O ağ işıq taleyindən
tumardı...
BU GÜNLƏRDƏ 80 YAŞI TAMAM OLAN TANINMIŞ
YAZIÇI-PUBLİSİST QƏDİR ASLAN HAQQINDA KİTABA
ÖN SÖZ ƏVƏZİ
(Əvvəli ötən sayımızda)
- Qədir əmi, Qərbi Azərbaycanda
yaşadığınız dövrdə sizə, bizə
türk deyirdilər, ya azərbaycanlı?
- Türk deyirdilər. Türkük də biz.
- Yəni siz onda başa düşürdünüz,
bilirdiniz ki, biz türkük?
- Bəli, əlbəttə.
- O vaxt, əsrin əvvəllərində erməni
qırğını olmuşdu, Nərimanlı kəndinə
necə, toxunmuşdular?
- Ermənilər iki yüz il bundan əvvəl də
bu haqq-hesabları törədiblər, 1905-1907-ci illər,
1918-1920-ci illər, Xalq Cümhuriyyətinin dövründə.
O dövrdə Türkiyədən erməniləri
hazırlayıb göndərirdilər. Andronik də
onların içərisində idi. Andronik, Drop, Silikyan vaxtilə
türklərə qarşı müharibə aparıblar.
Onları 1918-ci ildə Bakıya göndərirlər.
Onların içərisində Stepan Şaumyan da var idi. Sən
filan yerə gedəcəksən, sən Qarabağa gedəcəksən,
sən Göyçə mahalına, sən İrəvana...
Hamısına da əvvəlcədən göstəriş
verilmişdi ki, kimin dəstəsi hara gedəcək, neyləyəcək.
1918-20-ci illərdə də ən çox İrəvanda vəhşilik
törədiblər, Göy məscidi, Torpaqtəpə məhəlləsini
dağıdıblar, bu hadisələri indinin özündə
də televiziyada verirlər. Bir gün vedililər Abbasqulu
ağa Şadlinskiyə xəbər gətirirlər ki, bəs
filan yerdə vedililəri, azərbaycanlıları yaman
qırırlar. Abbasqulu ağa Şadlinski böyük bir dəstə
ilə həmin kəndə gəlir. Onları öz dəstəsi
ilə darmadağın eləyir, sonra da Araz tərəfə
keçir və işini davam elətdirir.
- Sonra sovet qurulur...
- 1918-ci ildə Göyçə mahalında bir
neçə rayon var idi - Norva, Martuni, Kamo. Silikyanın dəstəsi
Novruz bayramı ərəfəsində, kəndlərdə
novruz tonqalları yanan zaman gəlir, qırğınlar
törədir və hamını qırır. Hətta
Daşkənddə (rəhmətlik Alqayıtın kəndi
idi), aşıq Nəcəfi tapırlar, sazını gətizdirirlər,
sonra qaynar samovarı onun kürəyinə bağlayırlar,
sazını da verirlər əlinə, ermənicə deyirlər
ki, "nuvaqi aşıqcan", yəni çal aşıq.
Yazıq Aşıq Nəcəf
çığıra-çığıra ölür,
şəhid olur. Nəhayət, ən böyük kəndə,
Zod kəndinə gedirlər. Kəlbəcərlə sərhəd
olan Zod kəndinə. Səməd Ağaya deyirlər ki, bizim
"soldatlara" bu qədər at, yem, ərzaq verməlisən,
çox şeylər tələb eləyirlər. Səməd
Ağa başa düşür ki, silahları yoxdur, əlləri
boşdur, heç nə eləyə bilmir,
razılaşır, deyir ki, gəlin. Ancaq əl altdan da öz
işini görür. Kor Hümməti, Məşədi
Qasımı çağırtdırır, deyir ki,
bunların başını əkməsək, Göyçə
camaatını təmiz qıracaqlar. Bunlara bir cöngə kəsirlər,
haradansa bir çəllək çaxır tapıb gətirirlər,
qulplu qazanlar asılır, ziyafət verilir. Yeyirlər,
içirlər, özlərini itirirlər, heç bilmirlər
silahları haradadır, hamısının gözləri
axır. Ondan sonra əl çalıb oynamağa
başlayırlar. Bu yerdə Səməd Ağa əlilə
işarə verir, pəncərə açılır,
başda Siliqon (Silikyan da deyirdilər, polkovnik olub) olmaqla, dəstədəki
bütün ermənilərin hamısını
öldürürlər, bircə nəfər də qalmır.
