Tarixin faciəli və ibrətamiz əhvalatları
(Əvvəli ötən şənbə
sayımızda)
Bir dəfə fariseyelər və qanun öyrədənlər
İisusun yanına gəlib ondan soruşdular: “Niyə sənin
şagirdlərin böyüklərin qoyduğu adətləri
pozurlar. Onlar yeməkdən əvvəl əllərini
yumurlar?” İisus cavab verdi: “Bəs siz niyə Allahın
göstərişlərini öz adətləriniz naminə
pozdunuz? Siz ikiüzlüsünüz!” İsayya Sizin
haqqınızda düzgün demişdi: “Bu adamlar dillərində
mənə hörmət edirlər, lakin ürəkləri məndən
uzaqdır”. İisus camaatı çağırdı və
onlara dedi: “Eşidin və anlayın. Nə insan ağzına
girirsə, o, onu natəmiz etmir, amma nə ağızdan
çıxırsa, o, adamı natəmiz edir”. Şagirdləri
ona yaxınlaşıb dedilər ki, fariseylər bunu
eşitdikdə incidilər. O, cavab verdi: “Əgər kor adam
kor adama bələdçilik edirsə, ikisi də çalaya
düşəcək”. Pyotr ondan xahiş etdi ki, bu ibrətamiz
hekayəti izah etsin. İisus cavabında dedi: “Siz belə
küt beyinsiniz? Siz görmürsünüz ki, nə
ağıza daxil olursa, o, mədəyə gedir və sonra bədəndən
çıxır. Lakin bir şey ağızdan
çıxırsa, o, ürəkdən gəlir və bu
insanı “natəmiz” edir. Çünki ürəkdən
şər fikirlər, qətl, zinakarlıq, cinsi əxlaqsızlıq,
oğurluq, saxta şəhadət və quldurluq gəlir. Bunlar
insanı “natəmiz” edir, amma yuyulmamış əllə yemək
onu “natəmiz” edə bilməz”.
İisus yaxınlaşmaqda olan ölümünü
qabaqcadan hiss edirdi. Hələ Mariya Maqdalina onun bədəninə
ətirli su tökəndə o, demişdi ki, bu, mənim dəfn
edilməyim üçün hazırlanmışdır. Sonra
on iki şagirdindən biri olan İuda İskariot keşişlərin
yanına getdi və soruşdu ki, əgər mən onu sizin əlinizə
versəm, siz mənə nə verəcəksiniz? Onlar 30
gümüş pul vəd etdilər və o vaxtdan İuda onu
tutmaq üçün imkan tapmaqdan ötrü İisusu
müşahidə etməyə başladılar. Ənənəyə
görə hələ də tərk edilməyən
Çörək bayramının birinci günü şəhərdəki
bir adamın yanına şagirdlərini göndərdi ki, qoy
o, hazırlıq görsün, şagirdləri ilə
bayramı onun evində keçirəcəkdir. Axşam
düşdükdə İisus on iki apostolu ilə birlikdə
süfrənin arxasında oturmuşdu. Onlar yemək yeyən
vaxtı o dedi: “Mən isə həqiqəti deyirəm, sizin
biriniz məni satacaqdır”. Onlardan hər biri qəmgin oldu və
bir-birinin ardınca ona dedi ki, yəqin ki, o, mən deyiləm,
sahibə İisus cavab verdi: “Kim ki, əlini mənimlə
kasaya uzadacaq, o, məni satacaq. İnsan oğlu onun haqqında
yazılan kimi tezliklə gedəcək. Yazıq o adamın
halına ki, o, insan oğlunu satacaq. O, anadan olmasaydı,
yaxşı olardı”. Sonra onu satacaq İuda dedi: “Yəqin ki,
mən yox, rəbbih”. İusus cavab verdi: “Bəli. O, sənsən”.
Onlar yemək yeyəndə İusus çörəyi
götürdü, minnətdarlığını bildirib, onu
doğrayıb şagirdlərinə verdi və dedi:
“Götürün və yeyin, bu, mənim canımdır”. O,
fincanı götürüb onlara təklif etdi: “Bundan
için! Bütün hamısı sizindir. Bu, çox
günahları bağışlamaq üçün
töküləcək mənim qanımdır. Sizə deyirəm,
mən bu şərabdan atamın səltənətində
sizinlə içənə qədər ondan içə bilməyəcəyəm”.
