Uilyam Potterin -
O'Henrinin məşhur bir hekayəsi var: "İncəsənətə
sevgidən".
Orda yazır: "İncəsənəti sevirsənsə,
heç nədən qorxmamalısan".
Qadın da incə sənətin ilahi şedevri
olduğu üçün, onu sevirsənsə, heç nədən
qorxmamalısan. Qadın səni sevirsə, hə, o zaman qoy
hamı səndən qorxsun. Sözün yaxşı mənasında.
Sevdiyi qadının zərifliyindən güc alan hər
sevilən kişinin qarşısında bütün güclər
gücsüz qalar.
Dahi fizik deyib: "Məntiq sizi A nöqtəsindən
B nöqtəsinə aparar. Xəyal isə hər yerə".
Deməli, biz özümüz də bir növ xəyalın
meyvəsiyik. Hamımız bu dünyaya xəyalımızın
dalınca gəlmişik. Əslində, bəli,
hamımız xəyalımızdakı dünyaya gəlmişik.
Xəyallarımız isə daha çox obrazlarda ifadə
olunub. Hər qızın xəyalında bir ağ atlı qəhrəman,
hər oğlanın xəyalında ağ donlu bir mələk
var. Yəni... Kişinin qavrayışında qadın ilahi
qüvvənin yer üzünə düşən parlaq...
kölgəsidir. Beləliklə, kişi təhtəlşüuru
özlüyündə bir nöqtədə qadın
gücünə sığınıb. Bu,
sığındığı gücün mənbəyini
"mələk" obrazında ilahiləşdirməsindən
də görünür...
Bahəddin HƏZİ
525-ci qəzet.- 2024.- 24 may,№91.- S.8.