Ondan sonra Stepan Şaumyana teleqram vururlar. Deyirlər ki,
Şaumyan bu xəbəri alanda özünə gələ
bilmir, hara iləsə əlaqə saxlayır, Göyçəyə
əlavə qüvvə göndərir ki, Silikyanı, onun dəstəsini
qırıblar, heyfinizi çıxın. Ondan sonra camaat, kimi
bacarır, Gədəbəy tərəfdən qaçır,
Azərbaycana gəlir, kəndlərin yarısı da Kəlbəcər
tərəfdən dağlarla piyada qaçırlar.
Çoxları borana düşür, qar-çovğunda məhv
olurlar. Ondan sonra, sovet hakimiyyəti dövründə bir az
sakitləşmə olur.
- 1948-ci ildə də Qərbi Azərbaycandan bir
köç olmuşdu. O vaxt Nərimanlı kəndindən
köçən olub?
- 1948-ci ildə köçənlər
Laçının kəndlərində məskunlaşdılar.
- 1948-53-cü illərdə köçürülmə
olmuşdu?
- Bəli, yenə erməni hiyləsi ilə
qarşılaşdıq. Tehranda Molotovu ələ alıblar,
o da Stalinə deyib ki, İrandakı ermənilər Azərbaycana
gəlmək istəyir. Stalin də razılıq verib,
1948-53-cü il deportasiyası belə baş verdi. Yadıma gəlir,
xalamın ailəsi köçəndə anam ağlayırdı.
1953-cü ilə qədər köç davam edirdi.
- Stalin ölənə kimi?
- Bəli, 1953-cü il martın 5-də Stalin
öldü. Stalin öləndə köç dayandı. Hətta
köçənlərin çoxu yenidən el-obasına,
doğma yurdlarına qayıdıb gəldilər.
1948-53-cü il deportasiyasında da 150 mindən çox azərbaycanlı
müxtəlif yerlərə köç etdi. Ən pisi o oldu
ki, dağlıq ərazilərdə yaşamış insanlar
gəlib Kür-Araz ovalığında yerləşdilər.
- Hə, onların da bir çoxu tələf oldu.
- Bəli, çoxu tələf oldu.
Siqaret çəkmək üçün Qədir əmidən
icazə istəyirəm. Deyir ki, yox, elə burda çək.
Bakir pəncərəni açar
- Yox, Qədir əmi, mən evdə də siqareti
otaqda çəkmirəm. İcazə ver, çöldə
çəkim. Beş dəqiqəyə qayıdıram.
Səhərdən bizim söhbətimizə sakitcə
qulaq kəsilən, arabir otağa girənlərə əlinin
işarəsi ilə "sus" deyən Bakir məni tək
qoymur. Darvazanın ağzına çıxırıq. Sakitcə
siqaret çəkə-çəkə çox şeydən
danışırıq. Qədir əmidən, ədalət
hissindən, Zəfər savaşından. Gələcəkdən,
əlbəttə nə qədər mümkündürsə.
Təmkini, aramla danışmağı atasını
xatırladır ki, bunu özünə də deyirəm.
Gülümsünüb çiyinlərini çəkir: yəni
belə də olmalıdır, deyir sanki.
Söhbət vaxtı öyrənirəm ki, Bakir Nizami
rayon polis idarəsində işləyir, bizim rayonda. Siqaretimizi
çəkib geri qayıdanda soruşur ki, vaxtın olurmu
axşamları, gəzib, söhbətləşib, çay
içərik. - Əlbəttə, məmnuniyyətlə, -
deyirəm.