Sonra İisus onlara dedi: “Elə həmin gecə siz məndən
uzağa qaçacaqsınız, necə ki
yazılmışdır: “Mən çobanı vuracağam
ki, sürüdəki qoyunlar dağılsın”.
Pyotr cavab verdi: “Kim sizdən kənar qaçsa da, mən
heç vaxt buna yol vermərəm”. İisus dedi: “Mən sizə
düzünü deyirəm, elə həmin gecə, xoruz
banlamamışdan əvvəl sən üç dəfə
məndən üz döndərəcəksən”. Lakin Pyotr
elan etdi: “Hətta mən səninlə bir yerdə ölsəm
də, mən səndən heç vaxt üz döndərməyəcəyəm”
Sonra İisus şagirdləri ilə Gefsiman
bağı deyilən yerə getdi və onlara dedi: “Mən kənarda
dua edənə qədər burada oturun”. O, kədərlənməyə
və dərd çəkməyə başladı: “Mənim
könlüm ölüm barədə kədərlə
aşıb-daşır. Burada qalın və məni qoruyun”.
Bir az uzağa gedib o, üzünü torpağa tutaraq dua etməyə
başladı: “Mənim atam, əgər mümkündürsə,
mən sənin iradənə uyğun hərəkət edəcəyəm”.
O, şagirdlərinin yanına qayıtdıqda gördü ki,
onlar yatır. “Adamlar bircə saat da mənim keşiyimi çəkə
bilmədilər”. O, Pyotrdan xahiş etdi: “Bax və dua et ki, sən
yoldan çıxmayasan. Ruh hazırdır, ancaq can zəifdir”.
O, kənara çəkilib ikinci dəfə dua etməyə
başladı: “Mənim atam, əgər mənim içməyim
üçün bu piyaləni geri götürmək
mümkün deyilsə, sənin iradən icra ediləcək”.
O, geri döndükdə onları yenə yatmış
gördü. Üçüncü dəfə dua edib, həmin
sözləri söylədi. Sonra şagirdlərinin yanına
qayıdıb, onlara dedi: “Hələ siz yatırsınız və
dincəlirsiniz? Baxın, o saat yaxınlaşır və insan
oğlu günahkarların əllərinə veriləcək.
Qalxın, gəlin gedək!”
Hələ o, danışarkən Onikilərdən
(apostollarından) biri olan İuda yaxınlaşdı. Onunla
birlikdə çoxlu qılınc və nizə ilə
silahlanmış, keşişlərin
başçısının göndərdiyi adamlar var idi.
Xain onlara işarə vermişdi ki, mən kimi öpsəm, o,
həmin adamdır və onu həbs edin. İisusun yanına
birinci gələrək İuda onu salamladı və
öpdü. İisus cavab verdi : “Dost, nə üçün gəlmisənsə,
onu da elə”. Adamlar irəli gəldilər və İisusu
tutub həbs etdilər. İisusun dəstəsindən biri
qılıncını çıxarıb, böyük
keşişin nökərini vurdu və qulağını kəsdi.
İisus ona dedi: “Qılıncını qaytar, öz yerinə
qoy. Çünki kim qılıncını
çıxarırsa, o da qılıncdan ölür. Sən
fikirləşirsən ki, mən öz atamı
çağıra bilməzdim?”
Sonrakı hadisələr İisusun qabaqcadan dediyi kimi
oldu. Pyotrun özünün də təəccübünə
səbəb oldu ki, o, qeyri-ixtiyari xoruz banlayanadək İisusu
üç dəfə tanımadığını söyləməklə,
ondan imtina etdi. İuda günahsız qanı satmağından
peşman olub, özünü asdı.
Sonra İisus işğal altında olan İsraildəki
Roma prokuratoru Pilatın yanına gətirildi və vali vəzifəsini
daşıyan bu adam ondan soruşdu: “Sən yəhudilərin
çarısan?” “Bəli, bu, sənin dediyin kimidir” - deyə
İisus cavab verdi. Bu vaxt həbsxanada Barabas deyilən bədnam
məhbus da saxlanılırdı. Bayram vaxtı prokurator
camaatın seçkisi əsasında məhbuslardan birini azad
edə bilərdi. Camaat yığışdıqda, Pilat
soruşdu ki, Barabası, yaxud Xrist adlanan İisusu azad etsin.
