“Təhsil krediti Azərbaycan gəncliyinə böyük töhfədir”

“Bu kredit ödənişli əsaslarla oxuyan, sosial vəziyyəti zəif tələbələrə təhsil üçün geniş imkanlar açıb”

 

Azərbaycanda tələbələrə təklif olunan təhsil kreditlərindən istifadənin əhatə dairəsi genişləndirilib. Artıq ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala biləcəklər. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Dəyişikliyə əsasən, hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana biləcəklər. Bu kateqoriyaya, həmçinin bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Prezidentin təqaüdünü alan şəxslər, eləcə də bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər də şamil edilir.

Təhsil kreditinin qaytarılması zamanı bu Qaydanın müvafiq bəndlərində nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata keçirilir. Borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir.

Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları nəzərdən keçirərək üç iş günü müddətində bu Qaydanın müvafiq bəndlərində nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir.

Müvəkkil bank bu Qaydanın yarımbəndində qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra üç iş günü müddətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2024-2025-ci tədris ili üçün 30000 tələbə birbaşa dövlət sifarişi üzrə təhsil ala biləcək: “Nəzərə alsaq ki, sosial-həssas qrupa daxil olan, yəni imtiyazları olan tələbələr də var (məcburi köçkün statusu olanlar, I və II qrup əlliliyi olanlar, valideynlərini itirənlər, 23 yaşadək sağlamlıq imkanları məhdud olanlar, şəhid övladları və s.) o zaman demək olar ki, ali təhsil müəssisələrinə ayrılan təxminən 65000 plan yerindən 40000-i üzrə tələbələr ödənişsiz təhsil alacaqlar. Bu, olduqca müsbət və mütərəqqi haldır. Bundan əlavə, son illər ən düzgün qərarlardan biri də məhz Tələbə Təhsil Krediti Fondunun yaradılması oldu ki, bu da maddi imkansızlıq ucbatından təhsilini dayandırmaq məcburiyyətində qalan tələbələrə böyük dəstəkdir”.

Ekspert qeyd edib ki, kreditlər standart və sosial olmaqla iki kateqoriyadadır: “Standart kredit əsasən, akademik göstəricisi yüksək olan tələbələrə verilir. Bunun üçün onlar qəbul olduqdan sonra ən azı bir semestr təhsil almalıdırlar ki, standart kreditin tətbiq olunub-olunmaması müəyyənləşsin. Digər növ, yəni sosial kredit isə ali təhsil müəssisəsinə qəbul olduğu andan müraciət əsasında təyin oluna bilən kredit növüdür. Burada da yenə əhalinin sosial-həssas qrupuna daxil olan tələbələrə güzəştli şərtlərlə kredit verilir. Bu günlərdə Elm və Təhsil Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yeni qərar verdi və bu qərarla da güzəştli kredit ala biləcək şəxslərin əhatəsi bir qədər də genişləndi”.

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, təhsil kreditləri Azərbaycan gəncliyi üçün böyük töhfədir: “Təhsil Tələbə Kredit Fondu Azərbaycanda bir müddətdir ki, fəaliyyətdədir. Bu kredit ödənişli əsaslarla oxuyan, sosial vəziyyəti zəif tələbələrə təhsil üçün geniş imkanlar açıb. Cənab Prezidentin sərəncamı ilə ilk olaraq 80, daha sonra 12 və 18 milyon vəsait ayrıldı. Bu isə iki istiqamət üzrə təşkil olunur. Onlardan biri də sosial sahədir. Burada əhatəliyin artırılması böyük dəyişiklik yaradacaq. Məsələn, hər il ödənişli qəbul olan təxminən iki mindən çox tələbə təhsil ala bilmirdi. Bu fond təsis olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində yüksəliş müşahidə edilir. Təhsillərini əla qiymətlərlə bitirənlərə kredit verilir. Həmçinin bu, Azərbaycan gəncinin təhsil almaq hüququnun təmin edilməsi naminə çətinlikləri aradan qaldırır. Yeni qərar təqdirəlayiqdir. Fikrimcə, dəyişiklikdən sonra, daha çox tələbə bu fürsətdən yararlana biləcək. Tezliklə isə Nazirlər Kabinetinin tələbələrin yataqxana, nəqliyyat xərclərinin verilməsinə dair qərarı səbirsizliklə gözləyirik”.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilməsi çox müsbət haldır: “Məlum olduğu kimi, yeni qərara əsasən, “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr, “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr, “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr, tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcək. Qeyd edilən daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala bilməsi çox təqdirəlayiqdir”.

Nazir müavini qeyd edib ki, sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlaçatanlığı daha da artıracaq: “Təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixdən bu günədək fonda 45000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə,  34839 nəfər təşkil edir. Onlardan 12131 nəfər (35 faiz) tələbə Sosial növ TTK, 22708 nəfər (65 faiz) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə, rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. Onu da qeyd edim ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə  Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb”.

Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan Kənan Kərimzadə bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir: “Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynləri göstərmişdilər. Belə ki, onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların (59 faiz) üstünlük təşkil etdiyini görürük. Bu hal valideynlərin streotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir”.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 25 may,¹92.- S.23.