İçəri keçirik.
- At onu, - deyir, siqareti nəzərdə tutur.
- Çalışacam, Qədir əmi, kökəlməkdən
qorxuram.
- Bir az hərəkət eləsən, kökəlməzsən.
Bakirlə söhbətin təsiri altında
soruşuram:
- Övladlarınızdan razısız?
- Yerdən göyə qədər... Övladlarım
hərəsi bir peşədə, bir istiqamətdə
çalışır, vətənimizə xidmət edirlər.
Ürəklə, sədaqətlə. Buna görə
Allahımdan çox-çox razıyam, şükür edirəm
- Onların peşə seçiminə təsir
etmisiz?
- Əlbəttə, onlar gözlərini açandan
atalarını yazıb-pozan görüblər. Ən
yaxşı tərbiyə, övladlara seçim imkanı,
istiqamət vermək çox vaxt şəxsi nümunə ilə
olur. İkisi mənim peşəmi seçib. Möhsümlə
Esmira, bunu bilirsən. Namiq də, böyük oğlumu deyirəm...
tanıyırsan da onu?
- Yaxşı tanıyıram. Aşıq Ələsgərlə
bağlı tədbirlərdə həm Yazıçılar
Birliyində, həm də başqa yerlərdə arabir
görüşürük.
- Çox yaxşı şeirlər yazır. Qul Namiq
təxəllüsü ilə.
- Bir şeirini oxumuşam. "Turan"
marşını.
- Birini də mənə yazıb.
- Bilirəm, o şeiri kitaba qoyarıq, - deyirəm,
hiss edirəm, təklifim ürəyincə olur,
gülümsünür.
Yaxşı adamlar sözlərinin üstünə gəlir.
Namiq gəlib çıxır, görüşürük.
Bir az hal-kef edirik. Həmişəki kimi ciddi, təmkinli və
Qədir əmidən ona da keçmiş səliqə-sahmanla.
- Qədir əmi, icazə versəniz, bir şey də
soruşardım.
- Buyur, qadan alım, icazə nədi?
- Allah rəhmət eləsin, istəyirəm
ömür-gün yoldaşınız Ofeliya xanımdan
danışasız...
Bu sualı çox ürəksiz verirəm, bəlkə
ona görə ki, Möhsümün anasının itkisini
çox ağır keçirdiyini bilirdim... Söhbətimiz
boyu ikinci dəfədir ki, Qədir əmi kövrəlir,
doluxsunur... xeyli susr.
- Hər bir kişinin həyatında vacib qadınlar
olur... Nənəsi, anası, həyat yoldaşı,
qızı, sonra gəlinləri... Bizdə belə olub həmişə...
Həyatın hər üzünü görmüşəm.
Amma bu çoxüzlü həyatı yalnız bir üzlə
qarşılamışam. Çünki arxamda Ofeliya olub. Həmişə
bilmişəm ki, hər nə olur-olsun, evə qayıdacam,
qapını üzümə o açacaq, "xoş gəldin"
deyəcək, təbəssümü ilə hər şeyi
unutduracaq. Onu tez itirdim. Uşaqlar üçün çox
çətin oldu. Mənə də çətin idi, amma
uşaqlara bu çətinliyi göstərməməliydim.
Düzü, qolum-qanadım qırılmışdı.
Sonralar, dost-tanış, bəzi qohumlar "kişiyə
qadınsız çətindir, evlən" dedilər.
Çox oldu bu sözü deyən. Amma mən bunu eləyə
bilməzdim. Heç cür... heç vaxt... Ofeliya mənim
ömrümdə ən vacib qadın idi. Unudulmaz qadın...