Lakin keşişlərin başçısının və
ağsaqqallarının təkidi ilə camaat Barabas barədə
xahiş etdi və İisusun cəzalandırılmasını
və çarmıxa çəkilməsini tələb etdi.
Pilat dedi: “Mən bu adamın qanında günahsızam, buna
siz məsuliyyət daşıyırsınız”. Camaat isə
cavab verdi: “Qoy onun qanı bizim və bizim uşaqların
üstündə qalsın”.
Barabas azad edildi və İisus çarmıxa çəkilmək
üçün adamlara təhvil verildi. Əsgərlər onu
yol boyu ələ salırdılar, onun başına qaratikandan
düzəldilmiş tac qoymuşdular. Onlar onun üstünə
tüpürür, başına vururdular. Onlar Qolqofa deyilən
yerə gəldilər, sonra İisusu çarmıxa çəkdilər.
Onun başının üstündə ona qarşı
yazılmış ittihamı vurmuşdular. “Bu, İisusdur, yəhudilərin
çarı”. Onun yanında iki qulduru da çarmıxa
çəkmişdilər. “Sən ki, məbədi
dağıdıb, üç günə tikə bilirdin,
özünü xilas et də! Əgər sən Allahın
oğlusansa, çarmıxdan aşağı düş də!”
Keşişlərin başçısı, qanun öyrədənlər
və ağsaqqallar elə bu sözlərlə də onu ələ
salırdılar: “O, başqalarını xilas edir,
özünü isə xilas edə bilmir. O, İsrailin
çarıdır. Qoy o, çarmıxdan aşağı
düşsün, onda biz ona inanarıq. O, Allaha inam bəsləyir.
Allah onu istəyirsə, qoy xilas etsin. Çünki o, deyirdi
ki, mən Allahın oğluyam”. Axşam saat doqquza yaxın
İisus uca səslə qışqırdı: “Mənim
Allahım, mənim Allahım, niyə sən məndən
imtina edirsən?” O, bir də qışqıranda canını
tapşırdı. Bu, dünyanın ən günahsız
insanının, bəşəriyyətin bütün
günahlarını yuması üçün
özünü qurban verməsi, müqəddəs bir
insanın həyatla vidalaşması və ölməzliyə
qovuşması idi.
Sərkərdələr daim qələbə
qılıncını döyürlər. Mehmet Fateh
Hökmdarın, sərkərdələrin
böyük, güclü ağlı müharibələrdə
xüsusən özünü büruzə verir. Böyük
Aleksandr və Yuli Sezar dəfələrlə məğlubiyyət
anında döyüşün taleyini dəyişib, öz qələbələrinə
çevirə biliblər. Aleksandr qoçaqlığı ilə
taleyə, mərdliyi ilə gücə üstün gəlməyə
çalışırdı və hesab edirdi ki, cəsarətlilər
üçün heç bir maneə, qorxaqlar
üçün isə heç bir dayaq yoxdur. Aleksandr
bütün Finikiyanı zəbt etdikdən sonra Tir şəhərini
7 ay mühasirədə saxladı. Başqa vasitə
tapılmayanda o, adanı qitəyə birləşdirən dənizin
içindən tökmə bənd tikdirdi. Bu tədbir şəhərin
divarlarına yaxınlaşmağa və mancanaqlarla hücum
etməyə imkan verdi. Böyük qurbanlar bahasına olsa da,
şəhəri zəbt etmək mümkün oldu. Tarix dəfələrlə
göstərdi ki, həm qələbə, həm də gələcək
igidlərə məxsusdur.
Çingiz xanın və Teymurləngin 1925-ci ildə
SSRİ Elmlər Akademiyası tərəfindən çap
olunmuş avtobioqrafiya kitablarında onların hərb
dühası da geniş təsvir olunmuşdur. Teymurləngin tərcümeyi-halı
- özü tərəfindən yazılmış
kitabının müqəddiməsini yazan alimin iddia etdiyi
kimi, tarixçilər uzun müddət Napoleonun taktiki
ustalıqlarının sirrini öyrənməyə
çalışmış və belə qənaətə gəlmişlər
ki, onların bir hissəsini o, öz sələfi Tamerlandan əxz
etmişdir.