(bir xeyli susur) Atası Əhməd müəllim Göyçə
mahalının sayılıb-seçilən
ziyalılarından idi. Nərimanlı kənd orta məktəbinin
direktoru olub uzun illər. Qayınanam İnci xala qəhrəman
ana - 12 övlad anası idi. Onları valideynlərimdən
ayırmazdım. Yoldaşım da atama, anama sona qədər
öz ata-anası kimi yanaşdı. Allah hamısına rəhmət
eləsin. Qaynım Elmanla yaxın dost olmuşuq. Həkimdi. Bu
gün də can dostuyuq. Yoldaşımın bütün
bacı və qardaşlarından razıyam. Onlar mənə,
mən də onlara həmişə doğma olmuşuq.
80 illik
ömrünüzün 44 ilini Göyçədə, 36 ilini
Bakıda yaşamısız. Təsəlli
tapdığınız şeylərdən danışın.
- Göyçədən Azərbaycana pənah gətirəndə
düşüncələrim bir-birinə
qarışmışdı. Qoca bir ağacı kökündən
çıxarıb başqa bir torpağa basdırmağa
gedirdik. Yaşlı atamı, anamı, bir də yerbəyer edə
bilmədiyim ailəmi, övladlarımı
düşünürdüm. Göyçədə
yaşayanda bizim evimiz ocaq idi. Bütün doğmalar -
bacı, qardaş, əmi, dayı, xala, bibi o ocağın ətrafında
mehribanlıqlarını, birliklərini qoruyub
saxlayırdılar. Bu həm də bir şəcərəyə
Allahın nəsib etdiyi ruzi-bərəkət deməkdi,
ocaqdı. Qorxurdum ki, o ocağı tərk etdikdən sonra
ruzi-bərəkət qapılarımız qapanacaq. Yox, mən
yalnız maddi şeyləri nəzərdə tutmuram, bəllidir
ki, Allah heç kimi ruzisiz qoymur, harda olsaq da, bir tikə
ruzimizi yetirəcək. Daha böyük şeylər var, bilirsən.
Tək təsəllim var idi ki, o müqəddəs
ocağı, yəni yaşlı atamı, anamı
özümlə aparıram. Uzun yol qət etdikdən sonra,
indiki Göygöl, o vaxtkı Xanlar rayonunun Mirzik kəndində
bir erməni ilə dəyişdiyimiz evdə məskunlaşdıq.
Hər şey başqalaşmışdı. Qərbi Azərbaycanın
müxtəlif rayonlarından gəlmiş insanlar vardı o kənddə.
Atam, anam, yoldaşım, uşaqlarım yanımda olduğu
üçün özümdə güc tapıb yeni həyata
alışmaq naminə mücadilə aparırdım. Dəyişməyən
bir şey vardı, Allah sona qədər, günü bu günə
qədər onu qoruyub saxlayıb. Əslində məni
yaşadan da elə bu idi. Ata-baba ocağımızın
ürəyi olan atam və anamın isti nəvazişi.
Doğmaları, qohumları, yaxınları yenidən bir
süfrə ətrafında, o nəvazişin ətrafında
cəm elədik. Bu mənə əlavə güc verirdi. Amma
ucqar dağ kəndində iş tapmaq... Qələmimi nəyləsə
əvəzləməkdə çətinlik çəkdiyim
üçün rəhmətlik qardaşım Eldarın məsləhəti
ilə Bakıya üz tutduq. İndi yaşadığımız
evi də bir ermənidən aldıq... Hərçənd o
naxələflər halallıq nədi bilməsələr də,
həmin o ermənidən də halallıq aldıq ki, ata-baba
ocağımıza haram qatılmasın. Evimiz balaca olduğu
üçün atamla anam müvəqqəti kiçik
qardaşımın yaşadığı evin həyətindəki
birotaqlı evdə yaşadılar. Hiss edirdim ki, ata-baba
ocağımız haçalanıb. Anam Zümrüd Vətən
həsrətinə tab gətirməyib 1992-ci ildə
dünyasını dəyişdi. Vətən itkisini,
ağrı-acısını onda ikinci dəfə