Lakin hərb tarixində ən qeyri-adi möcüzələrdən
biri də Osmanlı sultanı, sonralar Fateh adlanan II Mehmetin
adı ilə bağlıdır. O, uzun müddət
Bizansın paytaxtı Konstantinopolu dənizdən mühasirəyə
alıb, ona hücum etsə də, heç bir şey əldə
edə bilmirdi. Bu vaxt sultan görünməmiş bir hiyləyə
əl atdı. O, gecə ikən gəmilərin
hamısını dənizdən sahilə
çıxarıb, sahillə, quru yolla onları uzun və
yoğun tirlərin üzərində dığırlatmaq
vasitəsilə öküzlərlə başqa yerə gətirdi
və bizanslıların gözləmədiyi halda, gecələrin
birində daha əlverişli yerdən onları dənizə
saldı və tam gözlənilməyən səmtdən
Konstantinopola hücum etdi. Qəfil hücumlardan şəhərin
müdafiəçiləri çaşmışdılar,
lakin onlar şəhər divarlarının üstündə
hücum edən türklərlə əlbəyaxa
vuruşurdular. Bu vaxt sultanın “Yaqma” əmri elan edildi, bu,
türk əsgərlərinə qarət etmək icazəsinin
verilməsi idi. Türklər təzyiqi şiddətləndirdilər
və şəhəri tutdular. Bu, 29 may 1453-cü ildə
olmuşdu və həmin vaxtdan Osmanlı imperiyasının
paytaxtı bura köçdü və Bizansın
mövcudluğuna son qoyuldu. Mehmet Fateh Bizans dövlətini məhv
edib, onun axırıncı ərazisini də işğal
etdiyinə görə Osmanlı imperiyasının banisi hesab
olunur. O, tutduğu şəhərin adını dəyişib,
Allahın onun qələbəsinə şərait
yaratdığı düşüncəsi ilə, islam dinini
şərəfləndirmək üçün, onun
adını İstanbul qoydu.
Bu hadisə Osmanlı imperiyasının böyüməsinə
və genişlənməsinə yol açmaqla yanaşı,
dünyada yeni ərazilərin kəşf edilməsinə,
yeni su yolları axtarışlarının güclənməsinə
səbəb oldu. Avropanın ticarət edən ərəblərlə
əlaqəsi kəsildiyindən onlar Hindistana yol axtarmağa
başladılar ki, ticarəti birbaşa həmin ölkə
ilə aparsınlar. Bu vaxt Hindistanı kəşf etmək
üçün genuyalı Xristofor Kolumbun
başçılığı altında ispaniyalılar səfərə
çıxdılar. İspanların Kolon
adlandırdığı bu səyyah ilk dəfə 1492-ci ildə
özü də bilmədən Amerikanı kəşf etdi və
bura sonralar Yeni Dünya və Vest-İndiya
adlandırılmağa başlandı. Daha sonra portuqaliyalı
Fernan Magellanın İspaniya bayrağı altında olduqca cəsarətli
dünya ətrafına dəniz səyahətinə
başladı. Kolumbdan sonra isə Vasko da Qama Afrikanı
dolaşaraq Xoş Ümid burnundan keçməklə
Hindistana gedən yolu tapmışdı. Bunu uzun yol hesab etdiklərindən,
daha qısa yolu tapmaq üçün Şimal dəniz yolunu
axtarmağa başlandı və Şimal Buzlu okeanının
öyrənilməsinə diqqət artdı. Bir işğal
böyük elmi kəşflərin baş verməsinə,
dünya üçün vacib olan yeni torpaqların fəth
edilməsinə səbəb oldu. Doğrudan da, müharibələr
nə qədər dəhşətli olsalar da, bəşəriyyətin
inkişafına xeyli təkan verirlər. Bir şəhərin
(Konstantinopolun) zəbt edilməsi “domino” prinsipi ilə
dünyada böyük dəyişikliklərin yaranmasına səbəb
oldu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 25 may,¹92.- S.22.