yaşadım. Göyçədən əmanət kimi gətirdiyim
ocağımızın bir hissəsini Mehdiabad qəbiristanlığında
torpağa əmanət elədik. Anam dünyasını dəyişəndən
sonra ata-baba ocağımızın onunla
söndüyünü, solğunlaşdığını
düşünürdüm. Heç kəsə deyə bilmədiyim
bu ağrılı-acılı hisslərimin əsrinə
çevrilmişdim. Bir gün gördüm ki, üzr istəyirəm,
yoldaşım darısqal evimizin bir otağından yükləri
başqa otağa yığır. Dedi ki, get Təyyar
dayını gətir, öz evimizdə qalsın, evimizin o
işığa, o istiliyə ehtiyacı var. Qardaşlarım
da atama, anama çox yaxşı baxırdılar. Amma o
ağac başqa yerdə yarpaq aça bilmirdi. Anamdan sonra
yoldaşım Ofeliya ata-baba ocağımızın qorunub
yaşadılmasını öz üzərinə
götürdü. Qısa bir zamanda ocağımız yenidən
quruldu, bütün doğmalar, əzizlər, qohum-əqraba bu
ocağın ətrafında cəm oldu. Artıq özümə
iş tapmışdım. Övladlarım ali təhsil
alır, müxtəlif sahələrdə
çalışıb evimizə bir tikə çörək
gətirirdilər. 1997-ci ildə Allah ailəmizi daha
böyük sınağa çəkdi. Bir ilin içərisində
50 yaşlı qardaşım Eldar, 47 yaşlı
yoldaşım Ofeliya bir-birinin ardınca dünyasını dəyişdi.
Mən o günləri xatırlamaq istəmirəm... (xeyli
susur, gözləri dolur Qədir əminin)... Vətən
itkisi, ana, gənc qardaş, ata-baba ocağımızın
közünü kirpiklərində daşıyan
ömür-gün yoldaşımın itkisi çox
ağırdı. Gücüm tükənmişdi. Evimizdə
yaşlı atam, mən, oğlanlarım, bir də
böyük oğlumun yoldaşı. Bütün evimizin
yükü, qosqoca ata-baba ocağının közünü
bu dəfə qoruyub yaşatmaq missiyası 23 yaşlı gənc
bir qızın - gəlinimin üzərinə
düşmüşdü. "Bu ağır yükü necə
daşıyacağıq" - deyə özümə yer tapa
bilmirdim. Gəlinim yoldaşımın nəslindən idi.
Əmisi nəvəsi idi. Həm də anası mənim əmim
qızı idi. Atası - rəhmətlik Becan kişi
uşaqlıq dostumdu. Allah sona qədər dostluq
sınağında bizi bir-birimizin yanında xar eləmədi.
Bu gün də Allahdan ona rəhmət diləyirəm.
Böyüdüb boya-başa çatdırdığı
qızı Ülviyyə, Namiqin xanımı
ocağımızın odunu qorudu. Mən Ülviyyədən
çox razıyam. Qələm əhli olmağıma
baxmayaraq, mən gəlinimin bu fədakarlığını
sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Görən və bilən Allah olduğu üçün
özü dəyərləndirsin.
İndi, şükür Allaha, Namiq də, yoldaşı
Ülviyyə də həm yaxşı işdə
çalışırlar, həm də ata
ocağımızın yükünü çəkirlər.
İki qızları, bir oğlanları var: Xəyalə,
Aytac, Turqut. Xəyalənin də artıq övladları var,
yəni nəticələrim: Ayan, Nuray, Rza. Allah sizə də
qismət eləsin.
- Çox sağ olun...
- Bakiri də tanıyırsan, şərəfli və
çətin işdədir. Onun da çox gözəl ailəsi
var, yoldaşı İlhamə, övladları Səmra və
Elton. Mən onlardan çox razıyam, Allah onları xoşbəxt
eləsin.
- Amin.
- Möhsümün ailəsini isə lap yaxşı
tanıyırsan.
- Elədi.
- Yoldaşı Sevincdi, görmüsən.
Övladları da Ofeliya, Zümrüd, Yusif. Biri
Möhsümün anasının adını
daşıyır, biri də mənim anamın. Bir nəvələri
də var: Koroğlu,
- Hə, Koroğlunuz da var. Allah saxlasın.
- Hə, nəvəm Ofeliyanın oğludur.
Qızım Esmira da ailə qurub. Onun da iki balası var: Səma,
Ərhan. Səmadan da bir nəticəm var, Liya.
Hamısını çox istəyirəm, bütün
övladlarımı, nəvə-nəticələrimi. Onlar
da məni çox istəyirlər. Hamısı da yüksək
təhsilli. Deməyim odur ki, bütün övladlarımdan, nəvə-nəticələrimdən
razıyam, qadan alım. Bir insan üçün bu yer
üzündə başqa nə xoşbəxtlik ola bilər ki..
Söhbətimiz burda bitir. Bitməyə məcburdu.
Çünki artıq ikinci dəfədir ki, Ülviyyə
xanım böyük lütfkarlıqla "bəlkə yemək
yeyəsiz, sonra davam edərsiz" - deyib bizə. Və
bir-birindən dadlı, növbənöv yeməklər
süfrəyə düzülür. Hazırlıq
görüblər, doğrusu, bundan sıxılıram. Namiq əsl
ev sahibi kimi davranır, "çatan-çatmayana"
işarə edir, Bakir kömək edir.
Fikirləşirəm ki, nə yaxşı bu söhbət
baş tutdu. Bir-bir şəkillərə baxır, Qədir əmidən
kimin kim olduğunu soruşur, qeydlər edirəm. Hər dəfə
Qədir əmi iti yaddaşı ilə məni təəccübləndirir.
Arada söz-sözü çəkir, niyəsə Dilican dərəsi
xatırlanır. Qədir əmi Səməd Vurğunun məşhur
şeirini xatırlayır:
Yenə yada düşdü Dilican dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir.
Ömür dedikləri bir karvan yolu,
Nə canlar gedərək, nə canlar gəlir.
Namiq Bakirlə Qədir müəllimin arxivindən
qovluqları gətirirlər. Atalarının ömür
tarixçəsinin bu kağızara düşmüş hissələriylə
- kitablar, məktublar, şəkillər və diplomlarla tutya
kimi davranırlar. Ehtiramla. Bilirlər ki, hər bir səhifənin,
hər bir vərəqin arxasında atalarının
gözünün nuru, zehni, həssas qəlbi, zəhməti,
işi dayanır.
Ayrılırıq.
Yenə kitaba daxil etdiyimiz bəzi yazıları
xatırlayıram, fikirləşirəm ki, onların
arasında Qədir müəllimin ünvanına deyilmiş,
hətta bəzən birəbir oxşar məqamlar var və mən
onlara toxunmamışam. Əlbəttə, ona görə ki,
bu "eyniyyəti" Qədir müəllimin, Qədir əminin
bütöv, dəyişməz şəxsiyyəti diktə
edib.
Nə vaxtsa bir hədis oxumuşdum, o yadıma
düşür. Hədisdə deyilirdi ki, müsəlmanın
saçındakı hər bir ağ tel hesab günündə
onun üçün bir şam, bir işıq olacaq.
Dodaqlarım tərpənir, hiss eləyirəm ki,
sürücü Ramiz güzgüdən mənə baxır.
Sonra, yəni elə indi, Qədir müəllimin
ünvanına dua kimi pıçıldadığım o sətirləri
yaddaşımdan kağıza köçürürəm:
Qədir əmi, qara saçın ağardı,
Heç inanma, desələr ki, qubardı.
O ağ işıq taleyindən tumardı,
Ucalıqdı, başı qarlı dağ kişi,
Yüz yaşa sən, kübar, üzüağ
kişi.
Səlim BABULLAOĞLU
525-ci qəzet.- 2024.- 25 may,№92.- S.20-21.